Məhkəmə qərarları › İş №e-2-2(117)-1575/2022

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1575/2022

25.11.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1575/2022 25.11.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X10 və üçüncü şəxs "xxxx" MMC-yə qarşı “2900 manat pulun və 60 manat mediasiya xərcinin tutulması” tələbi üzrə mübahisəyə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh X10 və üçüncü şəxs "xxxx" MMCyə qarşı “2900 manat məbləğin və 60 manat mediasiya xərcinin tutulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əaslandırılmışdır ki, “İcbari sığortalar haqqında” Qanuna əsasən, sığortalı Məmmədova Şərqiyyə qızının razı olması ilə İddiaçı ASC tərəfindən ona RAZ********** saylı xx.xx.2018-ci il tarixli sığorta şəhadətnaməsinin verilməsi yolu ilə icbari sığorta müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə əsasən, sığortalının sahibliyində olan Zərdab şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən daşınmaz əmlaka 10850 manat məbləğində yanğın və digər risklərdən sığorta təminatı verilmişdir. xx.xx.2018-ci il tarixdə Zərdab şəhəri, H.Əliyev prospektində yerləşən X2 məxsus ticarət obyektində (sığorta predmetinin) yanğın hadisəsi baş vermişdir. Yanğının mənbəyi Qalib Hüseynova məxsus elektrik və məişət avadanlıqlarının təmiri sexinin daxilində, sexə girişdən təxminən 1.5-2 metr irəlidə döşəmədən yuxarı səviyyədə yaranmışdır və qonşuluqda yerləşən obyektlərə yayılmışdır. Hadisə nəticəsində sığorta predmetinə 3000 manat məbləğində zərər dəymişdir. Sığorta müqaviləsinə və sığorta aktına əsasən 100 manat azadolma məbləği çıxıldıqdan sonra 2900 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Sığortalı hesablanmış zərər məbləği və sığorta ödənişi ilə razılaşdırdıqdan sonra sığorta aktını imzalamış və bununla da bütün iddia tələblərini İddiaçı ASC-yə sessiya etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmiş, "xxxx" MMC xx.xx.2022-ci il tarixdə, X14 xx.xx.2022-ci il tarixdə bildirişi qəbul etməsinə baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. -İş materiallarında olan xx.xx.2019-cu il tarixli 1137/CFİ-270/2018/2019 nömrəli sığorta aktından görünür ki, Zərdab şəhəri, H.Əliyev prospektində yerləşən qeyri-yaşayış sahəsində yanğın baş vermiş və 3000 manat məbləğində zərər dəymişdir. Həmin məbləğdən 100 manat çıxılaraq 2900 manat sığorta ödənişi həyata keçirilmişdir. -İş materiallarında olan xx.xx.2019-cu il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarda aşağıdakılar müəyyən edilmişdir: - Zərdab Bələdiyyəsinin 02 oktyabr 2006-cı il tarixli 09 nömrəli ümumi iclas protokolundan çıxarışa əsasən Zərdab rayonu, H.Əliyev prospektində yerləşən elektrik və məişət avadanlıqlarının təmiri sexi X10 məxsusdur. - Zərdab rayonu, H.Əliyev prospektində yerləşən, Qalib Hüseynov ona məxsus elektrik və məişət avadanlıqlarının təmiri sexində üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Ticarət və ictimai iaşə müəsissələri, yarmarkalar, baza və anbarlar üçün “Yanğın Təhlükəsizliyi qaydaları”nın 3.19.3.3 və 3.19.4-cü bəndlərinin tələblərini pozaraq sexdə yanğın təhlükəsizliyi qaydalarını təmin etməmiş, həmin sexdə elektrik qurğuları yanğın və alışmaya gətirib çıxaran təhlükəli amillərdən mühafizəedici aparatla təmin etmədiyinə görə xx.xx.2018-ci il tarixdə saat 23 radələrində sexin elektrik qurğularında qəza halının yaranmasından yanğın baş vermişdir. - Yanğın nəticəsində X7, X4, X11 məxsus qeyri-yaşayış sahələrinə müxtəlif məbləğlərdə ziyan dəymişdir. -İş materiallarına əlavə edilmiş RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Zərdab şəhəri, H.Əliyev prospekti 21A ünvanında yerləşən qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə X11 məxsusdur. - X1 Məhəmməd Əsəd oğlundan icarə müqaviləsi əsasında götürdüyü və pərdə-tül satışı ilə məşğul olduğu Zərdab rayonu, H.Əliyev prospektində yerləşən mağazaya yanğın nəticəsində 4250 manat ziyan dəymişdir (Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 33127 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi). -İş materiallarında olan xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən Şərqiyyə Məmmədovaya 2900 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin xx.xx.2022-ci il tarixli xx/xx-07976 nömrəli məktubunda xx.xx.2019-cu il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarın hazırda qüvvədə olduğu bildirilmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: sığorta aktı, ödəniş tapşırığı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM) 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Lakin istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. MM-in: 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. 888.1. Əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir. 888.2. Əmlakın sığortası zamanı əmlakın zədələnməsi, itirilməsi (məhv olması) və çatışmazlığı, eyni zamanda əmlak hüquqlarının itirilməsi ilə bağlı risklər sığortalanır. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.3. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. 936.4. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 936.6. Həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir. 888.1. Əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir. 888.2. Əmlakın sığortası zamanı əmlakın zədələnməsi, itirilməsi (məhv olması) və çatışmazlığı, eyni zamanda əmlak hüquqlarının itirilməsi ilə bağlı risklər sığortalanır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarda hazırki iş üçün əhəmiyyət kəsb edən hallar qeyd edilmiş və təsdiq edilmişdir ki, Zərdab rayonu, H.Əliyev prospektində yerləşən, Qalib Hüseynov ona məxsus elektrik və məişət avadanlıqlarının təmiri sexində üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda “Ticarət və ictimai iaşə müəsissələri, yarmarkalar, baza və anbarlar üçün “Yanğın Təhlükəsizliyi qaydaları”nın 3.19.3.3 və 3.19.4-cü bəndlərinin tələblərini pozaraq sexdə yanğın təhlükəsizliyi qaydalarını təmin etməmiş, həmin sexdə elektrik qurğuları yanğın və alışmaya gətirib çıxaran təhlükəli amillərdən mühafizəedici aparatla təmin etmədiyinə görə xx.xx.2018-ci il tarixdə saat 23 radələrində sexin elektrik qurğularında qəza halının yaranmasından yanğın baş vermişdir. Həmin yanğın qonşuluqda yerləşən digər qeyri-yaşayış obyektlərinə, eləcə də X11 məxsus və icarə müqaviləsi əsasında pərdə-tül satışı ilə məşğul olan Şərqiyyə Məmmədovanın fəaliyyət göstərdiyi həmin qeyri-yaşayış binasına keçmişdir. RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Zərdab şəhəri, H.Əliyev prospekti 21A ünvanında yerləşən qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə X11 məxsusdur. X3 tərəfindən icarəyə götürülmüş və pərdə-tül satışı ilə məşğul olduğu Zərdab rayonu, H.Əliyev prospektində yerləşən həmin mağazaya yanğın nəticəsində 4250 manat ziyan dəymişdir (Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 33127 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi). xx.xx.2019-cu il tarixli 1137/CFİ-270/2018/2019 nömrəli sığorta aktından görünür ki, Zərdab şəhəri, H.Əliyev prospektində yerləşən qeyri-yaşayış sahəsində yanğın baş vermiş və 3000 manat məbləğində zərər dəymişdir. Həmin məbləğdən 100 manat çıxılaraq 2900 manat sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən Şərqiyyə Məmmədovaya 2900 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Odur ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməliyyat və İstintaq İdarəsinin təhqiqatçısının xx.xx.2019-cu il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarı ilə təsdiq edilmiş hallar hazırki işə baxan məhkəmə tərəfindən mütləq nəzərə alınmalıdır və həmin qərardadda müəyyən edilən şəxsin təqsirliliyi məsələsinin fakt baxımından nəzərə alınması məcburidir. Həmin yanğın hadisəsinin təhqiqatı zamanı X8 izahatı alınmış və izahatında yanğının ona məxsus obyektdə baş verdiyini bildirmişdir. İddiaçı tələbin üçüncü şəxs "xxxx" MMC-yə yönəlməsini və həmin şəxsin işə cəlb edilməsini əsaslandırmamış, məhkəmə tərəfindən iddia tələbinin həmin şəxsin hansı hüquqlarına və qanuni maraqlarına toxunması halını müəyyən etməmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 4-cü bəndində qeyd edilir ki, Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Buna görə də cinayət işindən meydana gələn ziyanın ödənilməsi barədə mülki işə baxan məhkəmə öz qətnaməsində cavabdehin təqsirlilik məsələsinə qıymət verə bilməz. İddianın təmın olunması barədə qətnamədə hökmlə bərabər, qət edilmiş məbləğ haqqında işdə olan və ya təqdim olunan digər sübutlara da istinad edilməlidir. Qeyd olunanlara, əsasən, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan iddia təmin edilərək cavabdeh X6 2900 manat pul iddiaçının xeyrinə tutulmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. İddia tələbi təmin edildiyindən cavabdehdən 49 manat dövlət rüsumu dövlət gəlirinə tutulmalıdır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Odur ki, 60 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh X6 2900 manat pul və 60 manat mediasiya xərci tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Cavabdeh X6 49 manat dövlət rüsumu dövlət gəlirinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar