Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-192/2025 18.02.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi,İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “30 000 manat əsas borcun və 180 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı Cavabdeh qarşı “30 000 manat əsas borcun və 180 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı QSC BOKT ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixli 01BK/17 nömrəli kredit müqaviləsi bağlanmışdır. Bundan sonra İddiaçı QSC BOKT ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə xx.xx.2017-ci il tarixli 01BK/17 saylı kredit müqaviləsi üzrə 30 000 manat məbləğində qalıq borcun restrukturizasiya edilməsi məqsədilə OKR-005/23 nömrəli restrukturizasiya müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 2.1-ci bəndinin tələbinə görə tərəflər borclunun İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Şəki filialı ilə bağlanmış xx.xx.2017-ci il tarixli, 01BK/17 saylı kredit müqaviləsinə əsasən aldığı kredit üzrə bu müqavilənin bağlandığı tarixə ödənilməmiş qalan cəmi 30 000 manat borcunun qaldığını təsdiq edirlər. 2.2-ci bəndinin tələbinə görə kreditor borclunun bu müqavilənin 2.1-ci bəndində göstərilən kredit müqaviləsi üzrə ödənilməmiş qalan 30 000 manat kredit borcunun tərəflər arasında bu müqavilə imzalandığı tarixdən 60 ay müddətinədək uzadılmasını, borclu isə müvafiq qaydada təminat təqdim etməklə 30 000 manat borcunu bu müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə uyğun olaraq kreditora ödənilməsini öz öhdəsinə götürür. 2.3-cü bəndinin tələbinə görə restrukturizasiya olunan kredit borcu hər ilin sentyabr ayında 6000 manat olmaqla, ödəniş cədvəlinə uyğun olaraq borclu tərəfindən ödənilir. 4.1-ci bəndinin tələbinə görə bu müqavilə tərəflər arasında imzalandığı tarixdən qüvvəyə minir və kredit borcu kreditora tam ödənilənədək qüvvədə qalır. İş materiallarına əlavə edilmiş OKR-005/23 saylı restrukturizasiya müqaviləsinə əlavə olan ödəniş cədvəlindən göründüyü kimi Cavabdeh 0 faiz dərəcəsi ilə 60 ay müddətində 30 000 manat məbləğində borcundan xx.xx.2024-cü il tarixindən xx.xx.2028-ci il tarixinədək 5 dəfə olmaqla hər ay 6000 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək İddiaçı QSC Bank olamayan Kredit Təşkilatının hesabına heç bir ödəniş edilməmişdir. İş materiallarına əlavə edilmiş məlumatdan görünür ki, Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixə restrukturizasiya olunmuş kredit borcundan heç bir ödəniş edilməmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən təqdim edilmiş ərizədən göründüyü kimi cavabdeh 30 000 manat məbləğində kredit borcunun olduğunu və hissəhissə ödəyə biləcəyini qeyd etmişdir. Göründüyü kimi cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə onun iddiaçıya ödənilməmiş 30 000 manat məbləğində əsas borcu qalmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddia tələbini müdafiə edirlər və təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, borcunu qəbul edir və hissə-hissə ödəyə bilər. Qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqaviləsi, restrukturizasiya müqaviləsi, məlumat, ərizə və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı QSC BOKT ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixli 01BK/17 nömrəli kredit müqaviləsi bağlanmışdır. Bundan sonra İddiaçı QSC BOKT ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə xx.xx.2017-ci il tarixli 01BK/17 saylı kredit müqaviləsi üzrə 30 000 manat məbləğində qalıq borcun restrukturizasiya edilməsi məqsədilə OKR-005/23 nömrəli restrukturizasiya müqaviləsi bağlanmışdır. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilmədiyi, ödəniş cədvəli ilə müəyyənləşdirilmiş ödəniş müddətinin vaxtının keçməsinə baxmayaraq kredit borcundan hazırkı tarixə qədər heç bir ödəniş edilmədiyi müəyyən edilmişdir. Belə ki, bu iddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarış və xx.xx.2024-cü il tarixli məlumat əsasında öz təsdiqini tapmışdır. Bundan başqa Cavabdeh məhkəməyə təqdim etmiş olduğu ərizə və eyni zamanda məhkəmə iclasında verdiyi izahatı ilə də iddiaçının tələb etdiyi məbləğdə, yəni 30 000 manat məbləğində borcunun olduğunu etiraf etmişdir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd olunmuş normaları və tərəflər arasında bağlanmış müqavilənin şərtləri baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımi qaydada icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda öhdəliyinə uyğun olaraq müəyyən edilmiş miqdarda və vaxtda ödənişləri həyata keçirməmişdir. Buna görə də, cavabdeh məhz müqavilədən irəli gələn öhdəliyini icra etmədiyinə görə borcu yaranmışdır. Bundan əlavə o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Göründüyü kimi borcalan öhdəliyini lazımınca yerinə yetirmədiyindən onun ödənilməmiş borcu qalmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının tələbində qeyd etdiyi 30 000 manat əsas borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırkı iş üzrə iddianın qiymətinə ödənilməli dövlət rüsumu 180 manat olmalıdır. İddiaçı tərəfindən 180 manat dövlət rüsumu dövlət büdcəsinə ödənildiyindən və cavabdehdən tutulması tələb edildiyindən 180 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabeh Cavabdeh 30 000 manat əsas borc və 180 manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-192/2025
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-192/2025
18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver