Məhkəmə qərarları › İş №e-2-2(117)-1932/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1932/2025

11.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1932/2025 11.02.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, Əzimova Rəna Sərvər qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun ödənilməsi” tələbinə dair iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: Təsviri hissə: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, “cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 026R********** saylı krеdit razılaşması üzrə 16077.47 manat əsas bоrc, 1977.40 manat faiz bоrcu, 556.28 manat cərimə borcu olmaqla, cəmi 18611.15 manat bоrc və 145.83 manat dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 (kredit alan), Cavabdeh1, Cavabdeh3 (zaminlər) arasında bağlanmış xx.xx.2023-cü il tarixli 026L**********59 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 120 ay müddətinə 300 000 manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən veriləcək məbləğ və müddət ayrıca kredit razılaşması ilə müəyyən olunur. Həmin müqavilənin: 2.7-ci bəndinə əsasən kredit alan kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ödəniş haqları cədvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. 4.4. Kredit faizi qaytarılmalı kredit məbləği üzrə hər gün Bank tərəfindən kreditin verildiyi tarixdən (gündən) onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. 4.9-cu bəndinə əsasən kredit alan krediti vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilmiş gün üçün kredit qalığının 0.02%-i məbləğində cərimə borcu ödəməyi öhdəsinə götürür. 11.1-ci bəndinə əsasən zamin kredit alanın bu müqavilədən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında kredit alan ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh2 arasında uzunmüddətli kredit və təminat müqaviləsi əsasında 026R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən bank tərəfindən Cavabdeh2 36 ay müddətinə, illik faiz dərəcəsi 21% оlmaqla 26 000 manat məbləğində kredit verilmişdir (xx.xx.2023-cü il tarixli köçürmə qəbzi iş materiallarına əlavə edilmişdir). İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixli, 026R********** nömrəli razılaşma üzrə 16077.47 manat əsas, 1977.4 manat faiz, 175 gün gecikdirmə üçün hesablanmış 556.28 manat cərimə borcu mövcuddur. Cavabdeh kredit bоrcundan 9922.53 manat ödəniş etmiş, 16077.47 manat ödənilməmiş borcu qalmışdır. Göründüyü kimi cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirmədiyindən onların ödənilməmiş borcları qalmışdır. Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, digər cavabdehlərə zamin durmuş, ilk olaraq ödəniş 1100 manat olmuş, sonradan isə güzəşt tətbiq edilərək 550 manata endirilmişdir. Pulu digər şəxslər götürüb, heç bir hissəsi ona çatmayıb. Borc var və qəbul edir. Digər banklarda olan öhdəliklərinin nəzərə alınmasını xahiş edir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, iddiaçı tərəf məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini və işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə qeyd edilən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara uzunmüddətli kredit və təminat müqaviləsi, kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma, arayış, hesabdan çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə bağlanmış uzunmüddətli kredit və təminat müqaviləsi əsasında İddiaçı QSC ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixdə kredit razılaşması bağlanmış və bank tərəfindən Cavabdeh2 razılaşdırılmış məbləğdə kredit verilmişdir. Bundan sonra iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iş materiallarından, məhkəmə iclasına iştirak etmiş cavabdehin izahatından cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirmədiyi və nəticədə ödənilməmiş borcunun qaldığı, həmçinin, uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən zaminlər və borclu kreditor qarşısında birgə məsuliyyət daşıdığından və cavabdeh kredit alan öhdəliklərini lazımınca yerinə yetirmədiyindən iddiaçının qalıq borcun cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etməkdə haqlı olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf cavabdehlərdən əsas, faiz və cərimə borcunu iddia tələbinə uyğun olaraq tələb etməkdə haqlıdır. Cavabdehlərin iddia tələbinə hər hansı bir etiraz və ya münasibət bildirməməsi, məhkəmə iclasında iştirak edən cavabdein tələb edilən borcu qəbul etməsi məhkəmənin əlavə araşdırma aparmasını imkansız etmişdir. Bu səbəbdən məhkəmə təqdim edilən sübutlar əsasında işə baxılaraq yekunlaşdırılması qərarına gəlmişdir. Yekun olaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərdən müştərək qaydada 16077.47 manat əsas bоrc, 1977.40 manat faiz bоrcu, 556.28 manat cərimə borcunun tutulmasını tələb etməkdə haqlıdır və iddia tələbi təmin edilməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu (145.83 manat) iddiaçı tərəfindən dövlət büdcəsinə ödənildiyindən və iddia tələbi təmin edildiyindən 145.83 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 28 aprel 2023-cü il tarixli 026R********** saylı krеdit razılaşması üzrə 16077.47 manat əsas bоrc, 1977.40 manat faiz bоrcu, 556.28 manat cərimə borcu olmaqla, cəmi 18611.15 manat bоrc və 145.83 manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar