Məhkəmə qərarları › İş №e-2-2(117)-1674/2022

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1674/2022

27.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1674/2022 27.12.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “9167,42 manat əsas borcun, 236,82 manat faiz borcunun, kredit müqaviləsinin müddəti bitdikdən sonra AR Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən hesablanmış 2622,55 manat məbləğ olmaqla, cəmi 12026,79 manat faiz borcunun, 200 manat mediasiya xərcinin, ipoteka predmetinə tutmanın qeydiyyata alınması üçün istifadə edilən 45 manat dövlət rüsumunun cavabdehdən tutulması, tutmanın ipoteka predmeti ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan İsmayıllı rayonu, Tircan kəndində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetindən əldə olunmuş vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldildikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq, alıcıya təhvil verilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “9167,42 manat əsas borcun, 236,82 manat faiz borcunun, kredit müqaviləsinin müddəti bitdikdən sonra AR Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən hesablanmış 2622,55 manat məbləğ olmaqla, cəmi 12026,79 manat faiz borcunun, 200 manat mediasiya xərcinin, ipoteka predmetinə tutmanın qeydiyyata alınması üçün istifadə edilən 45 manat dövlət rüsumunun cavabdehdən tutulması, tutmanın ipoteka predmeti ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan İsmayıllı rayonu, Tircan kəndində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetindən əldə olunmuş vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldildikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq, alıcıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə “iddia müddətinin tətbiq edilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, qanunvericiliyin tələblərinə əsasən əsas tələb üzrə iddia müddəti ötmüşdür. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, bankdan kredit götürmüş, müəyyən müddət ödənişlər etmişdir. Lakin sonradan ödəniş edə bilməmişdir. Borcun restruktrizasiyası ilə bağlı Banka ünvanlanmış sənəddəki imza ona məxsus deyildir. Bununla belə Bank iddia müddətini ötürmüşdür. Bununla bağlı ərizə təqdim edilmişdir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı məhkəmə iclasında özünün və nümayəndəsinin iştirakını təmin etməmiş, ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır. Tərəflər arasında xx.xx.2013-cü il tarixdə bağlanan kredit müqaviləsinə əsasən bank borc alana, Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına illik 6%-lə hesablanmaq şərtilə, 36 ay müddətinə, 18 ay güzəşt müddətilə 15 000 manat məbləğində kredit verməyi, borcalan krediti qəbul edərək, müqavilədə göstərilən müddətdə və qaydada, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri banka qaytarmağı öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə borcalan kredit və ona hesablanmış faizləri ödəniş qrafikinə (Əlavə 1) nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1% həcmində cərimə və vaxtı keçmiş kredit üzrə 2%-i ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1.5-ci bəndinə əsasən borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə bankın müqavilə ilə nəzərdə tutulan kreditin verilməsini dayandırmaq və ya verimiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faizi və dəbbə pulu daxil olmaqla kredit və faiz borcunu krdit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı (girov, ipoteka, zaminlik və s) və borcalanın digər daşınar və daşınmaz əmlakları hesabına ödənilməsini tələb etmək hüququ vardır. xx.xx.2013-cü il tarixli 0609/13/SKMF nömrəli ipoteka müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi ipoteka qoyan qismində Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş RX ******* seriya nömrəli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə ona məxsus İsmayıllı rayonu, Tircan kəndində yerləşən fərdi yaşayış evini bankın xeyrinə ipoteka ilə yüklü etməyi və müvafiq dövlət orqanlarında yüklülük qeydiyyatının aparılmasını üzərinə götürmüşdür. Müqavilə üzrə ipoteka predmetinin dəyəri (tərəflərin razılığı ilə) 23 700 manat məbləğində müəyyən edilmişdir. "xxxx" MMC-nin tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2022-ci il tarixli ƏEM/D 54-867/22 nömrəli mütəxəssis rəyinə əsasən cavabdehə məxsus İsmayıllı rayonu, Tircan kəndində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti üçün likvid dəyərini 61 000 manat müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixə müqavilə üzrə əsas borc 9167,42 manat, hesablanmış faiz 236 manat və gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 2262,55 manat təşkil edir. RX seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarışdan görünür ki, İsmayıllı rayonu, Tircan kəndində yerləşən və Cavabdeh məxsus olan fərdi yaşayış evi xx.xx.2013-xx.xx.2016-cı il tarixlərində İddiaçı ASC-nin İsmayıllı filialının xeyrinə yüklü edilmişdir. Cavabdeh Sovxan oğlunun xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixədək ödəniş barədə məlumat hesab çıxarışından məlum olur ki, Ərəstün Abbasov kredit borcu üzrə sonuncu dəfə xx.xx.2015-ci il tarixdə 480 manat məbləğində ödəniş etmişdir. İddiaçı tərəfindən aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: xx.xx.2013cü il tarixli kredit müqaviləsi və ipoteka müqaviləsi, DƏDRX-in çıxarışı, maliyyə arayışı, ödəniş cədvəli, hesabdan çıxarışlar, mütəxəssis rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2-ci maddənin 1 və 2-ci bəndləri, 448.1, 739.2). Mülki Məcəllənin: 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2013-cü il tarixdə bağlanan kredit müqaviləsinə əsasən bank borcalana, Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına illik 6%-lə hesablanmaq şərtilə, 36 ay müddətinə, 18 ay güzəşt müddətilə 15 000 manat məbləğində kredit verməyi, borcalan krediti qəbul edərək, müqaviləəd göstərilən müddətdə və qaydada, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri banka qaytarmağı öz öhdəsinə götürmüşdür.Müqavilə üzrə borcalan kredit və ona hesablanmış faizləri ödəniş qrafikinə (Əlavə 1) nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1% həcmində cərimə və vaxtı keçmiş kredit üzrə 2%-i ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1.5-ci bəndinə əsasən borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə bankın müqavilə ilə nəzərdə tutulan kreditin verilməsini dayandırmaq və ya verimiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faizi və dəbbə pulu daxil olmaqla kredit və faiz borcunu kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı (girov, ipoteka, zaminlik və s) və borcalanın digər daşınar və daşınmaz əmlakları hesabına ödənilməsini tələb etmək hüququ vardır. xx.xx.2013-cü il tarixli 0609/13/SKMF nömrəli ipoteka müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi ipoteka qoyan qismində Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş RX ******* seriya nömrəli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə ona məxsus İsmayıllı rayonu, Tircan kəndində yerləşən fərdi yaşayış evini bankın xeyrinə ipoteka ilə yüklü etməyi və müvafiq dövlət orqanlarında yüklülük qeydiyyatının aparılmasını üzərinə götürmüşdür. Müqavilə üzrə ipoteka predmetinin dəyəri (tərəflərin razılığı ilə) 23 700 manat məbləğində müəyyən edilmişdir. İş materialları ilə 06.2022-ci il tarixə müqavilə üzrə əsas borc 9167,42 manat, hesablanmış faiz 236 manat və gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 2262,55 manat təşkil edir. "xxxx" MMC-nin tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2022-ci il tarixli ƏEM/D 54-867/22 nömrəli mütəxəssis rəyinə əsasən cavabdehə məxsus İsmayıllı rayonu, Tircan kəndində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti (likvid dəyəri) 61 000 manat müəyyən edilmişdir. Qeyd edilən hallar iş materialları ilə sübut olunur. Lakin cavabdeh xx.xx.2022-ci il tarixdə “iddia müddətinin tətbiq edilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, qanunvericiliyin tələblərinə əsasən əsas tələb üzrə iddia müddəti ötmüşdür. Məhkəmə cavabdehin ərizəsini nəzərdən keçirib qeyd edir ki, hazırkı tələb üzrə iddia müddəti ötürüldüyündən, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə ilkin olaraq qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin xx.xx.2013-cü il tarixdə bağlandığından 36 ay kredit müqaviləsinin qüvvədə olma müddəti xx.xx.2016-cı il tarixdə bitmiş və kredit götürən şəxs həmin tarixədək (xx.xx.2015-ci il tarix sonuncu ödəniş iş vərəqi səhifə 27) ödənişlər etmiş, qeyd edilən tarixdən sonra hər hansı ödənişlər edilməmişdir. Bu işin mübahisələndirilməyən halıdır. İşin mübahisələndirilən halları ilə bağlı aşağıdakı məsələlərə məhkəmə aydınlıq gətirilməsini və hüquqi qiymət verilməsini zəruri hesab edir:

1. İddiaçının nümayəndəsi tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə ünvanlanan etiraz ərizəsində qeyd edilmişdir ki, hazırki mübahisə ilə bağlı daha əvvəl İsmayıllı rayon məhkəməsinə müraciət olunmuş, həmin məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə Cavabdeh verilən kredit AR Prezidentinin “AR fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşdüyü səbəbindən məhkəmə tərəfindən geri qaytarılmışdır. Həmçinin, bildirmişdir ki, cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək kredit müqaviləsi üzrə qalıq borcun restruktruzasiya olunmasını xahiş etsə də, sonradan müqavilə bağlamaqdan imtina etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, əvvəla İsmayıllı rayon Məhkəməsində iddiaçı tərəfindən iddia qaldırılması və məhkəmənin qərarı iş materialları ilə sübut olunmur. Digər tərəfdən sübut olunsa belə etiraz ərizəsindən görünür ki, iddia ərizəsi geri qaytarılmışdır. Yəni, iddiaçının hər hansı formal xətalara yol verməsi səbəbindən mahiyyəti üzrə işə baxılmamışdır. Bu halda iddia müddətinin axımı kəsilmir və davam edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(102)- 395/2022 nömrəli qərarında bu məsələyə hüquqi mövqeyindən görünür ki, müvafiq məhkəməyə müraciət edərkən işə mahiyyəti üzrə baxılmadıqda, Mülki Məcəllənin 381.1-ci maddəsinə istinad edilərək iddia müddətinina axımı kəsilmir və iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam etdiyi qəbul edilir.

2. Cavabdehin “Borc məbləğinin restruktruzasiya olunmasına dair” ərizədəki imzanın ona məxsus olmaması iddiasına münasibətdə məhkəmə bildirir ki, həmin ərizə xx.xx.2019-cu il tarixdə imzalanmış və ən geci xx.xx.2019-cu il tarixdə iddiaçının ərizədən məlumatı olmuşdur. Bununla bağlı əlavə məhkəmə araşdırılmasına ehtiyac olmadığından ekspertiza təyin edilməmişdir. Belə ki, ərizənin imzalanmış olması etirafedici hərəkət olsa belə, hər bir halda iddia müddəti keçdiyindən imzanın cavabdehə məxsus olubolmamasının heç bir hüquqi əhəmiyyəti yoxdur. Belə ki, hazırki iddia üzrə müqavilə üzrə icra müddəti xx.xx.2016-cı il tarixdə bitmiş və iddia müddəti xx.xx.2016-cı il tarixdən hesablanmağa başlamışdır. Cavabdeh xx.xx.2019-cu il tarixli “Borc məbləğinin restruktruzasiya olunmasına dair” ərizəsi xx.xx.2019-cu il tarixdə İddiaçı ASC-yə daxil olmuş və ən geci həmin tarixdən iddiaçının ərizədən məlumatı olmuşdur. Həmin tarixdən iddia müddətinin axımı kəsilmiş və yenidən başlamışdır. Həmin ərizənin kim tərəfindən imzalanmasının iddia müddətinin tətbiqinə münasibətdə heç bir hüquqi əhəmiyyəti yoxdur. Belə ki, hər bir halda iddia müddəti ötürülmüşdür. Həmin ərizənin cavabdeh tərəfindən imzalanmamış olması isə ümumiyyətlə iddia müddətinin axımının kəsilməsinə səbəb olmamışdır və o halda iddia müddəti xx.xx.2016-cı il tarixdən hesablanmalıdır. Məhkəmə həmin ərizənin cavabdeh tərəfindən imzalanması ehtimalını qəbul etsə belə, yəni iddia müddətinin axımının başlanmasını xx.xx.2019-cu il tarixdən hesablasa belə iddia müddəti ötürülmüşdür. Mülki Məcəllənin: 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. 381.2. Əgər cinayət işində irəli sürülmüş iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı iddianı baxılmamış saxlayan hökm qanuni qüvvəyə minənədək dayandırılır. Müddətin dayandırıldığı vaxt iddia müddətinə daxil edilmir. Bu zaman müddətin qalan hissəsi altı aydan az olduqda altı aya qədər uzadılır. Məhkəmə yuxarıda qeyd edilənləri ümumiləşdirərək belə nəticəyə gəlir ki, iddia müddətinin axımı xx.xx.2019-cu il tarixdən başlanılmış hesab edilsə belə iddia müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. İddiaçı isə məhkəməyə iddia müddətini ötürərək, xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia müddəti ötürüldüyündən iddia tələbi rədd edilməlidir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 126,08 manat olmalıdır ki, iddia tələbi rədd edildiyindən ödənilməmiş 126,08 manat dövlət rüsumu bütövlükdə iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin, ipoteka predmetinə tutmanın qeydiyyata alınması barədə 45 manat dövlət rüsumu və 200 manat mediasiya xərci iddia tələbi təmin edilmədiyindən iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Məhkəmə qeyd edilən qanunvericiliyin normalarından çıxış edərək hesab edir ki, ipoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış və məhkəmənin əsas götürdüyü tədqiqatın dəyəri 200 manat qəbul edilməklə, həmin məbləğ iddiaçıdan tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir.

Nəticəvi hissə: Şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “9167,42 manat əsas borcun, 236,82 manat faiz borcunun, kredit müqaviləsinin müddəti bitdikdən sonra AR Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən hesablanmış 2622,55 manat məbləğ olmaqla, cəmi 12026,79 manat faiz borcunun, 200 manat mediasiya xərcinin, ipoteka predmetinə tutmanın qeydiyyata alınması üçün istifadə edilən 45 manat dövlət rüsumunun cavabdehdən tutulması, tutmanın ipoteka predmeti ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan İsmayıllı rayonu, Tircan kəndində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkinmsatış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsitin kredit borcuna yönəldilməsi və ipoteka predmetindən əldə olunmuş vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldildikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq, alıcıya təvil verilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar