Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1547/2024 15.11.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “xx.xx.2020ci il tarixli tütün becərmə üzrə borc müqaviləsindəki öhdəliklərin tam yerinə yetirilməməsinə görə 821.01 manat borcun, hüquqi yardımla bağlı ödənilmiş 150 manat pulun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı MMC Cavabdeh qarşı “xx.xx.2020-ci il tarixli tütün becərmə üzrə borc müqaviləsindəki öhdəliklərin tam yerinə yetirilməməsinə görə 821.01 manat borcun, hüquqi yardımla bağlı ödənilmiş 150 manat pulun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi” barədə iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbində bildirmişdir ki, fərdi sahibkar Cavabdeh ilə İddiaçı MMC arasında 06 noyabr 2020-ci ildə “Tütün becərmə üzrə borc” müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə əsasən İddiaçı MMC tərəfindən cavabdeh tərəfə 2020-ci il üzrə 510 manat, 2021-ci il üzrə 3701.38 manat ümumilikdə 4211.38 manat avans verilmişdir. Cavabdeh isə həmin götürülmüş avans məbləğinə görə 2021-ci ilin noyabr ayına kimi yetişdirdiyi tütün məhsullarından yaşıl tütün təhvil verməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəf müqavilə üzrə üzərinə götürdüyü həcmdə yaşıl tütün vermədiyindən halhazırda 821.01 manat qalıq borcu qalmışdır. Cavabdehə rəsmi qaydada müraciət edilməsinə baxmayaraq öhdəliklərini yerinə yetirməmiş və buna görə də iddiaçı tərəf məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. xx.xx.2020-ci il tarixdə İddiaçı MMC ilə Cavabdeh arasında tütün becərmə üzrə borc müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən müqavilə üzrə müəyyən edilmiş şərtlər daxilində iddiaçı 1.70 hektar ərazi üçün cavabdehə 3060 manat pul verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndinə əsasən müqavilədə vəd edilmiş tütün cavabdeh tərəfindən əkilir, yığılır və iddiaçıya satılmış tütün yarpaqlarının alış qiymətinin 50%-i tutularaq geri ödəmə üçün istifadə olunur. Həmin müqavilənin 3-cü maddəsinə əsasən 2021-ci il mövsümü üzrə yaşıl tütün alqısatqısına dair müqaviləyə və bu müqavilənin şərtlərinə əsasən alıcı tərəf dekabr 2021-ci il tarixindən gecikdirilmiş borcun illik 15%-faizi həcmində dəbbə pulu ödəyir. Eyni zamanda tərəflər arasında yaşıl tütünün alqı-satqısına dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən fermer, müqavilənin şərtlərinə əsasən tütün əkib sifarişçiyə satmağı, sifarişçi isə fermerin istehsal etdiyi sifarişçinin standartlarına uyğun yaşıl tütün qəbul etməyi və onun dəyərini müqavilə üzrə nəzərdə tutulmuş qiymətlə icraçı fermerə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2.1-ci bəndinə əsasən sifarişçi tütün əkimi üçün müraciət edən fermerin torpaq sahəsini mütəxəssislərin iştirakı ilə baxış keçirir və baxış aktı əsasında tərtib olunmuş sənədlərin əsasında müqavilə bağlayır. Müqavilənin 3.1-3.2-ci bəndlərinə əsasən fermer tütünü xx.xx.2021-ci il tarixinədək tam yetişmiş halda, təmiz, içərisində kənar qatqılar olmadan müqavilənin şərtlərinə uyğun şəkildə şifarişçiyə təhvil verir və qəbul sənədi əsasında rəsmiləşdirilir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən yaşıl tütünün ödənişi elektron qaimə vurulduğu tarixdən yeddi iş günü ərzində alıcı tərəfindən ödənilir. Eyni zamanda iş materiallarına əlavə edilmiş Bank Respublika ASC-nin xx.xx.2024cü il tarixli 2432 nömrəli məlumatdan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh hesabına xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək ümumilikdə 4211.38 manat vəsait köçürülmüşdür. Məhkəməyə təqdim edilmiş sübutlardan müəyyən edilir ki, xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək malların, işlərin və xidmətlərin təqdim edilməsi ilə bağlı 6 ədəd elektron qaimə tərtib edilmiş və iddiaçıya göndərilmişdir. Həmin elektron qaimələrdən göründüyü kimi, fermer tərəfindən xx.xx.2021-ci il tarixdə 514,46 manat, xx.xx.2021-ci il tarixdə 802,31 manat, xx.xx.2021-ci il tarixdə 311,62 manat, xx.xx.2021-ci il tarixdə 268,92 manat və xx.xx.2021-ci il tarixdə 983,06 manat məbləğində yaşıl tütün iddiaçıya təhvil verilmiş, cəmi 2 880,37 manat təşkil edir. Əkin sahəsinin icarəsi üçün cavabdehə 510 manat ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada bildiriş xx.xx.2024-cü il tarixdə cavabdehə ünvanı üzrə təqdim olunmasına baxmayaraq, cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin sübutlara: müqavilələr, elektron qaimələr, xx.xx.2024-cü il tarixli 2432 nömrəli məlumat və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1.İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 752.1.Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2.Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında alqı-satqı, borc, podrat və xidmət müqavilələrindən əmələ gələn qarışıq müqavilə bağlansa da, tərəflər arasında mübahisə borc münasibətlərindən əmələ gələn müqavilə üzrə yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, xx.xx.2020-ci il tarixdə İddiaçı MMC ilə Cavabdeh arasında tütün becərmə üzrə borc müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən müqavilə üzrə müəyyən edilmiş şərtlər daxilində iddiaçı 1.70 hektar ərazi üçün cavabdehə 3060 manat pul verməyi öhdəsinə götürmüşdür. Məhkəməyə təqdim edilmiş sübutlardan müəyyən edilir ki, xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək malların, işlərin və xidmətlərin təqdim edilməsi ilə bağlı 6 ədəd elektron qaimə tərtib edilmiş və iddiaçıya göndərilmişdir. Həmin elektron qaimələrdən göründüyü kimi, fermer tərəfindən müxtəlif tarixlərdə 802.31 manat, 514.46 manat, 311.62 manat, 268.92 manat, 983.06 manat dəyərində yaşıl tütün iddiaçıya təhvil verilmişdir. Eyni zamanda 510 manat məbləğində əkin sahəsinin icarə haqqı iddiaçıya ödənilmişdir. Buradan müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 3390.37 manat dəyərində borc qaytarılmışdır (802.31 + 514.46 + 311.62 + 268.92 + 983.06 + 510 = 3390.37). Bununla da cavabdehin ödənilməmiş 821.01 manat borcu mövcuddur (4211.38 – 3390.37 = 821.01). Cavabdeh tərəfindən qaytarılmış borc elektron qaimələr üzrə az olsa da, iddiaçı tələb məbləğini 821,01 manat tələb etdiyindən məhkəmənin iddia tələbindən kənara çıxmağa haqlı olmadığından və bu hal cavabdehin mənafeyi ilə ziddiyyət təşkil etmədiyindən məhkəmə hazırkı qətnaməni qəbul etmişdir. Məhkəmə yuxarıda qeyd olunanları ümumiləşdirərək hesab edir ki, iddiaçının tələbi əsas götürülərək cavabdehdən 821.01 manat borc tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh tərəf məhkəmə bildirişini alsa da, sadələşdirilmiş icraat çərçivəsində iddia tələbinə hər hansı münasibət və ya etiraz bildirməmiş, borcun əsaslı və ya əsassız olması ilə bağlı hər hansı arqument irəli sürməmişdir. Məhkəmə bu səbəbdən iddiaçının təqdim etdiyi sübutlar əsasında mahiyyəti üzrə müvafiq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının tələbini işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Eyni zamanda, məhkəmə prosessual xərc olaraq “hüquqi yardımla bağlı ödənilmiş 150 manat pulun tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə hesab edir ki, MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə göstərilmiş hüquqi yardımla bağlı vəkilə ödənilmiş məbləği təsdiq edən sübutun olmaması, nəzərdə tutulan işlə bağlı tərəfə hüquqi yardım göstərilməsi ilə bağlı elektron vəkil orderinin iş materiallarına əlavə edilməsi və işə sadələşdirilmiş icraat qaydasında baxılması hallarını nəzərə alaraq hesab edir ki, hüquqi yardımla bağlı 100 manat pulun tutulması əsaslı və ədalətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh müqavilə üzrə 821.01 manat borc, hüquqi yardımla bağlı ödənilmiş 100 manat pul və 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Mübariz Hüseynov