Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1706/2024 29.12.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “5534.39 manat məbləğində kredit borcu, 452.94 manat məbləğində faiz bоrcu və 1581.74 manat məbləğində penya olmaqla, ümumilikdə 7569.07 manat məbləğində bоrcun və 95.70 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “5534.39 manat məbləğində kredit borcu, 452.94 manat məbləğində faiz bоrcu və 1581.74 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 7569.07 manat məbləğində bоrcun və 95.70 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli əsas kredit limiti razılaşmasına əsasən kreditverən borcalana 500 000 manat məbləğində 120 ay müddətinə, xx.xx.2032-ci il tarixinədək kredit limiti açır və kredit limiti ilə müəyyən edilmiş şərtlər çərçivəsində bu əsas kredit razılaşmasını və/və ya razılaşmanın ayrılmaz tərkib hissəsi olan kredit razılaşmalarını imzalamaqla kredit verməyi öhdəsinə götürür. Həmin razılaşmanın 2.1-ci bəndinə görə kreditverən borcalan kredit üzrə öz öhdəliklərini icra etmədikdə və ya həmin öhdəlikləri müəyyən edilmiş müddətdə icra etmədikdə, bu əsas kredit limiti razılaşmasını və ayrılmaz tərkib hissəsi sayılan kredit razılaşmalarını vaxtından əvvəl ləğv edə, kredit borcunu, faizləri, cərimələri vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə, tələb icra olunmadıqda isə tələbi girova (ipotekaya) qoyulmuş əmlaka yönəldə bilər. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit razılaşmasına əsasən Kreditverən 20 000 manat olan krediti illik faiz dərəcəsi 20% olmaqla xx.xx.2024-cü il tarixinədək kredit alana verməyi, borc alan isə həmin kreditdən onun məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə bu razılaşmanın tərkib hissəsi olan ödəniş cədvəli üzrə krediti faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit üzrə FİFD (faktiki illik faiz dərəcəsi) 20.5 % nəzərdə tutulmuşdur. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2022ci il tarixindən xx.xx.2024-cü il tarixinədək hər ay 1019.82 manat, sonuncu ay isə 1019.87 manat məbləğində ödəniş etməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli 9FİZAM167329301 nömrəli (zamin Cavabdeh1) zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə bankla borclu – Cavabdeh2 arasında bağlanmış kredit limiti razılaşması və həmin razılaşmanın ayrılmaz tərkib hissəsi olan kredit razılaşmalarından irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür. 2.1-ci bəndinə əsasən zamin faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə və birgə məsuliyyət daşımasını bəyan etmişdir. Həmin müqavilələrin 3.1-ci bəndinə əsasən bu müqavilə zaminliyin icrasını təmin etdiyi kredit müqaviləsinin qüvvəyə mindiyi andan qüvvəyə minir və kredit müqaviləsinin qüvvədə olduğu müddət ərzində, o cümlədən kredit müqaviləsinin müddəti uzadıldıqda, uzadılmış müddət ərzində və kredit müqaviləsindən irəli gələn öhdəlik tam icra olunanadək qüvvədədir. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onların ödənilməmiş borcu qalmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 həmin tarixə 5534.39 manat əsas, 452.94 manat faiz və əsas borc üzrə hesablanmış 1581.74 manat cərimə borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada bildiriş xx.xx.2024-cü il tarixdə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvanı üzrə poçt vasitəsilə çatdırılmış, lakin cavabdehlər iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə, MPM-in 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit razılaşması, zaminlik müqaviləsi, maliyyə arayışı, hesabdan çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit razılaşmasına əsasən Kreditverən 20 000 manat olan krediti illik faiz dərəcəsi 20% olmaqla xx.xx.2024-cü il tarixinədək kredit alana verməyi, borc alan isə həmin kreditdən onun məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə bu razılaşmanın tərkib hissəsi olan ödəniş cədvəli üzrə krediti faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit üzrə FİFD (faktiki illik faiz dərəcəsi) 20.5 % nəzərdə tutulmuşdur. Cavabdeh tərəf öhdəliklərini yerinə yetirmədiyindən onların ödənilməmiş borcu qalmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 həmin tarixə 5534.39 manat əsas, 452.94 manat faiz və gecikdirilmə üçün hesablanmış 1581.74 manat cərimə borcu mövcuddur. xx.xx.2022-ci il tarixli 9FİZAM167329301 nömrəli (zamin Cavabdeh1) zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə bankla borclu – Cavabdeh2 arasında bağlanmış kredit limiti razılaşması və həmin razılaşmanın ayrılmaz tərkib hissəsi olan kredit razılaşmalarından irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsi konkret müddət müəyyən edilmədən bağlandığından Mülki Məcəllənin 477.0.4-cü maddəsinin 2-ci cümləsində müəyyən edilən 1 illik müddət bitmədiyindən məhkəmə cavabdehlər olan zaminlərə münasibətdə də tələbin təmin edilməsi nəticəsinə gəlmişdir. Yəni, hazırkı iş üzrə iddiaçı ləğv anınadək pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Cavabdehlər əsas və faiz borcuna münasibətdə hər hansı bir etirazını bildirməmiş və bu səbəbdən məhkəmədə bu məbləğlərlə bağlı əlavə araşdırma aparmamış, iddiaçının tələbində qeyd edilən məbləğin mövcud olmaması iş materialları ilə əlaqəli formada hər hansı bir şübhə yaratmamışdır. Məhkəmə iddia tələbinin “1581.74 manat məbləğində cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış əsas kredit limiti razılaşmasının 2.1-ci bəndinə görə kreditverən borcalan kredit üzrə öz öhdəliklərini icra etmədikdə və ya həmin öhdəlikləri müəyyən edilmiş müddətdə icra etmədikdə, bu əsas kredit limiti razılaşmasını və ayrılmaz tərkib hissəsi sayılan kredit razılaşmalarını vaxtından əvvəl ləğv edə, kredit borcunu, faizləri, cərimələri vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə tərəflərin mənafelərini nəzərə alıb tənasübsüz yüksək müəyyən edilən cərimə məbləğinin 50 manat həddində təmin edilməsini ədalətli və qanuni hesab edir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlərdən 5534.39 manat əsas borc, 452.94 manat faiz borcu, 50 manat cərimə borcu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən 95.70 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənilmiş və cavabdehlərdən tələb edilmişdir. İddia qismən təmin edildiyindən 79.11 manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, 16.59 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5534.39 manat məbləğində krеdit bоrcu, 452.94 manat məbləğində faiz bоrcu, 50 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 6 037,33 manat məbləğində bоrc və 79.11 manat dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim: Mübariz Hüseynov