Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1728/2025 12.03.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, Əzimova Rəna Sərvər qızının katibliyi, Cavabdeh3 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun ödənilməsi” tələbinə dair iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: Təsviri hissə: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, “cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 035R********** saylı krеdit razılaşması üzrə 8493.23 manat krеdit bоrcu, 1076.1 manat faiz bоrcu, 315.96 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 9885.29 manat bоrcun və ödənilmiş 118.85 manat dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 (kredit alan), Cavabdeh1, X3 (zaminlər) arasında bağlanmış xx.xx.2023-cü il tarixli 035L**********12 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 120 ay müddətinə 500 000 manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən veriləcək məbləğ və müddət ayrıca kredit razılaşması ilə müəyyən olunur. Həmin müqavilənin: 2.7-ci bəndinə əsasən kredit alan kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ödəniş haqları cədvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. 4.4. Kredit faizi qaytarılmalı kredit məbləği üzrə hər gün Bank tərəfindən kreditin verildiyi tarixdən (gündən) onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. 4.9-cu bəndinə əsasən kredit alan krediti vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilmiş gün üçün kredit qalığının 0.02%-i məbləğində cərimə borcu ödəməyi öhdəsinə götürür. 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında kredit alan ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh3 arasında 035S**********01 nömrəli qoşulma barədə saziş bağlanmış və zamin kredit alanın xx.xx.2023-cü il tarixli 035L**********12 saylı uzunmüddətli kredit və təminat müqaviləsindən irəli gələn öhdəliklərinin icrası üçün kredit alanla birgə və tam məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. xx.xx.2024-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh2 arasında uzunmüddətli kredit və təminat müqaviləsi əsasında 035R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən bank tərəfindən Cavabdeh2 36 ay müddətinə, illik faiz dərəcəsi 24% оlmaqla 10 400 manat məbləğində kredit verilmişdir (köçürmə qəbzi iş materiallarına əlavə edilmişdir). İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixli, 035R********** nömrəli razılaşma üzrə 8493.23 manat əsas, 1076.1 manat faiz, 188 gün gecikdirmə üçün hesablanmış 315.96 manat cərimə borcu mövcuddur. Cavabdeh kredit bоrcundan 1906.77 manat ödəniş etmiş, 8493.23 manat ödənilməmiş borcu qalmışdır. Göründüyü kimi cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirmədiyindən onların ödənilməmiş borcları qalmışdır. AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 18 fevral 2026-cı il tarixli ekspert rəyinə əsasən Cavabdeh2 İddiaçı QSC-yə olan borcu xx.xx.2025-ci il tarixə (maliyyə arayışının tərtib edildiyi tarixə) əsas borc üzrə 8451.28 manat, faiz borcu üzrə 1159.85 manat, xx.xx.2025-ci il tarixə (məhkəməyə müraciət edilən tarixə) əsas borc üzrə 8451.28 manat, faiz borcu üzrə 1526.07 manat müəyyən edilmişdir. Cavabdeh3 nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, qardaşı Qarabağlı X2 Teymur Əşrəf oğlu, Cavabdeh2 zamin durub. Lakin hansına zamin durduğunu tam olaraq bilmir. Bundan öncə Cavabdeh3 zamin olaraq 315 manat məbləğində pul tutulmuşdur. Hazırda Cavabdeh1 və onun qardaşının evinə baxış keçirilsə hər birinin imkanları açıq şəkildə ortaya çıxır. Qardaşının yataq xəstəsi anası var və onun müalicəsi üçün aylıq ödənişlər edir. Digər cavabdehlərin evləri və torpaqları var. Bu mülkiyyətlər borcun ödənilməsi zamanı nəzərə alınmalıdır. Məhkəmədən köməklik göstərilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, iddiaçı tərəf məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini və işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə qeyd edilən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara uzunmüddətli kredit və təminat müqaviləsi, qoşulma barədə saziş, kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma, arayış, hesabdan çıxarış, ekspert rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli uzunmüddətli kredit və təminat müqaviləsi əsasında İddiaçı QSC ilə Cavabdeh2 arasında xx.xx.2024-cü il tarixdə kredit razılaşması bağlanmış və bank tərəfindən Cavabdeh2 razılaşdırılmış məbləğdə kredit verilmişdir. Bundan sonra iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iş materiallarından cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirmədiyi və nəticədə ödənilməmiş borcunun qaldığı, həmçinin, uzunmüddətli kredit və təminat müqaviləsinə və qoşulma barədə sazişə əsasən zaminlər və borclu kreditor qarşısında birgə məsuliyyət daşıdığından və cavabdeh kredit alan öhdəliklərini lazımınca yerinə yetirmədiyindən iddiaçının qalıq borcun cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etməkdə haqlı olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borca münasibətdə ekspert rəyinə uyğun 8451.28 manat olmaqla qismən təmin edilməli, faiz və cərimə borcuna münasibətdə isə tam təmin edilməlidir. Cavabdeh3 nümayəndəsi qardaşının hazırkı iş üzrə zamin olduğunu, onun borcu ödəməyə imkanının olmadığını, digər cavabdehlərin isə imkanlarının olduğunu bildirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qeyd edilən cavabdeh kredit alan cavabdehin müqavilə üzrə öhdəliklərinin icrasının təminatı olaraq bankla qoşulma barədə saziş imzalayaraq, zamin qismində əsas borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşdür. Bundan əlavə olaraq digər cavabdehlər iddia tələbinə hər hansı bir etiraz və ya münasibət bildirməmiş, eyni zamanda, tələb edilən borc məbləği ilə razılaşmamalarına dair hər hansı bir vəsatətlə çıxış etməmişlər. Bu səbəbdən məhkəmə təqdim edilən sübutlar və məhkəmənin təşəbüsü ilə əldə edilmiş ekspert rəyi əsasında işə baxılaraq yekunlaşdırılması qərarına gəlmişdir. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı tərəf sübutlarını əsaslandırıb, irəli sürdüyü dəlillərinin izahını vermiş, cavabdeh tərəf isə qeyd edilən iddia tələbinin əksini sübut edən hər hansısa sübutunu və ya etirazını məhkəməyə təqdim etməyərək sübutetmə vəzifəsini icra etməmişdir. Yekun olaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərdən müştərək qaydada 8451.28 manat əsas bоrc, 1076.1 manat faiz bоrcu və 315.96 manat cərimə olmaqla, cəmi 9843.34 manat borcun tutulmasını tələb etməkdə haqlıdır və iddia tələbi bu hissədə təmin edilməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu (118.85 manat) iddiaçı tərəfindən dövlət büdcəsinə ödənildiyindən və iddia tələbi qismən təmin edildiyindən bu hissəyə mütənasib olaraq 118.35 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, qalan hissədə iddiaçıya aid edilməldir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdеhlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 035R********** saylı krеdit razılaşması üzrə 8451.28 manat əsas bоrc, 1076.1 manat faiz bоrcu və 315.96 manat cərimə olmaqla, cəmi 9843.34 manat məbləğində bоrc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 118.35 manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mübariz Hüseynov