Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-181/2025 19.02.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İ. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 22 sentyabr 2023-cü il tarixli 0**-TA-***3 saylı İcarə müqaviləsinə əsasən 6036.15 manat pulun, məhkəməyə ödənilmiş 80 manat dövlət rüsumu və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 426 manat məbləğində pul vəsaitinin İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 22 sentyabr 2023-cü il tarixli 0**-TA-***3 saylı İcarə müqaviləsi bağlanmışdır. 22 sentyabr 2023-cü il tarixli 0**-TA-***3 saylı Müqavilənin 1.1-ci bəndinə əsasən cədvəl №1-də göstərilən «CAT M 322 D» markalı 10 P 909 dövlət nömrə nişanlı texnika icarəyə verən - İddiaçı MMC tərəfindən icarəçi – Cavabdeh MMC-yə xidmət göstərmək üçün icarəyə verilməli, icarəçi isə Müqavilə ilə müəyyən edilmiş icarə haqqını ödəməyi öhdəsinə götürür. Tərəflər arasında bağlanmış 22 sentyabr 2023-cü il tarixli 0**-TA-***3 saylı müqavilə üzrə qeyd edilən texnika xidmət göstərilməsi üçün təhvil verilmiş, bu barədə tərəflər arasında 13 noyabr 2023-cü il tarixdə təhvil-təslim aktı tərtib edilmiş, aktda icarəçi tərəfindən ödənilməli olan 6036.15 manat da göstərilərək tərəflərin imza və möhürləri ilə təsdiq edilmişdir. İddiaçı tərəfindən bütün öhdəliklər yerinə yetirilmiş, qeyd edilən texnika sifarişçiyə təhvil verilmişdir. Lakin sifarişçi tərəfindən ödənilməli olan icarə haqqları tam şəkildə ödənilməmiş və cavabdehin 6036.15 manat borcu yaranmışdır. Cavabdeh mübahisə məhkəməyə qədər nizamasalma (pretenziya) qaydasında öhdəliyini icra etməmiş və mübahisə həlledilməmişdir.
İİ. Tərəflərin mövqeləri:
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.
İİİ. Məhkəmə baxışının hədləri:
4. Mülki Prosessual Məcəllənin: 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən rizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
İV. Tətbiq edilən hüquq:
5. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-ci maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
V. Məhkəmənin mövqeyi:
6. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları hərtərəfli, obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
7. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı MMC ( bundan sonra icarəyə verən) və Cavabdeh MMC (bundan sonra icarəçi) arasında 22 sentyabr 2023-cü il tarixli 0**-TA-***3 saylı İcarə müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən cədvəl №1-də göstərilən «CAT M 322 D» markalı 10 P 909 dövlət nömrə nişanlı texnika icarəyə verən tərəfindən icarəçiyə xidmət göstərmək üçün icarəyə verilməli, icarəçi isə Müqavilə ilə müəyyən edilmiş icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən icarəyə verən texnikalar üçün ayrıca gündəlik xidmət cədvəli tərtib edir. Hər növbəti ayın ilk 3 günü ərzində göstərilmiş xidmətlər üçün tərtib etdikləri cədvəllər əsasında tərəflər arasında “xidmətlərin Təhvil-Təslim aktı” tərtib olunur, imzalanır və möhürlənir.
8. Tərəflər arasında xx.xx.2023-cü il tarixli 01 nömrəli qiymətlərin razılaşdırılma protokolu imzalanmışdır. Razılaşdırılma protokoluna əsasən icarəyə verən tərəfindən icarəçiyə verilən texnikanın aylıq qiyməti müəyyənləşdirilmişdir. Bundan sonra tərəflər arasında xx.xx.2023-cü il tarixli TA-RN 10/23 nömrəli “X2-Təslim aktı” imzalanmışdır. Həmin akta əsasən icarəyə verilən texnikanın 14 gün icarəçidə qalması haqqı hesablanmış və ümumi məbləği qeyd olunmuşdur. Həmin razılaşdırma protokolu və akt tərəflər arasında imzalanmış və hər iki hüquqi şəxsin möhürləri ilə təsdiqlənmişdir. Həmin sənədlər tərəflər arasına icarə münasibətlərinin olmasını və həyata keçirilməsini sübut edir. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 932651 nömrəli xx.xx.2023-cü il tarixli elektron qaimədə həmin icarə münasibətlərinədn irəli gələn borc cavabdehdən tələb edilmişdir. Cavabdeh isə öz növbəsində borcu ödəməmiş və ya bunu təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir.
9. İddiaçı xx.xx.2024-cü il tarixli pretenziya məktubuna əsasən borcun ödənilməsi barədə Cavabdeh MMC–yə xəbərdarlıq edilmişdir.
10. Məhkəmə tərəflər arasında bağlanmış icarə müqaviləsinin həqiqiliyinə qiymət verərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə hər iki tərəfin imza və möhürləri ilə rəsmiləşdirilmiş, tərəflərin həqiqi hüquqi iradə ifadələrini əks etdirməklə etibarsız olmamışdır.
11. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında icarə müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
12. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilərək cavabdehdən 6036,15 manat borc tutularaq iddiaçıya ödənilməlidir.
13. Məhkəmə həmçinin qeyd edir ki, hüquqi yardımla bağlı ödənilmiş 426 manat pulun cavabdehdən tutularaq ödənilməsi hissəsinə tələb qismən təmin edilməlidir.
14. Belə ki, Azərbaycan Respublikası Vəkillər X1 28 iyun 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə Qaydalara əsasən bu Qaydalar vəkilə müştəri tərəfindən ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi ilə bağlı məsələləri tənzimləyir. Bu Qaydaların məqsədi vəkillərin maliyyə hesabatlılığının şəffaflaşdırılması yolu ilə vəkillik fəaliyyətinin səmərəli təşkilindən ibarətdir.
15. Məhkəmə iddiaçının vəkillə müqavilə bağlamasını, vəkilin işin məhkəməyə hazırlanması ilə bağlı xərclərini, əməyini və ödənilməli olan məbləğin ağlabatanlığını, nəzərə alaraq hesab edir ki, tələb olunduğu kimi 426 manat deyil, 200 manat pul məhkəməyə müraciət edilməsi ilə bağlı vəkilə ödənilmiş pul vəsaiti qismində çəkilən xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
16. Məhkəmə qeyd edir ki, xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 80,36 manat olmalıdır ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 80 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilməmiş 0,36 manat dövlət rüsumu isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Vİ. Nəticə:
17. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdehndən 6036,15 manat məbləğində borc, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 250 manat pul və 80 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 0,36 manat dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim : Elnarə Hüseynova