Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1750/2025 26.12.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Əzimova Rəna Sərvər qızının katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, “cavabdehlərdən müştərək qaydada 10258.70 manat əsas, 638.20 manat faiz və 323.40 manat cərimə borcu olmaqla, cəmi 11220.30 manat kredit borcunun və ödənilmiş 120.67 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 15 dekabr 2023-cü il tarixli, 7298/6 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə azalan balansla illik 23% ödəmək şərtilə 15500 manat kredit verilmişdir. Borcverən yuxarıda qeyd olunan məbləğdə krediti faizlə borcalana verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdələrinə götürmüşlər. Bu borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə borclunun kreditor qarşısında öhdəliklərinin icrasının təmini kimi xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Cavabdehə borc məbləğinin ödənilməsi barədə şifahi və rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq, o, müxtəlif səbəblər göstərməklə kredit borcunu ödəməkdən imtina etmişdir. Öhdəliyin yerinə yetirilməməsi nəticəsində borcluların kredit müqaviləsi üzrə "xxxx" MMCyə 10258.70 manat əsas, 638.20 manat faiz və 323.40 manat cərimə borcu olmaqla, cəmi 11220.30 manat borcları yaranmışdır. Bu səbəbdən də iddiaçı öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385.1-ci, 442-ci, 445.2.1-ci, 470.1-ci, 472.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddələri göstərilmişdir.
4. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(117)-1750/2025 nömrəli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmişdir.
II. Tərəflərin mövqeləri:
5. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İİİ. Məhkəmə baxışının hədləri:
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV. Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikasının Konstitusiyası
M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı
- İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. - İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. - İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. - İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
M a d d ə 1 2 5 . Məhkəmə hakimiyyətinin həyata keçirilməsi
- Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
Maddə 1 2 7 . Hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri
- İ. Hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər. - İİ. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. - İV. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. - Vİİ. Məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. - Vİİİ. Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
- 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. - 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. - 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. - 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
V. Sübutların tədqiqi:
15. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC (borcverən) və Cavabdeh1 (borcalan) arasında xx.xx.2023-cü il tarixdə bağlanan 7298/6 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə azalan balansla illik 23% olmaqla 15 500 manat məbləğində kredit verilmişdir. 2.7-ci bəndinə əsasən, borcalan kreditdən istifadəyə görə ödəniş cədvəlinə uyğun aylıq qrafiklə kredit ödənişini 1 iş günündən çox gecikdirdikdə həmin gündən başlayaraq borcverən tərəfindən borcalana gecikdirdiyi hər iş günü üçün ödənilməli olan aylıq kredit ödənişinin 0,5%-i miqdarında cərimə hesablanıb tutulur.
16. BOKT "xxxx" MMC-nin kredit müqaviləsinə əlavə olaraq imzalanan ödəniş cədvəlinə əsasən Cavabdeh1 bank tərəfindən 36 ay müddətinə ilk ay (xx.xx.2024-cü il) 755 manat, qalan aylar 600 manat sonuncu ay (xx.xx.2026-cı il) 600,05 manat ödəmək şərtilə illik 23% olmaqla 15 500 manat məbləğində kredit verilməsi müəyyənləşdirilmişdir.
17. BOKT "xxxx" MMC, Cavabdeh1 (borcalan), zamin Cavabdeh3 və zamin Cavabdeh2 arasında bağlanmış 7298/6 nömrəli, xx.xx.2023-cü il tarixli zaminlik müqavilələrinə əsasən zaminlər 7298/6 nömrəli kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öhdəliyinin icrası üçün məsuliyyəti bank qarşısında öz üzərlərinə götürmüşlər.
18. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh1 BOKT "xxxx" MMC tərəfindən 15 500 manat pul verilmişdir.
19. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 BOKT "xxxx" MMC-yə 7298/6 nömrəli kredit müqaviləsi üzrə 10258,7 manat məbləğində əsas bоrc, 638,2 manat məbləğində faiz bоrcu, 323,4 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 11 220,3 manat məbləğində bоrcu yaranmışdır.
Vİ. Məhkəmənin mövqeyi:
20. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
21. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
22. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıdakı göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
23. İşin müəyyən olunmuş halları və iş materialları ilə təsdiqini tapmış mübahisələndirilməyən halları iddiaçı BOKT "xxxx" MMC və Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli, 7298/6 nömrəli kredit müqaviləsinin, həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təminatı olaraq xx.xx.2023-cü il tarixli 7298/6 nömrəli zaminlik müqavilələrinin (zaminlər Cavabdeh2 və Cavabdeh3) bağlanmasından, iddiaçı tərəfindən Cavabdeh1 kredit müqaviləsi üzrə 15 500 manat kredit verilməsindən ibarətdir.
24. İşin mübahisələndirilən halına isə həmin müqavilə əsasında cavabdeh tərəfindən iddiaçıya olan kredit borcunu ödəniş cədvəlinə uyğun olaraq razılaşdırılmış qaydada ödənilib-ödənilməməsi, nə qədər kredit borcunun qalması halı aiddir. Ona görə də məhkəmə əldə etdiyi əlaqəli sübutlara əsasən qeyd edilən mübahisəli hala aydınlıq gətirmişdir.
25. Belə ki, məhkəməyə təqdim edilmiş iş materiallarından göründüyü kimi iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi əsasında iddiaçı tərəfindən cavabdehə 15 500 manat məbləğində kredit verilmiş, həmin öhdəliyin təminatı olaraq bağlanan zaminlik müqavilələri ilə zaminlər Cavabdeh2 və Cavabdeh3 borcverən qarşısında borcalanın öhdəlikləri üzrə borcalanla birgə məsuliyyət daşımaları barədə üzərlərinə öhdəlik götürmüşlər, lakin iddiaçı tərəf müqavilə üzrə öz öhdəliklərini lazımi qaydada yerinə yetirsə də, cavabdehlər müqavilənin şərtlərini pozaraq kredit borcunu razılaşdırılmış qaydada ödəməyərək öz üzərlərinə düşən öhdəliklərini icra etməmişlər. İddiaçı məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada kredit müqaviləsi üzrə 10258.70 manat əsas, 638.20 manat faiz və 323.40 manat cərimə borcu olmaqla, cəmi 11220.30 manat kredit borcunun tutulmasını xahiş etmişdir. Eyni zamanda cavabdehlər tərəfindən tələb edilən borc məbləği ilə razılaşmamaları və ya artıq ödəniş edilməsi, həmin borcun əsassızlığı ilə bağlı məhkəməyə vəsatət və ya müraciət ünvanlanmamış, məhkəmə tərəfindən iddiaçının tələbində olan məbləğin uyğunsuz və əsassızlığı ilə bağlı hallar müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə təqdim edilən sübutlar əsasında işə baxılaraq yekunlaşdırılması qərarına gəlmişdir.
26. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı kredit müqaviləsinə və zaminlik müqavilələrinə əsasən cavabdehlərdən müştərək qaydada əsas, faiz və cərimə borcunun tutulmasını tələb etməkdə haqlıdır.
27. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri).
28. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli Qərarında qeyd etmişdir ki, Hüquq sistemlərində “həqiqət” anlayışına fərqli yanaşmalar mövcuddur. Anqlo-sakson hüquq sisteminə xas olan formal həqiqət xalis çəkişmədir və sübutetmə prosesində məhkəmənin passivliyini nəzərdə tutur: məhkəmə, tərəflərin sübut kimi təqdim etdiklərini dəyərləndirməklə kifayətlənən, qərəzsiz arbitr rolunda çıxış edir.
29. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar.
30. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.
31. Məhkəmə qeyd edilən qanunvericiliyin hüquqi izahları baxımından məsələyə yanaşaraq qeyd edir ki, hazırkı iş üzrə iddiaçı tərəfin sübutlarını əsaslandırıb, irəli sürdüyü dəlillərinin izahını vermiş, cavabdeh tərəf isə etirazını və ya iddia tələbinin əksini təsdiqləyən sübutlarını məhkəməyə təqdim etməyərək onun tərəfindən üzərinə düşən sübutetmə vəzifəsini icra etməmişdir. Bu səbəbdən məhkəmənin əlavə araşdırma aparması mümkün olmamış və təqdim edilən sübutlar əsasında işə baxılaraq yekunlaşdırılması qərarına gəlmişdir.
32. Yekun olaraq məhkəmə bu nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 10258.70 manat əsas, 638.20 manat faiz və 323.40 manat cərimə borcu olmaqla, cəmi 11220.30 manat kredit borcu tutularaq iddiaçı BOKT "xxxx" MMC-yə ödənilməlidir.
Vİİ. Məhkəmə məsrəfləri:
33. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənildiyindən 120.67 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
Vİİİ Nəticə:
34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 10258.70 manat əsas, 638.20 manat faiz və 323.40 manat cərimə borcu olmaqla, cəmi 11220.30 manat kredit borcu və 120.67 manat dövlət rüsumu tutularaq iddiaçı BOKT "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mübariz Hüseynov