Məhkəmə qərarları › İş №e-2-2(117)-173/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-173/2025

07.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-173/2025 07.05.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Rn Holding-101 MMC-dən 01 avqust 2023-cü il tarixli, HİS-04-08 saylı icarə müqaviləsinə əsasən 14.160 manatın, məhkəməyə ödənilmiş 133 manat dövlət rüsumu və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 326 manat məbləğində pul vəsaitinin İddiaçı MMC-nin xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 01 avqust 2023-cü il tarixli, HİS-04-08 saylı icarə müqaviləsi bağlanmışdır. 01 avqust 2023-cü il tarixli, HİS-04-08 saylı Müqavilənin 1.1-ci bəndinə əsasən cədvəl №1-də göstərilən Konteyner, Konteyner (Ofis), Konteyner (Yeməkxana), Sanitar Qovşaq icarəyə verən tərəfindən sifarişçiyə təhvil verilməli, sifarişçi isə icarəyə verənə müqavilə ilə müəyyən edilmiş xidmət haqqını ödəməyi öhdəsinə götürür. İddiaçı tərəfindən bütün öhdəliklər yerinə yetirilmiş, qeyd edilən avadanlıqlar sifarişçiyə təhvil verilmişdir. Lakin sifarişçi tərəfindən ödənilməli olan icarə haqqları ödənilməmiş və cavabdehin 14.160 manat borcu yaranmışdır. Cavabdeh mübahisə məhkəməyə qədər nizamasalma (pretenziya) qaydasında öhdəliyini icra etməmiş və mübahisə həll edilməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş iddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakı olmadan baxılmasını xahiş etmişdir.

4. Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

IV. Tədqiq olunan sübutlar:

6. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı MMC ilə (icarəyə verən) Cavabdeh MMC (sifarişçi) arasında xx.xx.2023-cü il tarixli HİS-04-08 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin predmentinə əsasən icarəyə verən İddiaçı MMC ona məxsus konteynerləri sifarişçiyə Cavabdeh MMC-yə xidmət göstərmək üçün verməyi, sifarişçi isə öz növbəsində həmin əmlakı təyinatı üzrə istifadə edib əvəzini icarəyə verənə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.1-ci bəndində əks olunan 1 nömrəli cədvəldə icarəyə verilən əmlakların adaları, hər birinin aylıq icarə qiyməti və ümumi aylıq icarə haqqı 5664 manat göstərilmişdir. Qeyd olunan müqavilə iddiaçı və cavabdeh tərəfin imza və möhürləri ilə təsdiq edilmişdir.

7. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin VÖEN kabinetinə göndərilmiş 538417 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə 5664 manat, 817234 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə 5664 manat, 816055 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə 5664 manat, 818775 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə 1416 manat, 182010 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə 1416 manat məbləğində icarə haqqı borcu yarandığı göstərilmişdir.

8. İddiaçı MMC tərəfindən təqdim edilən arayışdan görünür ki, iddiaçı tərəfindən cavabdehə ünvanlanan elektron qaimələr üzrə 19824 manat borc formalaşmış, həmin borcdan qismən ödəniş edilmiş və yerdə cavabdehin ödənilməli 14160 manat borcu qalmışdır.

9. X2” MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xəbərdarlıq məktubunda borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir.

10. İş materiallarında olan 767162-121 nömrəli xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına 326 manat hüquqi yardımla bağlı pul köçürülmüşdür.

V. Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

VI. Məhkəmənin mövqeyi:

12. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır.

13. Məhkəmə ilk öncə tərəflər arasında bağlanan müqavilənin etibarlı olubolmamasına münasibətdə qeyd edir ki, müqavilə bağlandığı müddətdə qüvvədə olan qanunvericiliyin tələblərinə əməl edilməklə imzalanmış, hər iki tərəfin imza və möhürləri ilə təsdiqlənmiş və etibarsız olmamışdır.

14. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya yaranmış borcun qaytarılması ilə bağlı öhdəliyi bağlanmış İcarəsi müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi lazımınca icra etmiş icarə müqaviləsində göstərilən əmlakları cavabdehin istifadəsinə vermişdir. Cavabdeh isə öz növbəsində icarə haqqının bir hissəsini ödəməmiş və bunun əksini təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

15. Məhkəmə qeyd edir ki, cavabdeh tərəf borcun ödənilməsi ilə bağlı hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir.

16. Qeyd olunan normaların tələblərini və göstərilənləri rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia əsaslıdır və İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli HİS-04-08 nömrəli icarə müqaviləsi üzrə 14160 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir.

17. Məhkəmə həmçinin qeyd edir ki, hüquqi yardımla bağlı ödənilmiş 326 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində də tələb təmin edilməlidir.

18. Belə ki, Azərbaycan Respublikası Vəkillər X1 28 iyun 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə Qaydalara əsasən bu Qaydalar vəkilə müştəri tərəfindən ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi ilə bağlı məsələləri tənzimləyir. Bu Qaydaların məqsədi vəkillərin maliyyə hesabatlılığının şəffaflaşdırılması yolu ilə vəkillik fəaliyyətinin səmərəli təşkilindən ibarətdir.

19. Məhkəmə iddiaçının vəkillə müqavilə bağlamasını, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini, əməyini və ödənilməli olan məbləğin ağlabatanlığını, nəzərə alaraq hesab edir ki, məhkəməyə müraciət edilməsi ilə bağlı vəkilə ödənilmiş 326 manat məbləğində çəkilən xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

20. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən ödənilməmiş 132,48 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, iddiaçı tərəfindən iddianın qiymətinə uyğun 133 manat dövlət rüsumunun ödənilməsi qeyd olunaraq, həmin rüsumun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələb edilmişdir. Lakin iddiaçı tərəfindən “Birbank” vasitəsi ilə ödənilən 133 manat dövlət rüsumunun ödənilməsini təsdiq edən ********* nömrəli qəbzin məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən edilmişdir ki, həmin qəbz iddia ərizəsi verilərkən Elektron Məhkəmə İnformasiyaları sisteminə daxil edilməmiş və iş üzrə dövlət rüsumu xanasında rüsumun məbləği “0” kimi görünür. Bu səbəbdən məhkəmə hesab edir ki, qeyd olunan dövlət rüsumu ödənilməmiş və iddia üzrə ödənilməli olan 132,48 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

21. Beləliklə, iddianın təmin olunması barədə qətnamə qəbul edilməlidir.

Vİ. Nəticə:

22. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2023-cü il tarixli HİS-04-08 nömrəli icarə müqaviləsi üzrə 14160 manat məbləğində pul və hüquqi yardım göstərilməsi üçün ödənilmiş 326 manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Ödənilməmiş 132,48 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar