Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1716/2024 29.12.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “cavabdehlərdən müştərək qaydada 035R********** saylı kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 2932.19 manat krеdit bоrcu, 234.14 manat faiz bоrcu və 70.77 manat cərimə borcu olmaqla, ümumilikdə 3237.10 manat məbləğində bоrcun və 52.38 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “cavabdehlərdən müştərək qaydada 035R********** saylı kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 2932.19 manat krеdit bоrcu, 234.14 manat faiz bоrcu və 70.77 manat cərimə borcu olmaqla, ümumilikdə 3237.10 manat məbləğində bоrcun və 52.38 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin uzunmüddətli kredit və təminat müqaviləsinin: 2.7-ci bəndinə əsasən kredit alan kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ödəniş haqları cədvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. 4.9-cu bəndinə əsasən kredit alan krediti vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilmiş gün üçün kredit qalığının 0.02%-i məbləğində cərimə borcu ödəməyi öhdəsinə götürür. 11.1-ci bəndinə əsasən zamin (Cavabdeh3 və Cavabdeh2) kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında kredit alan ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli 035L**********82 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə 120 ay müddətinə 500 000 manat məbləğində kredit xətti açılmışdır. Həmin müqavilənin 2.2-ci bəndinin tələbinə əsasən, bu müqavilə xx.xx.2032-ci il tarixinədək qüvvədədir. Tərəflər arasında bağlanmış həmin uzunmüddətli kredit və təminat müqaviləsi üzrə xx.xx.2022-ci il tarixli 035R********** saylı kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşma imzalanmışdır. Həmin kredit razılaşmasına əsasən 30 ay müddətində illik faiz dərəcəsi 25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10 000 manat kredit cavabdehə verilmişdir. Cavabdeh 035R********** nömrəli kredit razılaşması üzrə götürdüyü kredit borcundan 7067.81 manat ödəniş etmiş və onun 2932.19 manat ödənilməmiş kredit borcu qalmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli cavabdehlərə göndərilmiş pretenziya məktubuna əsasən iddiaçı tərəf cavabdehlərə müraciət edərək xx.xx.2024-cü il tarixinədək gecikdirilmiş ödəniş məbləğini banka qaytarmadıqları halda kredit müqaviləsinin birtərəfli qaydada ləğv ediləcəyini və tərəflərin kredit müqaviləsi üzrə banka olan borclarının məbləği faiz borcu üzrə 233.58 manat, cərimə borcu üzrə isə 63.81 manat təşkil edəcəyini bildirmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 həmin tarixə 035R********** saylı razılaşma üzrə 2932.19 manat əsas, 234.14 manat faiz və 95 gün gecikdirilmə üçün hesablanmış 70.77 manat cərimə borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada bildiriş poçt vasitəsilə xx.xx.2024-cü il tarixdə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ünvanları üzrə göndərilmişdir. Göründüyü kimi məhkəmə bildirişi rəsmi qaydada cavabdehlərə çatdırılsa da, qeyd edilən cavabdehlər iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddələrinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara uzunmüddətli kredit və təminat müqaviləsi, kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşma, maliyyə arayışı, hesabdan çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli 035L**********82 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi bağlanmışdır. Həmin uzunmüddətli kredit və təminat müqaviləsi əsasında tərəflər arasında xx.xx.2022-ci il tarixli 035R********** saylı kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşma imzalanmışdır. Həmin kredit razılaşmasına əsasən 30 ay müddətində illik faiz dərəcəsi 25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10 000 manat kredit cavabdehə verilmişdir. Məhkəmə tələb edilən əsas borca münasibətdə qeyd edir ki, cavabdehlər bununla bağlı məhkəməyə etiraz və ya vəsatətlərini təqdim etməmiş, eyni zamanda tələb edilən borc məbləğinin artıq olması ilə bağlı hər hansı bir mübahisəli məqam olmadığından məhkəmə əlavə araşdırma aparmamışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə şərtləri baxımından iddiaçı 035R********** saylı razılaşma üzrə 2932.19 manat əsas borcun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin “035R********** saylı razılaşma üzrə 234.14 manat faiz borcu və 70.77 manat cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 4.9-cu bəndinə əsasən kredit alan krediti vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilmiş gün üçün kredit qalığının 0.02%-i məbləğində cərimə borcu ödəməyi öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 həmin tarixə 035R********** saylı razılaşma üzrə 234.14 manat məbləğində faiz borcu və 70.77 manat məbləğində cərimə borcu mövcuddur. Lakin xx.xx.2024-cü il tarixli cavabdehlərə göndərilmiş pretenziya məktubuna əsasən iddiaçı tərəf cavabdehlərə müraciət edərək xx.xx.2024-cü il tarixinədək gecikdirilmiş ödəniş məbləğini banka qaytarmadıqları halda kredit müqaviləsinin birtərəfli qaydada ləğv ediləcəyini bildirmiş və tərəflərin kredit müqaviləsi üzrə banka olan borclarının məbləğinin faiz borcu üzrə 233.58 manat, cərimə borcu üzrə 63.81 manat təşkil etdiyini qeyd etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Konstitusiya Məhkəməsi Plenumunun qərarında daha sonra qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Yəni, hazırki iş üzrə iddiaçı ləğv anınadək pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə hesab edir ki, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarı nəzərə alınmaqla iddiaçı 233.58 manat faiz borcu və 63.81 manat cərimə borcunun tutulmasını tələb etməkdə haqlıdır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, uzunmüddətli kredit və təminat müqaviləsinin 11.1-ci bəndinə əsasən zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıdığından və cavabdeh kredit alan Cavabdeh1 035R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyindən cavabdehlərdən müştərək qaydada 2932.19 manat əsas, 233.58 manat faiz borcu və 63.81 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Odur ki, iddiaçı 035R********** saylı razılaşma üzrə 2932.19 manat əsas, 233.58 manat faiz borcu, 63.81 manat cərimə borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddiaçının tələbini işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyi və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu tələb edildiyi üçün iddia tələbinin təmin edilən hissəsinə uyğun olaraq 52.29 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 035R********** nömrəli razılaşma üzrə 2932.19 manat əsas borc, 233.58 manat faiz borcu, 63.81 manat cərimə borcu olmaqla, ümumilikdə 3231.52 manat məbləğində borc və 52.29 manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim: Mübariz Hüseynov