Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1520/2024 22.10.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərdən müştərək qaydada 001R********** saylı kredit razılaşması üzrə 6803,77 manat əsas borc, 1908,48 manat faiz borcu və 868,1 manat cərimə borcu olmaqla, ümumilikdə 9580,35 manat borcun və 115,81 manat dövlət rüsumunun tutulması” barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərdən müştərək qaydada 001R********** saylı kredit razılaşması üzrə 6803,77 manat əsas borc, 1908,48 manat faiz borcu və 868,1 manat cərimə borcu olmaqla, ümumilikdə 9580,35 manat borcun və 115,81 manat dövlət rüsumunun tutulması” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, hazırki ərizəyə məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən baxılmalı olmadığından ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İş materiallarından görünür ki, İddiaçı QSC ilə fərdi sahibkar statusuna malik olan X1 arasında kredit müqaviləsi bağlanılmış, kredit tərəfə sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə verilmişdir. Eyni zamanda əsas borclu X1 vəfat etmiş və İddiaçı QSC bundan sonra zamin qismində Cavabdeh2 və vərəsə qismində Cavabdeh1 qarşı iddia qaldırmışdır. Lakin qeyd edilən cavabdehlər fərdi sahibkar statusuna malik deyillər, hər iki cavabdeh vergi ödəyicisi kimi qeydiyyata alınmamışdır. Belə ki, Elektron Məhkəmə İnformasiya sistemindən əldə edilən məlumatlara əsasən iş üzrə cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 və Cavabdeh1 məxsus VÖEN yoxdur. Belə ki, Mülki Prosessual Məcəllənin : 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.2-ci maddəsinə əsasən, kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Sahibkarlıq fəaliyyəti isə şəxsin müstəqil surətdə, həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir (Vergi Məcəlləsi maddə - 13.2.37). "İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair" Azərbaycan Respublı̇ kası Alı̇ Məhkəməsi nunumunelṖ 18 sentyabr 2020-ci il tarixli Qərarının 27-ci bəndinə əsasən fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan, onların qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti hesab olunması üçün üç şərtin mövcudluğu tələb edilir: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Mülki Məcəllənin istinad edilən maddəsində qanunilik şərti nəzərdə tutulmasa da, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Eyni zamanda, həmin Qanunun 12.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Digər tərəfdən, qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati, habelə Cinayət Məcəlləsinin 192ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Beləliklə, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan mübahisələrin kommersiya məhkəmələrində baxılması imkanı yalnız bu Qərarın 26-cı bəndində qeyd edilən iki halla məhdudlaşacaqdır. Məhkəmələr arasında aidiyyət məsələsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-3415/2023 nömrəli Qərarının 17-ci bəndinə əsasən, mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman kommersiya mübahisəsinin subyekti qismində hüquqi şəxslər, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər çıxış edə bilər. Hüquq münasibətlərinin xarakteri baxımından isə kommersiya mübahisəsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmalıdır. Subyekt tərkibindən asılı olmayaraq tələb (və ya birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə münahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrıayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud tərəflərin onların bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldikdə işə kommersiya məhkəmələri baxır. Hazırki işdə iddiaçı ilə əsas borclu arasında yaranan mübahisə sahibkarlıq fəaliyyəti ilə bağlı yaranmış olsada, əsas borclu məhkəmədə iddia qaldırılmazdan əvvəl vəfat etmiş və cavabdeh qismində cəlb edilmiş şəxslər isə sahibkar deyildir. Ali Məhkəmənin Mülki kollegiyasının yuxarıda qeyd edilən Qərarının 13-cü bəndində qeyd edilmişdir ki, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Bu səbəbdən də bu xarakterli işlərə kommersiya məhkəmələri tərəfindən deyil, ümumi məhkəmələrə tərəfindən baxılması qanuni və əsaslıdır. Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərdən müştərək qaydada 001R********** saylı kredit razılaşması üzrə 6803,77 manat əsas borc, 1908,48 manat faiz borcu və 868,1 manat cərimə borcu olmaqla, ümumilikdə 9580,35 manat borcun və 115,81 manat dövlət rüsumunun tutulması” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1520/2024
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1520/2024
22.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver