Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-16/2025 11.09.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 250 000 manat əsas borc, 563.62 manat faiz borcu, 40 636.68 manat cərimə borcu olmaqla, cəmi 291200.30 manat məbləğində borcun tutularaq iddiaçıya ödənilməsi, borcun Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.045 ha torpaq sahəsi və üzərində yerləşən xüsusi mülkiyyətdə olan 351.90 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 32 900 manat məbləğində müəyyən edilərək açıq hərracda satılması və əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi, satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutulması, 400 manat mediasiya xərcinin, 182 manat dövlət rüsumunun, qeydiyyata alınma ilə bağlı 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 250 000 manat əsas borc, 563.62 manat faiz borcu, 40 636.68 manat cərimə borcu olmaqla, cəmi 291200.30 manat məbləğində borcun tutularaq iddiaçıya ödənilməsi, borcun Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.045 ha torpaq sahəsi və üzərinə yerləşən xüsusi mülkiyyətdə olan 351.90 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 32 900 manat məbləğində müəyyən edilərək açıq hərracda satılması və əmlak satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi, satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutulması, 400 manat mediasiya xərcinin, 182 manat dövlət rüsumunun, qeydiyyata alınma ilə bağlı 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı ASC ilə Cavabdeh3 arasında ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2021-ci il tarixində S2021-369LG saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və həmin ərizə əsasında cavabdehə xx.xx.2022-ci il tarixədək, illik 2.5% faiz dərəcəsi ilə 250 000 manat məbləğində kredit verilmişdir. Bankla borcalan arasında bağlanmış xx.xx.2021-ci il tarixli S2021-369LG saylı maliyyələşdirmə üçün ərizədən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədilə xx.xx.2021-ci il tarixində bankla zamin Cavabdeh1 arasında Z4682 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. 6. Bu müqavilənin qüvvədə olma müddəti borcalanın müqavilənin 2.1. bəndində göstərilən müqavilə və ya müqavilədən irəli gələn öhdəliklərin bank qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşür. Eyni zamanda, Bankla cavabdehlər Cavabdeh2 (ipoteka qoyan), Cavabdeh3 (borc alan) arasında xx.xx.2021-ci il tarixli İS3974 saylı sonrakı ipoteka müqaviləsi imzalanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.045 ha torpaq sahəsi və üzərində yerləşən xüsusi mülkiyyətdə olan 351.90 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi poteka müqaviləsi ilə yüklü edilmişdir. ƏMDK DƏDRX-in Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan göründüyü kimi ünvan 1 ünvanında yerləşən 0.045 ha torpaq sahəsi və üzərində yerləşən xüsusi mülkiyyətdə olan 351.90 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi xx.xx.2021-ci il tarixli S2021-369LG saylı maliyyələşdirmə üçün ərizə əsasında İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından da görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixinə S2021-369LG saylı ərizə üzrə 250 000 manat əsas borcu, 56.62 manat faiz borcu, 40 636.68 manat cərimə borcu olmaqla, ümumilikdə 291200.3 manat borcu mövcuddur. Məhkəmənin sorğusuna əsasən Əmlak Ekspert Mərkəzinin xx.xx.2024-cü il tarixli ƏEM/O 50-688/24 nömrəli mütəxəssis rəyinə əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.045 ha torpaq sahəsi və üzərində yerləşən xüsusi mülkiyyətdə olan 351.90 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin likvid dəyəri 83 000 manat müəyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/4135 nömrəli və xx.xx.2025-ci il tarixli 9/2566 nömrəli ekspert rəylərinə əsasən cavabdehin xx.xx.2021-ci il tarixli S2021-369LG saylı ərizə üzrə xx.xx.2024-cü il tarixə (məhkəməyə müraciət edilən tarixə) 239 005.78 manat əsas borcu və 0 manat faiz borcu mövcuddur. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, ekspertiza ilə bağlı bəzi nüanslarla razı deyillər. Bu halları da ərizələrində qeyd ediblər, həmin halların nəzərə alınmasını xahiş edirlər. İddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edirlər. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə qeyd edilən tərəflərin iştirakı olmadan hazırkı işə baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara maliyyələşdirmə üçün ərizə, zaminlik müqaviləsi, ipoteka müqaviləsi, çıxarış, maliyyə arayışı, mütəxəssis rəyi, ekspert rəyləri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında xx.xx.2021-ci il tarixdə S2021-369LG saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və həmin ərizə əsasında cavabdehə xx.xx.2022-ci il tarixədək, illik 2.5% faiz dərəcəsi ilə 250 000 manat məbləğində kredit verilmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi maliyyə arayışı ilə cavabdehin xx.xx.2023-cü il tarixinə 250 000 manat əsas borcu, 56.62 manat faiz borcu, 40 636.68 manat cərimə borcu olmaqla, ümumilikdə 291200.3 manat borcunun olduğunu bildirmiş və iddia tələbi ilə qeyd edilən borcun tutulmasını xahiş etmişdir. Bundan sonra iş üzrə məhkəmə baxış iclası 24 iyul 2025-ci il tarixinə təyin edildikdən sonra iddiaçı 29 iyul 2025-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Belə ki, iş üzrə iddia tələbinin həcminin artırılması barədə ərizə məhkəmə baxış iclasına qədər məhkəməyə təqdim edilməli olduğundan həmin ərizə Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(117)-16/2025 nömrəli qərardadı ilə geri qaytarılmış, qeyd edilən qərardad qanuni qüvvəsini almışdır. Məhkəmə iddia tələbinin “maliyyələşdirmə üçün ərizəyə əsasən 250 000 manat əsas borc, 563.62 manat faiz borcu, 40 636.68 manat cərimə borcu olmaqla, cəmi 291200.30 manat məbləğində borcun İddiaçı ASC-nin xeyrinə tutulması” hissəsinə münasibətdə qeyd edir ki, əsas və faiz borcuna münasibətdə ekspert rəylərinin nəzərə alınması, faiz borcunun isə ekspert rəylərində müəyyənləşdirilməməsi səbəbindən hər iki tərəfin mənafeləri nəzərə alınaraq əsas borcun 5%-i həddində tutulması əsaslıdır. Belə ki, iddiaçı məhkəməyə müraciət edərək AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/4135 nömrəli ekspert rəyi ilə razılaşmadığını bildirərək təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmiş, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(117)-16/2025 nömrəli qərardadı ilə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/2566 nömrəli ekspert rəyi ilə yenidən cavabdehin xx.xx.2024-cü il tarixə (məhkəməyə müraciət edilən tarixə) 239 005.78 manat əsas borcunun olduğu və faiz borcunun isə olmadığı müəyyən edilmişdir. Məhkəmə qeyd edilən hallara münasibətdə qeyd edir ki, cavabdehin maliyyələşdirmə üçün ərizəyə əsasən, məhkəməyə müraciət edilən tarixə hansı məbləğdə əsas, faiz və cərimə borcunun mövcud olduğunun müəyyənləşdirilməsi üçün iki dəfə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, iddiaçı ekspert rəyi ilə razılaşmadığını bildirsə də, bunun əksini sübut edəcək hər hansısa dəlil məhkəməyə təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı maliyyələşdirmə üçün ərizəyə əsasən, 239 005.78 manat əsas borcun, 0 manat faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Bundan başqa məhkəmə iddia tələbinin “40 636.68 manat cərimə borcunun tutulması” hissəsinə münasibətdə o qənaətə gəlmişdir ki, tərəflərin əmlak mənafeləri nəzərə alınaraq cərimə borcunun əsas borcun 5%-i həcmində müəyyən edilərək 11 950.29 manat məbləğində tutulması qanuni və ədalətlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Odur ki, tərəflərin davranışı, iddiaçının vaxtında tələbi irəli sürməməsi, bununla da cərimə borcunun artmasına şərait yaradılması, eyni zamanda cavabdehin müqavilə müddəti ərzində öhdəlikləri lazımi qaydada icra etməməsi, həmçinin tərəflərin əmlak mənafeləri nəzərə alınaraq cavabdehdən 11 950.29 manat həddində cərimə borcunun tutulması qanuni, əsaslı, ədalətli və ağlabatandır. Eyni zamanda iş üzrə cavabdehlər tərəfindən qeyd edilən borc məbləği ilə razılaşmamaları və ya artıq ödəniş etmələri, həmin borcun əsassızlığı ilə bağlı məhkəməyə vəsatət və ya müraciət ünvanlanmamış, bu səbəbdən məhkəmə tərəfindən əlavə araşdırma aparılmamış, məhkəmə təqdim edilən sübutlar və rəylər əsasında işə baxılaraq yekunlaşdırılması qərarına gəlmişdir. Bundan başqa S2021-369LG saylı maliyyələşdirmə üçün ərizədən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədilə xx.xx.2021-ci tarixdə bankla zamin Cavabdeh1 arasında Z4682 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqaviləsinin 6-cı bəndində qeyd edilmişdir ki, bu müqavilənin qüvvədə olma müddəti borcalanın S2021-369LG saylı maliyyələşdirmə üçün ərizə və ya ondan irəli gələn öhdəliklərin bank qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşür. Maliyyələşdirmə üçün ərizədən də göründüyü kimi qüvvədə olma müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olmuşdur. Göründüyü kimi zaminlik müqaviləsinin qüvvədə olma müddəti xx.xx.2022-ci il tarixində bitdiyindən iddiaçı zamin Cavabdeh1 borcun tutulmasını tələb etməkdə haqlı deyil. Belə ki, AR Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Nəticədə məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh3 239 005.78 manat əsas borc, 11 950.29 manat cərimə borcu olmaqla, cəmi 250 956.07 manat məbləğində pulun İddiaçı ASC-nin xeyrinə tutulmasını tələb etməkdə haqlıdır. Bundan başqa məhkəmə iddia tələbinin “borcun Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.045 ha torpaq sahəsi və üzərində yerləşən xüsusi mülkiyyətdə olan 351.90 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 32 900 manat məbləğində müəyyən edilərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin cavabdehin borcuna yönəldilməsi” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmışdır və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İpoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, Əmlak Ekspert Mərkəzinin xx.xx.2024-cü il tarixli ƏEM/O 50- 688/24 nömrəli mütəxəssis rəyinə əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.045 ha torpaq sahəsi və üzərində yerləşən xüsusi mülkiyyətdə olan 351.90 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin likvid dəyəri 83 000 manat müəyyən edilmişdir. İddiaçı tərəf iddia tələbində daşınmaz əmlakın ilkin satış qiymətinin 32 900 manat müəyyən edilməsini xahiş etsə də, tələbini bu hissədə əsaslandırmamış, bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə, Əmlak Ekspert Mərkəzinin ipoteka predmetlərinin likvid dəyəri ilə bağlı verdiyi rəyi daha mötəbər və real hesab etməklə, ipoteka predmeti olan əmlakın likvid dəyərinin 83 000 manat təşkil etdiyini qəbul edir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli hazırkı iş üzrə qəbul etdiyi qərardadına əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı hazırkı tələb üzrə iddianın “daşınmaz əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi” hissəsi üzrə icraata xitam verilmişdir. İddia tələbinin satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd edilməlidir ki, bununla bağlı qanunvericiliyin tənzimləməsi mövcuddur. Belə ki, hazırkı qətnamə ilə borc məbləğinin tutulması, qətnamənin sonrakı icrası, ipoteka predmetinin hansı qiymətə satışından asılı olduğundan, bunlar isə icra mərhələsində həll edilməli məsələ olduğundan və məhkəmə qətnaməsi özündə mübahisə edilən hüquq münasibətləri ilə bağlı ehtimallara deyil, mövcud vəziyyətə əsaslanmalı olduğundan məhkəmə hesab edir ki, iddia qiymət verilən hissədə rədd edilməlidir. Yekun olaraq məhkəmə o nəticəyə gəlir ki, iddia tələbi “Cavabdeh3 239 005.78 manat əsas borc, 11 950.29 manat cərimə borcu olmaqla, cəmi 250 956.07 manat pulun iddiaçının xeyrinə tutulması, tutmanın Cavabdeh2 mülkiyyətində olan ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 83 000 manat məbləğində müəyyən edilməsi, açıq hərracda satılması, satışdan əldə edilmiş vəsaitin cavabdehin borcuna yönəldilməsi” hissəsində təmin edilməlidir. Məhkəmə işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. (MPM-in 77.1, 78.1, 78.1-1, 78.2, 81, 217.3, 217.4-cü maddələri, ). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1. Şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 9/4135 nömrəli və xx.xx.2025-ci il tarixli 9/2566 nömrəli ekspertiza xərclərinə dair bildirişlərdən göründüyü kimi AR Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış tədqiqatların ümumi dəyəri 200 manat təşkil edir. Əmlak Ekspert Mərkəzinin xx.xx.2024-cü il tarixli ƏEM/O 50-688/24 nömrəli məktubundan göründüyü kimi xidmət haqqının 500 manat təşkil etdiyi qeyd edilmişdir. Lakin məhkəmə hesab edir ki, qeyd edilən tədqiqatın aparılması üçün 500 manat xidmət haqqı azaldılarq 250 manat məbləğində xidmət tutulması ədalətli və məntiqlidir. Məhkəmə hesab edir ki, aparılmış tədqiqatların dəyəri tərəflərdən tutularkən iddiaçının ərizəsi əsasında təkrar ekspertizanın təyin edilməsi halı da nəzərə alınmaqla iddiaçı və Cavabdeh3 müştərək qaydada tutularaq müvafiq olaraq Məhkəmə Ekspertizası Mərkəzinin və Əmlak Ekspert Mərkəzinin hesablarına ödənilməlidir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı Cavabdeh3 tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Müki Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 8.2-ci maddələrinə əsasən hazırkı iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 581.20 manat olmalıdır. İddia tələbinin təmin edilən hissəsinə münasibətdə dövlət rüsumunun 500.88 manat hissəsi Cavabdeh3, rədd edilən hissəsinə münasibətdə isə 80.32 manat hissəsi İddiaçı ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin dövlət rüsumunun 182 manat hissəsi iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Bu səbəbdən iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 101.68 manat (182 manat - 80.32 manat) hissəsi Cavabdeh3 tutularaq iddiaçının hesabına ödənilməli, dövlət büdcəsinə ödənilməmiş 399.2 manat hissəsi isə Cavabdeh3 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa “Mediasiya haqqında” AR qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Belə ki, xx.xx.2023-cü il tarixli X2 sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan göründüyü kimi mediasiya sessiyasında hər iki tərəf iştirak etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 400 manat mediasiya xərcinin 200 manat hissəsi Cavabdeh3 tutularaq iddiaçının hesabına ödənilməli, 200 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Məhkəmə ekspertiza və mütəxəssis rəyinin alınması üçün tədqiqatın dəyərinə münasibətdə qeyd edir ki, mütəxəssis rəyi məhkəmənin təşəbbüsü və ekspertizanın təyin edilməsi isə iddiaçının təşəbbüsü ilə aparıldığından MPM-n 117-ci maddəsinə əsasən qeyd edilən xərclər tərəflər arasında bərabər bölüşdürülməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh3 239 005.78 manat əsas borc, 11 950.29 manat cərimə borcu olmaqla, cəmi 250 956.07 manat pul və 200 manat mediasiya xərci, 101.68 manat dövlət rüsumu, qeydiyyata alınma ilə bağlı 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqı İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.045 ha torpaq sahəsinə, onun üzərində yerləşən 351.90 kv.m ümumi sahədən ibarət xüsusi mülkiyyətdə olan fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak açıq hərracda satılsın, likvid dəyəri 83 000 manat məbləğində müəyyən edilsin. Qeyd edilən ipoteka predmetlərinin satışından əldə olunmuş vəsait cavabdehlərin İddiaçı ASC-yə olan hazırkı qətnamə üzrə kredit borclarının ödənilməsinə yönəldilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh3 399.2 manat məbləğində ödənilməmiş dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində vəsaitin 100 manat hissəsi İddiaçı ASC-dən, 100 manat hissəsi isə Cavabdeh3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (adı: X1, kodu: 210005, Vöen **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, Vöen **********, hesab: AZ34CTRE********************) ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 250 manat məbləğində vəsaitin 125 manat hissəsi İddiaçı ASC-dən, 125 manat hissəsi isə Cavabdeh3 tutularaq Əmlak Ekspertizası Mərkəzinin hesabına (Vöen **********, Hesab N AZN: AZ68İBAZ********************, bank: ABB ASC, Vöen **********, müxbir hesab: AZ03NABZ013501**********2944, kod: 805711, SWİFT BİK: İBAZAZ2X) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mübariz Hüseynov