Məhkəmə qərarları › İş №e-2-2(117)-1531/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1531/2024

02.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1531/2024 02.12.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 649.66 manat əsas borc, 66.83 manat faiz borcu, 142 manat cərimə borcu, kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 15.05 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 873.54 manat borcun və 30 manat dövlət rüsumunun tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 649.66 manat əsas borc, 66.83 manat faiz borcu, 142 manat cərimə borcu, kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 15.05 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 873.54 manat borcun və 30 manat dövlət rüsumunun tutulması” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 11-MCR-1- 1028-22 nömrəli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən bank borc alan Cavabdeh3 120 ay müddətinə aylıq faiz dərəcəsi 2,50% ilə 100000 manat (kreditin verildiyi məqamda mövcud olan xarici valyuta məzənnəsinə uyğun olaraq hesablanmaqla, kredit limiti çərçivəsində kreditin verildiyi müvafiq valyuta ekvivalentində) məbləğində kredit limiti ayırmışdır. Həmin müqavilə əsasında İddiaçı ASC ilə Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixli 11-MCR-1-1028-22/1 nömrəli kreditin verilməsinə dair razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən bank Cavabdeh3 biznes məqsədilə 18 ay müddətinə aylıq 1.92 faiz dərəcəsi ilə 10000 manat məbləğində kredit verməyi, borc alan isə krediti və ona hesablanmış faizləri bu razılaşmaya 1 nömrəli əlavədə müəyyən edilmiş qaydada ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda xx.xx.2022-ci il tarixli 11-MCR-1-1028-22 nömrəli müqavilə üzrə öhdəliyin icrasının təminatı olaraq Cavabdeh1 və Cavabdeh2 ilə İddiaçı ASC arasında xx.xx.2022-ci il tarixdə Z/15260/22 və Z/15261/22 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələr ilə zaminlər Cavabdeh1 və Cavabdeh2 borcalanın bank qarşısında öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün borcalan Cavabdeh3 ilə birlikdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Həmin müqavilələrin 1.1-ci bəndinə əsasən borclunun bank qarşısında xx.xx.2022-ci il tarixli 11-MCR-1-1028-22/1 nömrəli kredit müqaviləsi üzrə götürdüyü öhdəliklərini tamamilə icra etməsi və ya lazımınca icra etməsi üçün borcalanla birgə qaydada məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Həmin müqavilənin 5.1.4-cü bəndinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə və ya zaminlərə qarşı tələb irəli sürülmədiyi halda zaminliyə xitam verilir. Həmçinin, həmin müqavilənin 6.3-cü bəndinə əsasən bu müqavilə tərəflərin imzaladığı gündən qüvvəyə minir və tərəflərin bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. İş materiallarında olan sənəddən görünür ki, xx.xx.2022-ci il tarixdə 9800 manat vəsait cavabdehin 11-656644-3 nömrəli hesabına köçürülmüş və sonuncunun imzası ilə təsdiq olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin həmin tarixə 649.66 manat əsas, 66.83 manat faiz, 142 manat cərimə və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 15.05 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 873.54 manat ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən məhkəmə bildirişi və sənədləri rəsmi qaydada xx.xx.2024cü il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 poçt vasitəsilə, Cavabdeh3 isə elektron kabinet vasitəsilə təqdim olunmuş, lakin buna baxmayaraq cavabdehlər iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişlər. Məhkəmə, MPM-in 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit limiti müqaviləsi, kredit razılaşması və ona 1 nömrəli əlavə, zaminlik müqavilələri, maliyyə arayışı, xəbərdarlıq və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 11-MCR-1-1028-22 nömrəli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən bank borc alan Cavabdeh3 120 ay müddətinə aylıq faiz dərəcəsi 2,50% ilə 100000 manat (kreditin verildiyi məqamda mövcud olan xarici valyuta məzənnəsinə uyğun olaraq hesablanmaqla, kredit limiti çərçivəsində kreditin verildiyi müvafiq valyuta ekvivalentində) məbləğində kredit limiti ayırmışdır. Həmin müqavilə əsasında İddiaçı ASC ilə Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixli 11-MCR-1-1028-22/1 nömrəli kreditin verilməsinə dair razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən bank Cavabdeh3 biznes məqsədilə 18 ay müddətinə aylıq 1.92 faiz dərəcəsi ilə 10000 manat məbləğində kredit verməyi, borc alan isə krediti və ona hesablanmış faizləri bu razılaşmaya 1 nömrəli əlavədə müəyyən edilmiş qaydada ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə iddia tələbinin əsas və faiz borcunun tutulmasına münasibətdə qeyd edir ki, cavabdehlər qeyd edilən tələbə hər hansı bir etiraz bildirməmiş, məhkəmə isə öz təşəbbüsü ilə hər hansı bir əlavə araşdırma aparmamış, tələb edilən əsas və faiz borcunun məbləğinin daha az olması ilə bağlı məhkəmədə hər hansı bir arqument mövcud olmamışdır. Odur ki, cavabdehlər öhdəliklərini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş borcu qalmışdır ki, həmin məbləğ cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “142 manat cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış müqavilənin 7-ci bəndinə əsasən ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, kredit alan hər gecikdirilən gün üçün kreditin qalığının 0,20% məbləğində cərimə ödəməyə borcludur. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə şərtləri baxımından iddiaçı 649.66 manat məbləğində əsas borc, 66.83 manat məbləğində faiz borcu və 50 manat məbləğində cərimə borcunun tutulmasını tələb etməkdə haqlıdır. Bundan başqa tələbin “kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 15.05 manat məbləğində əldən çıxmış faydanın tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Belə ki, tərəflər arasındakı xx.xx.2022-ci il tarixli kredit müqaviləsi 18 ay müddətinə yəni xx.xx.2024-cü il tarixədək müddətə bağlanmış, xx.xx.2024-cü il tarixdən məhkəməyə iddia verilən xx.xx.2024-ü il tarixə təxminən 7 ay 6 gün müddət üçün əsas borca münasibətdə müvafiq olaraq illik 5%-lə borcu tələb etmək faiz borcunu tələb etmək hüququ iddiaçıda yaranmışdır. Qeyd edilən məbləği adi hesablama yolu ilə hesablayanda: 649,66 x 5 /100=32,333 manat; 32,333/12=2,69; 2,69x 7ay=18,83 olar. Ona görə də tələb edilən vəsait qeyd edilən məbləğdən az olduğundan məhkəmə həmin məbləğlə razılaşır. Zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıdığından və zaminlik müqavilələri qüvvədə olduğundan məhkəmə hesab edir ki, 649.66 manat məbləğində əsas borc, 66.83 manat məbləğində faiz borcu, kreditin verilməsinə dair razılaşmanın 7-ci bəndinə əsasən hesablanmış 50 manat cərimə borcu və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 15.05 manat məbləğində əldən çıxmış fayda cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı banka ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 30 manat olmalıdır. İddia tələbi əsas və faiz borcuna münasibətdə təmin edildiyindən və iddiaçı ödədiyi dövlət rüsumunu tələb etdiyindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022ci il tarixli kredit müqaviləsi üzrə 649.66 manat əsas borc, 66.83 manat faiz borcu, 50 manat cərimə borcu, kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 15.05 manat məbləğində əldən çıxmş fayda və 30 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar