Məhkəmə qərarları › İş №e-2-2(117)-1545/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1545/2025

03.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1545/2025 03.02.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı Cavabdeh qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3600 manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsi üçün ödədiyi 56 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh təxminən 2023-cü ilin fevral ayında ayrı-ayrı vaxtlarda 5500 manat bir, 2000 manat bir olmaqla cəmi 7500 manat borc pul verib. Həmin puldan 4500 manat pulu hissə-hissə qaytarmış, 3000 manat pulu hələ də qaytarmamışdır. Bundan başqa, 2024-cü ilin aprel ayında cavabdeh Rəşad ilə birlikdə icarəyə götürdüyü ümumi sahəsi 5,6 ha olan ərazilərdə qarğıdalı toxumu səpiblər. Həmin sahələrdən birinin sahibi Nüseyn adlı şəxsə icarə haqqı olaraq 150 ədəd ot presi istədiyindən Rəşad ondan 1200 manat pul götürərək, 450 manata 150 ədəd ot presi almış, 100 manat hissə həmin otun daşınması və boşaldılmasına xərcləmişdir. Qalan 600 manat pulu isə öz ehtiyacları üçün xərcləmişdir. Lakin cavabdeh ondan aldığı cəmi 3600 manat məbləğində pulu bugünədək geri qaytarmamışdır. Həmin pulların qaytarılmasını cavabdehdən dəfələrlə tələb etsə də, həmin pulları müxtəlif bəhanələrlə bugünədək qaytarmamışdır. Bundan əlavə, cavabdeh Rəşad və Balakən rayon sakini Bayram Mahmudov sahəsindən yığılan biçilən məhsulu əlindən alaraq ümumilikdə 21100 manat maddi ziyan vurmuşlar. Bununla bağlı xx.xx.2024-cü il tarixdə Zaqatala Rayon Polis Şöbəsinə şikayət edib. Zaqatala rayon X2 Bölməsinin müstəntiqi, polis polkovnikleytenantı X3 ərizəsi ilə bağlı ilkin araşdırma apardıqdan sonra cavabdehlə arasında olan mübahisənin mülki xarakterli olmasını müəyyən edərək 12 mart 2025-ci il tarixli “cinayət işinin rədd edilməsi haqqında” qərar qəbul etmişdir. Həmin qərarda göstərilən Cavabdeh ifadəsindən görünür ki, cavabdeh ona cəmi 3600 manat pul borcunun olmasını etiraf etmişdir.

II. Tərəflərin mövqeləri:

3. İddiaçı məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, Cavabdeh təxminən 2023-cü ilin fevral ayında ayrı-ayrı vaxtlarda 5500 manat bir, 2000 manat bir olmaqla cəmi 7500 manat borc pul vermişdir. Həmin puldan 4500 manat pulu cavabdeh hissə-hissə qaytarmış, 3000 manat pulu hələ də qaytarmamışdır. Bundan başqa, 2024-cü ilin aprel ayında cavabdeh Rəşad ilə birlikdə icarəyə götürdüyü ümumi sahəsi 5,6 ha olan ərazilərdə qarğıdalı toxumu səpiblər. Həmin sahələrdən birinin sahibinə icarə haqqı olaraq 150 ədəd ot presi istədiyindən Rəşad ondan 1200 manat pul götürərək, 450 manata 150 ədəd ot presi almış, 100 manat hissə həmin otun daşınması və boşaldılmasına xərcləmişdir. Qalan 600 manat pulu isə öz ehtiyacları üçün xərcləmişdir. Lakin cavabdeh ondan aldığı pulları bugünədək geri qaytarmamışdır. Həmin pulların qaytarılmasını cavabdehdən dəfələrlə tələb etsə də, həmin pulları müxtəlif bəhanələrlə bu günədək qaytarmamışdır. Bundan əlavə, cavabdeh Rəşad və Balakən rayon sakini Bayram Mahmudov sahəsindən yığılan -biçilən məhsulu əlindən alaraq ümumilikdə ona 21100 manat maddi ziyan vurmuşlar. Bununla bağlı 23 sentyabr 2024-cü il tarixdə Zaqatala Rayon Polis Şöbəsinə şikayət edib. Zaqatala rayon Polis Şöbəsində Cavabdeh verdiyi ifadəsindən görünür ki, cavabdeh ona cəmi 3600 manat pul borcunun olmasını etiraf etmişdir. İddia tələbini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi.

4. Cavabdeh məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, alma bağında işləyirdi. Uşağı autizm xəstəsidir. Uşağının müalicəsi üçün pul lazım idi. Tanış bir şəxs ona Zaqatalada tanıdığı bir şəxsdən borc pul götürməsini bildirdi. Zaqatalaya gəlib iddiaçıdan 5500 manat məbləğində borc pul aldı və maaş kartını iddiaçıya verdi. Qarşı tərəf pulu ona faizə vermişdi. Hər ay faizə 500 manat məbləğində pul ödəyirdi. 6 ay iddiaçı onun maaş kartından pul çıxarmışdır. Kənddən iki nəfər şəxsdə faizə iddiaçıdan pul götürmüşdülər, aralarında problem olmuş və iddiaçını polisə vermişlər. Polis şöbəsindən onu çağıraraq, iddiaçıdan faizə pul götürüb-götürmədiyini soruşdular. Lakin o uşağının müalicəsi üçün iddiaçıdan pul götürdüyünü bildirib. Qarşı tərəfin bu yaxşılığına görə polis şöbəsində faizə pul götürmədiyini bildirdi. Daha sonra iddiaçı onun maaş kartını geri verdi və vərəq gətirərək ona bildirdi ki, bura yaz ki, Cavabdeh İddiaçı heç bir borcu yoxdur. O da dediyi kimi yazdı. Qarşı tərəfə 1500 manat məbləğində də bir ödəniş edib. Qarşı tərəfə heç bir borcu yoxdur. İddia tələbi ürzə ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

IV. Tədqiq olunan sübutlar:

6. İddiaçı müraciəti əsasında Zaqatala Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli HK-1/225 nömrəli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarında Cavabdeh izahatında bildirmişdir ki, 2023-cü ilin təxminən fevral ayında dəqiq tarixi yadında olmayan vaxtı oğlu Ramalın müalicəsi ilə əlaqədar onu Bakı şəhərinə aparmaq üçün Məmmədvəlidən 5500 manat bir, 2000 manat bir əlavə borc pul almış, 4500 manat pulu hissə-hissə Məmmədvəliyə qaytarmış, 3000 manat pulu isə maddi vəziyyəti ağır olduğuna görə qaytara bilməmişdir. Məmmədvəlidən borc aldığı 3000 manat pulu hissəhissə tezliklə qaytaracağını ona demişdir. 2024-cü ilin aprel ayında Məmmədvəli ilə 5,6 hektar ərazidə qarğıdalı səpmişlər. Həmin sahənin 3 hektarı Zaqatala rayonu Uzuntala kəndi ərazisində, 1,6 hektar bir, 1 hektar da bir olmaqla Püştətala kəndinin ərazisi olan Qamıştala adlanan yerdə yerləşmiş, qarğıdalını toxumunu, gübrənin pulunu və icarə haqqını Məmmədvəli vermiş, traktorla texniki işləri isə o etmişdir. 1,6 hektar sahənin sahibi Nüseyn adlı şəxs icarə haqqı olaraq 150 ədəd ot presi istəmiş, o, həmin yerə Məmmədvəlidən 1200 manat pul alıb həmin puldan 450 manat verib 150 ədəd ot presi almış, yüklənməsi, boşaldılması və daşınmasına 100 manat pul vermiş qalan 600 manat pulu özü xərcləmişdir. Püştətala kəndində olan sahələrdəki qarğıdalı biçilənə kimi Məmmədvəli sahəyə gəlməmiş və həmin sahələri Məmmədvəliyə göstərə bilməmiş, yalnız bir hektar sahəsi suvaranda gedib həmin əraziyə baxmış, qarğıdalı biçiliəndən təxminən 15 gün əvvəl həmin sahələri Məmmədvəliyə göstərimiş, Uzuntala kəndində olan sahəni isə öz evinə yaxın olan ərazi olduğuna görə Məmmədvəli özü tanımış, Uzuntala kəndində olan 3 hektar sahəni Məmmədvəli özü danışıb icarəyə götürmüşdür. Püştətala kəndində olan 2,6 hektar sahəni öz sahibləri ilə danışıb icarəyə götürmüş, 1,6 hektar sahə Hüseyinin, digər 1 hektar sahəni isə Yeganə adlı qadından danışıb icarəyə götürmüşdür. 2024-cü ilin sentyabr ayında Məmmədvəli 1,6 hektar sahəni biçəndə ona deməmiş, buna görə Bayram Balakən rayon Polis şöbəsinə şikayət etmiş, o həmin vaxt başqa sahədə işləmiş, həmin yerə getməmiş, Bayram getmiş, Məmmədvəli onlardan xəbərsiz qarğıdalını biçib apardığına görə Məmmədvəlinin biçdiyi təxminən 9 ton qarğıdalını Bayramın həyətinə boşaltmışlar. Həmin qarğıdalını satmışlar, 2700 manat pul etmiş, İtitala kəndində Bayramla şərikli 3 hektar qarğıdalı sahəsi olmuşdur. Həmin sahənin 1,5 hektarı onun payına düşmüş, bu qarğıdalı Bayrama düşdüyünə görə, Bayramla şərik olduğu 3 hektar qarğıdalını özünə götürüb məhsulu özü biçib aparmış, Balakən rayon Polis şöbəsində Məmmədvəli ilə aralarında olan razılığa görə Uzuntala kəndində olan sahəni Məmmədvəli biçib aparmış, qalan bir hektar sahəni isə özü biçib aparmışdır.

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında bildirmişdir ki, iddiaçı və cavabdehin hər ikisini tanıyır. Rəşadla birlikdə işləyir. Rəşad ona məxsus traktoru işlədir. Rəşad iddiaçıya borclu olduğu puldan 1500 manatı vermişdir. Öz sahəsində qarğıdalını ayrı əkmişdi. İddiaçı və cavabdeh isə şərik əkmişdi. Daha sonra iddiaçı onun qarğıdalı sahəsini Rəşadın ona borcu olduğuna görə, Rəşadın yerini bilib biçmək istəmiş və o da bundan xəbardar olub Balakən Rayon Polis şöbəsinə müraciət edib. Araşdırmalar aparılandan sonra məlum olub ki, həqiqətən də həmin qarğıdalı sahəsi ona məxsusdur. Buna görə də həmin qarğıdalı məhsulunu o özü götürmüşdür.

V. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 329.4-ci maddəsinə əsasən Susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.3-cü maddəsinə əsasən Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir.

Vİ. Məhkəmənin mövqeyi:

9. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri mövcuddur.

10. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında yaranmış mübahisə şifahi borc və şərikli təsərrüfat münasibətlərindən irəli gəlir. Belə ki, İddiaçı ilə Cavabdeh arasında ilk öncə şifahi borc münasibətləri olmuş, iddiaçı cavabdehə ayrı-ayrı vaxtlarda 5500 manat və 2000 manat olmaqla cəmi 7500 manat borc pul vermişdir. Cavabdeh həmin borcun 4500 manat hissəsini ödəmiş, qalan 3000 manat hissəsi ödəməmişdir. Bu hal iş materiallarında olan Zaqatala Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli HK-1/225 nömrəli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarında əks olunmuş cavabdehin verdiyi izahatda öz təsdiqini tapmışdır. Cavabdeh bu halın əksini təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir. Tərəflər arasında bu münasibətlər şifahi qaydada olmuş, məhkəməyə bununla bağlı hər-hansı bir yazılı müqavilə və ya başqa bir sənəd təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi 3000 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəssində əsaslı olduğundan təmin edilməlidir.

11. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbi cavabdehdən qalan 600 manat pulun tələb edilməsi hissəsində əsassız olduğundan təmin edilməməlidir.

12. Belə ki, yuxarıda qeyd edildiyi kimi tərəflər arasında şərikli təsərrüfat münasibətləri də mövcud olmuşdur. Tərəflər iddiaçının verdiyi vəsait və cavabdehin gördüyü texniki işlər vasitəsi ilə, həmçinin başqa şəxslərlə birlikdə şərikli olaraq icarəyə götürdüyü torpaq sahələrində qarğıdalı əkmişlər. İddiaçı bu məqsədlə cavabdehə 1200 manat pul vermişdir. Həmin 1200 manat pulun 600 manat hissəsi cavabdeh tərəfindən qeyd olunan şərikli təsərrüfat işləri üçün xərclənmiş, qalan 600 manat pulu isə cavabdeh gördüyü işlərin əvəzi olaraq özünə götürmüşdür. Qeyd olunan hallar tərəflərin məhkəmə iclasında verdiyi izahatlarında da öz təsdiqini tapmış və iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Odur ki, iddiaçı iddia tələbi üzrə 600 manatın ona qaytarılmasını tələb etməkdə haqlı olmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehə verilən 600 manat pul onun gördüyü işlərin əvəzi olduğundan iddia tələbi bu hissədə rədd edilməlidir.

13. Məhkəmə şahid ifadəsinə münasibətdə qeyd edir ki, şahid qismində dindirilmiş şəxs tərəflərin şərikli təssərrüfat münasibəti qurduğu şəxslərdən biridir. Şahid ifadəsində cavabdeh iddiaçıya olan borcunu məhsul şəklində ödəməyi öhdəsinə götürsə də, onun torpağında əkilib-biçilmiş məhsulu özü götürdüyünü bildirmiş, bununla da cavabdehin iddiaçıya olan borcunun ödənilməmiş qaldığı təsdiqlənmişdir.

14. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 50 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.

15. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabeh Cavabdeh 3000 manat pul vəsaiti və 50 manat məbləğində ödənilmiş dövlət rüsumuna görə pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.

Vİl. Nəticə:

16. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabeh Cavabdeh 3000 manat pul vəsaiti və 50 manat məbləğində ödənilmiş dövlət rüsumuna görə pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar