Məhkəmə qərarları › İş №e-2-2(117)-1742/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1742/2024

29.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1742/2024 29.12.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “cavabdehdən 035R********** saylı kredit razılaşması üzrə 593.05 manat krеdit bоrcu, 75.15 manat faiz bоrcu və 29.62 manat cərimə borcu, 035R********** saylı kredit razılaşması üzrə 4076.37 manat kredit borcu, 591.46 manat faiz borcu, 163.46 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 5529.11 manat məbləğində bоrcun və 75.3 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “cavabdehdən 035R********** saylı kredit razılaşması üzrə 593.05 manat krеdit bоrcu, 75.15 manat faiz bоrcu və 29.62 manat cərimə borcu, 035R********** saylı kredit razılaşması üzrə 4076.37 manat kredit borcu, 591.46 manat faiz borcu, 163.46 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 5529.11 manat məbləğində bоrcun və 75.3 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə X4 arasında xx.xx.2023-cü il tarixli 035L**********76 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə 120 ay müddətinə 200 000 manat məbləğində kredit xətti açılmışdır. Həmin müqavilənin 2.2-ci bəndinin tələbinə əsasən, bu müqavilə xx.xx.2033-cü il tarixinədək qüvvədədir. Həmin uzunmüddətli kredit və təminat müqaviləsinin: 2.7-ci bəndinə əsasən kredit alan kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ödəniş haqları cədvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. 4.9-cu bəndinə əsasən kredit alan krediti vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilmiş gün üçün kredit qalığının 0.02%-i məbləğində cərimə borcu ödəməyi öhdəsinə götürür. 11.1-ci bəndinə əsasən zamin (Cavabdeh), kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında kredit alanla birgə məsuliyyət daşıyır. 11.4-cü bəndinə əsasən zamin müqavilə üzrə kreditin qaytarılması ilə bağlı kredit alanın bütün öhdəliklərini icra etməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış həmin uzunmüddətli kredit və təminat müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli 035R********** saylı kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşma imzalanmışdır. Həmin kredit razılaşmasına əsasən 36 ay müddətində illik faiz dərəcəsi 26% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5500 manat kredit cavabdehə verilmişdir. Tərəflər arasında bağlanmış həmin uzunmüddətli kredit və təminat müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli 035R********** saylı kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşma imzalanmışdır. Həmin kredit razılaşmasına əsasən 15 ay müddətində illik faiz dərəcəsi 27% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1000 manat kredit cavabdehə verilmişdir. Cavabdeh 035R********** nömrəli kredit razılaşması üzrə götürdüyü kredit borcundan 1423.63 manat ödəniş etmiş və onun 4076.37 manat ödənilməmiş kredit borcu, 035R********** nömrəli kredit razılaşması üzrə götürdüyü kredit borcundan 406.95 manat ödəniş etmiş, 593.05 manat ödənilməmiş borcu qalmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktublarından göründüyü kimi İddiaçı QSC Cavabdeh müraciət edərək xx.xx.2024-cü il tarixinədək gecikdirilmiş ödəniş məbləğini geri qaytarmağı və kredit müqaviləsinin ləğv edilməsini təklif etmişdir. Əks təqdirdə kredit müqaviləsinin vaxtından əvvəl ləğv ediləcəyini və onun banka borclu olduğu 035R********** saylı razılaşma üzrə 641.65 manat əsas borc, 74.69 manat faiz borcu, 27.85 manat məbləğində cərimə borcu, 035R********** saylı kredit razılaşması üzrə isə 4076.37 manat əsas borc, 591.46 manat faiz borcu, 163.46 manat cərimə borcunun məcburi alınması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X2 həmin tarixə 035R********** saylı razılaşma üzrə 4076.37 manat əsas, 591.46 manat faiz və 226 gün gecikdirilmə üçün hesablanmış 163.46 manat cərimə borcu mövcuddur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X2 həmin tarixə 035R********** saylı razılaşma üzrə 593.05 manat əsas, 75.15 manat faiz və 231 gün gecikdirilmə üçün hesablanmış 29.62 manat cərimə borcu mövcuddur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X4 xx.xx.2024-cü il tarixində ölüm səbəbilə qeydiyyatdan çıxarılmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 1 ünvanlanmış xx.xx.2024-cü il tarixli 1443/317 nömrəli məktubda qeyd edilmişdir ki, X2 adına İsmayıllı rayonu Kürdmaşı kəndində 5 nəfər ilə birgə mülkiyyətində olan 1.94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydə alınmışdır. Lakin həmin torpaq sahəsi İsmayıllı rayon notariat kontorunun xx.xx.2013-cü il tarixli 4Ə-1/36 saylı müqaviləsinə əsasən X5 adına özgəninkiləşdirilmişdir və hal-hazırda həmin əmlak İsmayıllı rayon notariat kontorunun xx.xx.2016-cı il tarixli 4Ə-258 saylı müqaviləsinə əsasən X6 adındadır. Bundan başqa həmin məktubda qeyd edilmişdir ki, X2 mülkiyyətində İsmayıllı rayonu Kürdmaşı kəndində 0.4216 ha, 0.0643 ha, 0.0447 ha və 0.2449 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri olmuşdur. Lakin həmin torpaq sahələri İsmayıllı rayon notariat kontorunun xx.xx.2013-cü il tarixli 4Ə-3/744 saylı müqaviləsinə əsasən X1. Hal-hazırda həmin əmlak İsmayıllı rayon notariat kontorunun xx.xx.2016-cı il tarixli 4Ə-210 saylı müqaviləsinə əsasən X6 adındadır. DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən ünvan 2 ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-xx-xx/2154742/2024 nömrəli məktubda qeyd edilmişdir ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1959-cu il təvəllüdlü X2 adında və ya qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilən nəqliyyat vasitəsi yoxdur. İsmayıllı rayon Notariat ofisi tərəfindən ünvan 2 ünvanlanmış xx.xx.2024-cü il tarixli 657 nömrəli məktubdan görünür ki, X2 adından “elektron notariat” informasiya sistemində axtarış aparılmış, axtarış zamanı mərhumun adına İsmayıllı rayon notariat ofisində açılmış vərəsəlik işinə rast gəlinməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada bildiriş poçt vasitəsilə xx.xx.2024-cü il tarixdə Cavabdeh ünvanı üzrə çatdırılsa da, qeyd edilən cavabdeh iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddələrinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara uzunmüddətli kredit və təminat müqaviləsi, kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşmalar, maliyyə arayışları, hesabdan çıxarışlar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə əvvəlcə mübahisənin kommersiya məhkəmələrində baxılmalı olması ilə bağlı qeyd edir ki, hazırkı mübahisə üzrə iddiaçının və cavabdehin VÖEN hesabı mövcud olmuş, eləcə də tərəflər arasındakı münasibətlər sahibkarlıq fəaliyyətindən irəli gəlmişdir ki, bu səbəbdən işə hazırkı məhkəmə tərəfindən hüquqi qiymət verilir. Bundan başqa Məhkəmə tələbin hazırkı cavabdehə yönəldilməsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2028-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Eyni zamanda həmin Qərarda qeyd edilmişdir ki, borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarda əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli MAPS arayışından, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 1 ünvanlanmış xx.xx.2024-cü il tarixli 1443/317 nömrəli məktubdan və DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən ünvan 2 ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-xx-xx/2154742/2024 nömrəli məktubdan göründüyü kimi əsas borclu X4 vəfat etmiş, sonuncuya məxsus müvafiq kənd təsərrüfatı təyinatlı torpaq sahələri 2013-cü ildə başqa şəxsə satılaraq özgəninkiləşdirilmiş və DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən X2 adında və ya qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilən nəqliyyat vasitəsi olmadığı müəyyənləşdirilmişdir. Bundan əlavə olaraq İsmayıllı rayon Notariat ofisi tərəfindən ünvan 2 ünvanlanmış xx.xx.2024-cü il tarixli 657 nömrəli məktubdan görünür ki, X2 adından “elektron notariat” informasiya sistemində axtarış aparılmış, axtarış zamanı mərhumun adına İsmayıllı rayon notariat ofisində açılmış vərəsəlik işinə rast gəlinməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi borclu X4 vəfat etmiş, hazırda mülkiyyətində hər hansısa bir əmlak aşkarlanmamış, eyni zamanda adına vərəsəlik işinin açılması aşkar edilməmişdir. Eyni zamanda yuxarıda qeyd edilən Plenum qərarından da göründüyü kimi vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıdıqlarından və borclunun ölümü zaminliyin xitamına səbəb olmadığından, o cümlədən, zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmadığından iddiaçı hazırki iddia tələbini cavabdehə qarşı yönəltməkdə haqlı olmuşdur. İşin məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi uzunmüddətli kredit və təminat müqaviləsi üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə cavabdeh X4 arasında xx.xx.2023-cü il tarixli 035R********** saylı kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşma imzalanmış və həmin razılaşmaya əsasən cavabdehə 36 ay müddətinə, aylıq faiz dərəcəsi 26% olmaqla 5500 manat kredit verilmişdir. Eyni zamanda həmin uzunmüddətli kredit və təminat müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli 035R********** saylı kredit sazişi – biznes krediti və girov barədə qarışıq razılaşma imzalanmışdır. Həmin razılaşmaya əsasən 15 ay müddətində illik faiz dərəcəsi 27% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1000 manat kredit cavabdehə verilmişdir. Məhkəmə 035R********** saylı razılaşma üzrə tələb edilən əsas, faiz və cərimə borcuna münasibətdə qeyd edir ki, cavabdehlər bununla bağlı məhkəməyə etiraz və ya vəsatətlərini təqdim etməmiş, bu səbəbdən, eyni zamanda tələb edilən borc məbləğinin artıq olması ilə bağlı hər hansı bir mübahisəli məqam olmadığından məhkəmə əlavə araşdırma aparmamışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtləri baxımından iddiaçı 4076.37 manat məbləğində əsas, 591.46 manat məbləğində faiz və 163.46 manat məbləğində cərimə borcunun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə 035R********** saylı razılaşma üzrə tələb edilən əsas borca münasibətdə də o qənaətə gəlmişdir ki, iddia bu hissədə əsaslı olduğu üçün təmin edilməli və cavabdehdən 593.05 manat məbləğində əsas borcun tutularaq iddiaçıya ödənilməsi təmin edilməlidir. Məhkəmə iddia tələbinin “035R********** saylı razılaşma üzrə 75.15 manat məbləğində fazi borcu və 29.62 manat məbləğində cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, bu məbləğlər iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışında öz təsdiqini tapsa da, iş materiallarına əlavə edilmiş xx.xx.2024cü il tarixli pretenziya məktubundan göründüyü kimi kredit müqaviləsi ləğv edilmiş və cavabdehin 035R********** saylı razılaşma üzrə 74.69 manat faiz borcu, 27.85 manat məbləğində cərimə borcu mövcuddur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Konstitusiya Məhkəməsi Plenumunun qərarında daha sonra qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Yəni, hazırki iş üzrə iddiaçı ləğv anınadək pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə hesab edir ki, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarı nəzərə alınmaqla iddiaçı 035R********** saylı razılaşma üzrə 74.69 manat faiz borcu və 27.85 manat məbləğində cərimə borcunun tutulmasını tələb etməkdə haqlıdır. Odur ki, məhkəmə hesab edir ki, 035R********** saylı razılaşma üzrə 4076.37 manat əsas, 591.46 manat faiz və 163.46 manat cərimə borcu, 035R********** saylı razılaşma üzrə 593.05 manat əsas, 74.69 manat faiz borcu, 27.85 manat cərimə borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Müki Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 8.2-ci maddələrinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 75.3 manat təşkil edir. İddiaçı ödədiyi 75.3 manat dövlət rüsumu məbləğini cavabdehdən tələb etdiyi üçün iddianın təmin edilən hissəsinə uyğun olan 75.27 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 035R********** nömrəli razılaşma üzrə 593.05 manat əsas borc, 74.69 manat faiz borcu, 27.85 manat cərimə borcu, 035R********** nömrəli razılaşma üzrə 4076.37 manat əsas borc, 591.46 manat faiz borcu, 163.46 manat cərimə borcu olmaqla, ümumilikdə 5526.88 manat məbləğində borc və 75.27 manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar