Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1551/2022 07.12.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı “xx.xx.2020-ci il tarixdə bağlanmış borc müqaviləsi əsasında verilmiş 25500 manat məbləğində borcun ödənilməmiş 23556,36 manat məbləğinin və həmin müqavilə üzrə öhdəliyin gecikdirilməsinə görə 2944,50 manat məbləğində penyanın və 200 manat mediasiya xərcinin tutulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2020-ci il tarixli borc müqaviləsi üzrə 25 500 manat məbləğində əsas borcun, müqavilə üzrə öhdəliyin gecikdirilməsinə görə 2944,50 manat məbləğində peniyanın və 200 manat dövlət rüsumunun cavabdehdən tutulması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tütün istehsalı üçün xx.xx.2021-ci il il tarixinədək Cavabdeh ilə aralarında xx.xx.2020-ci il tarixli 2021-ci il mövsümü üzrə yaşıl tütünün alqı-satqısına dair müqavilə bağlanmışdır. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən icraçı fermer olan Cavabdeh istehsal etdiyi yaşıl tütünü bütövlükdə xx.xx.2021-ci il tarixinədək tam yetişmiş halda, təmiz, içərisində kənar qatqılar olmadan 2.1.3-cü bəndindəki şərtlərə uyğun şəkildə sifarişçiyə təhvil verir. Həmin Müqavilənin 9.3-cü bəndinə əsasən Müqavilə bağlandığı andan qüvvəyə minir və xx.xx.2021-ci il tarixədək qüvvədədir. Tütün becərmə üzrə Cavabdeh ilə "X4" MMC aralarında xx.xx.2020-ci il tarixli müqavilə bağlanmışdır. İddiaçı borc müqaviləsi üzrə borcalana ümumilikdə 1 hektara 1500 manat olmaqla 17 ha üçün ümumilikdə 25500 manat pul vəsaitini vermiş, borcalan isə öhdəliyini lazımınca yerinə yetirmədiyindən onun 23556,36 manat ödənilməmiş əsas borcu qalmışdır. Cavabdehin borcu razılaşdırılmış qrafiklə iddiaçıya qaytarmaq vəzifəsi tərəflər arasında bağlanmış müqavilədə müəyyən edilmişdir. İddiaçı mübahisənin məhkəmədən kənar həll edilməsi ilə bağlı cavabdehlərə müraciət etmiş, mübahisə məhkəmədən kənar həllini tapmadığından məhkəməyə müraciət etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh kredit öhdəliyini yerinə yetirmədiyindən onun əsas və faiz borcu yaranmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, cavabdehlə aralarında iki müqavilə bağlanmışdır. Birinci müqavilə üzrə tütün əkilməsi nəzərdə tutulmuşdur. İkinci müqavilə isə tütün əkilməsinə görə borc pul vəsatinin verilməsi ilə bağlıdır. Lakin, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və hazırki mübahisə yaranmışdır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. İş materiallarında olan ödəniş tapşırıqlarından görünür ki, xx.xx.2021-ci il tarixdə 7650 manat, xx.xx.2021-ci il tarixdə 5100 manat, xx.xx.2021-ci il tarixdə 5100 manat, xx.xx.2021-ci il tarixdə 7650 manat olmaqla, ümumilikdə 25500 manat yaşıl tütünün əkilməsi üçün müqavilə əsasında avanş ödənişləri edilmişdir. İş materiallarında olan “Malların təhvil-təslim akt” larından görünür ki, xx.xx.2021-ci il tarixdə 525,60 manat, xx.xx.2021-ci il tarixdə 327,60 manat, xx.xx.2021-ci il tarixdə 513,60 manat, xx.xx.2021-ci il tarixdə 434,70 manat, xx.xx.2021-ci il tarixdə 491,84 manat, xx.xx.2021-ci il tarixdə 542,80 manat olmaqla, ümumilikdə 2836,14 manat məbləğində müxtəlif növ yaşıl tütün fermer Cavabdeh tərəfindən İddiaçı MMC-yə təhvil verilmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqaviləsi, hesabdan çıxarış, xəbərdarlıq və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İş materiallarında olan və məhkəmə baxışında xx.xx.2020-ci il tarixli borc müqaviləsi, ödəniş tapşırıqları, malların təhvil-təslim aktları tədqiq edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 567,568, 739.1 və 739.2-ci maddələri). Məhkəmə hesab edir ki, tərəflər arasında həm borc müqaviləsindən, eyni zamanda alqı-satqı müqaviləsindən əmələ gəlmiş hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı tərəf cavabdehə borc vermiş, cavabdeh isə borcu qəbul etsə də tərəflərin müəyyənləşdirdikləri tütün məhsulunu istehsal edib iddiaçıya tam həcmdə təqdim edə bilməmişdir. Ona görə də mülki qanunvericiliyin yuxarıda qeyd olunmuş normaları və tərəflər arasında bağlanmış müqavilənin şərtləri baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə tələbin “23556,36 manat məbləğində əsas borcun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iş materiallarında olan “malların təhvil-təslim akt” larından da aydın olur ki, cavabdeh tərəf 2836,14 manat məbləğində yaşıl tütün məhsulunu iddiaçıya təhvil verilmiş, lakin iddiaçı tərəfindən həmin məbləğ iddia ərizəsində 1943,64 manat olaraq qeyd olunmuşdur. Həmin aktlara əsasən məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin edilərək, cavabdehdən 23556,36 manat borcdan ödənilmiş 2836,14 manat məbləğ çıxılmaqla yekun olaraq 22663,86 manat tutulmalıdır. Tələbin “müqavilə üzrə öhdəliyin gecikdirilməsinə görə 2944,50 manat məbləğində peniyanın tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarında olan iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilə şərtləri cavabdeh tərəfindən yerinə yetirilməmiş, iddiaçı isə üzərinə düşən prosessual hərəkətləri vaxtında etməmiş və nəticədə dəbbə pulunun artmasına şərait yaratmışdır. Məhkəmə tərəflərin əmlak mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 2944,50 manat deyil, əsas borcun təxminən 10 faizi məbləğində yəni, 300 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 169,05 manat olmalıdır ki, iddia tələbi qismən təmin edildiyindən ödənilməmiş 22,56 manat dövlət rüsumu cavabdehdən, 146,49 manat dövlət rüsumu iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin, 200 manat mediasiya xərci 173,31 manat hissədə cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 26,69 manat iddiaçıya aid edilməlidir. Lakin məhkəmə, qətnamənin icra mərhələsində icraata qənaət prinsipindən çıxış edərək hesab edir ki, qətnamənin vaxtında icrasının təmin edilməsi məqsədilə cavabdehdən mediasiya xərci üçün ödənilmiş 200 manat əvəzinə iddiaçının dövlət büdcəsinə ödəməli olduğu 22,59 manat dövlət rüsumu çıxılmaqla 173,31 manat tutularaq iddiaçıya ödənilməli, ödənilməmiş dövlət rüsumunun 164,92 manat hissəsi cavabdehdən, 4,13 manat hissəsi isə iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh X1 22663,86 manat əsas borc, 300 manat penya və 173,31 manat mediasiya xərci tutularaq İddiaçınə ödənilsin. İddi qalan hissədə rədd edilsin. Ödənilməmiş dövlət rüsumunun 164,92 manat hissəsi cavabdehdən, 4,13 manat hissəsi isə iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1551/2022
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1551/2022
07.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver