Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1711/2022 22.12.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə iddiaçı və ya xxxx ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “1986,54 manat əsas borc, 1075,41 manat faiz borcu, 1380,44 manat məbləğində cərimə və kredit müqaviləsi bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan 287,84 manat faiz borcu, 7,31 manat dövlət rüsumu və 60 manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi” tələbi üzrə işə məhkəmənin binasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “1986,54 manat əsas borc, 1075,41 manat faiz borcu, 1380,44 manat məbləğində cərimə və kredit müqaviləsi bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən hesablanan 287,84 manat faiz borcu, 7,31 manat dövlət rüsumu və 60 manat mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh3 dövriyyə vəsaitinin artırılması məqsədilə 36 ay olan müddətinə 8000 manat kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qrafikə uyğun olaraq illik 29% olmaqla faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.5-ci bəndinə əsasən gecikdirilən borc məbləğinə cərimə kimi illik 58 % dərəcəsi, aylıq 4,83% dərəcəsi ilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilməlidir. 2.6-cı bəndinə əsasən kredit üzrə güzəşt müddəti nəzərdə tutulmamışdır. 3.4-cü bəndinə əsasən kredit üzrə faizlər pul vəsaitinin borcalanın ssuda hesabına köçürüldüyü təqvim tarixindən etibarən həmin vəsait məbləğinin kreditora tam ödənildiyi günə qədər hesablanır. 6.5-ci bəndinə əsasən müqavilə üzrə borc alanın öhdəliklərinin icrasının təminatı kimi Cavabdeh3 məxsus mal-qara, ev əşyaları, aptek, X1 tərəfindən verilən zaminlik və Cavabdeh2 tərəfindən verilən zaminlik müəyyən olunmuşdur. Həmçinin müqaviləyə əsaən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etmək hüququ vardır. Kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli 1 nömrəli əlavə sazişdən görünür ki, kreditin qalıq məbləği xx.xx.2018-ci il tarixədək 5054 manat müəyyən olunmuşdur. Kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 2 nömrəli əlavə sazişdən görünür ki, xx.xx.2019-cu il tarixədək borc restrukturizasiya olunaraq 2920,99 manat əsas borc və 506,92 manat faiz borcu olmaqla, cəmi 3427,91 manat müəyyən olunmuşdur. xx.xx.2013-cü il tarxili ZM-1620-13 nömrəli zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə borcalanın öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün zaminlər (X2 və Cavabdeh2) bank qarşısında məsuliyyəti öz üzərlərinə götürmüşlər. Müqavilənin 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. 5.1.4-cü bəndinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gendən 1 (bir) il ərzində kreditor zaminlərə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilmiş hesab olunur. Zaminlik müqaviləsinə 1 və 2 nömrəli əlavə sazişlər üzrə əvvəlcə Cavabdeh2 və X4, daha sonra X1, sonuncu əlavə saziş üzrə isə Cavabdeh1 zamin qismində işə cəlb olunmuşlar. Həmin dövr üçün kreditin müddəti xx.xx.2019-cu il tarixədək müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş ödəniş qrafiklərindən görünür ki, qrafiklər üzrə borcun ödənilməsi xx.xx.2016-cı il tarixə, sonuncu ödəniş isə əlavə saziş üzrə xx.xx.2019-cu il tarixdən gec olmayaraq həyata keçirilməli, cavabdeh borcunu hər ay hissə-hissə ödəməli idi, lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş və onun xx.xx.2022-ci il tarixə 4730,23 manat məbləğində ödənilməmiş kredit borcu yaranmış və bu xx.xx.2022-ci il tarixli maliyyə arayışı ilə öz təsdiqini tapmışdır. Belə ki, maliyyə arayışı üzrə cavabdehin müqavilə üzrə əsas borcu 1986,54 manat, faiz borcu 1075,41 manat, cərimə borcu 1380,44 manat, gecikdirilmiş vaxt üçün illik 5% -lə hesablanmış borcun məbləği isə 287 manat təşkil edir. Cavabdeh borcunu ödəmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh öhdəliklərini icra etmədiyindən kredit müqaviləsi üzrə ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən Cavabdeh2 xx.xx.2022-ci il tarixdə, Cavabdeh3 və İqbal Manafova xx.xx.2022-ci il tarixdə təqdim olunmasına baxmayaraq, iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişlər. Məhkəmə, MPM-in 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İş üzrə Cavabdeh3 xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərdiyi ərizədə Bank tərəfindən hesabla bağlı ona məumat verilmədiyindən ödəniş edə bilməmiş, Bankdan müvafiq çağrış olduqdan sonra ödənilməsi bildirilmişdir. Ona görə də o əsas borcu 1900 manat hissədə qəbul edir, digər borclarla razılaşmır. İddiaçı tərəfindən aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: Kredit müqaviləsi, kredit ödəniş cədvəli, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 470.1, 472.1, 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh3 dövriyyə vəsaitinin artırılması məqsədilə 36 ay olan müddətinə 8000 manat kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qrafikə uyğun olaraq illik 29% olmaqla faiz borcunu ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.5-ci bəndinə əsasən gecikdirilən borc məbləğinə cərimə kimi illik 58 % dərəcəsi, aylıq 4,83 % dərəcəsi ilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilməlidir. 2.6-cı bəndinə əsasən kredit üzrə güzəşt müddəti nəzərdə tutulmamışdır. 3.4-cü bəndinə əsasən kredit üzrə faizlər pul vəsaitinin borcalanın ssuda hesabına köçürüldüyü təqvim tarixindən etibarən həmin vəsait məbləğinin kreditora tam ödənildiyi günə qədər hesablanır. 6.5-ci bəndinə əsasən müqavilə üzrə borc alanın öhdəliklərinin icrasının təminatı kimi Cavabdeh3 məxsus mal-qara, ev əşyaları, aptek, X1 tərəfindən verilən zaminlik və Cavabdeh2 tərəfindən verilən zaminlik müəyyən olunmuşdur. Həmçinin müqaviləyə əsaən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etmək hüququ vardır. Kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixli 1 nömrəli əlavə sazişdən görünür ki, kreditin qalıq məbləği xx.xx.2018-ci il tarixədək 5054 manat müəyyən olunmuşdur. Kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 2 nömrəli əlavə sazişlə restruktrizasiya edilmiş kreditin müddəti xx.xx.2019-cu il tarixədək 2920,99 manat kredit məbləği olmuşdur. İş materiallarına əlavə edilmiş ödəniş qrafiklərindən görünür ki, qrafiklər üzrə borcun ödənilməsi xx.xx.2016-cı il tarixə, sonuncu ödəniş isə əlavə saziş üzrə xx.xx.2019-cu il tarixdən gec olmayaraq həyata keçirilməli, cavabdeh borcunu hər ay hissə-hissə ödəməli idi, lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş və onun xx.xx.2022-ci il tarixə 4730,23 manat məbləğində ödənilməmiş kredit borcu yaranmış və bu xx.xx.2022-ci il tarixli maliyyə arayışı ilə öz təsdiqini tapmışdır. Belə ki, maliyyə arayışı üzrə cavabdehin müqavilə üzrə əsas borcu 1986,54 manat, faiz borcu 1075,41 manat, cərimə borcu 1380,44 manat, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış borcun məbləği isə 287 manat təşkil edir. xx.xx.2013-cü il tarxili ZM-1620-13 nömrəli zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə borcalanın öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün zaminlər (X2 və Cavabdeh2) bank qarşısında məsuliyyəti öz üzərlərinə götürmüşlər. Müqavilənin 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. 5.1.4-cü bəndinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 (bir) il ərzində kreditor zaminlərə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilmiş hesab olunur. Zaminlik müqaviləsinə 1 və 2 nömrəli əlavə sazişlər üzrə əvvəlcə Cavabdeh2 və X4, daha sonra X1, sonuncu əlavə saziş üzrə isə Cavabdeh1 zamin qismində işə cəlb olunmuşlar. Həmin dövr üçün kreditin müddəti xx.xx.2019-cu il tarixədək müəyyən olunmuşdur. Məhkəmə borcun zamin qismində işə cəlb olunmuş cavabdehlərdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, hazırki iddia tələbi üzrə iddiaçı əsas borcludan əsas borcun tutulması hissəsində haqlı olsa da, digər cavabdehlər olan zaminlərdən borcun tutulmasını tələb etməkdə haqlı deyildir. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsində nəzərdə tutulan kəsici müddətin keçməsi ilə bağlı müddəa tətbiq edilməlidir. Həmin maddəyə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Maddənin məzmunudan görünür ki, zaminliyin verilməsinin konkret müddəti göstərilə bilər və ya belə müddət müəyyən edilməyə bilər. Əgər müddət müəyyənləşdirilməmişdirsə, öhdəliyin icrası müddətinin çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilməlidir. Məhkəmə Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsaslanaraq hesab edir ki, zaminlik müqaviləsində xitam verilmə müddəti dəqiq müəyyən edilməmişdir. Çünki bu halda, öhdəliklərin tam icra olunması anı əvvəlcədən bəlli olmadığından zaminliyin verilməsinin konkret müddətindən söz etmək mümkün deyildir. Həmçinin nəzərə almaq lazımdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir. MM-in : 367-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Eyni zamanda, xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsinin müddəti konkret göstərilməmişdir ki, bu da zaminlik müqaviləsinin müddətini müəyyən etməyə imkan vermir, Mülki Məcəllənin tələblərinə ziddir və zaminliklə təmin edilmiş öhdəliyin icrası zamanı zaminlərin hüquq və qanunla qorunan maraqlarını pozur. Belə ki, bəlli olduğu kimi mülki qanunvericilik hüquq münasibətlərinə tətbiq edilməli olan iddia müddətini və kəsici müddətləri müəyyən edir. Hüquq münasibətlərinə tətbiq edilməli olan müddətlərin müəyyən edilməsinin isə bir çox səbəblərindən biri də tərəflərin intizamlandırılmasıdır. Yəni, vaxtında edilməli olan hərəkətlərin vaxtında edilməsinə yönəlmişdir. Bütün hüquq münasibətlərinə tətbiq edilməli olan müddətlərin mövcud olduğu halda hazırkı mübahisə üzrə zaminlik müqaviləsinin müddətinin müəyyən edilməməsi zaminlərin qanunla qorunan hüquqlarına müdaxilədir və sonsuza qədər zaminlik müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəliyi daşımasına xidmət edir. Bu isə yolverilməz olmaqla qanunun tələblərinə ziddir. Qeyd olunduğu kimi, Mülki Məcəllənin 477.0.4-cü maddəsində zaminliklə təmin edilmiş öhdəliyin müddət baxımından xitamı nəzərdə tutulmuşdur. Bu isə şərh olunan qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edir ki, həmin maddəyə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Hazırkı mübahisə üzrə əsas öhdəliyin icrası müddəti xx.xx.2019-cu il tarixdə bitmiş və zaminliyə xitam verilmişdir. Hətta konkret müddət olması müəyyən edilməsə belə Qanunda nəzərdə tutulan 1 illik müddət də bitmişdir. İddiaçı əsas borcluya qarşı iddia tələbi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək zaminlərə qarşı iddia tələbini irəli sürmüşdür ki, bununla da qanunvericilklə müəyyən edilmiş müddəti ötürmüşdür. Bundan başqa kredit üzrə ödənişin son tarixi xx.xx.2019-cu il müəyyən olunmuş və kreditor olan İddiaçı ASC qeyd olunmuş tarixdən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminlərə qarşı heç bir tələb irəli sürməmişdir. Odur ki, qanunla müəyyən edilmiş müddət ərzində kreditor tərəfindən zaminlərə qarşı tələb irəli sürülmədiyindən zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsas borclu olan Cavabdeh3 1986,54 manat hissədə pulun tutulması hissəsində təmin edilməli, digər hissələrdə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmana əsasən, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. Fərmanın 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli, bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Fərmanın 5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. Fərmanın 6-cı bəndinə əsasən banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Məhkəmə həmin Fərmanın qəbul edilməsi məqsədlərini nəzərə alaraq hesab edir ki, Fərmanın tələblərinin təkcə xarici valyutada alınmış kreditlərə deyil, milli valyutada olan kredit borclarına da şamil edilə biləcəyi istisna olunmur. Fərmanda problemli kreditlərlə bağlı məsələlərin həlli ilə bağlı bütün banklara müvafiq dövlət vəsaitinin ayrılmasının qeyd edilməsinə baxmayaraq, Bankın Fərmanda qeyd edilən müddəaları nəzərə almadan yenidən hazırkı vaxta kimi mövcud borcun tələbi barədə iddia ilə məhkəməyə müraciətinin tam olaraq təmin edilməsi qanuni və ədalətli hesab edilə bilməz. Belə ki, qeyd edilən Fərmanda Banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilələrin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də qeyd edilmişdir. Bu səbəbdən məhkəmə qeyd edilən Fərmanın tələblərini nəzərə almaya bilməz. Bundan əlavə, Fərmanın qəbulundan bir ildən artıq müddət keçdiyindən məhkəmə tərəfindən iddia ərizəsinə məhkəməyəqədər pretenziya qaydasına əməl edilməməsi səbəbindən baxılmasından imtina edilə bilmir. Çünki artıq Fərmanla ayrılan vəsait üzrə müvafiq maliyyə ili başa çatmış, müddət keçmişdir.Lakin iddiaçı Bank tərəfindən cavabdehlərə münasibətdə qeyd edilən Fərmanın tələbləri tətbiq edilməli olduğu halda bu edilməmişdir. Belə ki, ən azı 360 gündən artıq kreditin ödənişi müddətinin gecikdirilməsi mövcuddur. Bundan əlavə, Bank tərəfindən 3 dəfə kredit məbləğinin restruktrizasiyası 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərmanın tələbləri baxımından deyil, Bankın özü tərəfindən borcluya münasibətdə kreditin ödənilmə müddətinin artırılması baxımından özü tərəfindən tətbiq edilmiş, lain həmin Fərmanın tələbləri tətbiq edilməli olduğu halda tətbiq edilməmişdir. Məhkəmə hesab edir ki, ölkə başçısının yuxarıda qeyd edilən Fərmanı hazırkı iş üzrə cavabdehə münasibətdə milli valyutada olan kreditinin əsas borc məbləğinin güzəşt edilməsi qaydasını, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmamasını nəzərə alaraq, iddia tələbini restrukturizasiya olunması təklif olunan əsas borc məbləği həddində təmin edilməsi qanuni və ədalətli hesab edilməlidir. Əsas borc məbləği isə 1986,54 manat təşkil edir. Qeyd edilən Fərmanın məqsədləri üçün müvafiq maliyyə vəsaiti ayrıldığından və Banklara faiz və cərimə borclarının silinməsi və güzəştli müddətlə əsas borca münasibətdə yeni müqavilələrin bağlanması qeyd edildiyindən hazırkı tələbin əsas borc məbləği hissəsində təmin edilməsi qanuni və ədalətlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi faiz və cərimə məbləğlərinin ödənilməsi hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edilsə də, əsas borca münasibətdə tələb təmin edildiyindən ödənilmiş 67,30 manat dövlət rüsumu Cavabdeh3 tutularaq iddiaçıya ödənilməlidir. Ödənilmiş 7 manat 31 qəpik məbləğində dövlət rüsumu iddia qismən təmin edildiyindən iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh3 1986,54 manat əsas borc və 60 manat mediasiya xərci tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissələrdə rədd edilsin. 67,30 manat dövlət rüsumu Cavabdeh3 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1711/2022
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1711/2022
22.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver