Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1947/2025 17.02.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, Əzimova Rəna Sərvər qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: Təsviri hissə: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı ərizə ilə müaciət edərək “1.817,48 manat əsas, 58,65 manat faiz, 90,38 manat AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirmiş vaxt üçün hesablanan illik (5%) faiz borcunun və 448,06 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir. İddiaçı xx.xx.2026-cı il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “1.817,48 manat əsas, 58,65 manat faiz, 448.06 manat AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirmiş vaxt üçün hesablanan illik (5%) faiz borcunun və 43.25 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 036/2017 nömrəli kredit müqaviləsinə əsasən borc verən “Zərdab rayonunda quşçuluq təsərrüfatının yaradılması” yönümlü investisiya layihəsinə əsasən cücələrin alınması məqsədləri üçün borc alana sahibkarlığa kömək milli fondunun vəsaiti hesabına illik 6% hesablanmaq şərti ilə, 36 ay müddətinə 5000 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. xx.xx.2017-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan hesabdan çıxarışdan Cavabdeh xx.xx.2017-ci il tarixdə 5000 manat kredit verildiyi, xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan hesabdan çıxarışdan isə cavabdeh tərəfindən kredit borcundan ümumilikdə 4174.56 manat ödəniş edildiyi müəyyən edilir. İş materiallarında olan 01 dekabr 2025-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 1817.48 manat əsas, 58.65 manat faiz, 448,06 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu qalmışdır. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş və borcun ödənilməyəcəyi təqdirdə hazırkı iddia ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə baxış iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini və məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İddiaçı tərəfindən aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: kredit müqaviləsi, ödəniş qrafiki, arayış, hesabdan çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi Məhkəmə, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verib hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (Bundan sonra – MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən borc verən bu müqavilənin şərtləri daxilində borc alana 5000 manat məbləğində kredit vermiş, borcalan isə öz üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirməyərək borc verənə olan borcunu tam şəkildə ödəməmişdir. Məhkəmə o qənaətə gəlir ki, iddiaçı 1.817,48 manat əsas və 58,65 manat faiz borcunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Bundan başqa məhkəmə iddia tələbinin “AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan illik (5%) faiz üzrə 448.06 manat pulun cavabdehdən tutulması” hissəsinə münasibətdə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz olaraq 448.06 manatın ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin ödəniş qrafiki ilə kredit müqaviləsi üzrə borcun xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ödənilməsi barədə razılaşdıqları müəyyən edilmişdir. Sonuncu ödəniş tarixindən iddiaçı tərəfindən məhkəməyə müraciət edilən tarixə qədər olan 5 il müddət üçün 448.06 manat (1817.48 manat*5/100 = 90.87 manat – 1 il üçün, 90.87*5 il=454.35 manat) məbləğində gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən 1.817,48 manat əsas borc, 58,65 manat faiz borcu və 5% illik gecikdirmə faizi üzrə 448.06 manat pulun tutulmasını tələb etməkdə haqlıdır. Cavabdehin məhkəmə iclasında iştirakı ilə bağlı məhkəmə bütün vasitələrdən istifadə edərək onu məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar etmiş, lakin cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Cavabdehin iddia tələbinə hər hansı bir etiraz və ya münasibət bildirməməsi məhkəmənin əlavə araşdırma aparmasını imkansız etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Məhkəmə qeyd edir ki, AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsi üçün ödənilməli olan 43.25 manat dövlət rüsumu iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir. İddia təmin edildiyindən 43.25 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1.817,48 manat əsas, 58,65 manat faiz, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan illik (5%) 448,06 manat faiz borcu olmaqla, cəmi 2324.19 manat pul vəsaiti və 43.25 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mübariz Hüseynov