Məhkəmə qərarları › İş №e-2-2(117)-1555/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1555/2024

06.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1555/2024 06.12.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “8390.43 manat məbləğində krеdit bоrcu, 1119.68 manat məbləğində faiz bоrcu və 212.33 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 9722.44 manat məbləğində bоrcun və 117.23 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “8390.43 manat məbləğində krеdit bоrcu, 1119.68 manat məbləğində faiz bоrcu və 212.33 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 9722.44 manat məbləğində bоrcun və 117.23 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit razılaşmasına əsasən Kreditverən 15 000 manat olan krediti illik faiz dərəcəsi 22% olmaqla xx.xx.2025-ci il tarixinədək kredit alana verməyi, borc alan isə həmin kreditdən onun məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə bu razılaşmanın tərkib hissəsi olan ödəniş cədvəli üzrə krediti faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit üzrə FİFD (faktiki illik faiz dərəcəsi) 22.5 % nəzərdə tutulmuşdur. Kredit müqaviləsinin 3-cü bəndinə əsasən ödəmə vaxtı çatmış, lakin Borcalan tərəfindən ödənilməmiş kreditin aylıq ödənişinin əsas məbləğinin gecikdirilmiş hissəsi illik 22 faiz üstəgəl 5 faiz gecikmə faizi ödəməlidir. Kredit müqaviləsinin 6-cı bəndinə görə, kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, gecikdirilmiş borc məbləğinin 40 faizi məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2023cü il tarixindən xx.xx.2025-ci il tarixinədək hər ay 573 manat, sonuncu ay isə 573.05 manat məbləğində ödəniş etməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli ************ nömrəli və ************ nömrəli (zamin Cavabdeh1, Cavabdeh2) zaminlik müqavilələrindən görünür ki, həmin müqavilə bankla borclu – Cavabdeh3 arasında bağlanmış 15 000 manat kredit məbləğinin xx.xx.2025-ci il tarixinədək illik 22 faiz dərəcəsilə kredit verilməsi ilə bağlı borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür. 2.1-ci bəndinə əsasən zamin faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşımasını bəyan etmişdir. Həmin müqavilələrin 3.1-ci bəndinə əsasən bu müqavilələr zaminliyin icrasını təmin etdiyi kredit müqaviləsinin qüvvəyə mindiyi andan qüvvəyə minir və kredit müqaviləsinin qüvvədə olduğu müddət ərzində, o cümlədən kredit müqaviləsinin müddəti uzadıldıqda, uzadılmış müddət ərzində və kredit müqaviləsindən irəli gələn öhdəlik tam icra olunanadək qüvvədədir. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onların ödənilməmiş borcu qalmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 həmin tarixə 8390.43 manat əsas, 1119.68 manat faiz və gecikdirilmə üçün hesablanmış 212.33 manat cərimə borcu mövcuddur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli tərəflərə göndərilmiş pretenziya məktubunda qeyd edilmişdir ki, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə banka olan borcun məbləği əsas borc üzrə 8390.43 manat, faizlər üzrə 1144.40 manat, cərimə üzrə 185.38 manat olmaqla, cəmi 9720.21 manat təşkil edir. Eyni zamanda cavabdehlər tərəfindən öhdəliyin pozulduğu üçün kredit müqaviləsini birtərəfli qaydada ləğv edildiyi və 3 gün müddətində göstərilən məbləğdə borcun banka ödənilməsi tələb edildiyi, əks halda məhkəməyə müraciət ediləcəyi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada bildiriş xx.xx.2024-cü il tarixdə Cavabdeh3 elektron kabinetinə yerləşdirilmiş, xx.xx.2024-cü il tarixdə rəsmi qaydada bildiriş Cavabdeh2 ünvanı üzrə poçt vasitəsilə göndərilsə də, “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə geri qaytarılmış, daha sonra bildiriş xx.xx.2024-cü il tarixdə rəsmi qaydada cavabdehə və ya ailə üzvlərinə çatdırılması üçün Laçın Rayon İcra Hakimiyyətinə elektron poçt vasitəsilə göndərilmişdir. Digər Cavabdeh1 isə rəsmi qaydada bildiriş xx.xx.2024-cü il tarixdə ünvanı üzrə poçt vasitəsilə çatdırılmışdır. Buna baxmayaraq, cavabdehlər iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, MPM-in 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit razılaşması, zaminlik müqavilələri, maliyyə arayışı, hesabdan çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit razılaşmasına əsasən Kreditverən 15 000 manat olan krediti illik faiz dərəcəsi 22% olmaqla xx.xx.2025-ci il tarixinədək kredit alana verməyi, borc alan isə həmin kreditdən onun məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə bu razılaşmanın tərkib hissəsi olan ödəniş cədvəli üzrə krediti faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit üzrə FİFD (faktiki illik faiz dərəcəsi) 22.5 % nəzərdə tutulmuşdur. Cavabdeh tərəf öhdəliklərini yerinə yetirmədiyindən onların ödənilməmiş borcu qalmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 həmin tarixə 8390.43 manat əsas, 1119.68 manat faiz və gecikdirilmə üçün hesablanmış 212.33 manat cərimə borcu mövcuddur. Buna baxmayaraq iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli tərəflərə göndərilmiş pretenziya məktubundan görünür ki, iddiaçı tərəf öhdəliyin pozulduğu üçün kredit müqaviləsini birtərəfli qaydada ləğv etdiyini bildirmiş və tərəflərin kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə banka olan borclarının məbləğinin əsas borc üzrə 8390.43 manat, faizlər üzrə 1144.40 manat, cərimə üzrə 185.38 manat olmaqla, cəmi 9720.21 manat təşkil etdiyini qeyd etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Konstitusiya Məhkəməsi Plenumunun qərarında daha sonra qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Yəni, hazırki iş üzrə iddiaçı ləğv anınadək pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Buna uyğun olaraq məhkəmə tələb edilən əsas və faiz borcuna münasibətdə o nəticəyə gəlmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə və yuxarıda adı çəkilən Konstitusiya Məhkəməsinin Qərarına əsasən iddiaçı 8390.43 manat məbləğində əsas və 1119.68 manat məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Bundan əlavə olaraq cavabdehlər iddia tələbi ilə bağlı məhkəməyə etiraz və ya vəsatətlərini təqdim etməmiş, bu səbəbdən, eyni zamanda tələb edilən borc məbləğinin artıq olması ilə bağlı hər hansı başqa bir mübahisəli məqam olmadığından məhkəmə əlavə araşdırma aparmamışdır. Məhkəmə iddia tələbinin “212.33 manat məbləğində cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, xx.xx.2024-cü il tarixli tərəflərə göndərilmiş pretenziya məktubundan aydın olduğu kimi cavabdehin 185.38 manat məbləğində cərimə borcu mövcuddur. Həmçinin, tərəflər arasında bağlanmış müqavilənin 6-ci bəndinin tələbinə görə, kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, gecikdirilmiş borc məbləğinin 40 faizi məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Odur ki, iddiaçı 185.38 manat cərimə borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlərdən 8390.43 manat əsas borc, 1119.68 manat faiz borcu, 185.38 manat cərimə borcu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia əsas və faic borca münasibətdə təmin edildiyindən ödənilməli olan 117.23 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 8390.43 manat məbləğində krеdit bоrcu, 1119.68 manat məbləğində faiz bоrcu, 185.38 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 9695.49 manat məbləğində bоrc və 117.23 manat dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar