Məhkəmə qərarları › İş №e-2-2(117)-1529/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1529/2024

02.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1529/2024 02.12.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “cavabdehdən 6201.40 manat məbləğində borcun və 82.01 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı “cavabdehdən 6201.40 manat məbləğində borcun və 82.01 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 30 iyul 2021-ci il tarixində alqı-satqı müqaviləsi imzalanmış, müqavilənin tələblərinə əsasən Cavabdeh MMC malları qəbul edib, iddiaçıya malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliklər tam yerinə yetirilsə də, cavabdeh tərəf öz öhdəliklərini yerinə yetirməmiş, ödənişin həyata keçirilməsini əsassız olaraq gecikdirmişdir. Bu barədə cavabdehə dəfələrlə şifahi və yazılı formada məlumat verilmiş, müqavilə üzrə olan ödənişlərin edilməsi xahiş edilmişdir. Belə ki, sonuncu dəfə 16 avqust 2024-cü il tarixdə pretenziya məktubu ilə cavabdehə müraciət edilərək, 10 gün ərzində 6201.40 manat məbləğində olan borcun ödənilməsi xahiş edilmiş və xx.xx.2023-cü il tarixdə pretenziya məktubundan cavabdeh tərəfindən imtina edilmişdir, bundan başqa onlayn kargüzarlıq vasitəsi ilə pretenziya cavabdehə göndərilmişdir. Lakin həmin pretenziya məktubu cavabdehə təqdim edilsə də, heç bir məbləğ ödənilməmişdir. Odur ki, iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh İddiaçı QSC-dən götürdüyü malların dəyərini tam ödəməmiş və nəticədə İddiaçı QSC-yə 6201,40 manat əsas borcu əmələ gəlmişdir. Tərəflər arasında xx.xx.2021-ci il tarixdə AVR-AXN/210130 nömrəli alqı-satqı müqaviləsinin: 1.1-ci bəndinə əsasən, satıcı müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən əlavələrində (X1) göstərilən çeşiddə, miqdarda və təsvir olunan texniki göstəricilərə malik malları (bundan sonra “Mallar”) istifadə məqsədləri üçün yararlı halda Alıcıya təmin etməyi, Alıcı isə həmin malları təhvil alıb dəyərini müəyyən edilmiş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür. 2.1-ci bəndinə əsasən, mallar alıcının (onun nümayəndəsinin) satıcıya (onun nümayəndəsinə) telefon (zəng və ya proqram tətbiqi yolu ilə), elektron poçt və ya kuryer (poçt) vasitəsilə bildirdiyi sifarişi əsasında satıcı tərəfindən tərtib olunan və alıcıya elektron qaydada göndərilən elektron qaimə-faktura üzrə müəyyən olunan adda, çeşiddə, miqdarda və məbləğdə satıcı tərəfindən alıcıya təchiz olunur. Elektron qaimə-faktura, həmçinin, alıcının sifarişi hesab olunur. Tərəflərin razılaşması əsasında sifarişdə dəyişiklik edilə bilər. 2.5-ci bəndinə əsasən, malların təhvil-təslimi tərəflərin səlahiyyətli nümayəndələrinin iştirakı ilə həyata keçirilir. Nümayəndələrin səlahiyyəti bir qayda olaraq tərəflərdən hər hansı birinin digərinə elektron poçt vasitəsilə ünvanladığı bildiriş məktubu və ya müvafiq qaydada təsdiq olunmuş etibarnamə əsasında müəyyən edilir. 2.7-ci bəndinə əsasən, satıcı malların alıcıya təhvil verilməsini tərəflər arasında müvafiq qaydada təsdiq olunan satıcı tərəfindən alıcıya göndərilən elektron qaimə-faktura və təhvil-təslim aktı əsasında həyata keçirir. 3.1-ci bəndinə əsasən, müqavilə üzrə malların qiyməti müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən əlavələri (X1) ilə müəyyən edilir. 3.2-ci bəndinə əsasən, müqavilə üzrə ödənişlər, satıcı tərəfindən alıcıya göndərilən elektron qaimə-fakturanın tarixindən etibarən 10 iş günü ərzində nağdsız hesablaşmalar qaydasında aparılır. 3.3-cü bəndinə əsasən, malların qiymətinə hər hansı əlavə və dəyişikliklər yalnız tərəflərin qarşılıqlı razılığı əsasında müqaviləyə əlavə razılaşma bağlamaqla hüquqi qüvvəyə minir. 14.1-ci bəndinə əsasən, müqavilə hər iki tərəfdən imzalandığı və möhürü olan tərəfin möhürlədiyi andan qüvvəyə minir və 1 il müddətinə qüvvədə qalır. Müqavilənin müddətinin bitməsinə 1 ay qalmış, hər hansı tərəf müqaviləyə xitam vermək niyyəti barədə digər tərəfə yazılı bildiriş təqdim etmədikdə, müqavilə avtomatik olaraq, eyni müddətə və həmin vaxt üçün razılaşdırılmış eyni şərtlərlə uzadılmış hesab olunur. Müqavilənin müddətinin avtomatik uzadılmasının sayına məhdudiyyət qoyulmur. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli elektron qaimə ilə 8737.55 manat, xx.xx.2023-cü il tarixli elektron qaimə ilə 562.89 manat, xx.xx.2023-cü il tarixli elektron qaimə ilə 165.22 manat, xx.xx.2023-cü il tarixli elektron qaimə ilə 423.08 manat, xx.xx.2023-cü il tarixli elektron qaimə ilə 370.43 manat, xx.xx.2023-cü il tarixli elektron qaimə ilə 651.08 manat, xx.xx.2023-cü il tarixli elektron qaimə ilə isə 319.84 manat olmaqla, göstərilən 7 ədəd elektron qaimə üzrə ümumilikdə iddiaçı tərəfindən cavabdehə 11230.09 manat dəyərində mallar satılmışdır. İş materiallarına əlavə edilmiş üzləşmə aktından görünür ki, Cavabdeh MMC-nin İddiaçı QSC-yə xx.xx.2024-cü il tarixi üçün 6201.40 manat məbləğində ödənilməmiş borcu olmuşdur və bu akt iddiaçının və cavabdehin nümayəndələrinin imzaları ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdeh xx.xx.2024-cü il tarixdə rəsmi qaydada bildirişi qəbul etməsinə baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara alqı-satqı müqaviləsi, üzləşmə aktı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin: 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1. Alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2021ci il tarixdə AVR-AXN/210130 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, satıcı müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən əlavələrində (X1) göstərilən çeşiddə, miqdarda və təsvir olunan texniki göstəricilərə malik malları (bundan sonra “Mallar”) istifadə məqsədləri üçün yararlı halda Alıcıya təmin etməyi, Alıcı isə həmin malları təhvil alıb dəyərini müəyyən edilmiş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür. Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli elektron qaimə ilə 8737.55 manat, xx.xx.2023-cü il tarixli elektron qaimə ilə 562.89 manat, xx.xx.2023-cü il tarixli elektron qaimə ilə 165.22 manat, xx.xx.2023-cü il tarixli elektron qaimə ilə 423.08 manat, xx.xx.2023-cü il tarixli elektron qaimə ilə 370.43 manat, xx.xx.2023-cü il tarixli elektron qaimə ilə 651.08 manat, xx.xx.2023-cü il tarixli elektron qaimə ilə isə 319.84 manat olmaqla, göstərilən 7 ədəd elektron qaimə üzrə ümumilikdə iddiaçı tərəfindən cavabdehə 11230.09 manat dəyərində mallar satılmışdır. İş materiallarına əlavə edilmiş üzləşmə aktından görünür ki, Cavabdeh MMC-nin İddiaçı QSC-yə xx.xx.2024-cü il tarixi üçün 6201.40 manat məbləğində ödənilməmiş borcu olmuşdur və bu akt iddiaçının və cavabdehin nümayəndələrinin imzaları ilə təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmədiyindən ödənilməmiş 6201.40 manat əsas borcu yaranmışdır ki, iddiaçı əsas borcun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddiaçının tələbini işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Yuxarıda qeyd olunanlara, əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilərək Cavabdehndən 6201.40 manat məbləğində əsas borc tutularaq iddiaçının hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də hazırkı iş üzrə iddianın qiymətinə uyğun ödənilən 82.01 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddia təmin edilsin. Cavabdehndən 6201.40 manat əsas borc və 82.01 manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar