Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-176/2023 31.01.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı Cavabdeh qarşı “maya kimi qoyduğu 10000 ABŞ dolları, yəni 17000 manat, 2020-ci ilin yanvar ayından mağazada olan alverdən hər ay gəlir kimi ödənilməli olan 300 manat cəmi 10800 manat olmaqla ümumilikdə 27800 manat pulun cavabdehdən tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, “maya kimi qoyduğu 10000 ABŞ dolları, yəni 17000 manat, 2020-ci ilin yanvar ayından mağazada olan alverdən hər ay gəlir kimi ödənilməli olan 300 manat cəmi 10800 manat olmaqla ümumilikdə 27800 manat pulun cavabdehdən tutulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2009-ci ilin oktyabr ayında sinif yoldaşı və yaxın dostu olan Bəxtiyar adlı şəxslə birgə biznes fəaliyyəti ilə məşgul olmaq haqqında söhbət edən vaxt o bildirmişdir ki, artıq özü İsmayıllı şəhərində ticarətlə məşğul olmaq istəmir, əyər o belə bir fəaliyyətlə məşğul olmaq istəyirsə özünün də tanıdığı Ramiz adlı şəxslə birgə biznes fəaliyyəti ilə məşğul ola bilərlər. Bəxtiyar bildirmişdir ki, Ramiz uzun müddətdir başqa şəxslərə məxsus olan mağazada avtomobil ehtiyat hissələrinin satışı ilə məşğul olub, bu sahədə kifayət qədər təcrübə qazanıb və hal-hazırda bekardır, razılığa gələ bilsələr birgə biznes fəaliyyəti ilə məşğul olub gəlir əldə edə bilərlər. O Ramizlə görüşüb, Bəxtiyarla aralarında olan söhbət haqqında ona məlumat vermiş və bildirmişdir ki, əyər istəyirsə hardansa bir yer icarəyə götürsünlər və birgə iş quraraq avtomobil hissələrin alqı-satqısı ilə məşğul olsunlar. Ramiz onunla razılaşmış və bildirmişdir ki, ortaq pul qoyaraq birgə avtomobil hissələrini Bakı və Sumqayıt şəhərlərində yerləşən maşın bazarlarında olan topdan satış mərkəzlərindən gətirib, yaşadıqları İsmayıllı şəhərində satsınlar. Onlar İsmayıllı şəhərində münasib yerdə yerləşən Azər adlı şəxsə məxsus mağaza binasını icarəyə götürmüşlər və o Ramizə 6000 manat ilkin pul vermiş və o da bir miqdar pul qoyaraq, Sumqayıt və Bakı şəhərindən olan maşın bazarlarında yerləşən avtomobil hissələrinin topdan satışı ilə məşğul olan yerlərdən avtomobilin ehtiyat hissələrini bir neçə dəfə gedərək alıb gətirmiş və İsmayıllı şəhərində yerləşən açdıqları maşınların ehtiyat hissələrinin satışı mağazasının vitrinlərini doldurduqdan sonra, 2009-cu ilin noyabr ayında mağazanın açlışını etmişlər. İlk vaxtlar arada özü də mağazada durur, amma onun alverdə səriştəsi olmadığı üçün qiymətlərdə səhvə yol verdiyindən razılığa gəlmişlər ki, alver işi ilə ancaq Ramiz məşğul olsun, o isə ona digər işlərin görülməsində yardımçı olsun. Razılğa gəlmişlər ki, birgə mülkiyyətləri olan mağazadan gəlir kimi hər ay Ramiz ona 300 manat gəlir verəcək. İlk 6 ay o gəlir götürməmişdir ki, onun mağazaya, yəni birgə mülkiyyətə qoyduğu maya birgə mülkiyyətləri olan mağazada 10 000 ABŞ dolları olsun. Həmin vaxt 1 dolların məzənnəsi Azərbaycan manatı ilə 0,78 manat idi. Mağazada, yəni ümumi əmlakda onun qoyduğu maya 10000 ABŞ dolları olandan sonra Ramiz ona hər ay, mayaya dəymədən aylıq gəlirdən 300 manat gəlir kimi pul verməyə başlamış və o Ramizlə birlikdə mağazanı ümumi əmlak kimi işlətməyə başlamışlar. 2013ci ilin dekabr ayına kimi Ramizlə aralarında hər şey normal getmiş və hər ayın axırında Ramiz birgə mülkiyyətləri olan mağazanın aylıq gəlirindən ona 300 manat vermişdi. 2014ci ilin ilk ayından Ramiz bildirdi ki, alver zəyifləyib, mağazanı başqa bir yerə köçürmüşlər və bir müddət gəlir götürməmişlər. O da əvvəl Ramizin dediyi ilə razılaşmışdır ki, doğurdan da yeni yerdə alver zəif gedirdi, həmdə Ramiz həm xəstə idi, həmdə ali məktəbdə ödənişli formada uşaq oxutdururdu. Ümumi gəlirdən pay almamışdır ki, onun bir yoldaş köməyi olsun, ancaq lazım olanda öz şəxsi avtomobili üçün lazımi ehtiyat hissələrini, təkər və sairə götürmüşdü. 2020-ci ilin yanvar ayında onlar təzədən mağazalarını əvvəlki yerin yanında yerləşən başqa bir yerə köçürtmüş, alver yaxşılaşmışdır. O, Ramizə bildirmişdir ki, artıq hər ay gəlirdən onun da payını, yəni razılaşdıqları 300 manat pulu ona ödəsin. Ramiz razılaşmışdır ki, hər ay gəlirdən 300 manatı ona ödəyəcək. Amma hər ayın axırında müxtəlif bəhanələrlə gəliri ödəməkdən boyun qaçırmış, gah pulu yeni ehtiyat hissələrin gətirilməsinə verdiyini, gah da başqa bəhanələrlə pulunu ödəməmiş və o məcbur olmuşdur ki, konkret söhbət etsin ki, ya hər ay 300 manatını infilasiyaya uyğun ödəsin, ya da birgə mülkiyyət olan mağaza olan mala maya kimi qoyduğu 10000 ABŞ dollarını, indiki məzənnə ilə milli manatla 17000 manatını və 2020-ci ilin yanvar ayından gəlir kimi ödəmədiyi hər ay 300 manat, cəmi gəlir kimi ona verməli olduğu 10800 manat pulunu versin ki, onlar birgə mülkiyyətləri olan mağazadan ayrılsınlar. Amma Ramiz onu aldatmaqla məşğuldur. Birgə mülkiyyətləri olan avtomobil ehtiyat hissələrinə qoyduğu nə 10000 ABŞ dollarımı, nə də gəlir kimi hər ay ona verməli olduğu 300 manatı, cəmi 10800 manatını ödəmək istəmir. Məcbur olmuşdur ki, onda olan 27800 manat pulunun alınıb verilməsi üçün məhkəməyə müraciət etsin. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, hazırki mübahisə kommersiya mübahisəsi, yəni tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmadığından işə kommersiya məhkəmələri tərəfindən baxılmalı deyildir. İlk öncə məhkəmə qeyd edir ki, kommersiya mübahisələri dedikdə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Göründüyü kimi qanunvericiliklə mübahisənin məhkəmə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri görə müəyyən edilir ki, hazırkı mübahisədə tərəflərin subyektiv tərkibi mübahisənin kommersiya məhkəmələri tərəfindən baxılmasını istisna edir. Belə ki, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Hazırki iş üzrə Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, iddiaçı vergi ödəyicisi kimi vergi orqanında qeydiyyata alınmamışdır, fərdi sahibkar statusu malik deyildir. Belə olan halda məhkəmə hesab edir ki, vergi ödəyici olmayan şəxsin iştirakı yaranmış mübahisəsi sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisə deyildir. Belə ki, İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair Ali Məhkəmə Plenumunun xx.xx.2020-ci il tarixli 10 nömrəli Qərarında göstərilmidir ki, Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Nəzərə alınmalıdır ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar. Fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan, onların qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmələr nəzərə almalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən həyata keçirilən fəaliyyətin sahibkarlıq fəaliyyəti hesab olunması üçün üç şərtin mövcudluğu tələb edilir: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. Mülki Məcəllənin istinad edilən maddəsində qanunilik şərti nəzərdə tutulmasa da, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsi sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının məcburiliyini müəyyən edir. Eyni zamanda, həmin Qanunun 12.1-ci maddəsinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Digər tərəfdən, qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə inzibati, habelə Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odur ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Beləliklə, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan mübahisələrin kommersiya məhkəmələrində baxılması imkanı yalnız bu Qərarın 26-cı bəndində qeyd edilən iki halla məhdudlaşacaqdır. Göründüyü kimi, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan mübahisələrə 2 hal istisna olmaqla ümumi məhkəmələr tərəfindən baxılır ki, hazırki iş üzrə işin kommersiya məhkəmələri tərəfindən baxılmalı olması imkanı olmadığından məhkəmə hesab edir ki, hazırki mübahisə mülki xarakterlidir və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Beləliklə şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi qeydiyyata alınmadığından və mübahisə subyektiv tərkibinə görə mülki mübahisə olduğundan hazırkı mübahisəyə kommersiya məhkəmələri tərəfindən deyil, ümumi məhkəmələr tərəfindən baxılmalı və bu səbəbdən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “maya kimi qoyduğu 10000 ABŞ dolları, yəni 17000 manat, 2020-ci ilin yanvar ayından mağazada olan alverdən hər ay gəlir kimi ödənilməli olan 300 manat cəmi 10800 manat olmaqla ümumilikdə 27800 manat pulun cavabdehdən tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-176/2023
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-176/2023
31.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver