Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1550/2022 23.11.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “xx.xx.2020-ci il tarixli borc müqaviləsi üzrə 11255,32 manat məbləğində əsas borcun, müqavilə üzrə öhdəliyin gecikdirilməsinə görə 1407 manat məbləğində penyanın və 200 manat pul vəsaitinin cavabdehdən tutulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2020-ci il tarixli borc müqaviləsi üzrə 11255,32 manat məbləğində əsas borcun, müqavilə üzrə öhdəliyin gecikdirilməsinə görə 1407 manat məbləğində penyanın və 200 manat pul vəsaitinin cavabdehdən tutulması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tütün istehsalı üçün xx.xx.2021-ci il il tarixinədək Cavabdeh ilə "X3" MMC aralarında xx.xx.2020-ci il tarixli 2021-ci il mövsümü üzrə yaşıl tütünün alqı-satqısına dair müqavilə bağlanmışdır. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən icraçı fermer olan Cavabdeh istehsal etdiyi yaşıl tütünü bütövlükdə xx.xx.2021-ci il tarixinədək tam yetişmiş halda, təmiz, içərisində tam yetişmiş halda Sifarifçiyə təhvil verir. Həmin Müqavilənin 9.3-cü bəndinə əsasən Müqavilə bağlandığı andan qüvvəyə minir və xx.xx.2021-ci il tarixədək qüvvədədir. Eyni zamanda, tütün becərmə üzrə Cavabdeh ilə "X3" MMC aralarında xx.xx.2020-ci il tarixli borc müqaviləsi bağlanmışdır. İddiaçı borc müqaviləsi üzrə borcalana ümumilikdə 1 hektara 1500 manat olmaqla 15 ha üçün ümumilikdə 15000 manat pul vəsaitini vermiş, borcalan isə öhdəliyini lazımınca yerinə yetirmədiyindən onun 11255,32 manat ödənilməmiş əsas borcu qalmışdır. İddiaçı mübahisənin məhkəmədən kənar həll edilməsi ilə bağlı cavabdehlərə müraciət etmiş, mübahisə məhkəmədən kənar həllini tapmadığından məhkəməyə müraciət etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh kredit öhdəliyini yerinə yetirmədiyindən onun əsas və faiz borcu yaranmışdır. İddiaçının nümayəndəsi X2 verdiyi izahatında bildirdi ki, onların şirkəti yaponiya investorlarının dəstəyi ilə fəaliyyət göstərir. Şirkət tütünçülüyün inkişafı ilə məşğuldur. Digər fermerlər kimi cavabdeh lə də tütün əkini üçün müqavilə bağlamış və ona tütün əkini üçün 15000 manat vəsait ayrılmışdır. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və buna görə şirkətə ziyan vurmuşdur. Odur ki, cavabdehin 11255,32 manat məbləğində borcu yarandığından, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, tütün əkini üçün 15000 manat iddiaçı şirkətdən pul götürmüşdür. 10 ha torpaq sahəsinin 5 ha hissəsinə aid tütün ştilini şirkət özü verməli idi. Qalan hissəni isə fermer özü tapmalı idi. Ştilin böyüməsi üçün bir neçə dəfə suvarmaq lazım idi. Tütün suvarıldığı təqdirdə alaq otları da böyüyürdü. Ona görə də toxalama işləri normadan bir neçə dəfə artıq həyata keçirildi. Bu da əlavə xərclərə səbəb oldu. Digər fermerlərlə birgə şirkətə müraciət etdilər ki, onlara toxalama işi üçün əlavə 300 manat vəsait versinlər. Fəhlə də ən azı 13 manata işləyir. Lakin şirkət həmin vəsaiti ödəməkdən imtina etdi. Tütün sahədə batırdı, həmçinin fəhləyə də borcları var idi. Məcbur olub tütünün bir hissəsini ailə üzvləri ilə yığıb qurutdular. Lakin şirkət quru tütünü qəbul etmədi. Sahədə qalan tütünü isə şirkət özü fəhlələr gətirib yığdırdı. Fəhlələrin borcunu da o ödədi. Tütünün batması onların ucbatından olmamışdır. Tələb edilən əsas borcu qəbul etdiyini, iddianın cərimə tələbinə aid hissəsinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, xx.xx.2021-ci il tarixdə 3000 manat, xx.xx.2021-ci il tarixdə 4500 manat, xx.xx.2021-ci il tarixdə 4500 manat, xx.xx.2021-ci i l tarixdə 3000 manat olmaqla, ümumilikdə 15000 manat yaşıl tütünün əkilməsi üçün müqavilə əsasında avanş ödənişləri edilmişdir. İş materiallarında olan “Malların təhvil-təslim akt” larından görünür ki, xx.xx.2021-ci il tarixdə 454,50 manat və 610,16 manat, xx.xx.2021-ci il tarixdə 374,90 manat, xx.xx.2021ci il tarixdə 357 manat və 556,85 manat, xx.xx.2021-ci il tarixdə 528,90 manat və 456,50 manat, xx.xx.2021-ci il tarixdə 405,88 manat olmaqla, ümumilikdə 3 744,69 manat məbləğində müxtəlif növ yaşıl tütün fermer Cavabdeh tərəfindən İddiaçı MMC-yə təhvil verilmişdir. İddiaçı tərəfindən elektron qaydada iş materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqaviləsi, hesabdan çıxarış, xəbərdarlıq və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İş materiallarında olan və məhkəmə baxışında xx.xx.2020-ci il tarixli kredit müqaviləsi kredit müqaviləsi, ödəniş tapşırıqları, malların təhvil-təslim aktları tədqiq edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 567,568, 739.1və 739.2-ci maddələri). Məhkəmə hesab edir ki, tərəflər arasında həm borc müqaviləsindən, eyni zamanda alqı-satqı müqaviləsindən əmələ gələn hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı tərəf cavabdehə borc vermiş, cavabdeh isə borcu qəbul etsə də, cavabdeh müəyyənləşdirdikləri tütün məhsulunu istehsal edib iddiaçıya tam həcmdə təqdim edə bilməmişdir. Ona görə də mülki qanunvericiliyin yuxarıda qeyd olunmuş normaları və tərəflər arasında bağlanmış müqavilənin şərtləri baxımından Cavabdeh oğlunun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iş materiallarından da göründüyü kimi, 15000 manat məbləğində avans ödənişi iddiaçı tərəfindən cavabdehə ödənilmiş və müqavilədə nəzərdə tutulmuş müddətin sonuna 3 744,69 manat məbləğində müxtəlif növ yaşıl tütün təhvil verilmişdir. Odur ki, iddiaçı 11255,32 manat pulun ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, məhkəmə 1407 manat cərimənin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilə şərtləri cavabdeh tərəfindən yerinə yetirilməmiş, iddiaçı isə üzərinə düşən prosessual hərəkətləri vaxtında etməmiş və nəticədə dəbbə pulunun artmasına şərait yaratmışdır. Məhkəmə tərəflərin əmlak mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 1407 manat deyil, əsas borcun təxminən 10 faizi məbləğində yəni, 140 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş mediasiya xərcinin 21,01 manat hissəsi iddiaçıya aid edilməli, qalan 179,99 manat hissəsi isə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 127,99 manat olmalıdır ki, iddia qismən təmin edildiyindən iddianın təmin edilən hissəsinə mütənasib olaraq 115,18 manatı cavabdehdən, 12,81 manatı iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 11255,32 manat əsas borc, 140 manat penya (dəbbə pulu), 179,99 manat mediasiya xərci tutularaq İddiaçı xeyrinə ödənilsin. Ödənilməmiş 127,99 manat dövlət rüsumunun 115,18 manat hissəsi cavabdehdən, 12,81 manat hissəsi isə iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1550/2022
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1550/2022
23.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver