Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1583/2024 25.12.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdeh qarşı “cavabdehdən 1980 manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 40 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “cavabdehdən 1980 manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 40 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, sifarişlə məişət avadanlıqlarının alqısatqısı ilə məşğul olur. Hazırda sahibkarlıq fəaliyyətini müvəqqəti olaraq dayandırmışdır. xx.xx.2023-cü il tarixində Cavabdeh ondan ümumi olaraq 2540 manat dəyərində bir neçə məişət avadanlığını nisyə olaraq almışdır. Həmin avadanlıqların dəyərindən ilkin olaraq 560 manat ödəmiş, yerdə qalan 1980 manat məbləği 6 ay ərzində hissə-hissə ödəyəcəyinə söz vermişdir. Lakin həmin məbləğdən bugünədək heç bir ödəniş etməmiş və öhdəliklərini yerinə yetirməmişdir.O, cavabdehə şikayət edəcəyini bildirdikdə cavabdeh xx.xx.2024-cü il tarixdə yazılı kağız verərək ona ümumi olaraq 1980 manat borcu olduğunu etiraf etmiş və həmin borcunu 2 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh ona olan 1980 manat pul borcunu bugünədək ödəməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, öz öhdəliyini icra etməmişdir. Odur ki, iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixində kağız üzərində yazılmış məlumatdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixində İddiaçı 2540 manat dəyərində məişət avadanlığı götürdüyünü, həmin məbləğdən ümumilikdə 560 manat ödədiyini, 1980 manat məbləğində borcunun qaldığını etiraf etmiş, qalıq borcu da 2 ay ərzində tam şəkildə ödəyəcəyini bildirmiş və sonda qeyd etdiklərinin doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəmə bildirişi və sənədlərini rəsmi qaydada qəbul etməsinə baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara xx.xx.2024-cü il tarixli kağız daşıyıcı üzərində yazılmış məlumat və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Məhkəmə müəyyən edir ki, tərəflər sahibkarlıq statusuna malik olan fiziki şəxsdirlər və hazırkı mübahisə sahibkarlıq fəaliyyəti ilə bağlı yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(102)-709/2024 nömrəli qərarı ilə müəyyən edilmişdir ki, iş materiallarından göründüyü kimi həm iddiaçı, həm də cavabdeh fərdi sahibkar kimi uçota alınmışlar. İddianın əsası kimi götürülmüş hallardan əlavə, iddiaçı ümumi məhkəmənin iclasında izahat verərək göstərmişdir ki, cavabdeh ondan mal götürüb satmaqla məşğul olurdu. Mübahisə predmeti olan əmlakın cavabdeh tərəfindən məhz şəxsi istehlakı məqsədilə alınması isə iş materialları ilə öz təsdiqini tapmır. Belə olan halda, qarışıq məhkəmə tərkibi hesab edir ki, hazırkı mübahisəyə Şəki Kommersiya Məhkəməsində baxılmalıdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, məişət avadanlıqlarının alqısatqısı ilə bağlı iş üzrə tərəflər arasında şifahi alqı-satqı münasibətləri mövcud olmuş, belə ki, iş materiallarından, həmçinin Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində kağız üzərində yazılmış məlumatdan müəyyən edilir ki, xx.xx.2023-cü il tarixində tərəflər arasında qeyd edilən xarakterli hüquqi münasibəti yaranmış, Cavabdeh İddiaçı ümumilikdə 2540 manat məbləğində müxtəlif məişət avadanlıqları almışdır. Aldığı məhsulların dəyərinin bir qismini ödəmiş, lakin aldığı məhsulların dəyərini tam ödəmədiyindən 1980 manat qalıq borcu yaranmış və hazırkı tələbdə müəyyən edilən məbləğdə cavabdehin iddiaçıya ödənilməmiş borcu qalmışdır. Məhkəmə iddiaçının tələbinə münasibətdə qeyd edir ki, iddiaçı borcun etirafı ilə bağlı cavabdeh tərəfindən yazılmış sənədi təqdim etmiş, cavabdeh isə məhkəmə bildirişi və sənədləri rəsmi qaydada ona çatdırılmasına baxmayaraq iddiaçının tələbinə ümumiyyətlə münasibət bildirməmiş, borclu olduğu 1980 manat məbləğdən ödəniş edib-etməməsini təsdiqləyən hər hansısa bir sənədi məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddiaçının tələbini əsaslandıran halları nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, cavabdehin üzərinə isə iddia tələbi üzrə etirazlarını əsaslandırmaq vəzifəsi qoymuş, məhkəmənin isə həmin sübutlara hüquqi qiymət vermək üçün müəyyən hədlər müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Məhkəmə qeyd edilənləri nəzərə alaraq iddiaçının təqdim etdiyi sübutu mötəbər hesab edir. Odur ki, iddiaçı 1980 manat məbləğində borcun ödənilməsini tələb etməkdə haqlıdır və iddia əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən 40 manat məbləğində dövlət rüsumu ödənilsə və cavabdehdən tələb edilsə də, iddia tələbinə münasibətdə ödənilməli olan dövlət rüsumunun məbləği 39.8 manat təşkil edir. Bu səbəbdən iddia tələbi təmin edildiyindən 39.8 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, artıq ödənilmiş 0.20 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1980 manat məbləğində pul vəsaiti və 39.8 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim : Mübariz Hüseynov