Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1525/2024 04.12.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, Mövsümova Günel Namizət qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “cavabdehlərdən müştərək qaydada 007R********** saylı kredit razılaşması üzrə 17642.92 manat krеdit bоrcu, 3281.61 manat faiz bоrcu və 1764.30 manat cərimə borcu olmaqla, ümumilikdə 22688.83 manat məbləğində bоrcun və 158.10 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “cavabdehlərdən müştərək qaydada 007R********** saylı kredit razılaşması üzrə 17642.92 manat krеdit bоrcu, 3281.61 manat faiz bоrcu və 1764.30 manat cərimə borcu olmaqla, ümumilikdə 22688.83 manat məbləğində bоrcun və 158.10 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə cavabdeh X2 arasında bağlanmış xx.xx.2019cu il tarixli 007L**********95 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 120 ay müddətinə 1 000 000 manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən veriləcək məbləğ və müddət ayrıca kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsinin 1.6-cı bəndinə əsasən kredit alan hər bir kredit üzrə əsas kredit məbləğini, faiz, xərcləri və başqa məsrəfləri müvafiq kredit razılaşmasında müəyyən olunmuş qaydada və şərtlərlə, olduğu halda ödəniş planına uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. Uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixli 007R********** nömrəli kredit razılaşmasına əsasən bank məbləği 30 000 manat olan krediti faiz dərəcəsi xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək aylıq 1%, xx.xx.2021-ci il tarixdən etibarən aylıq 1.875% olmaqla 36 ay müddətinə kredit alana vermişdir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə əsasən kredit alan krediti vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilmiş gün üçün kredit qalığının 0.1%-i məbləğində cərimə borcu ödəməyi öhdəsinə götürür. xx.xx.2019-cu il tarixli 007S**********03 nömrəli (zamin Cavabdeh1), xx.xx.2019-cu il tarixli 007S**********02 nömrəli (zamin Cavabdeh3), xx.xx.2021-ci il tarixli 007S**********01 nömrəli (zamin Cavabdeh4) və xx.xx.2023-cü il tarixli 007S**********01 nömrəli (zamin Cavabdeh2) zaminlik müqavilələrindən görünür ki, həmin müqavilələr bankla borclu – X2 arasında bağlanmış 007L**********95 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən, borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişdir. Həmin müqavilələrin 4.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və uzunmüddətli kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 il müddətinə qüvvədədir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X1 həmin tarixə 007R********** saylı razılaşma üzrə 17642.92 manat əsas, 3281.61 manat faiz və 547 gün gecikdirilmə üçün hesablanmış 1764.3 manat cərimə borcu mövcuddur. Cavabdeh 007R********** nömrəli kredit razılaşması üzrə götürdüyü kredit borcundan 12357.08 manat ödəniş etmiş və onun 17642.92 manat ödənilməmiş kredit borcu qalmışdır. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onların ödənilməmiş borcları qalmışdır. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.2022-ci il tarixində vəfat etmişdir. İş materiallarına əlavə edilmiş AR Ədliyyə Nazirliyi ünvan ünvanlanmış xx.xx.2024cü il tarixli, 142 nömrəli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş mərhum X2 barəsində xx.xx.2023-cü ildə 2V-160 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 2V-160 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə xx.xx.2022-ci il tarixdə vəfat etmiş X1 vərəsəsinin Cavabdeh2 olduğu və onun miras əmlakdan tam hissədə pay almalı olduğu öz təsdiqini tapmışdır. Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, borcunu qəbul edir və ödəyəcək. Hazırda maddi imkanı olmadığı üçün ödəyə bilmir. Cərimə borcunun silinməsini məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, iddiaçı tərəf məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara uzunmüddətli kredit müqaviləsi, kredit razılaşması, zaminlik müqavilələri, ölüm haqqında şəhadətnamə, Qanun üzrə vərərəlik hüququ haqqında şəhadətnamə, arayış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə əvvəlcə mübahisənin kommersiya məhkəmələrində baxılmalı olması ilə bağlı qeyd edir ki, hazırkı mübahisə üzrə iddiaçının və cavabdehlər Cavabdeh1, Cavabdeh2 VÖEN-i mövcud olmuş, eləcə də tərəflər arasındakı münasibətlər sahibkarlıq fəaliyyətindən irəli gəlmişdir ki, bu səbəbdən işə hazırkı məhkəmə tərəfindən hüquqi qiymət verilir. Bundan başqa Məhkəmə tələbin hazırkı cavabdehlərə yönəldilməsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2028-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Eyni zamanda həmin Qərarda qeyd edilmişdir ki, borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarda əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən, AR Ədliyyə Nazirliyi ünvan ünvanlanmış xx.xx.2024-cü il tarixli, 142 nömrəli məktubdan və xx.xx.2023-cü il tarixli, 2V-160 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən göründüyü kimi əsas borclu X2 vəfat etmiş və sonuncunun miras əmlakından tam hissədə pay almalı olan vərəsəsi Cavabdeh2dur. Göründüyü kimi iddiaçı hazırkı vəziyyətdə Cavabdeh2 ölmüş borclunun öhdəlikləri üçün onun həm vərəsəsi və həm də zamini qismində cəlb etməkdə haqlı olmuşdur. Eyni zamanda, yuxarıda qeyd edilən Plenum qərarından da göründüyü kimi vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıdıqlarından və borclunun ölümü zaminliyin xitamına səbəb olmadığından, o cümlədən, zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmadığından iddiaçı hazırki iddia tələbini cavabdehlərə qarşı yönəltməkdə haqlı olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə İddiaçı QSC ilə X2 arasında uzunmüddətli kredit müqaviləsi əsasında 007R********** nömrəli kredit razılaşması bağlanmışdır. Həmin razılaşmaya əsasən bank tərəfindən Ə.Seyidova 36 ay müddətinə, faiz dərəcəsi xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək aylıq 1%, xx.xx.2021-ci il tarixdən etibarən aylıq 1.875% оlmaqla 30000 manat məbləğində kredit verilmişdir. Tələbin “007R********** saylı kredit razılaşması üzrə 17642.92 manat əsas borcun, 3281.61 manat faiz borcunun tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir. Məhkəmə tələbin “kredit razılaşması üzrə 1764.3 manat cərimə borcunun ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) qanunla və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə tərəflərin mənafelərini nəzərə alıb tənasübsüz yüksək müəyyən edilən cərimə məbləğinin 200 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Odur ki, 17642.92 manat məbləğində əsas borc, 3281.61 manat məbləğində faiz borcu və 200 manat məbləğində cərimə borcu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia əsas və faiz borca münasibətdə təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 158.10 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 007R********** saylı kredit razılaşması üzrə 17642.92 manat məbləğində kredit borcu, 3281.61 manat məbləğində faiz borcu və 200 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 21124.53 manat və 158.10 manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mübariz Hüseynov