Məhkəmə qərarları › İş №e-2-2(117)-1556/2022

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1556/2022

21.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1556/2022 21.11.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “xx.xx.2020-ci il tarixli 007R********** nömrəli kredit razılaşmasının və xx.xx.2021-ci il tarixli 007R**********S nömrəli sazişin ləğv edilməsi və 1911,64 manat məbləğində kredit borcu, 145,23 manat məbləğində faiz borcu və 156,38 manat cərimə borcu olmaqla, cəmi 2213,25 manat məbləğində borcun, 64 manat məbləğində mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsi” tələbinə dair işə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: xx.xx.2019-cu il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 007L**********62 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə, 100000 manat məbləğində kredit xətti açılmış, müqaviləyə əsasən, cavabdehə ödəniləcək məbləğ və müddətin ayrıca kredit razılaşması ilə müəyyən edilməsi nəzərdə tutulmuşdur. xx.xx.2020-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış uzunmüddətli kredit müqaviləsi üzrə 007R********** saylı kredit razılaşmasına əsasən sonuncuya 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833% olmaqla, müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 4500 manat məbləğində kredit verilmişdir. Eyni zamanda xx.xx.2020-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh2 və Cavabdeh3 arasında borcalan kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə həmin müqavilədən irəli gələn öhdəliklərin tam yerinə yetirilməsi barədə 007S**********001 və 007S**********002 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Bundan başqa xx.xx.2021-ci il tarixdə tərəflər arasında imzalanmış kredit razılaşması və ödəniş planına dəyişikliklər edilməsi haqqında sazişə əsasən kredit alan kredit qalığını və hesablanmış faizləri xx.xx.2021-ci il tarixli ödəniş planına uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun 1911,64 manat məbləğində kredit borcu qalmışdır. Cavabdeh1 borc məbləğini ödəmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh öhdəliklərini xx.xx.2022-ci il tarixdən icra etmədiyindən kredit müqaviləsi üzrə ödənilməmiş 1911,64 manat məbləğində kredit borcu, 145,23 manat faiz borcu qalmışdır. xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu ilə cavabdehlərdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onlara xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildirişlər göndərilmiş, Cavabdeh1 xx.xx.2022-ci il, digər cavabdehlərə xx.xx.2022-ci il tarixdə məhkəmə bildirişləri və sənədləri çatdırılmasına baxmayaraq, cavabdehlər iddia tələbinə qarşı əsaslandırılmış etirazları müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Tərəflər arasında bağlanmış müqavilə, Kredit razılaşması, Zaminlik müqavilələri, Xəbərdarlıq məktubları, Hesabdan çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İlk öncə məhkəmə iddia tələbinin xx.xx.2020-ci il tarixli 007R********** nömrəli kredit razılaşmasının və xx.xx.2021-ci il tarixli 007R**********S nömrəli sazişin ləğv edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsassızdır və rədd edilməlidir. Belə ki, mübahisə predmeti olan xx.xx.2020-ci il tarixli 007R********** nömrəli kredit razılaşması 24 ay müddətinə bağlanmış və xx.xx.2022-ci il tarixədək qüvvədə olmuşdur. Eyni zamanda həmin razılaşma üzrə ödəniş planına dəyişikliklər edilməsi haqqında xx.xx.2021-ci il tarixli saziş bağlanmış, həmin saziş üzrə əlavə müddət müəyyən edilməmişdir. Belə olan halda kredit razılaşmasının müddəti bitmişdir və hazırda qüvvədə deyildir. Müddəti bitməklə qüvvədə olmayan müqavilənin ləğvi mümkün olmadığından məhkəmə hesab edir ki, iddia tələbi qiymət verilən hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Göründüyü kimi qanunvericliyin tələblərinə əsasən müqavilənin qüvvədə olma müddətində tərəflərdən biri müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozduqda müqavilə ləğv edilə bilər. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, ləğv edilməsi tələb olunan müqavilələrin müddəti bitmişdir ki, müddəti bitmiş müqavilənin ləğv olunmasından söhbət gedə bilməz. Bu səbəbdən də iddia qiymət verilən hissədə rədd edilməlidir. Bundan başqa kredit razılaşması üzrə əsas borc və faiz borcunun ödənilməsinə münasibətdə məhkəmə qeyd edir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448.1, 470.1, 472.1, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borc verən borcalan qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirsə də, borc alan Cavabdeh1 öhdəliyini lazmınca yerinə yetirmədiyindən onun 1911,64 manat əsas borcu və aylıq faiz dərəcəsi 2,0833% olmaqla, 145,23 manat faiz borcu qalmışdır. Zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıdığından 1911,64 manat əsas və 145,23 manat faiz borcu cavabdehlərdən müştərək qaydada tutularaq kredit təşkilatına ödənilməlidir. Məhkəmə 156,38 manat cərimənin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh kredit borcunu ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, həm əsas faizin həm də cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır ki, hazırda tələb olunan cərimə məbləği əsas məbləğə münasibətdə yüksəkdir. Bu səbəbdən də, dəbbə pulunun artmasında iddiaçının təqsirini, cavabdehlərin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlərdən 156,38 manat deyil, 20 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlər öhdəliklərini yerinə yetirmədiyindən kredit müqaviləsi üzrə 1911,64 manat əsas və 145,23 manat faiz və 20 manat cərimə borcu cavabdehlərdən tutularaq İddiaçı QSC-yə ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Müki Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. 112.1.10-cu maddəsinə əsasən iddianın qiyməti bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 8.2-ci maddələrinə əsasən hazırki iş üzrə qiymətləndirilməyən 100 manat və qiymətləndirilən iddianın qiymətinə əsasən (2213,25 manat) ödənilməli dövlət rüsumu 42,13 manat təşkil edir. İddia tələbinin qiymətləndirilməyən hissədə mütənasib olaraq bölünməsi mümkün olmadığından və həmin hissədə iddia rədd edildiyindən 100 manat dövlət rüsumu iddiaçıdan, qiymətləndirilən hissədə qismən təmin edildiyindən 42,13 manat dövlət rüsumunun 39.54 manat hissəsi cavabdehlərdən, 2,59 manat hissəsi iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan əlavə iddiaçı 64 manat mediasiya xərci ödədiyindən həmin mediasiya xərci cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1911,64 manat əsas, 145,23 manat faiz, 20 manat cərimə borcu və 64 manat məbləğində mediasiya xərci tutularaq idddiaçı İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 102,59 manat dövlət rüsumu İddiaçı QSC-dən, 39,54 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar