Məhkəmə qərarları › İş №e-2-2(117)-1620/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1620/2025

05.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1620/2025 05.02.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi ilə, İddiaçı X4 Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı X8 Cavabdehnə qarşı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Tarif Şurasının təbii qazın ölkədaxili tariflərini tənzimləyən xx.xx.2021-ci il tarixli 8 saylı, xx.xx.2021-ci il tarixli 13 saylı, xx.xx.2024-ci il tarixli 18 saylı qərarlarına uyğun olmadan **********0000 saylı abonent kodunda qeydə alınan 4399.93 manat və xx.xx.2025-ci il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 1296 manat cərimə borcunun iddiaçının hesabından silinməsi və 77 manat dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1i ünvanda yerləşən **********0000 saylı abonent kodu olan iddiaçıya məxsus qeyri-yaşayış sahəsi (çörək sexi) fəaliyyət göstərir. Qeyri-yaşayış sahəsi Cavabdeh tərəfindən qazın alqı-satqısı müqaviləsi əsasında təbii qazla təchiz edilir. İstifadə edilən təbii qazın dəyəri daim iddiaçı tərəfindən vaxtlı-vaxtında ödənilmişdir. Çörək sexində əvvəllər istifadə edilmiş təbii qazın dəyərinin hesablanmasında əvvəllər heç bir qüsur olmasada, artıq 2021-ci ildən sonrakı dövr ərzində isə iki istiqamətdə, birincisi qazın dəyərinin mövcud tarifə uyğun hesablamamaqla 4399.93 manat, ikinci istiqamətdə isə akt əsasında 1296 manat əsassız borc hesablanmışdır. Mübahisələndirilən 4399.93 manat hissəsinə uyğun qeyd olunur ki, Azərbaycan Respublikası Tarif Şurasının xx.xx.2016-cı il tarixli 18 saylı qərarına əsasən 2021-ci ilin iyun ayının sonunadək çörək sexində istifadə edilən qazın dəyəri qeyri əhali kateqoriyası kimi hər 1 m üçün 0.20 manat məbləğində müəyyən edilmişdir və həmin qiymətlə hesablanmış qazın dəyəri ödənilmişdir. Daha sonra Tarif Şurasının xx.xx.2021-ci il tarixli 8 saylı qərarına əsasən qazın dəyərinin hesablanması subyektlərin fəaliyyət istiqamətlərinə görə təsnifatlandırılıb hər kub metrə görə 0.25 m taarif müəyyən edilsə də iddiaçının fəaliyyət göstərdiyisahə üzrə (sənaye və kənd təsərrüfatısahələri) hər 1 m üçün 0.20 manat məbləğində müəyyən edilmiş və qərar xx.xx.2021-ci il tarixdən qüvvəyə minmişdir. Bundan sonra yenə Tarif Şurasının xx.xx.2021-ci il tarixli 13 saylı qərarına əsasən qazın dəyərinin hesablanması subyektlərin fəaliyyət istiqamətlərində qazın tarifi yenidən tənzimlənərək 0.25 m olmuş və iddiaçının fəaliyyət göstərdiyi sahə üzrə (sənaye və kənd təsərrüfatı sahələri) hər 1 m üçün 0.22 manat məbləğində müəyyən edilmiş və qərar xx.xx.2021-ci il tarixdən qüvvəyə minmişdir. Sonuncu dəfə isə Tarif Şurasının xx.xx.2024-ci il tarixli 18 saylı qərarına əsasən qazın dəyərinin hesablanması subyektlərin fəaliyyət istiqamətlərində qazın tarifi yenidən tənzimlənərək 0.285 m olmuş və iddiaçının fəaliyyət göstərdiyi sahə üzrə (sənaye və kənd təsərrüfatı sahələri) hər 1 m üçün 0.24 manat məbləğində müəyyən edilmiş və qərar xx.xx.2025-ci il tarixdən qüvvəyə minmişdir. Beləliklə, qeyd olunan Tarif Şurasının xx.xx.2021-ci il tarixli 8 saylı qərarının qüvvədə olduğu xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək çörək sexində ümumi qaz sərfi 6169 m (1407 m + 1447 m + 1667 m + 1648 m) olmuş, 6169 m qaz sərfinin hər bir m üçün 0,20 manat olmaqla 1233.8 manat məbləğində müəyyən edilsə də, cavabdeh tərəf hesabatı hər bir m üçün 0,25 manat aparmaqla 1542.25 manat hesablamış, nəticədə 308.45 manat əlavə borc müəyyən edilmişdir. Tarif Şurasının xx.xx.2021-ci il tarixli 13 saylı qərarının qüvvədə olduğu xx.xx.2021-ci ildən xx.xx.2025-ci ilədək çörək sexində ümumi qaz sərfi 129457 m (1680 m + 1779 m + 28113 m + 44557 m + 53328 m) olmuş, 129457 m qaz sərfinin hər bir m üçün 0,22 manat olmaqla 28480.54 manat məbləğində müəyyən edilsə də, cavabdeh tərəf hesabatı hər bir m üçün 0,25 manat aparmaqla 32364.25 manat hesablamış, nəticədə 3883.71 manat əlavə borc müəyyən edilmişdir. Tarif Şurasının xx.xx.2024-ci il tarixli 18 saylı qərarının qüvvəyə mindiyi xx.xx.2025-ci ildən sonra həmin ilin yanvar ayında çörək sexində qaz sərfi 4736 m olmuş, 4736 m qaz sərfinin hər bir m üçün 0,24 manat olmaqla 1136.64 manat məbləğində müəyyən edilsə də, cavabdeh tərəf hesabatı hər bir m üçün 0,28387 manat aparmaqla 1344.41 manat hesablamış, nəticədə 207.77 manat əlavə borc müəyyən edilmişdir. Bununla da Cavabdeh İB iddiaçıya qeyd olunan dövr ərzində Tarif şurasının qərarlarındakı tarif tənzimləmələrindən kənara çıxmaqla 4399.93 manat (308.45 m + 3883.71 m + 207.77 m) real olmayan əlavə borc hesablamışdır. Halbuki tərəflər arasında yaranmış müqavilə öhdəliklərinə əsasən qazın qiyməti qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimləndiyindən, bu müqavilə bağlandıqdan sonra qiymət dəyişikliyi tərəflər arasında mübahisələdirilə bilməz və hər iki tərəf üçün məcburidir. Qeyd edir ki, keçən zaman ərzində qazın tarifinin düzgün hesablanması ilə bağlı dəfələrlə cavabdehə müraciət olunsa da buna yalnız 2025-ci ilin fevral ayında nail olunmuşdur və həmin aydan qazın qiyməti düzgün hesablanmışdır. Mübahisələndirilən 1296 manat hissədə isə qeyd olunur ki, iddiaçının istifadəsindəki çörək sexinin **********0000 saylı abonent kodunda 2025-ci ilin avqust ayında borcun hesablanması ilə bağlı yenədə artım müşahidə olunmuşdur və bununla bağlı cavabdeh təşkilata yenidən müraciət edilmişdir. Müraciətin icrası olaraq xx.xx.2025-ci il tarixli iddiaçıya təqdim edilən sənədlərdən bəlli olmuşdur ki, Cavabdeh İBnin X11 İdarəsinin əməkdaşları Təbriz Vahidli və Anar Lələyev iddiaçının barəsində onun məlumatı olmadan xx.xx.2025-ci il tarixdə ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib etmişlər. Aktda səbəb kimi müəssisədə istifadə olunan qaz qurğusunun saatlıq qaz sərfi sayğacın maksimal ölçmə həddindən çox olması göstərilmişdir. Aktın tərtibindən üç ay sonra xx.xx.2025-ci il tarixdə tələbnamə tərtib edilmiş, tələbnamədə iddiaçıya 5400 m əlavə sərfiyyat yazılmaqla 1296 manat həcmində cərimə edilmişdir. Göründüyü kimi cavabdehin akt əsasında abonent koduna yazılmış cərimənim heç bir hüquqi əsası yoxdur. Belə ki, sənədlərə əsasən iddiaçıya məxsus çörək sexində guya Cavabdeh İB-nin X11 İdarəsinin əməkdaşları Təbriz Vahidli və Anar Lələyev yoxlama keçirilməsinə dair akt tərtib edilmişdir. Lakin həmin şəxslərin sahibkarlıq subyektində yoxlamanın keçirilməsilə bağlı vahid məlumat reyestrindən çıxarış alınmamışdır.

3. Cavabdeh İstahsalat Birliyi xx.xx.2025-ci il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı Cavabdehnə qarşı tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, İddiaçı Əhəd oğluna məxsus çörək sexində istismarda olan Elster tipli G6 markalı 42672908 nömrəli qaz sayğacının göstəricisi götürülərkən istehlak edilmiş təbii qazın qaz sayğacının maksimal həddindən yükəsk olduğu müəyyən edilmiş, buna səbəb isə istehlakçı tərəfindən qazdan istifadə qaydalarını pozaraq qaz şəbəkəsinə əlavə qaz cihazlarının qoşulma ehtimalı yaratmışdır. Bununla əlaqədar olaraq sözügedən sahibkarlıq subyektində yoxlamanın aparılması zərurəti yarandığından X3 istismarı İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli 14-2-2-7/2-115/2025 saylı məktubla araşdırmanın aparılması və nəticəsinə uyğun tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikası Energetika Nazirliyi X2 Agentliyinə müraciət edilmişdir. Müraciət əsasında X2 Agentliyinin Şəki filialı tərəfindən İddiaçı məxsus qeyri yaşayış sahəsində (çörək sexi) plandankənar yoxlamanın keçirilməsi ilə bağlı sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2025-ci il tarixli KY252294033 saylı çıxarış alınmış və həmin çıxarışa əsasən sahibkarlıq subyektində yoxlamanın keçirilməsi xx.xx.2025-xx.xx.2025-ci il tarixdə nəzərdə tutulmuşdur. X2 Agentliyinin Şəki filialı tərəfindən 02-xx.xx.2025-ci il tarixdə aparılan yoxlama zamanı İddiaçı Əhəd oğlu tərəfindən “Qazdan istifadə Qaydaları”nın 3.4.1-ci bəndinin tələbləri pozulmaqla ona məxsus Çörək sexində özbaşına 1 (bir) ədəd təndir, 1 (bir) ədəd axımlı su qızdırıcı quraşdırıldığı, 1 (bir) ədəd PQ 3 tipli qaz plitəsinin rezin boru vasitəsilə birləşdirildiyi aşkar edilmişdir. Yoxlamanın nəticələrinə dair xx.xx.2025-ci il tarixli 3-15-2-5/3-3-79/2025 akt tərtib edilmişdir. Bundan sonra Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.2-ci maddəsinə əsasən İddiaçı Əhəd oğlunun iştirakı ilə xx.xx.2025-ci il tarixli MN0358506 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək imzalanmışdır. Göstərilən protokol əsasında isə İddiaçı Əhəd oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.2-ci maddəsi ilə təqsirli bilinərək X2 Agentliyinin Şəki filialının xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə 70 (yetmiş) manat həcmində inzibati qaydada cərimə edilmişdir, qərar qanuni qüvvəsindədir və istehlakçı tərəfindən mübahisələndirməmişdir. İddiaçı Əhəd oğlu barəsində daxil olmuş inzibati xəha haqqında icraat materiallarından sonra Cavabdeh İB-nin tələb etmə hüququ yarandığından xx.xx.2025-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. Tərtib edilmiş sənədlərdə mövcud qaz sayğacının saatlıq masimal ölçmə həddi 10 m3/saat olduğu təqdirdə qaz işlədicilərinin maksimal sərfiyyatı 15 m3/saat olduğu müəyyən edilmişdir. Cavabdeh İB-nın Kommersiya departamenti tərəfindən xx.xx.2025-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə” tərtib edilməklə “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış alqı-satqı barədə müqavilənin 2.1.6-cı bəndinə əsasən mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddi 10 m3/saat olduğu halda qaz qurğularının maksimal saatlıq qaz sərfi 15.7 m3/saat olduğunu nəzərə alaraq qaydaların 6.5-2 yarımbəndinə uyğun hesabat forması aşağıdakı kimi aparılmışdır: 15 – 10 = 5 x 12 x 90 = 5400 m3 və onun pul dəyəri 1296 manat təşkil etmişdir. İddia ərizəsinin ikinci tələbi ilə əlaqədar bildirir ki, İddiaçı Əhəd oğluna məxsus “çörək sexi” 2011-ci ilin sentyabr ayında istehlakçı kimi təbii qazla təmin edilərkən AGİS abonent bazasında tariflər paketində ”qeyri dövlət” kimi qeydiyyata alınmışdır. Həmin vaxt ölkə üzrə qeyri əhali sektoru üzrə tariflər Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının müvafiq qərarlarına əsasən qazın qiyməti vahid formada tənzimlənirdi və Şuranın xx.xx.2016-cı il tarixli 18 nömrəli qərarı ilə qeyri əhali istehlakçı qrupu üzrə 1 m3 qazın qiyməti 0.20 qəpik müəyyən edilmişdir. Təbii qazın ölkədaxili tariflərinin kateqoriyalara bölünməklə qiymətlərin müəyyənləşdirilməsi isə Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının xx.xx.2021-ci il tarixli 8 nömrəli qərarı ilə baş vermişdir. Belə ki, qərara əsasən qeyri əhali sektoru üzrə qazın tarifləri ayrı-ayrı faəliyyət istiqamətləri üzrə tənzimlənmiş, 1 m3 qazın qiyməti sənaye və kənd təsərrüfatı sahələri üzrə 0.20 qəpik, çoxmənzilli yaşayış binalarının mərkəzi isitmə və isti su ilə təchiz edilməsi məqsədilə təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslər, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və sıxılmış təbii qazın (CNG) satışını həyata keçirən qazdoldurma məntəqələri üzrə 0.13 qəpik, digər sahələr üzrə 0.25 qəpik müəyyən edilmişdir. Qeyd olunan qəraradək qeyri əhali sektoru üzrə qazın qiyməti təsnifatlandırılması nəzərdə tutulmadığından istehlakçıların fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə zərurət olmamışdır. Lakin Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının xx.xx.2021-ci il tarixli 8 nömrəli qərarı ilə qeyri əhali sektoru üzrə qazın tarifləri ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə tənzimləndiyindən istehlakçılar bir qayda olaraq fəaliyyət növü ilə bağlı qaz paylayıcısına müvafiq uçota dair arayış təqdim etməli idi, çünki qaz paylayıcısı istehlakçının hansı fəaliyyət növü ilə məşğul olmasını yalnız sonuncunun təqdim etdiyi sənədlər əsasında müəyyən edə bilərdi. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının xx.xx.2021-ci il tarixli 13 nömrəli qərarı ilə təbii qazın ölkədaxili tariflərinə yenidən baxılmış, qeyri əhali sektorunda 1 m3 qazın qiyməti çoxmənzilli yaşayış binalarının mərkəzi isitmə və isti su ilə təchiz edilməsi məqsədilə təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslər, "xxxx" Açıq Səhmdar Cəmiyyəti və sıxılmış təbii qazın (CNG) satışını həyata keçirən qazdoldurma məntəqələri üzrə 0.165 qəpik, Metanol və karbamid məhsullarının istehsalında xammal kimi istifadə məqsədilə 0.20 qəpik, sənaye və kənd təsərrüfatı sahələri üzrə 0.22 qəpik, digər sahələr üzrə 0.25 qəpik müəyyən edilmişdir. Nəhayət Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının xx.xx.2024-cü il tarixli 18 nömrəli qərarı ilə qeyri əhali sektorunda 1 m3 qazın qiyməti çoxmənzilli yaşayış binalarının mərkəzi isitmə və isti su ilə təchiz edilməsi məqsədilə təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslər və "xxxx" Açıq Səhmdar Cəmiyyəti üzrə 0.165 qəpik, sıxılmış təbii qazın (CNG) satışını həyata keçirən qazdoldurma məntəqələri üzrə 0.185 qəpik, metanol və karbamid məhsullarının istehsalında xammal kimi istifadə məqsədilə 0.205 qəpik, Sənaye və kənd təsərrüfatı sahələri üzrə 0.24 qəpik, digər sahələr üzrə 0.285 qəpik olmuşdur. Yuxarıda qeyd etdiyi kimi qaz paylayıcısı tərəfindən qeyri əhali qrupu üzrə qazın tarifi tənzimlənməsi zamanı istehlakçının hansı fəaliyyət növü ilə məşğul olmasını yalnız onun təqdim etdiyi sənədlər əsasında müəyyən edə bilərdi. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının xx.xx.2024-cü il tarixli 18 nömrəli qərarınadək İddiaçı Əhəd oğlu hansı fəaliyyət növü ilə uçota alınması barədə qaz paylayıcısını məlumatlandırmamış, bu barədə hər hansı təsdiq edici sənəd təqdim etməmiş və istifadə etdiyi qazın dəyərinin hesablanması ilə bağlı mübahisə yaratmamışdır. Bu səbəbdən İddiaçı Əhəd oğlu AGİS abonent bazsında tariflər paketində xx.xx.2021-ci il tarixdən ticarət və xidmət alt kateqoriyası kimi qeydiyyata alınmış və qazın qiyməti digər sahələr kimi 0.25 qəpikdən hesablanmışdır. Yalnız İddiaçı Əhəd oğlu xx.xx.2025-ci il tarixli ərizə ilə qaz paylayıcısına müraciət edərək ona məxsus çörək sexinin təbii qaz tarifinin 0.24 qəpiyə köçürülməsini xahiş etmişdir. İstehlakçı tərəfindən təqdim edilmiş 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-2- 19/2-B-xx-xx/2025 saylı uçota dair arayışdan müəyyən edilmişdir ki, İddiaçı Əhəd oğlunun əsas fəaliyyət növü “çörək istehsalı” (kod: 1071003) olmaqla qeydiyyata alınması vergi orqanı tərəfindən nəzərə alınmışdır. Bundan sonra İddiaçı Əhəd oğlunun sahibkarlıq faəliyyəti göstərdiyi qeyi yaşayış sahəsində (çörək sexi) təbii qazın tarifi sənaye və kənd təsərrüfatı sahələri üzrə kateqoriyaya daxil edilməklə 1 m3 qazın qiyməti 0.24 qəpikdən hesablanmışdır. Göstərilənlərə əsasən, İddiaçı Əhəd oğlunun Cavabdehnə qarşı “borcun silinməsi tələbi barədə” iddia ərizəsinin rədd edilməsi xahiş edilmişdir.

II. Tərəflərin mövqeləri:

4. İddiaçı məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir.

5. Cavabdehin nümayəndəsi ərizə ilə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır.

6. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili izahatında bildirimişdir ki, İddiaçı Cavabdeh tərəfindən 1296 manat əsassız olaraq akt yazılmışdır. Eyni zamanda Tarif Şurasının qərarına uyğun olmadan 4400 manat məbləğində əlavə pul hesablanmışdır. Həmin pulun silinməsi və eyni zamanda akt əsasında hesablanmış cərimənin silinməsi barədə məhkəməyə müraciət edib. İddia tələbini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir.

7. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbinin mahiyyətindən göründüyü kimi burda mübahisələndirilən hissə iki istiqamətdədir. Birinci hissəsi 1296 manat maddi zərərin hesablanması ilə bağlı, digər hissəsi isə Tarif Şurasının qərarına uyğun olmadan aparılan hesablanma ilə bağlı mübahisədir. Birinci hissə ilə bağlı bildirmək istəyir ki, həmin ünvanda qazdan istifadə qaydalarının pozulması ehtimalı ilə bağlı qaydalara uyğun olaraq birinci növbədə Azərbaycan Respublikası Energetika Nazirliyi X2 Agentliyinə müraciət olunmuş və müraciətdə həmin qeyri-yaşayış sahəsində yoxlamanın keçirilməsi və qüsurlar barədə məlumat verilməsi xahiş olunmuşdur. Bununla bağlı həmin ünvanda araşdırılma aparılmış və qazdan istifadə qaydaları haqqında yekun rəy formalaşdıqdan sonra 7 aprel 2025-ci il tarixli X2 Agentliyi tərəfindən inzibati xəta haqında protokol tərtib edilmiş və həmin protokol əsasında 21 aprel 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və Bəhramov X6 qaydada təqsirli bilinərək cərimə olunmuşdur. Cərimə olunmanın mahiyyəti bundan ibarətdir ki, həmin ünvanda layihəyə uyğun olmayan, eyni zamanda həmin ünvanda istismarda olunan qaz sayğacının maksimal saatlıq qaz sayğacına uyğun olmadan qazdan istifadə edilməsi faktı ilə bağlıdır. Həmin sənədlər daxil olunduqdan sonra X9 İstismarı İdarəsinin nümayəndələri tərəfindən 21 may 2025-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmiş və akt əsasında 8 avqust 2025ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib olunaraq itirilmiş təbii qazın həcmi yəni orda istifadə olunan qaz sayğacının ölçmə həddindən yüksək olan hissəsi 5400 kub.m və onun pul dəyəri 1296 manat zərər istehlakçının qaz hesabına qeydiyyata alınmışdır. İddia tələbinin birinci hissəsinə aid olan hissədə etirazı bundan ibarətdir. İkinci hissə ilə bağlı bildirmək istəyir ki, həmin ünvanda yəni qeyri-yaşayış sahəsində təbii qazdan istifadə 2011-ci ildən həyata keçirilir. 2011-ci ildən 2021-ci ilin iyul ayına kimi, qazın qiymətində vahid tarif tətbiq olunur və ayrı-ayrı tarixlərdə 0.20 qəpikdən hesablanırdı. Yəni burda qeyri əhali sektoru ayı-ayrı hissələrə bölünmədən vahid tarif tətbiq olunurdu. Ancaq 2021-ci ildən sonra kənd təsərrüfatı və sənayə sahələri ayrılıb, digər sahələrə ayrı-ayrı tariflər tətbiq olunub. Eyni zamanda 2021-ci ilin noyabr ayının 1-i tarixində də yeni bir dəyişikliyə əsasən tarif şurasının qiymətlərində fərqlər müəyyən edilmiş və 2025-ci ilin yanvar ayının 2-dən yeni bir tarifə keçid olmuşdur. Digər sahələr üzrə 0.28 qəpik, sənayə və kənd təsərrüfatı sahələri üzrə isə 0.24 qəpikdən hesabat aparılması nəzərdə tutulmuşdur. İddia tələbinə etirazı bundan ibarətdir ki, baxmayaraq ki, tərəf iddia edir ki, onun fəaliyyəti sənayə və kənd təsərrüfatı sahəsinə aiddir. Bununla bağlı bildirmək istəyir ki, İddiaçı 2025-ci ilin fevral ayının 13-də tarifin dəyişilməsi ilə bağlı qaz paylayıcısına müraciət etmişdir. İstehlakçı tərəfindən təqdim edilmiş 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-2-19/2-B-xx-xx/2025 saylı uçota dair arayışdan müəyyən edilmişdir ki, İddiaçı Əhəd oğlunun əsas fəaliyyət növü çörək istehsalı olmaqla qeydiyyata alınması vergi orqanı tərəfindən nəzərə alınmışdır. Bundan sonra İddiaçı Əhəd oğlunun sahibkarlıq fəaliyyəti göstərdiyi qeyri-yaşayış sahəsində təbii qazın tarifi sənaye və kənd təsərrüfatı sahələri üzrə kateqoriyaya daxil edilməklə qazın qiyməti 0.24 qəpikdən hesablanmışdır. Ancaq 2021-ci ilin keçirilməməsinə səbəb bundan ibarətdir ki, əvvəlki tariflərdə vahid tarif tətbiq olunduğuna görə bu fəaliyyətin nədən ibarət olması ilə bağlı arayışlar təqdim olunmurdu. Ancaq 2021-ci ilin iyul ayının 1-dən bu tərəfə artıq ayrı-ayrı kateqoriyalar üzrə tarif tətbiq olunduğuna görə tərəf bununla bağlı müvafiq arayış təqdim etməli idi və arayış əsasında da onun tarif dərəcəsi müəyyən olunmalı idi. Bu arayış təqdim edilmədiyinə görə artıq həmin dövürdən 2025-ci ilin fevral ayının 13-nə kimi verdiyi ərizəyə kimi olan müddət ərzində digər sahələr kateqoriyasına aid tarif tətbiq olunmuş və 2021-ci ilin iyul ayının 1-i tarixinə kimi 0.20 qəpikdən, həmin dövrdən bu ərizə təqdim olunana kimi 0.25 qəpikdən hesabat aparılmışdır. Hazırki vəziyyətdə isə ərizə əsasında tarif dəyişdirilmiş və 0.24 qəpikdən hesabat aparılmaqdadır. İddia tələbinin rədd edilməsini xahiş etmişdir. III. Məhkəmə baxışının hədləri:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

IV. Tədqiq olunan sübutlar:

9. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 3-15-2-5/3-3-79/2025 nömrəli yoxlama aktından görünür ki, X5 məxsus Balakən rayon Qullar kəndində yerləşən qeyri-yaşayış sahəsinə (çörək sexi) qaz sayğacına Azəriqaz İB-nin və Azərbaycan Respublikası Energetika Nazirliyi və X2 Agentliyinin əməkdaşları tərəfindən baxış keçrilmişdir.

10. İş materiallarında olan İnzibati xəta haqqında MN ******* protokoldan görünür ki, X5 məxsus Balakən rayon Qullar kəndində yerləşən qeyri-yaşayış sahəsinə Azərbaycan Respublikası Energetika Nazirliyi və X2 Agentliyinin əməkdaşları tərəfindən baxış keçirilmişdir. Baxış nəticəsində Balakən rayon Qullar kəndində yerləşən çörək sexində X8 tərəfindən özbaşına 1 ədəd təndir, 1 ədəd axımlı su qızdırıcı quraşdırılmış və 1 ədəd PQ-3 tipli qaz piltəsi qaz xəttinə rezin boru vasitəsi ilə birləşdirilməsi aşkar edilmişdir. Nəticədə iddiaçı tərəfindən “Qazdan istifadə Qaydaları”-nın tələblərinin pozulduğu müəyyən edilmişdir. Protokol qeyd olunan təşkilatın müfəttişi və X8 tərəfindən imzalanmışdır.

11. Azərbaycan Respublikası Energetika Nazirliyi və X2 Agentliyi tərəfindən qəbul edilən İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərardan görünür ki, X1 xəta haqqında MN ******* protokolda göstərilən səbəblər əsasında “Qazdan istifadə Qaydaları”-nın tələblərinin pozduğundan, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.2-ci maddəsinə uyğun olaraq inzibati tənbeh növü kimi 70 manat miqdarında cərimə edilmişdir. Həmin qərar qeyd olunan agentliyin müfəttişi tərəfindən imzalanmışdır.

12. İş materiallarında olan xx.xx.2025-ci il tarixli KY252294033 yoxlama kodlu Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən çıxarışa əsasən görünür ki, X5 məxsus Balakən rayon Qullar kəndində yerləşən qeyri-yaşayış sahəsində Azərbaycan Respublikası Energetika Nazirliyi və X2 Agentliyi tərəfindən aparılan yoxlama vahid reyestrdə qeydiyyata alınmışdır.

13. Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli “təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli aktdan görünür ki, X5 məxsus Balakən rayon Qullar kəndində yerləşən qeyri-yaşayış sahəsinə (çörək sexi) G-6T tipli, 42672908 zavod nömrəli qaz sayğacına Cavabdeh İB-nin əməkdaşları Vahidli Təbriz və Lələyev Anar tərəfindən baxış keçirilmiş və baxış nəticəsində müəssisədə istifadə olunan qaz qurğularının saatlıq qaz sərfi sayğacın maksimal ölçmə həddindən çox olduğu aşkar edilmişdir. İtirilmiş qazın bərpası ilə əlaqədar dəymiş ziyanın hesablanması qərara alınmışdır. Akt Cavabdeh İB-nin həmin əməkdaşları tərəfindən imzalanmış, iddiaçı tərəfindən imzalanmasından imtina edilmişdir.

14. İş materiallarında olan xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, X5 məxsus abonent koduna Cavabdeh İB tərəfindən ******* nömrəli akt üzrə borc hesablanmış və həmin borcun ödənilməsi iddiaçıdan tələb edilmişdir.

15. X5 məxsus 2025-ci ilin dekabr ayına qədər olan müddəti əks etdirən abonentin saldosundan görünür ki, ona məxsus **********00000 nömrəli abonent koduna akt üzrə 1296 manat borc daxil edilmişdir.

16. Azərbaycan Respublikası Dövlət Vergi Xidməti 13 Saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X5 məxsus Balakən rayon Qullar kəndində yerləşən qeyri-yaşayış sahəsi iddiaçının müraciəti əsasında “Çörək Sexi” kimi qeydiyyata alınmışdır.

17. X8 tərəfindən Cavabdeh İB-yə ünvanlanmış ərizədən görünür ki, X8, ona məxsus çörək sexinin tarifinin 0,24 manata köçürülməsini xahiş etmişdir.

18. Azərbaycan Respublikası Energetika Nazirliyi və X2 Agentliyinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, X5 məxsus **********00000 nömrəli kod üzrə hesabata xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 412,22 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 3779,94 manat, 2025-ci ilin yanvar ayına 207,77 manat əlavə borc məbləği hesablanmışdır. Halbuki fiziki şəxs X4 fəaliyyət növü çörək istehsalıdır. Beləliklə əlavə hesablanmış 4399,93 manat borcun məbləği qanunvericiliyin tələblərinə uyğun deyildir. İddiaçı X5 məxsus **********00000 nömrəli kod üzrə 4399,93 manat məbləğində əlavə borc itirilmiş qazın bərpasına görə deyil, tarifin düzgün tədbiq edilməməsinə görə yaranmışdır. Tarif Şurasının müvafiq qərarlarına uyğun hesabat aparılsaydı 4399,93 manat məbləğində əlavə borc yaranmazdı.

V . Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq:

19. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3 və 560.3.5.2. İstehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

20. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununun; 3.5. Sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata kеçirilir. 3.5-1. Qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 3.5-2. Qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. 6-4. Müvаfiq icrа hаkimiyyəti оrqаnının müəyyən etdiyi orqan (qurum) Reyestrə daxil edilmiş məlumatlar əsasında bu Qanunun 6-2-ci və 6-3-cü maddələrinin tələblərinə riayət olunmasına monitorinq keçirilməsi yolu ilə mütəmadi nəzarət edir və həmin tələblərə riayət olunmadığını müəyyən etdikdə icrası məcburi olan göstərişlər verir. Monitorinqin keçirilmə qaydası müvаfiq icrа hаkimiyyəti оrqаnının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Sahibkarlıq subyektlərinə münasibətdə monitorinq “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun həyata keçirilir. 13.6. Qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandırır: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; istehlakçı qaz paylayıcısının işçilərini müayinə keçirilməsi üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə və ya müayinənin keçirilməsinə şərait yaratmadıqda; istehlakçı qaz paylayıcısının işçiləri tərəfindən tərtib edilmiş müayinə aktında qeyd olunmuş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması üçün bu Qanunun 6-2-ci və 6-3-cü maddələrinin tələblərini yerinə yetirmədikdə; məhkəmənin qərarı ilə. 13.8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”; 2.10. Sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. 2.11-2. Qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. 3.1.10. bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. 3.4. İstehlakçılara aşağıdakılar qadağandır: 3.4.1. özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq; 4.1. Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Agentlik tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 4.2. məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6. qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7. sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 5.5. Qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 6.1. Qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə aşağıdakı hallarda qazın verilməsini dayandırır: 6.1.4. qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1.5-1. istehlakçı qaz paylayıcısının işçilərini müayinə keçirilməsi üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə və ya müayinənin keçirilməsinə şərait yaratmadıqda. 6.5-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.

22. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır.

23. İlk öncə məhkəmə iddia tələbinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 1296 manat qaz borcunun silinməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir.

24. Mübahisənin bu hissədə müəyyən edilmiş halları ondan ibarətdir ki, X5 məxsus Balakən rayon Qullar kəndində yerləşən qeyri-yaşayış sahəsinə Azərbaycan Respublikası Energetika Nazirliyi və X2 Agentliyinin əməkdaşları tərəfindən baxış keçirilmiş, baxış nəticəsində iddiaçı tərəfindən “Qazdan istifadə Qaydaları”-nın tələblərinin pozulduğu müəyyən edilmişdir. Bundan sonra bu barədə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərar qəbul edilmiş və istehlakçı tərəfindən “Qazdan istifadə Qaydaları”-nın tələblərinin pozduğundan, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.2-ci maddəsinə uyğun olaraq inzibati tənbeh növü kimi 70 manat miqdarında cərimə edilmişdir. Daha sonra Cavabdeh İB tərəfindən xx.xx.2025-ci il tarixli “təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli akt tərtib edilmiş və akt əsasında X5 məxsus Balakən rayon Qullar kəndində yerləşən qeyri-yaşayış sahəsinə (çörək sexi) G-6T tipli, 42672908 zavod nömrəli qaz sayğacına Cavabdeh İB-nin əməkdaşları Vahidli Təbriz və Lələyev Anar tərəfindən baxış keçirilmiş və baxış nəticəsində müəssiəsdə istifadə olunan qaz qurğularının saatlıq qaz sərfi sayğacın maksimal ölçmə həddindən çox olduğu aşkar edilmiş və itirilmiş qazın bərpası ilə əlaqədar dəymiş ziyanın hesablanması qərara alınmışdır.

25. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qaz paylayıcısı tərəfindən cavabdehə akt əsasında borcun hesablanması qanunvericiliyin tələblərinə zidd olmamışdır. Belə ki, iddiaçıya məxsus müəssisəyə baxış keçirilən zaman onun təqsirli əməli müəyyən edilmiş və bununla bağlı müvafiq tədbirlər görülərək abonent inzibati məsuliyyətə cəlb edilməklə cərimə edilmişdir. Bunun nəticəsində isə iddiaçıya akt əsasında 1296 manat miqdarında borc hesablanmışdır. Göründüyü kimi qaz paylayıcısı tərəfindən mövcud qanunvericiliyin tələblərinə əməl edilməklə iddiaçıya borc hesablanmış və aktda qeyd olunan əməldə iddiaçının təqsirli olması müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı bu hissədə ona məxsus abonent koduna hesablanmış 1296 manat qaz borcunun silinməsini tələb etməkdə haqlı olmamışdır.

26. Məhkəmə iddia tələbinin təbii qazdan istifadəyə görə hesablanmış 4399,93 manat qaz borcunun silinməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir.

27. Məhkəmə tərəfindən iddianın qeyd olunan hissəsi ilə bağlı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Energetika Nazirliyi və X2 Agentliyinin mütəxəssis rəyinə əsasən X5 məxsus **********00000 nömrəli kod üzrə hesabata 4399,93 manat borcun məbləği qanunvericiliyin tələblərinə uyğun deyildir. İddiaçı X5 məxsus **********00000 nömrəli kod üzrə 4399,93 manat məbləğində əlavə borc itirilmiş qazın bərpasına görə deyil, tarifin düzgün tədbiq edilməməsinə görə yaranmışdır. Nəticədə qaz paylayıcısının Tarif Şurasının müvafiq qərarlarına uyğun hesabat aparmaması əsasında yaranmış təbii qaz borcunu istehlakçıdan tələb etməsi qanuni olmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı bu hissədə qaz borcunun silinməsini tələb etməkdə haqlı olmuşdur.

28. Bundan başqa, məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 63,99 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.

29. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən iddiaçı X5 məxsus olan **********00000 saylı abonent koduna hesablanmış 4399,93 manat borc silinməli, iddia qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumununa görə 63,99 manat məbləğdə pul Cavabdeh İstahsalat Birliyindən tutulub iddiaçı X5 ödənilsin, qalan hissəsi isə iddiaçıya aid edilməlidir.

Vİ. Nəticə:

30. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən iddiaçı X5 məxsus olan **********00000 saylı abonent koduna hesablanmış 4399,93 manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumununa görə 63,99 manat məbləğdə pul Cavabdeh İstahsalat Birliyindən tutulub iddiaçı X5 ödənilsin, qalan hissəsi isə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar