Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-18/2025 29.05.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (LPO) cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “5806,20 ABŞ dolları əsas, 1698,44 ABŞ dolları faiz, 3918,88 ABŞ dolları cərimə borcu, kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 814,05 ABŞ dolları faiz borcu və 152,41 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “5806, 20 ABŞ dolları əsas, 1698,44 ABŞ dolları faiz, 3918,88 ABŞ dolları cərimə borcu, kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 814,05 ABŞ dolları faiz borcu və 152,41 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 12 ay müddətinə, illik 23 faiz dərəcəsi ilə dövriyyə vəsaitlərinin artırılması məqsədilə 19 100 ABŞ DOLLARİ məbləğində kredit verilmişdir. Müqavilənin: 2.5-ci bəndinə görə gecikdirilən borc məbləğinə cərimə kimi illik 46 faiz dərəcəsiylə, aylıq isə 3.83 faiz dərəcəsilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir. 3.2-ci bəndinə görə kredit üzrə faizlərin hesablanması ildə 360 təqvim günü, ayda isə 30 təqvim günü götürülməklə hesablanır. 3.3-cü bəndinə görə kredit üzrə faizlər kreditin borcalana verildiyi gündən həmin vəsaitin qalıq məbləğinin kreditora tam ödənildiyi günə qədər hesablanır və tutulur. 3.1-ci bəndinə görə borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tərəflər arasında yazılı şəkildə tərtib edilmiş və müqavilənin ayrılmaz hissəsi olan annuitet ödəniş qrafiki əsasında nağd və ya köçürmə yolu ilə həyata keçirir. Məhkəməyə təqdim edilmiş ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2015-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək hər ay 1797.28 ABŞ dolları, sonuncu ay isə 1797.15 ABŞ dolları ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2024cü il tarixinə 5806.20 ABŞ dolları əsas, 1698.44 ABŞ dolları faiz, 3918.88 ABŞ dolları cərimə və 5 faizlə hesablanmış 814.05 ABŞ dolları borcu vardır. xx.xx.2015-ci il tarixli 270007257/ZM nömrəli (zaminlər Cavabdeh1 və Cavabdeh3) zaminlik müqaviləsindən görünür ki, həmin müqavilələr bankla borclu – Cavabdeh2 arasında kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Müqavilənin: 3.4.2-ci bəndinə əsasən, bu müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etmək zaminin vəzifəsidir. 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 5.1.4-cü bəndinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrasının vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə və zaminlərə qarşı iddia irəli sürülmədiyi halda zaminliyə xitam verilir. xx.xx.2015-ci il tarixli 330 nömrəli “270007257 saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə” Əlavə Sazişdən görünür ki, müqaviləyə əsasən, kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 17 120.20 ABŞ dolları təşkil edir. Müqavilənin 2.2.3-cü bəndinə əsasən, kreditin müddəti 13 ay təyin edilir. Ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2015-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək hər ay müxtəlif məbləğlərdə ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Eyni zamanda qeyd edilən Sazişə əsasən, bank, əsas borclu və zaminlər arasında da xx.xx.2015-ci il tarixli 330 nömrəli “270007257 saylı xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə” Əlavə Sazişlər imzalanmışdır. xx.xx.2017-ci il tarixli 02 nömrəli “270007257 saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi” üzrə Əlavə Sazişdən görünür ki, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 9445.45 ABŞ dolları təşkil edir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 6475.9 ABŞ dolları əsas borc, 2966.39 ABŞ dolları faiz borcu və 3.16 ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək təşkil edir. 1.2-ci bəndinə görə Restrukturizasiya edilmiş kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 8 faiz təşkil edir. 1.3-cü bəndinə görə gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən cərimə kimi illik 16 faiz dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir. Ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2017-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək hər ay müxtəlif məbləğlərdə ödəniş etməyi öz öhdəsinə götürmüşdür. Eyni zamanda qeyd edilən Sazişə əsasən, bank, əsas borclu və zaminlər arasında da xx.xx.2017-ci il tarixli 02 nömrəli “270007257 saylı xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi” üzrə Əlavə Sazişlər imzalanmışdır. Bundan başqa məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixə 5806.2 ABŞ dolları əsas, 1698.44 ABŞ dolları faiz, 3918.88 ABŞ dolları cərimə və Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 791.37 ABŞ dolları faiz borcu vardır. Eyni zamanda, məhkəmə, borcun dəqiq araşdırılması ilə bağlı məhkəməmühasibatlıq ekspertizası təyin etmiş və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/8788 nömrəli ekspert rəyinə əsasən xx.xx.2021-ci il tarixinə 5807.31 ABŞ dolları əsas, 1395.05 ABŞ dolları faiz, 3.16 ABŞ dolları cərimə borcu, xx.xx.2024-cü il tarixinə 5807.31 ABŞ dolları əsas, 1395.05 ABŞ dolları faiz, 859.80 ABŞ dolları əldən çıxmış fayda borcu, 3.16 ABŞ dolları cərimə borcunun olduğu müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh2 xx.xx.2017-ci il tarixli, 2 nömrəli Restrukturizasiyaya dair Əlavə Sazişi “Azərbaycan Respublikasında fiziki şəxlərin pproblemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” AR Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşməsi üzrə tədqiqat aparılmadı. Bundan başqa təqdim edilmiş Cavabdeh2 hesabdan çıxarış məlumatlarında kompensasiya ödənilməsi öz əksini tapmır. Cavabdeh2 xx.xx.2024-cü il tarixdə vəsatətlə, xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, devalivasiya olduqdan sonra krediti ödəyə bilməmiş, bundan sonra borcunu ödəyə bilmədiyi üçün qızılları sataraq borca ödəmişdir. Belə ki, 2024-cü ilin iyul ayında məhkəmə tərəfindən ona məktub gələn zaman məlum oldu ki, 16 fevral 2015-ci il tarixli müqavilənin müddəti yenidən xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Halbuki, kredit müqaviləsini imzalayaraq artırmamışdır. Ümumiyyətlə, müqavilənin artırılmasından heç bir məlumatı olmamışdır. Hətta, zaminlər belə həmin müqaviləyə qol çəkməmişdir. Göstərilən halları nəzərə alaraq iş üzrə məhkəməxətşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatətinin təmin edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixli e-2-2(117)-999/2024 nömrəli məhkəmə bildirişi ilə Cavabdeh2 bildirilmişdir ki, xətşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı vəsatətə qiymət verilməsi və cavabdehin sərbəst və ya eksperimental imza nümunələrinin götürülməsi məqsədilə məhkəmə iclasında şəxsən iştirak etməsi tələb olunur. Əks təqdirdə ekspertizanın keçirilməsi barədə vəsatətə qiymət veriləcəyi və iş materiallarında olan sübutlar əsasında yekun məhkəmə aktının qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Qeyd edilən bildiriş həmin tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilərək ona rəsmi qaydada çatdırılmışdır. Lakin buna baxmayaraq cavabdeh bu hala heç bir münasibət bildirməmiş və eyni zamanda növbəti məhkəmə iclaslarında iştirak etməmişdir. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş və nəticədə onların ödənilməmiş borcları qalmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmmiş, iddiaçı tərəf məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasına gəlməmələrinin üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqaviləsi, zaminlik müqavilə, əlavə sazişlər, hesabdan çıxarışlar, maliyyə arayışı, ekspert rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi bağlanaraq kredit verilmiş, bundan sonra həmin kredit müqaviləsi üzrə xx.xx.2015-ci il və xx.xx.2017-ci il tarixlərində Əlavə Saziş bağlanmış və müqaviləyə müvafiq dəyişikliklər edilərək yeni ödəniş cədvəlləri tərtib edilmişdir. İş materiallarından göründüyü kimi cavabdeh öz öhdəliklərini yerinə yetirməmiş və nəticədə ödənilməmiş borcu qalmışdır. Məhkəmə əsas və faiz borcuna münsibətdə qeyd edir ki, iddia bu hissədə əsas borca münasibətdə tam təmin edilməli, lakin faiz borcuna münasibətdə qismən təmin edilməlidir. Belə ki, borcun dəqiq araşdırılması ilə bağlı məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən xx.xx.2021-ci il tarixinə 5807.31 ABŞ dolları əsas, 1395.05 ABŞ dolları faiz, xx.xx.2024-cü il tarixinə isə 5807.31 ABŞ dolları əsas, 1395.05 ABŞ dolları faiz borcunun olduğu müəyyən edilmişdir. İddiaçı iddia ərizəsində 5806,20 ABŞ dolları əsas borcun tutulmasını tələb etmişdir ki, məhkəmə hesab edir ki, iddia tələbində qeyd edilən əsas borc ekspert rəyində müəyyənləşdirilən məbləğdən çox olmadığından, eyni zamanda məhkəmə iddia tələbindən kənara çıxa bilmədiyindən əsas borc 5806,20 ABŞ dolları məbləğində təmin edilməlidir. Bundan əlavə olaraq iddiaçı 1698,44 ABŞ dolları faiz borcunun tutulmasını tələb etsə də, ekspert rəyini təkzib edəcək hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə ekspert rəyində göstərilmiş faiz borc məbləğini əsas tutur və hesab edir ki, iddiaçı cavabdehdən 1395.05 ABŞ dolları məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Bundan başqa məhkəmə iddia tələbinin “AR Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Plenum qərarına əsasən hesablanmış 814,05 ABŞ dolları faiz borcunun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə təmin edilməlidir. Düzdür məhkəməyə təqdim edilmiş ekspert rəyində AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 859.80 ABŞ dolları borcun mövcud olduğu göstərilsə də, iddiaçı həmin məbləğdən daha az, yəni 814,05 ABŞ dolları borcun tutulmasını məhkəmədən tələb edir. Məhkəmənin iddia tələbindən kənara çıxmağa haqlı olmadığından qanuna zidd olduğundan hesab edir ki, illik 5 faizlə hesablanmış 814,05 ABŞ dolları faiz borcu cavabdehdən tutulmalıdır. Məhkəmə iddia tələbinin “3918,88 ABŞ dolları cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış müqavilənin 2.5-ci bəndinə əsasən cavabdeh gecikdirilən kredit ödənişinin əsas borc məbləğində gecikdirilən hər gün üçün cərimə kimi illik 46 faiz dəbbə pulu ödəyir. Bundan başqa xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən, cərimə borcunun 3.16 ABŞ dolları məbləğində olduğu müəyyən edilmişdir. Lakin xx.xx.2017-ci il tarixli 02 nömrəli Əlavə Sazişdən görünür ki, həmin saziş bağlanarkən borcalanın kreditor qarşısındakı qalıq cərimə borcunun məbləği 3.16 ABŞ dolları təşkil edir. Eyni zamanda həmin sazişin 1.3-cü bəndində qeyd edilmişdir ki, ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən cərimə kimi illik 16 faiz dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir. Məhkəmə hesab edir ki, ekspert tərəfindən cərimə borcu hesablanarkən sazişin qeyd edilən bəndi nəzərə alınmamışdır. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə əsas borca münasibətdə 174,18 ABŞ dolları (əsas borcun 3%-i həcmində) cərimə borcunun tutulması daha ədalətli, ağlabatan və qanunidir. Bundan başqa qeyd edilməlidir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il 551 nömrəli Fərmanının 8-ci bəndinə əsasən Fərmanın məqsədləri üçün: 8.1. fiziki şəxslərin xarici valyutada 10 000 (on min) ABŞ dollarınadək və ya milli valyutada 17 000 (on yeddi min) manatadək olan əsas kredit borcları dedikdə onların bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; 8.3. bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; 8.6. vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclara münasibətdə tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddaçı ilə cavabdeh arasında ilk kredit müqaviləsi xx.xx.2015-ci il tarixdə bağlanmış, bundan sonra xx.xx.2015-ci il tarixdə əlavə sazişlə müddəti xx.xx.2016-cı tarixə kimi uzadılmış, yekun olaraq isə xx.xx.2017-ci il tarixdə əlavə sazişlə müddəti xx.xx.2021-ci il tarixədək uzadılaraq ilkin müqavilə üzrə ödənilməli borc müəyyən edilmişdir. Hesabdan çıxarış məlumatlarından göründüyü kimi cavabdeh tərəfindən borcları gec ödənilsə də, xx.xx.2019-cu il tarixə kimi 360 günlük gecikmə olması sübut edilmir, yəni həmin müddət ərzində fasilələrlə də olsa müvafiq il daxilində olan aylar üzrə qismən ödənişlər edilmişdir. Buradanda aydın olduğu kimi cavabdehin götürdüyü kredit borcu 360 gün müddətində ödənilməyən problemli kredit olmadığından “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il 551 nömrəli Fərmanının təsir dairəsinə düşməmişdir. Bununla bağlı hər hansı bir sübut təqdim edilməmişdir. Eyni zamanda, xx.xx.2015-ci il tarixli 270007257/ZM nömrəli (zaminlər Cavabdeh1 və Cavabdeh3) zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə bankla borclu – Cavabdeh2 arasında kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Məhkəmə qeyd edir ki, xx.xx.2015-ci il zaminlik müqaviləsinin müddəti, xx.xx.2017-ci il tarixli dəyişikliyə əsasən xx.xx.2021-ci il tarixinədəkdir. Belə ki, zaminlik müqaviləsinin 5.1.4-cü bəndinə əsasən, zaminliyə onun təmin etdiyi öhdəliyin icrasının vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə və zaminlərə qarşı iddia irəli sürülmədiyi halda zaminliyə xitam verilir. Qeyd edilən Zaminlik müqaviləsi üzrə Əlavə Sazişin 1.2-ci bəndinə əsasən restruktrizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixinədəkdir. Ona görə də, zaminlik müqaviləsinin müddəti ötürüldüyündən borcun zaminlər Cavabdeh1 və Cavabdeh3 yönəldilməsi əsassızdır. Bundan başqa, hüquqi müəyyənlik baxımından zaminlik müqaviləsinin qüvvədə olma müddəti öhdəliyin icrası müddətindən çox olmamalı, eyni zamanda öhdəliyin icrası müddəti zaminlik müqaviləsinin müddətindən az olmamalıdır. Hazırki vəziyyətdə zaminlik müqaviləsində onun qüvvədə olma müddəti öhdəliyin icrası müddəti ilə üst-üstə düşdüyündən qanunvericilikdə müəyyən edilmiş müddətin nəzərə alınmasını zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Şərh olunan maddənin birinci abzasında qeyd edilən müddət nəzərə alınsa zaminə qarşı iddia ən geci müqavilənin bitdiyi müddətdən sonra xx.xx.2021-ci il tarixədək irəli sürülə bilərdi. Çünki müqavilədə qeyd edilən müddət müəyyən edilmişdir. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, Cavabdeh2 5806,20 ABŞ dolları əsas, 1395,05 ABŞ dolları faiz, 174,18 ABŞ dolları cərimə borcu, kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 814,05 ABŞ dolları faiz borcu, cəmi 8189,48 ABŞ dolları (ödəniş gününə Azərbaycan manatına olan məzənnə ilə) tutularaq iddiaçıya ödənilməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 152.41 manat dövlət rüsumunun 102 manat hissəsi cavabdehdən tutulmalı, qalan 50.41 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Bundan əlavə məhkəmə ekspertizası üçün 100 manat tədqiqatın dəyəri müəyyən edilmişdir. MPM-in 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Məhkəmə qeyd edilənləri nəzərə alaraq, 200 manat məbləğində ekspert xərcinin tərəflər arasında bərabər bölüşdürülməsi nəticəsinə gəlir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 5806,20 ABŞ dolları əsas, 1395,05 ABŞ dolları faiz, 174,18 ABŞ dolları cərimə borcu, kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 814,05 ABŞ dolları faiz borcu, cəmi 8189,48 ABŞ dolları ödəniş gününə Azərbaycan manataına olan məzənnə ilə və 102 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə (LPO) ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 200 manatın 100 manatı iddiaçıdan, 100 manatı cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mübariz Hüseynov