Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1938/2025 11.02.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, Əzimova Rəna Sərvər qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: Təsviri hissə: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, “cavabdehlərdən müştərək qaydada 019R********** saylı krеdit razılaşması üzrə 7029.66 manat əsas bоrc, 839.07 manat faiz bоrcu, 278.09 manat cərimə borcu olmaqla, cəmi 8146.82 manat bоrc və 101.47 manat dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 (kredit alan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli 019L**********48 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 120 ay müddətinə 200 000 manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən veriləcək məbləğ və müddət ayrıca kredit razılaşması ilə müəyyən olunur. Həmin müqavilənin: 2.7-ci bəndinə əsasən kredit alan kredit borcunu, kredit faizini, xərcləri və başqa məsrəfləri bu müqavilənin tələbləri nəzərə alınmaqla müvafiq kredit sazişində müəyyən olunmuş qaydada, habelə olduğu halda ödəniş planına və ödəniş haqları cədvəlinə uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. 4.4. Kredit faizi qaytarılmalı kredit məbləği üzrə hər gün Bank tərəfindən kreditin verildiyi tarixdən (gündən) onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. 4.9-cu bəndinə əsasən kredit alan krediti vaxtında və lazımi qaydada qaytarmadıqda, hər gecikdirilmiş gün üçün kredit qalığının 0.02%-i məbləğində cərimə borcu ödəməyi öhdəsinə götürür. xx.xx.2023-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh2 arasında 019S**********01 nömrəli qoşulma barədə saziş bağlanmış və zamin kredit alanın xx.xx.2023-cü il tarixli 019L**********48 saylı uzunmüddətli kredit və təminat müqaviləsindən irəli gələn öhdəliklərinin icrası üçün kredit alanla birgə və tam məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. xx.xx.2023-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında uzunmüddətli kredit və təminat müqaviləsi əsasında 019R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik faiz dərəcəsi 22% оlmaqla 12 200 manat məbləğində kredit verilmişdir (xx.xx.2023-cü il tarixli köçürmə qəbzi iş materiallarına əlavə edilmişdir). İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixli, 019R********** nömrəli razılaşma üzrə 7029.66 manat əsas, 839.07 manat faiz, 189 gün gecikdirmə üçün hesablanmış 278.09 manat cərimə borcu mövcuddur. Cavabdeh kredit bоrcundan 5170.34 manat ödəniş etmiş, 7029.66 manat ödənilməmiş borcu qalmışdır. Göründüyü kimi cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirmədiyindən onların ödənilməmiş borcları qalmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, iddiaçı tərəf məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini və işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara uzunmüddətli kredit və təminat müqaviləsi, qoşulma barədə saziş, kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma, arayış, hesabdan çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə bağlanmış uzunmüddətli kredit və təminat müqaviləsi əsasında İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixdə kredit razılaşması bağlanmış və bank tərəfindən Cavabdeh1 razılaşdırılmış məbləğdə kredit verilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iş materiallarından, cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirmədiyi və nəticədə ödənilməmiş borcunun qaldığı, həmçinin, qoşulma barədə sazişə əsasən zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıdığından və cavabdeh kredit alan öhdəliklərini lazımınca yerinə yetirmədiyindən iddiaçının qalıq borcun cavabdehlərdən müştərək qaydada tutulmasını tələb etməkdə haqlı olduğu müəyyən edilmişdir. İddiaçı tərəf cavabdehlərdən əsas borcu iddia tələbinə uyğun olaraq tələb etməkdə haqlıdır. Lakin faiz və cərimə borcuna münasibətdə məhkəmə o qənaətə gəlmişdir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən cavabdehlərə göndərilmiş pretenziyadan göründüyü kimi iddiaçı cavabdehlərə kredit müqaviləsi üzrə borcunun ödənilməsini bildirərək müqaviləni birtərəfli qaydada ləğv etmişdir. Belə ki, iddiaçı Bank cavabdehlərə təqdim etdiyi xx.xx.2025-ci il tarixə olan pretenziyada xx.xx.2023-cü il tarixli kredit müaviləsi üzrə 7229.66 manat əsas, 761.09 manat faiz, 241.29 manat cərimə borcu tələb etmiş və qeyd edilən məbləği tam tələb etməklə bildirişlə tərəflər arasında müqaviləni ləğv etmişdir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Konstitusiya Məhkəməsi Plenumunun qərarında daha sonra qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Yəni, hazırkı iş üzrə iddiaçı ləğv anınadək pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Yekun olaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərdən müştərək qaydada 7029.66 manat əsas, 761.09 manat faiz, 241.29 manat cərimə borcunun tutulmasını tələb etməkdə haqlıdır və iddia tələbi bu hissədə təmin edilməlidir. Cavabdehlərin iddia tələbinə hər hansı bir etiraz və ya münasibət bildirməməsi məhkəmənin əlavə araşdırma aparmasını imkansız etmişdir. Eyni zamanda, tələb edilən borc məbləği ilə razılaşmamasına dair hər hansı bir vəsatətlə, o cümlədən müvafiq ekspertizanın təyin edilməsinə dair təşəbbüslə çıxış etməmişdir. Bu səbəbdən məhkəmə təqdim edilən sübutlar əsasında işə baxılaraq yekunlaşdırılması qərarına gəlmişdir. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı tərəf sübutlarını əsaslandırıb, irəli sürdüyü dəlillərinin izahını vermiş, cavabdeh tərəf isə qeyd edilən iddia tələbinin əksini sübut edən hər hansısa sübutunu və ya etirazını məhkəməyə təqdim etməyərək sübutetmə vəzifəsini icra etməmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu (101.47 manat) iddiaçı tərəfindən dövlət büdcəsinə ödənildiyindən, iddia tələbinin təmin edilən hissəsinə mütənasib olaraq 100.04 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, digər hissədə iddiaçıya aid edilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 15 noyabr 2023-cü il tarixli 019R********** saylı krеdit razılaşması üzrə 7029.66 manat əsas bоrc, 761.09 manat faiz bоrcu, 241.29 manat cərimə borcu olmaqla, cəmi 8032.04 manat bоrc və 100.04 manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mübariz Hüseynov