Məhkəmə qərarları › İş №e-2-2(117)-163/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-163/2024

04.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-163/2024 04.07.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “cavabdеhlərdən müştərək qaydada 22701,14 manat əsas borcun, 3776,96 manat faiz bоrcu və 1551,31 manat cərimə borcunun, ödənilmiş 210 manat manat məbləğində dövlət rüsumunun tutulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 035A********** nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 23 ay müddətinə aylıq faiz dərəcəsi 1.9167 % olmaqla 30000 manat məbləğində kredit verilmişdir. 035A********** nömrəli kredit razılaşması üzrə öhdəliklərin icrasının təminatı olaraq iddiaçı bankla Cavabdeh1 arasında 035G**********01 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə ilə zamin Cavabdeh1 borclunun bank qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdehlər kredit müqaviləsi və kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən ödənilməmiş borcları qalmışdır. İddiaçı 20.062023-cü il tarixli xəbərdarlıq məktubu ilə cavabdehlərə müraciət etmiş və müraciətində borcun ödənilməsini və kredit müqaviləsinin ləğv edilməsini təklif etmişdir. Əks təqdirdə kredit müqaviləsinin vaxtından əvvəl ləğv ediləcəyi və banka olan borcun tutulmasına dair məhkəməyə müraciət olunacağı bildirilmişdir. Borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, cavabdehlər öhdəliklərini icra etmədiklərindən kredit müqaviləsi üzrə ödənilməmiş borcları qalmışdır. Bu hal iş materillarında olan maliyyə arayışı və hesabdan çıxarışla təsdiq olunur. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/2233 nömrəli rəyindən görünür ki, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 23731,55 manat, faiz borcu üzrə 1652,64 manat, xx.xx.2024-cü il tarixə əsas borc üzrə 23731,55 manat, faiz borcu üzrə 4927,59 manat qeyd olunmuşdur. Həmçinin rəydə qeyd olunmuşdur ki, bank tərəfindən cərimə borcunun hesablanmasına dair hesabdan çıxarış məlumatları təqdim olunmadığından hazırki ekspertiza zamanı borcluya cərimə hesablanmamışdır. Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, heyvanları tələf olmuş, borcu ödəyə bilməmişdir. Faiz borcunu artıra-artıra gedirlər. Heç olmasa faizi silsələr, əsas borcu ödəyəcəyini, hazırda imkanı olmadığı üçün borcu ödəyə bilmədiyini bildirmişdir. Qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçıya və digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iddiaçı məhkəməyə müraciət edərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdeh bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və digər cavabdehin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Kredit müqaviləsi, Zaminlik müqaviləsi, Maliyyə arayışı, Hesabdan çıxarış, Ekspert rəyi, xəbərdarlıq məktubları və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448.1, 470.1, 472.1, 739.2). Məhkəmə tələbin 22701,14 manat əsas borcun ödənilməsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 035A********** nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 23 ay müddətinə aylıq faiz dərəcəsi 1.9167 % olmaqla 30000 manat məbləğində kredit verilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/2233 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 23731,55 manat, faiz borcu üzrə 1652,64 manat, xx.xx.2024-cü il tarixə əsas borc üzrə 23731,55 manat, faiz borcu üzrə 4927,59 manat qeyd olunmuşdur. Göründüyü kimi hər iki dövr üçün əsas borc məbləğləri dəyişməmişdir. Lakin ekspert rəyindəki əsas borc məbləği iddiaçının tələbindən çox olduğundan məhkəmə hesab edir ki, iddiaçının tələbi həddində, yəni 22701.14 manat əsas borc məbləği cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Tələbin 3776,96 manat faiz borcun ödənilməsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/2233 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, xx.xx.2023-cü il tarixə faiz borcu üzrə 1652,64 manat, xx.xx.2024-cü il tarixə faiz borcu üzrə 4927,59 manat qeyd olunmuşdur. Məhkəmə ekspert rəyi ilə müəyyən olunmuş xx.xx.2023-cü il tarixə və xx.xx.2024-cü il tarixə hər iki faiz borc məbləğlərini nəzərdən keçirib hesab edir ki, xx.xx.2023-cü il tarixdə tərəflər arasında bağlanmış kredit müqaviləsinə iddiaçı tərəfdən birtərəfli qaydada xitam verildiyindən müqavilə müddəti bitdikdən sonra faiz hesablamaqda iddiaçı haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə cavabdehlərə borcun ödənilməyəcəyi təqdirdə kredit müqaviləsinin vaxtından əvvəl ləğv ediləcəyi barədə xəbərdarlıq məktubu ünvanlanmışdır ki, iddiaçı iradə ifadəsini qarşı tərəfə bildirmiş, öhdəliklərini yerinə yetirməyəcəyi təqdirdə müqaviləyə vaxtından əvvəl xitam verəcəyi barədə cavabdehləri məlumatlandırmış, cavabdehlər öhdəliklərini yerinə yetirmədiyindən yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenumum qərarından da göründüyü kimi müqavilə ləğv edilmiş hesab olunur. Göründüyü kimi müqavilə ləğv edilmişdir və tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti qarşı tərəfə bildirişin verildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən götürlməklə müqavilə ləğv edildiyindən xx.xx.2023-cü il tarixdə bitmişdir ki, müqavilə müddəti bitdikdən sonra müqaviləyə istinadən faiz borcunun hesablanması qanunvericiliyiin tələbinə ziddir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Hazırki iş üzrə isə iddiaçı hesabladığı faiz borcunu müqavilə müddəti bitdikdən sonra hesablanmış real zərər və ya əldən çıxmış fayda kimi deyil, müqaviləyə əsasən hesablanmış faiz borcu kimi tələb edir ki, göründüyü kimi bu da qanunvericiliyin tələbi baxımından yolverilməzdir. Müqavilə müddətinin bitmə tarixinə, yəni xx.xx.2023-cü il tarixə ekspert rəyi ilə müəyyən olunmuş faiz borcunun məbləği 1652,64 manat təşkil edir. Bu səbəbdən məhkəmə həmin məbləği əsas götürüb hesab edir ki, cavabdehlərdən 1652,64 manat faiz borcu tutularaq iddiaçıya ödənilməli, həmin tarixdən sonra müqaviləyə istinadən hesablanmaış faiz borcuna münasibətdə isə iddia rədd edilməlidir. Bundan başqa 1551,31 manat cərimə borcunun tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, tələb bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) qanunla və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh kredit borclarını ödəməsə də, iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, həm faizin, həm də cərimənin artmasına şüurlu surətdə şərait yaratmışdır. Bu səbəbdən də dəbbə pulunun artmasında iddiaçının təqsirini, tərəflərin əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, 035A********** nömrəli kredit müqaviləsi üzrə əsas borcun 5 faizi həddində 1135 manat cərimə tutularaq banka ödənilməli, tələb qalan hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Müki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alınır. 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir. İddiaçı 200 manat mediasiya xərci ödəmiş və dövlət rüsumu ödəmədən məhkəməyə müraciət etmək imkanı əldə etmişdir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddələrinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 174.09 manat olmalıdır. İddia tələbi qismən təmin edilsə də, əsas borc məbləği əsasən dəyişmədiyindən ödənilməli 174.09 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iddiaçı onun tərəfindən 210 manat mediasiya xərci ödənildiyini və həmin məbləğin cavabdehdən tutulmasını tələb etsə də, işin sənədi kimi təqdim edilmiş mediasiya arayışından görünür ki, 200 manat mediasiya xərci ödənilmişdir. Odur ki, 200 manat mediasiya xərci də cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada 22701,14 manat məbləğində əsas bоrc, 1652,64 manat məbləğində faiz bоrcu, 1135 manat cərimə borcu, 200 manat mediasiya xərci tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia qalan hissələrdə rədd edilsin. Ödənilməmiş 174.09 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar