Məhkəmə qərarları › İş №e-2-2(117)-1599/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1599/2024

26.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1599/2024 26.12.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Əliyeva Mələk Rafail qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “cavabdehdən xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən ödənilməli olan 25515.99 manat məbləğində pul vəsaitinin və ödənilmiş 166.55 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC iddiaçıdan təhvil aldığı malların müqabilində yaranmış qalıq borcunu ödəmədiyindən tərəflər arasında kommersiya mübahisəsi yaranmışdır. xx.xx.2024-cü il tarixində tərtib edilmiş təhvil təslim aktlarından da görünür ki, cavabdeh ümumi dəyəri 25515.99 manat olan məhsulu təhvil almışdır. Lakin bu günədək müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirməyərək, əldə etdiyi məhsulların dəyərini ödəməmişdir. Cavabdehə borcun ödənilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə cavabdehin müqavilədə qeyd edilmiş faktiki ünvanına bildiriş göndərilmiş, cavabdeh həmin ünvanda fəaliyyət göstərmədiyindən bildirişi qəbul edən olmamışdır. Bildirişə dair qəbzə bu qeyd əlavə edilmişdir. Bir müddət sonra cavabdeh ona möhlət verilməsini xahiş etmiş, borcu tam şəkildə ən qısa zamanda ödəyəcəyini bildirmiş, buna baxmayaraq yenə də iddiaçıya heç bir ödəniş etməmişdir. Göstərilənlərə əsasən hazırkı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. İddia ərizəsi məhkəməyə göndərilməzdən öncə qoşma sənədlərlə birlikdə xx.xx.2024-cü il tarixdə cavabdehin hüquqi ünvanına göndərilmişdir. Bundan sonra iddia ərizəsi qoşma sənədlərlə birlikdə AR MPM-nin 150.2-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin Dövlət Vergi Xidmətində olan elektron kabinetinə göndərilmişdir. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 30112023/ABC5418 nömrəli Distribyutorluq müqaviləsinə əsasən təchizatçı müqavilənin əlavələrində (qiymət razılaşdırma protokolu və s.) göstərilən məhsulları distribyutora verir, distribyutor isə belə malları təchizatçıdan qəbul edərək onların dəyərini müqavilə ilə müəyyənləşdirilmiş şərtlər daxilində ödəyir. Distribyutor malları partiyalarla (hissələrlə) və sonrakı satış üçün alır. Həmin müqavilənin: 1.2-ci bəndinə əsasən, malların növü, miqdarı, çeşidi və digər xüsusiyyətləri distribyutor tərəfindən təchizatçıya verilən yazılı sifarişlər əsasında müəyyən edilir və hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə (qiymətlərin razılaşdırılması protokolları və s.) göstərilir. 2.4.1-ci bəndinə əsasən, distribyutor malları qəbul edib əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş müddət ərzində ödənişi həyata keçirməyi öhdəsinə götürür. 3.1-ci bəndinə əsasən, distribyutor hər bir partiya üçün ödənişləri müvafiq partiya üzrə mallar təchizatçı tərəfindən ona təhvil verildikdən sonra müvafiq ödəniş sənədinin təqdim edildiyi andan 10 gün ərzində etməlidir. 4.3-cü bəndinə əsasən, malların təhvili prosesi tərəflər (onların səlahiyyətli nümayəndələri) arasında qarşılıqlı şəkildə imzalanan təhvil-təslim aktı ilə rəsmiləşdirilir. 6.1-ci bəndinə əsasən, bu müqavilə imzalandığı andan qüvvəyə minir və 1 il müddətinə qüvvədədir. Müddətin bitməsinə 30 gün qalmış tərəflərdən biri digər tərəfi bu müqaviləyə xitam haqqında yazılı şəkildə məlumatlandırmadıqda, hazırkı müqavilə avtomatik olaraq eyni müddətə və eyni şərtlərlə uzadılır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 2 ədəd satış fakturasından göründüyü kimi cavabdeh tərəf ümumilikdə 22461 manat məbləğində məhsul təhvil almış və hər iki satış fakturası cavabdehin nümayəndəsi Nümayəndə2 tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 00251023 nömrəli və 00251025 nömrəli 2 ədəd “Malların, işlərin, xidmətlərin təqdim edilməsi” barədə elektron qaiməfakturalardan göründüyü kimi cavabdehə ümumilikdə 25 516.0013 manat məbləğində məhsul verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli Üzləşmə aktından görünür ki, İddiaçı MMC Cavabdeh MMC-nin ödənilməmiş borclarını dəqiqləşdirilmək məqsədilə həmin aktı tərtib etmişdir. Həmin aktdan da göründüyü kimi Cavabdeh MMC-nin İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixinə 25516 manat məbləğində ödənilməmiş borcu mövcuddur. Həmin üzləşmə aktının doğruluğu Cavabdeh MMC-nin möhürü, nümayəndəsi Nümayəndə2 və İddiaçı MMC-nin nümayəndəsi Nərmin Mustafazadənin imzası ilə təsdiqlənmişdir. İddiaçı tərəf öhdəliklərini yerinə yetirərək müqavilə üzrə müəyyənləşdirilən məhsulları cavabdehə verməsinə baxmayaraq sonuncu öhdəliyini lazımınca yerinə yetirmədiyindən təhvil aldığı malların dəyərinə görə ödənilməmiş 25515.99 manat borcu yaranmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini və işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh MMC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmənin əməkdaşı tərəfindən cavabdeh hüquqi şəxsin rəhbərinin istifadəsində olan mobil telefonla əlaqə saxlanılmış, məhkəmə iclasından məlumatlı olduqlarını, lakin müflis olduqları üçün borcu ödəyə bilmədiklərini bildirmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: distribyutorluq müqaviləsi, üzləşmə aktı, elektron qaimə-fakturalar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri). Mülki Məcəllənin: 789.1. Ticarət nümayəndəsi haqqında müqaviləyə görə, sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxsə (ticarət agentinə) alğı-satqı müqavilələrinin, habelə xidmətlər yaradılmasına dair müqavilələrin (ticarət əqdlərinin) bağlanmasında hər hansı istehsalçının, sənayeçinin və ya tacirin (tapşıranın) adından və hesabına vasitəçilik xidmətləri göstərmək və (və ya) bunları bağlamaq barəsində uzunmüddətli tapşırıq verilir. 789.2. Həm fiziki, həm də hüquqi şəxslər ticarət agenti ola bilərlər. Aşağıdakılar ticarət agentləri deyildirlər: 789.2.1. vasitəçilik fəaliyyəti və ya əqdlərin bağlanması ilə təsadüfdən-təsadüfə məşğul olan şəxslər; 789.2.2. ticarət və xammal birjalarında işləyən şəxslər; 789.2.3. tapşıranla əmək müqaviləsi bağlamış şəxslər. 790.1. Ticarət agentinin ümumi vəzifələri bu Məcəllənin 778-ci maddəsindən irəli gəlir. 790.2. Ticarət agentinin aşağıdakı vəzifələri vardır: 790.2.1. vasitəçilik qaydasında tapşıran üçün əqdləri bağlamağa çalışmaq və ya əqdləri bağlamaq, habelə tapşıranın müştərilərinin sayının optimal surətdə artmasına çalışmaq; 790.2.2. bütün sifarişlər və (və ya) bağlanmış müqavilələr barəsində tapşırana bildiriş vermək; 790.2.3. özündə olan hər bir zəruri informasiyanı tapşırana bildirmək; 790.2.4. tapşıranın əsaslı sərəncamlarını yerinə yetirmək; 790.2.5. tapşıranın məhsullarına və xidmətlərinə oxşar məhsulları və xidmətləri öz hesabına və ya başqa tapşıranın hesabına təklif etmək üçün tapşıranın qabaqcadan razılığını almaq. 791.1. Ticarət agenti barəsində tapşıran vicdanlılıq prinsipinə uyğun hərəkət etməlidir. Tapşıran: 791.1.1. öz məhsulları və xidmətləri, işlərin aparılması qaydaları və qiymətləri barəsində ticarət agentinə lazımi informasiya verməlidir; 791.1.2. ticarət agentini ticarət nümayəndəsi haqqında müqavilənin yerinə yetirilməsi üçün zəruri informasiya ilə təmin etməli, o cümlədən bunu ehtimal etməyin mümkün olduğu hallarda ticarət agentini dərhal xəbərdar etməlidir ki, ticarət əqdlərinin həcmi ticarət nümayəndəsinin adi halda ümid bəsləyə biləcəyi həcmdən xeyli az olacaqdır; 791.1.3. ticarət nümayəndəsinin vasitəçilik qaydasında təklif etdiyi ticarət əqdinin qəbul olunması, rədd edilməsi və ya icra olunmaması barədə ticarət agentinə ağlabatan müddət ərzində bildiriş verməlidir; 791.1.4. ticarət agentinə muzd ödəməlidir. 791.2. Müqavilədə tapşıranın digər vəzifələri, o cümlədən ticarət agentinin müəyyən ərazi və ya müəyyən müştərilər üçün qüvvədə olan müstəsna hüququna (inhisar hüququna) hörmət bəsləmək vəzifəsi də nəzərdə tutula bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 30112023/ABC5418 nömrəli Distribyutorluq müqaviləsinə əsasən təchizatçı müqavilənin əlavələrində (qiymət razılaşdırma protokolu və s.) göstərilən məhsulları distribyutora verməyi, distribyutor isə belə malları təchizatçıdan qəbul edərək onların dəyərini müqavilə ilə müəyyənləşdirilmiş şərtlər daxilində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən öhdəlikləri yerinə yetirərək mallar cavabdehə təhvil verilməsinə baxmayaraq, cavabdeh öhdəliyini tam şəkildə yerinə yetirmədiyindən ödənilməmiş 25515.99 manat borcu yaranmışdır. Göründüyü kimi cavabdeh aldığı malların razılaşdırılmış dəyərini tam şəkildə ödəmədiyindən onun ödənilməmiş 25515.99 manat borcu qalmışdır ki, bu hal iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli Üzləşmə aktı və həmin aktla bərabər elektron qaimə-fakturalarla da təsdiq olunur. Həmin üzləşmə aktında cavabdeh tərəf həmin tarixə 25516 manat məbləğində borcu olduğunu imzalayaraq təsdiqləmişdir. Bundan əlavə olaraq iddiaçı tərəfindən 22461 manat dəyərində malın təhvil verməsi ilə bağlı xx.xx.2024-cü il tarixli 2 ədəd satış fakturası təqdim edilmişdir ki, bu hissədə məhkəmə hesab edir ki, satış fakturası tələb edilən məbləği tam təsdiqləməsə də, iddiaçının tələb etdiyi məbləğ bundan sonra xx.xx.2024-cü il tarixində cavabdeh tərəfindən imzalanmış üzləşmə aktı ilə təsdiqlənir. Eyni zamanda iddiaçı tərəfindən iddia tələbində cavabdehdən 25515.99 manat məbləğində borcun tutulması tələb edildiyindən və məhkəmə iddia tələbindən kənara çıxa bilmədiyindən cavabdeh tərəfindən iddiaçıya ödənilməmiş borcun məbləği hazırkı tarixə 25515.99 manat olaraq qəbul edilir. Məhkəmə qeyd edilən üzləşmə aktına münasibətdə də qeyd edir ki, həmin üzləşmə aktında hər iki tərəfin imzası öz əksini tapmışdır. Bu səbəbdən həmin üzləşmə aktı birbaşa sübut qismində məhkəmə tərəfindən qiymətləndirilir. Cavabdehin məhkəmə iclasında iştirakı ilə bağlı məhkəmə bütün vasitələrdən istifadə edərək ona məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar etmiş, elektron qaydada məlumatları göndərmiş, lakin cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Cavabdehin iddia tələbinə hər hansı bir etiraz və ya münasibət bildirməməsi məhkəmənin əlavə araşdırma aparmasını imkansız etmişdir. Cavabdeh hüquqi şəxsin rəhbərinin istifadəsində olan mobil telefonla əlaqə saxlanılmış, məhkəmə iclasından məlumatlı olduqlarını, lakin müflis olduqları üçün borcu ödəyə bilmədiklərini bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdeh öhdəliyini yerinə yetirməyərək təhvil aldığı malların dəyərini ödəmədiyindən və bu, hər iki tərəfin imzası əks olunmuş üzləşmə aktı ilə təsdiqləndiyindən iddiaçı 25515.99 manat borcun tutulması tələbi ilə müraciət etdiyindən 25515.99 manat borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM):

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırkı iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 166.55 manat olmalıdır. İddiaçı tərəfindən 166.55 manat dövlət rüsumu ödənilmiş və həmin məbləği cavabdehdən tələb etmişdir. İddia tələbi təmin edildiyindən iddianın qiymətinə uyğun ödənilməli olan 166.55 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC-dən 25515.99 manat məbləğində borc və 166.55 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar