Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1579/2025 27.01.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 07R000002515 saylı krеdit razılaşması üzrə 2769.85 ABŞ dolları məbləğində krеdit bоrcu olmaqla, ümumilikdə cəmi 2769.85 ABŞ dolları məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 67.09 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2008-ci il tarixli 07L000000359 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 60 ay müddətinə 50000 ABŞ dolları məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2009-cu il tarixli 07R000002515 saylı krеdit razılaşmasıəsasında 18 ay müddətinə,aylıq faiz dərəcəsi 3 % оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 ABŞ dolları məbləğində krеdit götürmüşdür. Cavabdeh2 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri banka qaytarmamışdır. Cavabdeh2 2769.85 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər X1 və Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. Onlar, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir.
3. Cavabdeh2 iddia müddətinin tətbiqi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı Qapalı Səhimdar Cəmiyyəti özünə və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair iddia qaldırmışdır. İddia tələbini qəbul etmir. İddiaçı iddia vermək üçün müddəti ötürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şaxsdən har hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadak verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 373-cü maddəsində müəyyən olunmuşdur ki, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşımmaz aşyalarla bağlı müqavila tələbləri üzrə iddia müddəti altı ildir. Qeyd olunanlara əsasən iddia müddətinin tətbiq edilməsini və iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını məhkəmdən xahiş edir.
İİ. Tərəflərin mövqeləri:
4. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
5. Cavabdeh2 məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, 2008-ci ildə Mehdiyev Habil adında bir şəxsin vasitəsi ilə Accessbankdan kredit alıb. Kredit isə öz ehtiyacları daxilində alınmamış və bunu Accessbankın o vaxtı işləyən rəhbərliyi də bildirdi. Accesbankın işçisi Ramil adında şəxs o vaxtı həm bankın hüquqşünası, həm də kredit mütəxəsssisi idi. Ramil adında şəxsin və Habilin vasitəsi ilə bankdan kredit götürüb. 2009cu ildə Mehdiyev Habil ölkəni tərk edib qaçdı. Hardasa 300 nəfərin adına kredit götürmüşdü. Öz adına da kredit götürüb. Cavabdeh1 isə ümumiyyətlə bu müqavilə ilə bağlı zamin olmuyub. 2010-cu ildə isə Cavabdeh1 bu müqavilə ilə bağlı zaminlik məsələsi ortaya çıxdı. 2009-cu ildə özüdə daxil olmaqla 30 nəfər Habil ilə bağlı Şəki Rayon Prokurorluğuna şikayət ərizəsi veriblər. Habil isə hal-hazırda ölkədə yoxdur, interpolda axtarışa verilib. Habil krediti ölkəni tərk edənə kimi ödəyib, lakin ölkəni tərk etdikdən sonra heç bir ödəniş etməyib. Həmçinin bank 2010-cu ildən bu günə kimi onu məhkəməyə verməyib. İddia müddətinin ötürülməsi ilə bağlı iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.
6. Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə qeyd olunan cavabdehin və iddiaçının nümayəndəsinin tərəflərin iştirakı olmadan baxmışdır.
III. Məhkəmə baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
IV. Tədqiq olunan sübutlar:
8. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2008-ci il tarixli 07L000001359 saylı kredit xətti müqaviləsinə əsasən Cavabdeh2 60 ay müddətinə 50000 ABŞ dolları məbləğində krеdit хətti açılmışdır.
9. İddiaçı QSC ilə Cavabdeh2 arasında xx.xx.2008-ci il tarixli 07L000001359 saylı kredit xətti müqaviləsi əsasında xx.xx.2009-cu il tarixdə 07R000002515 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin razılaşmaya əsasən Cavabdeh2 18 ay müddətinə, aylıq faiz dərəcəsi 3 % оlmaqla, 10000 ABŞ dolları məbləğində kredit verilmişdir.
10. İddiaçı QSC ilə zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2010-cu il tarixli 07S000002493 nömrəli zaminlik müqaviləsinə əsasən, zamin Cavabdeh1 kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alan ilə birlikdə birgə məsuliyyət daşıyır.
11. İddiaçı QSC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışından və hesabdan çıxarışdan görünür ki, Cavabdeh2 İddiaçı QSC-yə xx.xx.2009-cu il tarixli krеdit razılaşması üzrə 2769,85 ABŞ dolları məbləğində krеdit bоrcu yaranmışdır.
12. İddiaçı QSC tərəfindən cavabdehlərə xx.xx.2025-ci tarixli xəbərdarlıq məktubları göndərilməsinə baxmayaraq borc məbləği ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
V. Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
Vl. Məhkəmənin mövqeyi:
14. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir.
15. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2008-ci il tarixli kredit xətti müqaviləsi əsasında xx.xx.2009-cu il tarixdə kredit müqaviləsinə əsasən, ona 18 ay müddətinə, aylıq faiz dərəcəsi 3 % оlmaqla, 10000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin xx.xx.2008ci il tarixli 07L000001359 saylı kredit xətti müqaviləsi üzrə zamin Cavabdeh1 kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi müqavilə üzrə borcun tələb edilməkdə əsaslı olmuşdur.
16. Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, müqavilə üzrə iddia müddəti keçmişdir. Bu səbəbdən iddia müddətini tətbiq edilməsi və iddianın rədd edilməsi barədə qərar çıxarılması xahiş etmişdir.
17. Qanunvericiliyin tələbi baxımından tərəflər arasında müqavilədən irəli gələn hazırkı mübahisə icra müddəti müəyyənləşdirilmiş öhdəliklə bağlı olduğundan iddia müddətinin axımı icra müddəti bitdikdə yəni tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti bitdikdə başlanır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2009cu il tarixli 07R000002515 nömrəli kredit müqaviləsi 18 ay müddətinə bağlanmış, yəni müqavilənin müddəti xx.xx.2010-cu ildə bitmişdir. İddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarından görünür ki, qeyd edilən kredit xətti müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2011-ci il tarixdə olmuşdur. Məhkəmə qeyd edir ki, qanunverciliyə əsasən borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Bu baxımdan kredit müqaviləsi üzrə iddia müddətinin axımı xx.xx.2011-ci il tarixdən hesablanmalıdır. Nəticədə iddia müddətinin xx.xx.2011-ci il tarixdən başlamış və üç illik iddia müddəti xx.xx.2014-cü il tarixdə bitmişdir. İddiaçı isə hazırki iddia tələbi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmiş və bununla da qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür.
18. Məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə iddia müddəti keçdiyindən rədd edilməlidir.
19. Məhkəmə qeyd edir ki, iddia tələbi Cavabdeh1 münasibətdə də rədd edilməlidir.
20. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir.
21. İddiaçı QSC ilə Cavabdeh2 arasında xx.xx.2008-ci il tarixli 07L000001359 saylı kredit xətti müqaviləsi əsasında xx.xx.2009-cu il tarixdə 07R000002515 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit xətti müqaviləsinin müddəti xx.xx.2013-cü il tarixdə bitmişdir. İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2010-cu il tarixli zaminlik müqaviləsi imzalanmışdır. Həmin zaminlik müqaviləsinin müddəti isə 07L000001359 saylı kredit xətti müqaviləsinin müddəti ilə məhdudlaşmış yəni 60 ay təşkil etmişdir. Yuxarıda qeyd olunan qanunun tələbinə əsasən zaminlik müqaviləsi üzrə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor zaminə qarşı iddia qaldırılmadıqda zaminliyə xitam verilir. İddiaçı QSC ilə Cavabdeh2 oğlu arasında bağlanmış kredit xətti müqaviləsinin müddəti xx.xx.2013-cü il tarixdə başa çatmış və kreditor tərəfindən bir il ərzində zaminə qarşı iddia qaldırılmamış, iddiaçı məhkəməyə yalnız xx.xx.2025-ci il tarixdə müraciət etmiş və nəticədə kreditor tərəfindən qanunda nəzərdə tutulmuş müddət ötürülmüşdür. Bu səbəbdən məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış zaminliyə xitam verilməli, Cavabdeh1 qarşı irəli sürülmüş tələb rədd edilməlidir.
22. Əlavə olaraq məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
23. Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddiası rədd edilməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Vİl. Nəticə:
24. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Elnarə Hüseynova