Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1587/2022 24.11.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və Zamin qarşı “2374,74 manat məbləğində əsas borc, 471,05 manat məbləğində faiz borcunun və 60 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair mübahisəyə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: xx.xx.2021-ci il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh ilə arasında bağlanmış KM/114/5200971/241221 nömrəli kredit müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən Cavabdeh dövriyyə vəsaitlərinin alınması və cari xərclər məqsədilə 24 ay müddətinə illik faiz dərəcəsi 28% olmaqla 4000 manat məbləğində kredit verilmişdir. Müqavilənin 3.1 və 3.4-cü bəndlərinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq həyata keçirir. Faizlər kreditin verilmə tarixindən kredit tam həcmdə qaytarılan günədək Müqavilə ilə müəyyənləşdirilmiş ssuda hesabı üzrə borc məbləğinə aylıq 30, illik isə 360 gün hesabı ilə gündəlik olaraq hesablanır. Eyni zamanda xx.xx.2021-ci il tarixdə İddiaçı ASC ilə Zamin arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə borcalan tərəfindən öhdəliklərin icra edilməməsi halında həmin müqavilədən irəli gələn öhdəliklərin tamamilə yerinə yetirilməsi barədə 600842-976543/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 9.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir kredit müqaviləsi üzrə borclu öz öhdəliyini tamamilə icra edənədək qüvvədədir. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun 2374,74 manat məbləğində əsas kredit borcu qalmışdır. Cavabdeh borcunu ödəmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh öhdəliklərini icra etmədiyindən kredit müqaviləsi üzrə ödənilməmiş borcu qalmışdır. xx.xx.2021-ci il tarixli pretenziya məktubu ilə cavabdehdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onlara xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmışdır. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin həmin tarixə 2374,74 manat əsas borc və 471,05 manat faiz borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, sonuncu xx.xx.2022-ci il tarixdə bildirişi qəbul etməsinə baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara tərəflər arasında bağlanmış müqavilə, pretenziya məktubu və maliyyə arayışı daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 739.2). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 472-ci maddə). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, xx.xx.2021-ci il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh ilə arasında bağlanmış KM/114/5200971/241221 nömrəli kredit müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən Cavabdeh dövriyyə vəsaitlərinin alınması və cari xərclər məqsədilə 24 ay müddətinə illik faiz dərəcəsi 28% olmaqla 4000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda, xx.xx.2021-ci il tarixdə İddiaçı ASC ilə Zamin arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə borcalan tərəfindən öhdəliklərin icra edilməməsi halında həmin müqavilədən irəli gələn öhdəliklərin tamamilə yerinə yetirilməsi barədə 600842-976543/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin 4.1-ci bəndinə əsasən Zamin və Borclu Bank qarşısında birgə məsuliyyət daşıyırlar. Zaminlik müqaviləsinin 9.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir kredit müqaviləsi üzrə borclu öz öhdəliyini tamamilə icra edənədək qüvvədədir. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun 2374,74 manat məbləğində əsas kredit borcu qalmışdır. Məhkəmə işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Cavabdeh tərəf məhkəmə bildirişini alsa da, iddiaya hər hansı bir münasibət bildirməmiş, borcla bağlı arqument irəli sürməmiş və bununla da qeyd edilən borcun mövcudluğu ilə razılaşmışdır. Belə olan halda məhkəmə iddiaçının təqdim etdiyi sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, cavabdeh öhdəliklərini yerinə yetirmədiyindən 2374,74 manat məbləğində borc və 471,05 manat faiz borcu cavabdehlərdən tutulub iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 48,46 manat olmalıdır ki, iddia təmin edildiyindən həmin dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan əlavə, iddiaçı tərəfindən 60 manat mediasiya xərci ödənildiyindən və iddiaçı həmin məbləği cavabdehlərdən tələb etdiyindən, 60 manat mediasiya xərci də cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh və Zamin 2374,74 manat məbləğində əsas borc, 471,05 manat məbləğində faiz borcu və 60 manat məbləğində mediasiya xərci tutularaq idddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdeh və Zamin 48,46 manat dövlət rüsumu dövlət gəlirinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1587/2022
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1587/2022
24.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver