Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1611/2022 30.11.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “xx.xx.2021-ci il tarixli 019R********** nömrəli kredit razılaşmasının ləğv edilməsi, 7286,67 manat məbləğində kredit borcu, 878,12 manat məbləğində faiz borcu və 1341,84 manat cərimə borcu olmaqla, cəmi 9506,63 manat məbləğində borcun, 100 manat məbləğində mediasiya xərcinin və 15,06 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ödənilməsi” tələbi üzrə mübahisəyə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: xx.xx.2019-cu il tarixdə İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış 0019L**********59 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə, 80000 manat məbləğində kredit xətti açılmış, müqaviləyə əsasən, cavabdehə ödəniləcək məbləğ və müddətin ayrıca kredit razılaşması ilə müəyyən edilməsi nəzərdə tutulmuşdur. xx.xx.2021-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış uzunmüddətli kredit müqaviləsi üzrə 019R********** nömrəli kredit razılaşmasına əsasən sonuncuya 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667% olmaqla, müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 8000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda İddiaçı QSC ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında borcalan kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə həmin müqavilədən irəli gələn öhdəliklərin tam yerinə yetirilməsi barədə 0019S**********02 nömrəli, 0019S**********01 nömrəli və 0019S**********01 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun 7286,67 manat məbləğində kredit borcu qalmışdır. Cavabdeh4 borc məbləğini ödəmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh öhdəliklərini icra etmədiyindən kredit müqaviləsi üzrə ödənilməmiş 7286,67 manat məbləğində kredit borcu, 878,12 manat faiz borcu qalmışdır. xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubu ilə cavabdehlərdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onlara xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildirişlər göndərilmiş, Cavabdeh2 xx.xx.2022-ci il tarixdə, digər cavabdehlərə isə xx.xx.2022-ci il tarixdə məhkəmə bildirişləri və sənədləri çatdırılmasına baxmayaraq, cavabdehlər iddia tələbinə qarşı əsaslandırılmış etirazları müəyyən olunmuş 10 (on) iş günü müddətində məhkəməyə təqdim etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Tərəflər arasında bağlanmış müqavilə, Kredit razılaşması, Zaminlik müqavilələri, Xəbərdarlıq məktubları, Hesabdan çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 421.2, 421.3, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1, 470.1, 472.1, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış uzunmüddətli kredit müqaviləsi üzrə 019R********** nömrəli kredit razılaşmasına əsasən sonuncuya 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667% olmaqla, müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 8000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda İddiaçı QSC ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında borcalan kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə həmin müqavilədən irəli gələn öhdəliklərin tam yerinə yetirilməsi barədə 0019S**********02 nömrəli, 0019S**********01 nömrəli və 0019S**********01 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Borc verən borcalan qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliyini yerinə yetirsə də, borc alan Cavabdeh4 öhdəliyini lazmınca yerinə yetirmədiyindən onun 7286,67 manat əsas borcu və aylıq faiz dərəcəsi 2,1667% olmaqla, 878,12 manat faiz borcu qalmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 019R********** nömrəli kredit razılaşması ləğv edilməli, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıdığından 7286,67 manat əsas və 878,12 manat faiz borcu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı banka ödənilməlidir. Məhkəmə 1341,84 manat cərimənin ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh kredit borcunu ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, həm əsas faizin həm də cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır ki, hazırda tələb olunan cərimə məbləği əsas məbləğə münasibətdə yüksəkdir. Bu səbəbdən də, dəbbə pulunun artmasında iddiaçının təqsirini, cavabdehlərin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlərdən 1341,84 manat deyil, 50 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlər öhdəliklərini yerinə yetirmədiyindən kredit müqaviləsi üzrə 7286,67 manat əsas, 878,12 manat faiz və 50 manat cərimə borcu cavabdehlərdən tutularaq İddiaçı QSC-yə ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 112.1.10-cu maddəsinə əsasən iddianın qiyməti bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 8.2-ci maddələrinə əsasən hazırki iş üzrə qiymətləndirilməyən iddia üzrə 100 manat və qiymətləndirilən iddianın qiymətinə əsasən (9506,63 manat) ödənilməli dövlət rüsumu 115,06 manat olmalıdır. İddia tələbi qiymətləndirilməyən hissədə təmin edildiyindən ödənilməli olan 100 manat dövlət rüsumu cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddia qiymətləndirilən hissədə qismən təmin edildiyindən 115,06 dövlət rüsumunun 15,64 manat hissəsi iddiaçıdan, 99,42 manat hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddiaçı tərəfindən 15,10 manat dövlət rüsumu dövlət büdcəsinə ödənildiyindən iddiaçıdan ödədiyi rüsum çıxılmaqla 0,54 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan əlavə iddiaçı 100 manat mediasiya xərci ödədiyindən və həmin məbləği tələb etdiyindən, cavabdelərdən həmin mediasiya xərci tutularaq iddiaçıya ödənilməlidir. Sonda məhkəmə onu qeyd edir ki, 100 manat mediasiya xərci cavabdehlərdən tutularaq iddiaçıya, 99,42 manat dövlət büdcəsinə və iddiaçıdan 0,54 manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin məhkəmə, qətnamənin icra mərhələsində icraata qənaət prinsipindən çıxış edərək hesab edir ki, qətnamənin vaxtında icrasının təmin edilməsi məqsədilə cavabdehlərdən mediasiya xərci üçün ödənilmiş 100 manat əvəzinə iddiaçının dövlət büdcəsinə ödəməli olduğu 0,54 manat dövlət rüsumu çıxılmaqla 99,46 manat tutularaq iddiaçıya ödənilməli, həmin vəsaitin qalan 0,54 manat hissəsi isə cavabdehlər tərəfindən ödənilməli olan 99,42 manat dövlət rüsumuna əlavə edilməklə cəmi 99,96 manat dövlət rüsumu bütöv şəkildə cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 019R********** nömrəli kredit razılaşması ləğv edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 17286,67 manat məbləğində kredit borcu, 878,12 manat məbləğində faiz borcu, 50 manat cərimə borcu və 99,46 manat məbləğində mediasiya xərci tutularaq idddiaçı İddiaçı QSCnin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 100 manat və 99,96 manat dövlət rüsumu dövlət gəlirinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1611/2022
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1611/2022
30.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver