Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1546/2022 04.11.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “1681,94 manat əsas borc, 1493,06 manat faiz borcu olmaqla cəmi 3175 manat borcun, 100 manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: xx.xx.2019-cu il tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixədək olan müddətə tütün istehsalı üçün TM-089/19 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi ilə iddiaçı 15000 manat pulu illik 10 faizlə Cavabdeh2 verməyi, sonuncu isə borc məbləğini faizi ilə birlikdə ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda xx.xx.2019-cu il tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh1 arasında borcalan TM-089/19 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə həmin müqavilədən irəli gələn öhdəliklərin tam yerinə yetirilməsi barədə ZT-089/19 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 6.1-ci bəndinə əsasən müqavilələrin qüvvədə olma müddəti kredit müqaviləsindən irəli gələn öhdəliklərin Kredit Təşkilatı qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşür. İddiaçı kredit müqaviləsi üzrə borcalana ümumilikdə 15000 manat pul vəsaitini vermiş, borcalan isə öhdəliyini lazımınca yerinə yetirmədiyindən onun ödənilməmiş borcu qalmışdır. İddiaçı mübahisənin məhkəmədən kənar həll edilməsi ilə bağlı cavabdehlərə müraciət etmiş, mübahisə məhkəmədən kənar həllini tapmadığından məhkəməyə müraciət etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 kredit öhdəliyini yerinə yetirmədiyindən onun 4181,94 manat əsas və 468,06 manat faiz borcu yaranmışdır. Cavabdeh1 xx.xx.2022-ci il tarixdə elektron kabinet vasitəsilə etirazla məhkəməyə müraciət edərək etirazını onunla əsaslandırmışdır ki, iddiaçı tərəf tələbin əsası kimi ödənişlər üzrə çıxarış təqdim etmiş və çıxarışda xx.xx.2019-cu il tarixdən sonra ödəniş etmədikləri qeyd olunmuşdur. Digər cavabdeh onun atasıdır. Onlar tərəfindən 2019-cu ilin dekabr ayına kimi tədarükçüyə 11541,91 manat dəyərində yaş tütün verilmişdir. Kredit müqaviləsi üzrə faizlə birlikdə 4958,09 manat borc qalmışdır. Həmin ilin sonu "xxxx" MMC bağlanaraq tələbləri və öhdəlikləri başqa bir təşkilata keçmişdir. Bu səbəbdən artıq ödəniş edə bilməmişlər. 2022-ci ilin avqust ayında iddiaçı tərəf onu dəvət edərək borc qalığının olduğunu bildirmiş və bu vaxt borcundan 2500 manat ödəniş etmişdir. Lakin iş materiallarında olan çıxarışda ödəniş görünmür. Bundan əlavə maliyyə arayışında faizlə birlikdə 5283,18 manat olduğu qeyd edilmişdir. Halbuki 15000 manat kreditı bir illik faizlə birlikdə əlavə olaraq 10 %, yəni 1500 manat olmaqla cəmi 16500 manat ödənilməlidir. Onlar tərəfindən 11541,91 manat yaş tütün verilmiş, nəticədə faizlə birlikdə 4958,09 manat borcu qalmalıdır. Bu səbəbdən hazırki iddia tələbində borcun hansı formada hansı faizlə hesablanması, ödənişlərin hansı formada silinməsi və ən əsası sonuncu ödənişin hara silinməsi məsələsi aydınlaşdırılmalıdır. İddiaçı xx.xx.2022-ci il tarixdə elektron kabinet vasitəsilə iddia tələbinin dəqiqləşməsinə dair ərizə ilə müraciət edərək iddia həcmini azaltmış və 1681,94 manat əsas borc, 1493,06 manat faiz borcu olmaqla cəmi 3175 manat borcun cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmiş, cavabdehlər xx.xx.2022-ci il tarixdə məhkəmə bildirişini almışlar. Cavabdeh1 etirazını elektron kabinet vasitəsilə məhkəməyə təqdim etsə də, digər Cavabdeh2 iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 137.1 və 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: kredit müqaviləsi, zaminlik müqaviləsi, hesabdan çıxarış, xəbərdarlıq və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 470.1, 472.1, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, xx.xx.2019-cu il tarixdə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixədək olan müddətə tütün istehsalı üçün TM-089/19 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi ilə iddiaçı 15000 manat pulu illik 10 faizlə Cavabdeh2 verməyi, sonuncu isə borc məbləğini faizi ilə birlikdə ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, iddiaçı bank olmayan kredit təşkilatı tərəfindən borcalan Cavabdeh2 15000 manat kredit verildiyindən, müqavilə 1 il müddətinə (1 ildən də az) bağlandığından və faiz dərəcəsi 10% müəyyən edildiyindən borcalan kredit təşkilatına 15000 manat əsas və 1500 manat faiz borcu olmaqla ümumilikdə 16500 manat pul qaytarmalı olmuşdur. İşdə olan maliyyə arayışlarından görünür ki, borcalan tərəfindən 11541,91 manat ödəniş edilərək həmin dəyərdə tütün təhvil verilmişdir ki, həmin məbləğin 723,90 manat hissəsi faiz borcundan, qalan hissəsi əsas borcdan çıxılmış, nəticədə borclunun əsas borc üzrə ödənilməmiş 4181,94 manat, faiz borcu üzrə isə 776,10 manat borcu qalmışdır. Cavabdeh2 tərəfindən xx.xx.2022-ci il tarixdə əsas borc üzrə 2500 manat ödənildiyindən onun hazırki tarixə ödənilməmiş əsas borc üzrə 1681,94 manat, faiz borcu üzrə isə 776,10 manat borcu qalmışdır. İddiaçı cavabdehlərdən ödənilməmiş 1493,06 manat tələb edir ki, bunda da haqlı deyildir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının məhkəməyə təqdim etdiyi maliyyə arayışından müəyyən olunduğu kimi cavabdeh müqavilə müddətində iddiaçıya ödəmi olduğu 1500 manat faiz borcundan 723,90 manat ödəmişdir. Belə olan halda cavabdehin iddiaçıya faiz borcuna görə borcu 776,10 manat təşkil edir ki, iddiaçının cavabdehdən tələb etdiyi artıq borcun yaranmasna dair sübut mövcud deyildir. Bəlli olduğu kimi, faiz müqavilə ilə müəyyənləşdirilən və yalnız müqavilə müddətində hesablanan pul məbləğidir ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixdə bitmişdir. Həmin müddətdə ödənilməli olan faizin məbləği 10 faiz müəyyən edilmiş və cavabdeh 1500 manat faizin ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilə müddətinin bitməsindən sonra müqaviləyə istinadən faiz borcu hesablana bilməz, iddiaçı müqavilənin müddətinin uzadılması barədə məhkəməyə sübut təqdim etməmişdir ki, hazırki vəziyyətdə cavabdehdən müqavilə müddətində müəyyən edilmiş fazi məbləğindən artıq faizin tutulması üçün qanuni əsas mövcud deyildir. Şərh olunanla əsasən məhkəmə hesab edir ki, əsas borclu olan Cavabdeh2 1681,94 manat əsas borc, 776,10 manat faiz borcu tutularaq iddiaçı kredit təşkilatına ödənilməli, iddia tələbi artıq hesablanmış faiz borcuna münasibətdə rədd edilməlidir. İddianın kredit borcunun zamin Cavabdeh1 da əsas borclu ilə birlikdə müştərək qaydada tutularaq ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, zaminlik müqaviləsinin 6.1-ci bəndinə əsasən müqavilənin qüvvədə olma müddəti borcalanın xx.xx.2019-cu il tarixli TM-089/19 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin kredit təşkilatı qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşdüyündən və kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən kredit xx.xx.2019-cu il tarixədək tam ödənilmək şərtilə verildiyindən zaminlik müqaviləsi üzrə verilmə müddəti xx.xx.2019-cu il tarixdə qurtarmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir...... Məhkəmə qeyd edir ki, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verildiyindən kredit borcunun zamindən tutulması üçün qanuni əsas mövcud deyildir. Belə ki, iddia tələbi zəminliyin verilmə müddətinin bitməsindən sonra zaminlərə qarşı yönəlmişdir və zaminliyə qanunun tələbinə əsasən verilmə müddətinin keçməsi ilə əlaqədar xitam verildiyindən zamindən pul tutula bilməz. Eyni zamanda zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda da xitam verilir ki, hazırkli iş üzrə öhdəliyin icrası müddəti xx.xx.2019-cu il tarix kimi müəyyən edilmiş və Mülki Məcəllənin 477.0.4-cü maddəsinin ikinci cümləsinin tələbi baxımından belə zaminə qarşı iddia irəli sürmək üçün bir illik müddət xx.xx.2020-ci il tarixdə bitmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, zamindən pulun tutulması üçün qanuni əsas mövcud olmadığından iddia tələbi zamindən pulun tutulması hissəsində rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilir ki, kəsici müddət iddia müddətindən fərqli olaraq şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən qərarından və Mülki Məcəllənin normalarının məzmunundan başa düşüldüyü kimi, kəsici müddət iddia müddəti deyil, subyektiv hüququn qüvvədə olma müddətidir. İddia müddəti isə pozulmuş hüququn müdafiəsi müddətidir (Mülki Məcəllənin 372.2-ci maddəsi). Nəzərə almaq lazımdır ki, hüququn müdafiə müddəti ilə hüququn qüvvədə olma müddəti fərqli anlayışlardır. Birinci halda hüquq mövcud olur (qüvvədə olur), lakin müdafiə müddəti keçdiyinə görə müdafiə olunmur, ikinci halda isə hüquq ümumiyətlə mövcud olmur (qüvvədən düşmüş sayılır), ona görə də müdafiə olunmur. Çünki mövcud olmayan hüququn müdafiəsi mümkün deyil. Bu səbəbdən də həmin müddət mübahisə tərəfinin “iddia müddətinin tətbiqi barədə” ərizə verib-verməməsindən asılı olmayaraq məhkəmə tərəfindən tətbiq edilir və bu müddət iddia müddəti sayılmır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən (3175 manat) ödənilməli dövlət rüsumu 51.75 manat olmalıdır ki, iddia qismən təmin edildiyindən ödənilməmiş 51.75 manat dövlət rüsumunun 11.69 manat hissəsi iddiaçıdan, qalan 40.06 manat hissəsi əsas borclu olan cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidirdir. Eyni zamanda iddiaçı tərəfindən ödənilmiş 100 manat mediasiya xərci də əsas borclu olan cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sonda məhkəmə onu qeyd edir ki, 100 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya, 40.06 manat dövlət büdcəsinə və iddiaçıdan 11.69 manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin məhkəmə, qətnamənin icra mərhələsində icraata qənaət prinsipindən çıxış edərək hesab edir ki, qətnamənin vaxtında icrasının təmin edilməsi məqsədilə cavabdehdən mediasiya xərci üçün ödənilmiş 100 manat əvəzinə iddiaçının dövlət büdcəsinə ödəməli olduğu 11.69 manat dövlət rüsumu çıxılmaqla 88.31 manat tutularaq iddiaçıya ödənilməli, həmin vəsaitin qalan 11.69 manat hissəsi isə cavİabdeh tərəfindən ödənilməli olan 40.06 manat dövlət rüsumuna əlavə edilməklə cəmi 51.75 manat dövlət rüsumu bütöv şəkildə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 1681,94 manat əsas borc, 776,10 manat faiz borcu, 88.31 manat mediasiya xərci tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh2 ödənilməmiş 51.75 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1546/2022
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1546/2022
04.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver