Məhkəmə qərarları › İş №e-2-2(117)-161/2023

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-161/2023

03.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-161/2023 03.03.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı “xx.xx.2018-ci il tarixli i04/18 nömrəli icarə müqaviləsi üzrə yaranmış 152308,80 manat borcun, 400 manat mediasiya xərcinin və 42,31 manat dövlət rüsumunun cavabdehdən tutularaq ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İcarəyəverən "xxxx" ASC ilə icarəçi Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018ci il tarixli i04/18 nömrəli icarə müqaviləsinə əsasən "xxxx" ASC-nin mülkiyyətində olan müqavilənin 1 nömrəli əlavəsində göstərilən əmlak kompleksi (ümumi sahəsi 10 ha olan torpaq sahəsi və 15084,8 m2 əmlak kompleksi) 11 ay müddətinə bu müqavilənin şərtləri çərçivəsində cavabdehin icarəsinə verilmiş və aylıq icarə haqqı 7200 manat müəyyən edilmişdir. Müqavilənin 3.4-cü bəndinə əsasən icarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə hər gecikdirilmiş gün üçün icarəyəverənə icarə haqqının 0,1 % məbləğində cərimə ödəyir. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli R1/22 nömrəli razılaşma ilə müəyyən olunur ki, icarəçi icarə müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və nəticədə xx.xx.2021-ci il tarixədək 72000 manat borcu yaranmışdır. İcarəçi icarəyəverənə məktubla müraciət edərək icarə haqqının ödənilməsinə möhlət verilməsini xahiş etmiş, xx.xx.2021-ci il tarixədək ödənilməmiş ƏDV daxil 72000 manat, xx.xx.2022-ci il tarixədək ödənilməli olan ƏDV daxil 21600 manat məbləğində icarə haqqı borcunu etiraf etmişdir. Tərəflər aprel 2022-ci il tarixdən aylar üzrə dekabr 2022-ci il tarixədək ümumilikdə 158400 manat icarə haqqı borcunu hissə-hissə ödənilməsi barədə razılaşmışlar. İcarəçi həm icarə müqaviləsi, həm də razılaşmanın şərtlərini pozaraq ödəniş etməmiş və nəticədə hazırki tarixə 144000 manat məbləğində borcu qalmışdır. Cavabdehin qeyd olunan məbləğdə borcunun olması tərəflər arasında imzalanmış razılaşma və elektron qaimələrlə öz təsdiqini tapır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, "xxxx" ASC ilə Cavabdeh MMC arasında 14 may 2018-ci il tarixli, 04/18 nömrəli icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh müqaviləyə 1 nömrəli əlavədə göstərilən əmlak kompleksini 11 ay müddətinə icarəyə götürməyi və aylıq 7.200 manat icarə haqqını iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.4-cü bəndinə əsasən, icarəçi hər gecikdirilmiş 1 gün üçün icarəyə verənə icarə haqqının 0,1 %-i məbləğində dəbbə pulu ödəməyi də öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən icarə haqqı tam ödənilməmiş və nəticədə müqavilə üzrə 144000 manat qalıq borc, 8308,80 hesablanmış cərimə faizi, ümumilikdə 152308,80 manat borc yaranmışdır. 2022-ci il tarixli razılaşdırma müqaviləsinə əsasən cavabdeh tərəfindən 31 dekabr 2021-ci il tarixinə yaranmış 72000 manat borc və 1 aprel 2022-ci il tarixinədək ödənilməli olan 21600 manat aylıq icarə haqqı daxil olmaqla, ümumilikdə 93600,00 manat borc cavabdeh tərəfindən etiraf edilmiş və həmin məbləğin 31 dekabr 2022-ci il ayınadək hissə-hissə ödənilməsi müqavilə ilə razılaşdırılmışdır. Lakin bu günkü tarixə qədər heç bir ödəniş olunmamışdır. Müqaviləyə xitam verilməmişdir. Bu səbəbdən iddiaçı ilə cavabdeh arasında imzalanmış 14 may 2018-ci il tarixli icarə müqaviləsi üzrə yaranmış 152308,80 manat məbləğində borcun, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə 400 manat məbləğində haqqın və 42,31 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, Hüquqların Dövlət qeydiyyatından çıxarış, Tərəflər arasında bağlanmış müqavilə, Müqaviləyə 1 nömrəli Əlavə, Borcun etirafı və ödənilməsinə dair razılaşma və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. İcarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1, 700.2. 710.1. 710.3). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, icarəyəverən "xxxx" ASC ilə icarəçi Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli i04/18 nömrəli icarə müqaviləsinə əsasən "xxxx" ASC-nin mülkiyyətində olan müqavilənin 1 nömrəli əlavəsində göstərilən əmlak kompleksini (ümumi sahəsi 10 ha olan torpaq sahəsi və 15084,8 m2 əmlak kompleksi) 11 ay müddətinə bu müqavilənin şərtləri çərçivəsində cavabdehin icarəsinə verilmiş və aylıq icarə haqqı 7200 manat müəyyən edilmişdir. İcarəçi həmin qeyri-yaşayış sahəsini icarəyə qəbul etmiş, lakin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək icarə haqqını tam ödəməmiş və nəticədə noyabr 2022-ci il tarixə 144000 manat ödənilməmiş borcu qalmışdır. İcarəçi xx.xx.2022-ci il tarixədək olan 93600 manat borcunu etiraf etməklə, həmin borcu dekabr 2022-ci il tarixədək aylar üzrə hissə-hissə ödəməyi öhdəsinə götürmüş və bununla bağlı tərəflər arasında xx.xx.2022-ci il tarixdə R1/22 nömrəli razılaşma imzalanmışdır. Məhkəmə qeyd edir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2.1, 445.2.2, 448.1, 448.2). Göründüyü kimi tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri formalaşmış, iddiaçı müqavilə öhdəliyini yerinə yetirərək icarə predmetini cavabdehə təhvil versə də, cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş və nəticədə tələb olunan məbləğdə borcu qalmışdır. Cavabdehin borcun etirafına dair yazılı öhdəliyi və iş materiallarında olan elektron qaimələr borcun mövcudluğunu təsdiq edir. Bu səbəbdən məhkəmə hesab edir ki, 144000 manat icarə haqqı borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə iddianın qalan 8308,80 manat cərimə borcunun ödənilməsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh icarə haqqı borcunu ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, cərimə borcunun artmasına şüurlu surətdə şərait yaratmışdır ki, hazırda tələb olunan cərimə məbləği əsas məbləğə münasibətdə yüksəkdir. Bu səbəbdən də, cərimənin artmasında iddiaçının təqsirini, cavabdehin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 8308,80 manat deyil, 2000 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən (152308,80) ödənilməli dövlət rüsumu 442,31 manat olmalıdır ki, iddia qismən təmin edildiyindən təmin edilmiş hissəyə mütənasib olaraq 18,32 manat dövlət rüsumu iddiaçıdan, 423,99 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddiaçı tərəfindən 42,31 manat dövlət rüsumu dövlət büdcəsinə ödənildiyindən iddiaçının ödəməli olduğu 18,32 manat dövlət rüsumu həmin məbləğdən çıxılaraq 23,99 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya, 400 manat dövlət rüsumu isə dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda 400 manat mediasiya xərci iddiaçı tərəfindən ödənildiyindən və iddiaçı mediasiya xərcini cavabdehdən tələb etdiyindən 400 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 144000 manat əsas borc, 2000 manat cərimə olmaqla 146000 manat icarə haqqı borcu, 400 manat mediasiya xərci və ödənilmiş 23,99 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh MMC-dən ödənilməmiş 400 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar