Məhkəmə qərarları › İş №e-2-2(117)-1666/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1666/2024

27.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1666/2024 27.12.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İ. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı Cavabdeh qarşı 319 manat borcun və 30 manat dövlət rüsumunun cavabdehdən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə fərdi sahibkar Cavabdeh arasında xx.xx.2024-cü il tarixli Borc müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli Borc müqaviləsinin 1.4-cü maddəsinə əsasən borcalan ödəniş qrafikinə uyğun olaraq hər ay 260.62 (iki yüz altmış manat altmış iki qəpik) manat məbləğində pul öhdəliyi icra etməyi öhdəsinə götürmüşdür. Lakin borclu müqavilə üzrə üzərinə götürdüyünü öhdəliyi xx.xx.2024-cü il tarixindən sonra icra etməmişdir. Halhazırda fərdi sahibkar Cavabdeh xx.xx.2024-cü il tarixli Borc müqaviləsi üzrə İddiaçı MMCyə 319 (üç yüz on doqquz manat) manat məbləğində borcu qalmışdır. Borcluya dəfələrlə şifahi və yazılı qaydada müraciət edilmiş, qanunvericiliyə uyğun olaraq pretenziya göndərilmiş, lakin Cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və İddiaçı MMC-yə olan borcunu geri qaytarmaqdan boyun qaçırmışdır.

İİ. Tərəflərin mövqeləri:

3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

İİİ. Məhkəmə baxışının hədləri:

4. Mülki Prosessual Məcəllənin:

284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

İV. Tətbiq edilən hüquq:

5. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

V. Məhkəmənin mövqeyi:

6. İşin hallarından müəyyən edilir ki, İddiaçı MMC (Servis) ilə fərdi sahibkar Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ******* nömrəli Sublisenziya müqaviləsinə əsasən Servis tərəfindən sərnişin və baqaj daşımaları, yükləmə-boşaltma işləri, yüklərin daşınması xidmətinə olan tələbat barədə aktual məlumatlar ehtiva edən məlumatlar toplusundan istifadə hüququnun verilməsi qaydası təsbit edilir.

7. İddiaçı MMC ilə fərdi sahibkar Cavabdeh arasında xx.xx.2024-cü il tarixli Borc müqaviləsi bağlanmış, həmin müqavilə əsasında tərəflər arasında bağlanmış xx.xx.2023cü il tarixli, ******* nömrəli Sublisenziya müqaviləsinə xitam verilmiş, Cavabdeh İddiaçı MMC-yə 1,042.49 manat məbləğində borcu olduğu göstərilmişdir. Borc müqaviləsinin 1.4cü maddəsinə əsasən borcalan Cavabdeh ödəniş qrafikinə uyğun olaraq xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 260.62 manat məbləğində pul öhdəliyini 4 ay müddətində, yəni xx.xx.2024-cü il tarixədək icra etməyi öhdəsinə götürmüşdür.

8. İş materiallarına əlavə edilmiş ödəniş tapşırıqlarından görünür ki, borclu Cavabdeh tərəfindən müxtəlif vaxtlarda İddiaçı MMC-yə ödəniş edilmişdir.

9. İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli pretenziya məktubuna əsasən Cavabdeh İddiaçı MMC-yə qalan 519,60 manat məbləğində borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.

10. Məhkəmə əvvəlcə tərəflər arasında bağlanmış borc müqaviləsinin həqiqiliyinə qiymət verərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə hər iki tərəfin imza və möhürləri ilə rəsmiləşdirilmiş, tərəflərin həqiqi hüquqi iradə ifadələrini əks etdirməklə etibarsız olmamışdır. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən xx.xx.2023-cü tarixli sublisenziya müqaviləsinə əsasən cavabdehin iddiaçıya 1042,49 manat borcu olduğu qeyd edilmişdir. 1.3-cü bəndinə əsasən isə borcalan 1042,49 manat məbləğində borcu olduğunu qəbul edir və xx.xx.2024-cü il tarixinədək pul vəsaitini tam şəkildə nağd və ya köçürmə yolu ilə geri qaytarmağıöz öhdəliyinə götürür. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən tərəflər müqavilə üzrə ödəniş qrafikini müəyyən edirlər. Həmin qrafik üzrə borcalan hər ay 260.62 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh tərəfindən həmin müqavilə üzrə öhdəliklər tam şəkildə icra edilməmiş, iddiaçıya ödənilməli olan vəsait tam şəkildə ödənilməmişdir .

11. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış borc müqaviləsindən irəli gəlir. Cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya borc müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

12. Məhkəmə qeyd edir ki, cavabdeh tərəf borcun ödənilməsi ilə bağlı hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir.

13. Qeyd olunan normaların tələblərini və yuxarıda göstərilənləri rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia əsaslıdır və iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli Borc müqaviləsi üzrə 319 manat borc Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

14. Bundan başqa, məhkəmə qeyd edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

15. Beləliklə, iddianın təmin olunması barədə qətnamə qəbul edilməlidir.

Vİ. Nəticə:

16. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh 319 manat borc və 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim : Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar