Məhkəmə qərarları › İş №e-2-2(117)-17/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-17/2024

01.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-17/2024 01.08.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərdən müştərək qaydada 13 Mart 2023-cü il tarixli, RB/MFMK0119 saylı kredit müqaviləsi üzrə əsas kreditə görə 19247,15 manat, faiz borcuna görə 1790,58 manat, cərimə borcuna görə 419,46 manat, cəmi 21457,19 manat məbləğində pulun və ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 200 manat məbləğində pulun İddiaçı ASCnin xeyrinə tutulması, tələbin Cavabdeh2 məxsus 2015-ci il buraxılışlı, ban 3FA6P0HD6FR251553 olan, göy metallik rəngli, ** TP *** qeydiyyat nişanlı, Sedan tipli Ford Fusion minik markalı nəqliyyat vasitəsinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 13 Mart 2023-cü il tarixli, RB/MFMK-0119 saylı kredit müqaviləsi üzrə cəmi 21 457,19 manat və ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 200 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan 13 Mart 2023-cü il tarixli, RB/MFMK-0119saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə tutulması” tələbi üzrə mübahisəyə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq qətnamə qəbul etdi. Təsviri hissə: xx.xx.2023-cü il tarixli, RB/MFMK-0119 nömrəli Baş kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdə iddiaçı bankla Cavabdeh1 arasında bağlanmış kredit razılaşmasına əsasən sonuncuya dövriyyə vəsaitlərinin artırılması məqsədilə 24 ay müddətinə illik faiz dərəcəsi 20 % olmaqla 20000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 2.13.1-ci bəndinə əsasən bu müqavilə üzrə kreditin müddəti ərzində kreditin ödəniş cədvəli üzrə ödənişlərin gecikməsi zamanı vaxtında ödənilməmiş məbləğin 1 % həcmində dəbbə pulu hesablanır. Eyni zamanda xx.xx.2023-cü il tarixli, RB/MFMK-0119 nömrəli Baş kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdə "xxxx" QSC ilə Cavabdeh1 arasında borcalan kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə həmin müqavilədən irəli gələn öhdəliklərin tam yerinə yetirilməsi barədə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən 19247,15 manat, faiz borcuna görə 1790,58 manat, cərimə borcuna görə 419,46 manat borcu qalmışdır. Borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, 13 Mart 2023-cü il tarixli, RB/MFMK-0119 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Bu səbəbdən hazırki tələbə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı pretenziya sənədi ilə cavabdehlərdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onlara xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmışdır. Borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq xx.xx.2023-cü il tarixli, RB/MFMK-0119 nömrəli ipoteka müqaviləsinə üzrə göstərilmiş Cavabdeh2 mülkiyyətində olan 2015-ci il buraxılışlı, ban 3FA6P0HD6FR251553 olan, göy metallik rəngli, ** TP *** qeydiyyat nişanlı, Sedan tipli, Ford Fusion minik markalı nəqliyyat vasitəsi ipoteka predmeti kimi yüklü edilmişdir. İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən 148421 nömrəli çıxarışdan görünür ki, ** TP *** qeydiyyat nişanlı, Ford Fusion minik markalı nəqliyyat vasitəsi Cavabdeh2 mülkiyyətindədir və həmin nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdən xx.xx.2028-ci il tarixədək ipoteka ilə yüklü edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 9/354 nömrəli ekspert rəyinə əsasən xx.xx.2023-cü il tarixə əsas borc 19553,18 manat, faiz borcu 1738,06 manat təşkil etmiş, cərimənin hesablanması ilə bağlı hər hansısa məlumat təqdim edilmədiyindən cərimə borcu hesablanmışdır. İşin məhkəmə araşdırması zamanı Əmlak Ekspert Mərkəzi MMC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən ipoteka predmeti olan 2015-ci il buraxılışlı, ban 3FA6P0HD6FR251553 olan, göy metallik rəngli, ** TP *** qeydiyyat nişanlı, Sedan tipli, Ford Fusion minik markalı nəqliyyat vasitəsinin likvid dəyəri xx.xx.2023-cü il tarixə 24150 manat müəyyən edilmiş, xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən ipoteka predmeti olan 2015-ci il buraxılışlı, ban 3FA6P0HD6FR251553 olan, göy metallik rəngli, ** TP *** qeydiyyat nişanlı, Sedan tipli, Ford Fusion minik markalı nəqliyyat vasitəsinin bazar dəyəri xx.xx.2023-cü il tarixə 25500 manat müəyyən edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakı olmadan baxılmasını xahiş etmiş, Cavabdeh1 vəkili məhkəmə iclasının iştirakı olmadan keçiriməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Cavabdeh2 məhkəmə iclasna gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Kredit razılaşması, Zaminlik müqaviləsi, İpoteka müqaviləsi, Arayış, İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən 148421 nömrəli çıxarış, Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, Pretenziya və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin kredit razılaşması üzrə 12814.72 manat əsas borcun və 419,46 manat cərimə borcunun ödənilməsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissələrdə əsaslıdır və təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448.1, 470.1, 472.1, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borc verən borcalan Cavabdeh1 qarşısında kredit razılaşmasından irəli gələn öhdəliyini yerinə yetirsə də, sonuncu öhdəliyini lazımınca yerinə yetirmədiyindən onun 19247,15 manat əsas borcu qalmışdır. Kredit razılaşmasının 2.13.1-ci bəndinə əsasən bu müqavilə üzrə kreditin müddəti ərzində kreditin ödəniş cədvəli üzrə ödənişlərin gecikməsi zamanı vaxtında ödənilməmiş məbləğin 1 % həcmində dəbbə pulu hesablanır ki, hazırki iddia tələbi üzrə əsas borcun 5 %-i həddində cərimə borcunu hesabladıqda (962 manat) iddiaçının tələb etdiyi məbləğdən çox olur ki, göründüyü kimi iddiaçı 419,46 manat cərimə borcunu düzgün hesablamış və bu səbəbdən 419,46 manat borcunu cavabdehlərdən tələb etməkdə haqlıdır. Zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıdığından və zaminlik müqaviləsi qüvvədə olduğundan 19247,15 manat əsas borc və 419,46 manat cərimə borcu cavabdehlərdən müştərək qaydada tutularaq kredit təşkilatına ödənilməlidir. Məhkəmə tələbin 1790,58 manat faiz borcunun ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 9/354 nömrəli ekspert rəyinə əsasən xx.xx.2023-cü il tarixə əsas borc 19553,18 manat, faiz borcu 1738,06 manat təşkil etmişdir. İddiaçı isə hazırki vəziyyətdə 1790,58 manat faiz borcunun ödənilməsini iddia edir ki, ekspert rəyindən də göründüyü kimi xx.xx.2023-cü il tarixə faiz borcu 1738,06 manat təşkil etmişdir. İddiaçının tələb etdiyi məbləğ ekspert rəyində qeyd edilmiş faiz borcundan çox olduğundan məhkəmə ekspert rəyi ilə müəyyən olunmuş faiz borcunu əsas götürüb hesab edir ki, 1738,06 manat faiz borcu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “Cavabdeh2 məxsus 2015-ci il buraxılışlı, ban 3FA6P0HD6FR251553 olan, göy metallik rəngli, ** TP *** qeydiyyat nişanlı, Sedan tipli Ford Fusion minik markalı nəqliyyat vasitəsinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 13 Mart 2023-cü il tarixli, RB/MFMK-0119 saylı kredit müqaviləsi üzrə cəmi 21 457,19 manat və ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 200 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 1.0.1-ci bəndinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 6.1-ci bəndinə əsasən ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alman daşınar əşya ola bilər. 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə qeyd edir ki, ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən 148421 nömrəli çıxarışdan görünür ki, ** TP *** qeydiyyat nişanlı, Ford Fusion minik markalı nəqliyyat vasitəsi Cavabdeh2 mülkiyyətindədir və həmin nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdən xx.xx.2028-ci il tarixədək ipoteka ilə yüklü edilmişdir. Göründüyü kimi Cavabdeh2 mülkiyyətində olan cavabdeh 2015-ci il buraxılışlı, ban 3FA6P0HD6FR251553 olan, göy metallik rəngli, ** TP *** qeydiyyat nişanlı, Sedan tipli Ford Fusion minik markalı nəqliyyat vasitəsi müvafiq qaydada reyesterdə qeydə alınmışdır ki, həmin nəqliyyat vasitəsi rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşya olduğundan “İpoteka haqqında” Qanunun 1.0.1-ci bəndi üzrə ipoteka hesab olunduğundan hazırki vəziyyətdə ipoteka predmeti kimi yüklü edilə bilər. Şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmış və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin 2015-ci il buraxılışlı, ban 3FA6P0HD6FR251553 olan, göy metallik rəngli, ** TP *** qeydiyyat nişanlı, Sedan tipli Ford Fusion minik markalı nəqliyyat vasitəsinə yönəldilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış (likvid) qiyməti, əmlakın likvid dəyəri ilə götürülərək 24150 manat məbləğində müəyyən edilməli və həmin əmlak açıq hərraclar vasitəsi ilə satılmalıdır. Belə ki, İpoteka haqqında Qanunun 1.0.9-cu maddəsinə əsasən, ilkin satış qiyməti bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Bundan başqa, iddia tələbinin “satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalan məbləğin Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulması” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, İpoteka haqqında Qanunun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Göründüyü kimi satışdan əldə olunan vəsaitin borcun ödənilməsinə kifayət etməməsi halına dair qanunvericiliyin tənzimləməsi mövcuddur ki, ehtimalən belə olduğu təqdirdə icra qurumu tərəfindən məhkəmə qətnaməsinin pulun tutulması hissəsinə münasibətdə icra tədbirləri davam etdirilir. Məhkəmə yalnız pulun tutulması və tutulmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı mübahisəyə baxmalıdır. Digər məsələlər isə İcra Haqqında və İpoteka haqqında Qanunların tələbi baxımından icra qaydasında həllini tapan məsələlərdir. Məhkəmə qətnaməsi özündə mübahisə edilən hüquq münasibətləri ilə bağlı ehtimallara deyil, mövcud vəziyyətə əsaslanmalı olduğundan məhkəmə hesab edir ki, iddia qiymət verilən hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. Bu səbəbdən də məhkəmə hesab edir ki, ipoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 200 manat pul, eləcə də, ekspertiza xərci olan 100 manat vəsait cavabdehlərdən tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehlərdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 8.2-ci maddələrinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 154.37 manat olmalıdır. İddia qismən təmin edildiyindən 154.37 manat dövlət rüsumunun 0,38 manat hissəsi iddiaçıdan, 153.99 manat hissəsi cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddiaçı tərəfindən 200 manat mediasiya xərci ödənilmiş və iddiaçı həmin məbləği cavabdehlərdən tələb etmişdir ki, 200 manat mediasiya xərci cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Sonda məhkəmə onu qeyd edir ki, 200 manat mediasiya xərci cavabdehlərdən tutularaq iddiaçıya, 153.99 manat dövlət büdcəsinə və iddiaçıdan 0,38 manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin məhkəmə qətnamənin icra mərhələsində icraata qənaət prinsipindən çıxış edərək hesab edir ki, qətnamənin vaxtında icrasının təmin edilməsi məqsədilə cavabdehlərdən mediasiya xərci üçün ödənilmiş 200 manat məbləğdən, iddiaçının dövlət büdcəsinə ödəməli olduğu 0,38 manat dövlət rüsumu çıxılmaqla 199,62 manat tutularaq iddiaçıya ödənilməli, həmin vəsaitin qalan 0,38 manat hissəsi isə cavabdehlər tərəfindən ödənilməli olan 153.99 manat dövlət rüsumuna əlavə edilməklə cəmi 154,37 manat dövlət rüsumu bütöv şəkildə cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 19247,15 manat əsas borc, 1738,06 manat faiz borcu, 419,46 manat cərimə borcu və 199,62 manat mediasiya xərci tutularaq idddiaçı İddiaçı ASC-yə ödənilsin. Borc məbləği Cavabdeh2 məxsus 2015-ci il buraxılışlı, ban 3FA6P0HD6FR251553 olan, göy metallik rəngli, ** TP *** qeydiyyat nişanlı, Sedan tipli Ford Fusion minik markalı nəqliyyat vasitəsinə yönəldilsin. İpoteka predmeti olan 2015-ci il buraxılışlı, ban 3FA6P0HD6FR251553 olan, göy metallik rəngli, ** TP *** qeydiyyat nişanlı, Sedan tipli Ford Fusion minik markalı nəqliyyat vasitəsi likvid dəyəri 24150 manat müəyyən edilsin və həmin nəqliyyat vasitəsi açıq hərraclar vasitəsi ilə satılsın. Satışdan əldə edilmiş vəsait cavabdehlərin "xxxx" QSC-yə olan borcunun ödənilməsinə yönəldilsin. İddia qalan hissələrdə rədd edilsin. Ödənilməmiş 154,37 manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə təyin edilmiş məhkəmə ekspertizasının dəyəri olan 100 manat ekspertiza xərci cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq dövlət büdcəsinə (keçiriləcək hesab: Büdcə təsnifatının kodu:142595, Büdcə səviyyəsinin kodu:3, SAP (XİİS) hesabı- X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22. Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE********************) ödənilsin. İpoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 200 manat pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq "xxxx" MMC-nin "xxxx" ASCdə olan bank hesabına (VÖEN: **********, Hesab Nömrəsi AZN: AZ68İBAZ********************, Bank: ABB ASC, VÖEN: **********, m/h – AZ035NABZ013501**********2944, kod – 805711, SWİFT – İBAZAZ2X) hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar