Məhkəmə qərarları › İş №e-2-2(117)-1681/2024

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1681/2024

02.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1681/2024 02.12.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızı, iddiaçı “X3 X4 Sanayi və Dış Ticaret LTD”-nin Azərbaycan filialının cavabdeh X1rşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı “X3 X4 Sanayi və Dış Ticaret LTD”-nin Azərbaycan filialı cavabdeh X1rşı “X3 X4 Sanayi və Dış TicaretLTD”Azərbaycan filialına əsassız yazılmış 20 000 manat borcun silinməsi, məhkəmə məsrəflərini təşkil edən 150 manat dövlət rüsumu məbləğinin və 520 manat vəkilə ödənilən haqqın cavabdeh “Azəriqaz” istehsalat Birliyindən iddiaçının xeyrinə tutulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı “X3 X4 Sanayi və Dış Ticaret LTD”-nin Azərbaycan filialının hüquqi şəxslərin dövlət reyestrindən verilmiş çıxarış və ya səlahiyyətli dövlət orqanının verdiyi sənəd əsasında mövcud olmasını (ləğv olunmamasını) və fəaliyyət göstərdiyini müəyyən edən, həmçinin iddia ərizəsində göstərilmiş iddiaçıya hesablanmış cərimənin yaranması barədə sənədlər (iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş akt və tələbnamə, abonentin saldosu) iddia ərizəsinə əlavə edilməmişdir. Bu səbəbdən cavabdeh kimi göstərilən xarici hüquqi şəxsin filialının mövcud olmasını (ləğv olunmamasını) və fəaliyyət göstərdiyini müəyyən etmək mümkün olmamışdır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 4.1. Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurum, habelə xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı dövlət qeydiyyatına alınmalı və dövlət reyestrinə daxil edilməlidir. Kommersiya təşkilatları, publik hüquqi şəxslər, habelə xarici hüquqi şəxslərin nümayəndəlikləri və ya filialları yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə bilərlər. Onların dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.11] 4.2. Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və ya filialları və digər qurumları dövlət reyestrinə daxil edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 442.1. Xarici hüquqi şəxslərin prosessual hüquq və fəaliyyət qabiliyyəti yaradıldığı xarici dövlətin bu şəxslərin yaradılması üçün əsas olmuş qanunu ilə müəyyən edilir. Bu qanuna əsasən prosessual hüquq qabiliyyətinə malik olmayan xarici hüquqi şəxs Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının qanununa müvafiq olaraq hüquq qabiliyyətli hesab edilə bilər. 442.2. Beynəlxalq təşkilatın prosessual hüquq və fəaliyyət qabiliyyəti bu təşkilatın yaradılması üçün əsas olmuş beynəlxalq müqavilə, onun təsis sənədləri və ya Azərbaycan Respublikasının səlahiyyətli dövlət orqanı ilə bağlanmış sazişlə müəyyən edilir. 443.0. Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: 443.0.1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 15/2023 nömrəli, “14” dekabr 2023-cü il tarixli Qərarı : 1.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikitərəfli və çoxtərəfli beynəlxalq müqavilələrdə fərqli qayda nəzərdə tutulmamışdırsa, xarici şəxslərin prosessual hüquq və fəaliyyət qabiliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi əsasında müəyyən edilir. 3.7. Prosessual qənaət prinsipi baxımından kommersiya məhkəməsinin beynəlxalq səlahiyyəti müəyyən edilmədən, iddia ərizəsinin MPM-in 149 və 150-ci maddələrinin tələblərinə uyğunluğu yoxlanıla bilməz. Əgər məhkəmənin işə baxmaq üçün beynəlxalq səlahiyyəti varsa, lakin iddia ərizəsi MPM-in 149 və 150-ci maddələrinin tələblərinə cavab vermirsə, iddia ərizəsinin geri qaytarılması barədə qərardadda ilk növbədə məhkəmənin beynəlxalq səlahiyyəti ilə bağlı hüquqi əsaslandırma aparılmalı, yalnız bundan sonra iddia ərizəsinin geri qaytarılmasına dair mövqe bildirilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə cavabdeh qismində “Azəriqaz” istehsalat Birliyi elektron ərizənin məzmununda göstərilsə də, lakin onun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə uyğun olaraq şəxsi məlumatları və adı elektron iddia ərizəsində qeyd edilməmiş, həmçinin Elektron Məhkəmə İnformasiyaları Sisteminə iddiaçı tərəfindən cavabdeh qismində əlavə edilməmişdir. Bu da, məhkəmə tərəfindən iş üzrə icraat aparılan zaman məhkəmə sənədlərinin cavabdehə çatdırılması prosesinin mümkünsüz edir. Nəticə etibarı ilə məhkəmə hesab edir ki, iddia ərizəsinin forma və məzmununa iddiaçı tərəfdən riayət olunmamışdır. Bu səbəbdən iddia ərizəsi və ona əlavə edilən sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iş üzrə cavabdeh qismində “Azəriqaz” İstehsalat Birliyi elektron ərizənin məzmununda göstərilsə də, lakin onun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə uyğun olaraq şəxsi məlumatları və adı elektron iddia ərizəsində qeyd edilməmiş, həmçinin, Elektron Məhkəmə İnformasiyaları Sisteminə iddiaçı tərəfindən cavabdeh qismində əlavə edilməmişdir. Bu da, məhkəmə tərəfindən iş üzrə icraat aparılan zaman məhkəmə sənədlərinin cavabdehə çatdırılması prosesinin mümkünsüz edir. Nəticə etibarı ilə məhkəmə hesab edir ki, iddia ərizəsinin forma və məzmununa iddiaçı tərəfdən riayət olunmamışdır. Bu səbəbdən iddia ərizəsi və ona əlavə edilən sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılır. Bundan başqa məhkəmə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna münasibətdə qeyd edir ki, hazırki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarıldığından ödənilmiş 150 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qərardad rəsmi qaydada təqdim edildikdən sonra “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli 98 nömrəli Qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”na əsasən ödənilmiş Dövlət rüsumunun büdcədən qaytarılması üçün ərizə ilə Dövlət rüsumunun ödənildiyi xəzinədarlıq orqanına müraciət edilməlidir. İddiaçının diqqətinə çatdırılır ki, yuxarıda qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada Mülki Prosessual Məcəllənin hazırda qüvvədə olan normalarının tələblərinə riayət edilməklə yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı “X3 X4 Sanayi və Dış Ticaret LTD”-nin Azərbaycan filialının X1rşı “X3 X4 Sanayi və Dış TicaretLTD”Azərbaycan filialına əsassız yazılmış 20 000 manat borcun silinməsi, məhkəmə məsrəflərini təşkil edən 150 manat dövlət rüsumu məbləğinin və 520 manat vəkilə ödənilən haqqın cavabdeh “Azəriqaz “ istehsalat Birliyindən iddiaçının xeyrinə tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı “X3 X4 Sanayi və Dış Ticaret LTD”-nin Azərbaycan filialı tərəfindən xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzlə “Asan Pay” ödəniş sistemi vasitəsi ilə ödənilmiş 150 manat dövlət rüsumu “X3 X4 Sanayi və Dış Ticaret LTD”-nin Azərbaycan filialına dövlət büdcəsindən qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar