Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1635/2024 23.12.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Cavabdehnə qarşı “cavabdeh tərəfindən təbii qazın sərfinə görə əsassız olaraq hesablanmış 7193.60 manat məbləğin **********00010 nömrəli abonent kodu altında olan quşçuluq sexinin abonent hesabından silinməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbi üzrə mübahisəyə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdeh tərəfindən təbii qazın sərfinə görə əsassız olaraq hesablanmış 7193.60 manat məbləğin **********00010 nömrəli abonent kodu altında olan quşçuluq sexinin abonent hesabından silinməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixdə ***-**** nömrəli qazın alğısatqısı müqaviləsi bağlanmış və həmin müqavilə üzrə abonentə məxsus qeyri-yaşayış sahəsi qazlaşdırılmaqla **********00010 nömrəli abonent kodu verilmişdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, qazın qiyməti Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1 m3 üçün 0.20 manat məbləğində müəyyən edilir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən qazın qiyməti qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimləndiyindən, bu Müqavilə bağlandıqdan sonra qiymət dəyişikliyi tərəflər arasında mübahisələdirilə bilməz və hər iki tərəf üçün məcburidir. xx.xx.2021-ci il tarixli təbii qazın ölkə daxili tariflərinin tənzimlənməsi barədə Tarif Şurasının qərarına əsasən, xidmətlərin qeyri-əhali bölməsinin kənd təsərrüfatı sahələri üçün təbii qazın ölkədaxili tarifləri 0,20 qəpik olmuş, daha sonra xx.xx.2021-ci il tarixli təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə Tarif Şurasının qərarı xx.xx.2021-ci il tarixli 13 nömrəli Tarif Şurasının təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərarı ilə ləğv edilmiş, sonuncu qərar xx.xx.2021-ci il tarixdən qüvvəyə minmiş və sonuncu tarixdən sonra təbii qazın qiyməti qeyri-əhali bölməsinin kənd təsərrüfatı sahələri üçün 0,22 qəpik olmuşdur. xx.xx.2021-ci il tarixli təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə Tarif Şurasının qərarında təbii qazın qiyməti 0,20 qəpikdən hesablanmalı olsa da, abonentin saldosuna əsasən 2021-ci ilin sentyabr tarixindən 2021-ci ilin noyabr tarixinədək iddiaçı tərəfindən istehlak edilmiş qazın dəyəri 0,25 qəpikdən hesablanmışdır. Bundan başqa abonentin saldosundan görünür ki, xx.xx.2021-ci il tarixdən etibarən tarif şurasının qərarına uyğun olaraq qeyri-əhali bölməsinin kənd təsərrüfatı sahələri üçün təbii qazın ölkədaxili tarifləri 0,22 qəpiyə qaldırılsa da, cavabdeh xx.xx.2021-ci il tarixdən, yəni Tarif Şurasının qərarının qüvvəyə mindiyi tarixdən 2023-cü ilin oktyabr ayınadək 0,25 qəpik hesabı ilə cavabdehə təbii qazdan istifadəyə görə borc hesablamışdır. İddiaçı akt əsasında ona hesablanmış borcun silinməsi ilə bağlı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, ona məxsus abonent saldosuna 2021-ci ilin sentyabr ayından 2021-ci ilin noyabr ayına qədər istifadə olunmuş 1585 m3 qaz sərfinin hər 1 m3 üçün 0.20 manat (317 manat) məbləğində müəyyən edilsə də, hər 1 m3 üçün 0.25 manat (396.25 manat) hesabat aparılmışdır. Həmçinin 2021-ci ilin noyabr ayından 2023-cü ilin oktyabr ayına qədər istifadə olunmuş 237145 m3 qaz sərfinin hər 1 m3 üçün 0.22 manat (52171.90 manat) məbləğində müəyyən edilsə də, hər 1 m3 üçün 0.25 manat (59286.25 manat) məbləğində hesabat aparıldığı məlum olmuşdur. Nəticədə abonentin hesabına təbii qazın sərfinə görə əsassız olaraq 7193.60 manat məbləğ əlavə olunmuşdur. Bundan sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X1 Filialına müraciət etmiş, onların araşdırmasından sonra bütün qeyd etdiyi faktlar öz təsdiqini tapsa da, bu günədək həmin təbii qazın sərfinə görə əsassız olaraq 7193.60 manat məbləğ onun abonent saldosundan silinməmişdir. Göründüyü kimi paylayıcının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində ona 7193.60 manat zərər dəymişdir. Bütün qeyd etdiklərini nəzərə alaraq akta əsasən əsassız hesablanmış borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən məhkəmə bildirişi və sənədləri rəsmi qaydada xx.xx.2024-cü il tarixdə cavabdehin elektron kabinetində yerləşdirilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı məxsus olan Ağsu rayonu, İlxıçı kəndində yerləşən Quşçuluq sexinin qaz xətti üzərində ELSTER 65 RVG EK-220 markalı, 75161036 nömrəli qaz sayğacı quraşdırılmaqla **********00010 nömrəli abonent kodu açılmışdır. Hal-hazırda təbii qazdan istifadə ilə bağlı 5983.78 manat debitor borcu vardır. İddiaçı abonent hesabında düzəliş edilməsinə dair müraciətindən sonra 2023-cü ilin oktyabr ayından düzəliş edilərək təbii qazın dəyəri 0.22 manatla hesablanmışdır. Abonent hesabında qaz sərfinin hesablanmasına düzəliş edilmişdir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış AMX- 0848/23 saylı, xx.xx.2023-cü il tarixli müqavilədə qazın dəyəri 0.25 manat qeyd olunmuş və tərəflər müqaviləni imzalamışdırlar. 2021-ci ilin noyabr ayından 2023-cü ilin oktybar ayına qədər istehlak olunmuş 237145 m3 qaz sərfinin məbləği 1 m3 üçün 0.22 manat olmaqla hesablanmalı olduğu halda, hər 1 m3 üçün 0.25 manat müəyyən edilərək hesablama aparılaraq iddiaçıya məxsus abonent hesabına əlavə edilmişdir. Eyni zamanda, əlavə ödəniş edilmiş qaz həcmini abonent hesabına qaytarılması barədə iddiasına cavab olaraq bildiririk ki, köhnə illərin hesabat dövrü yekunlaşdığı üçün qeyd olunan vəsaitin hesaba qaytarılması mümkünsüzdür. İddiaçı Cavabdehnə qarşı **********00010 nömrəli abonent kodu altında olan quşçuluq sexinin abonent hesabından cavabdeh tərəfindən təbii qazın sərfinə görə əsassız hesablanmış 7193.60 manat məbləğin silinməsinə dair iddiasının təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Tərəflər iş materiallarını məhkəməyə təqdim etmişdir. Həmin materiallara müqavilə, abonent saldosu, xx.xx.2024-cü il tarixli ərizə və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin:
1. Energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6-cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir. 2-1. İstehlakçıya sаtılаn qаzın kеyfiyyət göstəriciləri (tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratmaq qabiliyyəti və digər) dövlət stаndаrtlаrının tələblərinə uyğun оlmаlıdır. Dövlət stаndаrtlаrının tələblərinin pоzulmаsı qаnunlа müəyyən еdilmiş məsuliyyətə səbəb оlur. Qаzın kеyfiyyət göstəriciləri nəzаrət оrqаnı tərəfindən lаbоrаtоriyа şərаitində və yа хüsusi tехniki vаsitələrlə yохlаnılmаlı və nəticələri bаrədə istеhlаkçılаrа və qаz pаylаyıcısınа məlumаt verilməlidir. Yoxlama nəticəsində qаzın kеyfiyyət göstəriciləri dövlət stаndаrtlаrının tələblərinə cavab vermədikdə, qaz paylayıcısından qazın həmin standartlara uyğunlaşdırılması üçün tədbirlərin həyаtа kеçirilməsi tələb еdilməlidir.
4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi tariflər: paylayıcının qaz təchizatı, digər iş və xidmətləri üzrə qiymətlərin hesablanmasının və təyin edilməsinin metod və prinsiplərini; müxtəlif kateqoriyalı istehlakçılar üçün hər bir kubmetr verilən qazın tariflərini və onların təyin edilməsi metodlarını özündə əks etdirir. Tariflər qaz paylanması münasibətləri üzrə energetika müqavilələrinin müddəalarına uyğun olmalı və kütləvi şəkildə yayılmalıdır.
8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında xx.xx.2017ci il tarixdə bağlanmış ***-**** nömrəli qazın alqı-satqısı müqaviləsi üzrə abonentə məxsus qeyri-yaşayış sahəsi qazlaşdırılmaqla sonuncuya **********00010 nömrəli abonent kodu verilmişdir. Həmin müqavilənin 3.1-ci bəndindən də göründüyü kimi müqavilə üzrə qazın qiyməti Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1 m3 üçün 0.20 manat məbləğində müəyyən edilir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən qazın qiyməti qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimləndiyindən, bu Müqavilə bağlandıqdan sonra qiymət dəyişikliyi tərəflər arasında mübahisələndirilə bilməz və hər iki tərəf üçün məcburidir. Tərəflər arasında yaranmış hazırkı mübahisə iddiaçının quşçuluq sexində istifadə etdiyi təbii qazın dəyərinin 0,20, 0,22 və ya 0,25 manatdan hesablanmasından ibarətdir. Bununla bağlı məhkəmə ilk öncə qeyd edir ki, quşçuluq sexi qaz xidmətlərinin qeyri əhali bölməsinin sənaye və kənd təsərrüfatı sahələrinə aid olmaqla, qeyri-əhali qaz xidmətlərinin digər sahələr kateqoriyasına daxil deyildir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X1 Filialının İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli 3-15-2-9/2-K-2- 5-195/2024 nömrəli məktubda qeyd edilmişdir ki, onun müraciətinin araşdırılması məqsədilə Cavabdehnə məktub ünvanlanmışdır. Daxil olmuş cavab məktubunda istehlakçıya məxsus qeyri-yaşayış sahəsinin (cücə sexi) fəaliyyə növü “AGİS” proqram bazasında “Ticarət və xidmət” qeyd olunduğu üçün 2021-ci ilin sentyabr ayından 2023-cü ilin oktyabr ayınadək hesabatın 1 m3 qaz üçün 0.25 manat tarifinə uyğun aparıldığı bildirilmişdir. Həmçinin istehlakçının müraciətinə əsasən 2023-cü ilin oktyabr ayından fəaliyyət növünə düzəliş olunmuş və həmin dövrdən hesabat hər 1 m3 qaz üçün 0.22 manat tarifə uyğun aparılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, 2021-ci ilin sentyabr ayından həmin ilin noyabr ayınadək istehlak olunmuş 1585 m3 qaz sərfinin məbləği (hər 1 m3 üçün 0,20 manat) 317 manat hesablanmalı halda, hər 1 m3 üçün 0,25 manat müəyyən edilməklə 396,25 manat hesabat aparılmışdır. Həmçinin 2021-ci ilin noyabr ayından 2023-cü ilin oktyabr ayına kimi istehlak olunmuş 237145 m3 qaz sərfinin məbləği (hər 1 m3 üçün 0,22 manat) 52171,90 manat hesablanmalı halda, hər 1 m3 üçün 0,25 manat müəyyən edilməklə 59286,25 manat hesabat aparılmışdır. xx.xx.2024-cü il tarixli 3-15-2-9/2-K-2-5-195/2024 nömrəli məktubdan və Cavabdeh ərizəsindən də göründüyü kimi cavabdeh iddiaçının tələbində qeyd etdiyi halın doğruluğunu öz hərəkətləri ilə də təsdiq edir. Belə ki, cavabdeh iddiaçıya təbii qazın istehlakına görə 0,25 manat tarifi ilə hesabat aparsa da 2023-cü ilin oktyabr ayından iddiaçının müraciəti əsasında istehlak olunan təbii qazın dəyərini 0,22 manata endirmişdir. Cavabdehin nümayəndəsi hesabatın əvvəlki dövrdə aparılması səbəbi ilə borcu silə bilmədiklərini bildirir ki, cavabdeh sonrakı hərəkətləri ilə ilkin hərəkətlərinin yanlış olduğunu etiraf edir. Bu səbəbdən iddiaçıya ona məxsus obyektdə (quş sexi) təbii qazdan istifadəyə görə tarif 0,25 qəpik deyil, müvafiq dövrlər üzrə (xx.xx.2021-ci il və xx.xx.2021-ci il) təbii qazın dəyəri Tariş Şurasının qərarına əsasən müvafiq olaraq 0,20 və 022 manatdan hesablanmaldır. Belə ki, təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə Tarif Şurasının xx.xx.2021-ci il tarixli 8 nömrəli qərarına əsasən, xidmətlərin qeyri-əhali bölməsinin kənd təsərrüfatı sahələri üçün təbii qazın ölkədaxili tarifləri 0,20 qəpik məbləğində müəyyən edilmiş və qərar xx.xx.2021-ci il tarixdən qüvvəyə minmişdir. Bundan sonra təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə Tarif Şurasının xx.xx.2021-ci il tarixli 13 nömrəli qərarı ilə Tarif şurasının xx.xx.2021-ci il tarixli 8 nömrəli qərarı ləğv edilmiş və xx.xx.2021-ci il tarixdən təbii qazın qiyməti qeyri-əhali bölməsinin kənd təsərrüfatı sahələri üçün 0,22 qəpik müəyyən olunmuşdur. Göründüyü kimi, kənd təsərrüfatı sahələri üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək istehlak olunmuş təbii qazın dəyəri 0,20 manat məbləğində, xx.xx.2021-ci il tarixdən hazıradək 0,22 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçı olan abonentin saldosundan müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək iddiaçıya təbii qazın istehlakına görə aparılmış hesabat 0,25 manatdan aparılmışdır. Abonentin saldosuna əsasən iddiaçının iddia etdiyi 2021-ci ilin sentyabr ayından 2021-ci ilin noyabr ayınadək iddiaçı tərəfindən cavabdehə tarif şurasının xx.xx.2021-ci il tarixli qərarı ilə müəyyən edilmiş tarifə uyğun 0,20 qəpik hesabı ilə deyil 0,25 manat hesabı ilə aparılmışdır. Belə ki, 2021-ci ilin sentyabr ayında iddiaçının sərfiyyatı 1585 m3 olmuş və ona 0,25 manat hesabı ilə 396,25 manat borc hesablanmış, halbuki, Tarif Şurasının qərarına əsasən 0,20 manat hesabı ilə təbii qazın dəyəri 317 manat təşkil edir ki, iddiaçıya 79,25 manat artıq borc hesablanmışdır. xx.xx.2021-ci il tarixli Tarif şurasının yeni qərarı ilə xx.xx.2021-ci il tarixdən qeyri-əhali bölməsinin kənd təsərrüfatı sahələri üçün təbii qazın ölkədaxili tarifi 0,22 qəpik olduğundan həmin tarixdən sonra iddiaçıya 0,25 qəpik hesabı ilə borc hesablanması əsassız olmuşdur. Belə ki, tərəflər arasında bağlanmış qazın satışına dair müqavilələrin müqavilənin 3.2-ci bəndinə əsasən qazın qiyməti qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimləndiyindən, bu Müqavilə bağlandıqdan sonra qiymət dəyişikliyi tərəflər arasında mübahisələdirilə bilməz və hər iki tərəf üçün məcburidir. Bununla da, xx.xx.2021-ci il tarixdən 2023-cü ilin oktyabr ayınadək iddiaçı tərəfindən sərf olunmuş 237145 m3 təbii qazın dəyəri 0,22 qəpik hesabı ilə 52171,90 manat təşkil etsə də, cavabdeh iddiaçıya hər 1 m3 sərf olunmuş qazın dəyəri üçün 0,25 qəpik olmaqla ümumilikdə 59286,25 manat borc hesablanmışdır ki, göründüyü kimi cavabdeh tərəfindən 7114,35 manat (59286,25 – 52171,9 = 7114,35) tarifdən əlavə iddiaçıya əsassız borc hesablanmışdır. Yuxarıda qeyd edilənlərə əsasən 2021-ci ilin sentyabr ayından 2023-cü ilin oktyabr ayınadək iddiaçıya ümumilikdə 7114,35 + 79,25 = 7193.60 manat tarifdən artıq borc hesablanmışdır ki, göründüyü kimi iddiaçının tələbi əsaslıdır. Təqdim edilən abonent saldosundan müəyyən edilir ki, qeyd edilən hesablanmış məbləğlər iddiaçı tərəfindən tam ödənilmişdir. Ona görə də qeyd edilən dövr üzrə tarifdən artıq ödənilmiş vəsaitin iddiaçıya qaytarılması qanunvericiliyin tələbidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən 92 manat məbləğində dövlət rüsumu ödənilsə də, iddianın qiymətinə uyğun olaraq ödənilməli dövlət rüsumunun məbləği 91,94 manat təşkil edir. Bu səbəbdən iddia tələbi təmin edildiyindən ödənilmiş 91,94 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, artıq ödənilmiş 0.06 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı **********00010 nömrəli abonent kodundan Cavabdeh İB tərəfindən 2021-ci ilin sentyabr ayından 2023-cü ilin oktyabr ayına kimi əsassız hesablanmış 7193.60 manat pul İddiaçı hesabından silinsin. Ödənilmiş 91,94 manat dövlət rüsumu Cavabdeh İB-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim: Mübariz Hüseynov