Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-195/2021 14.04.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının (bundan sonra mətndə iddiaçı və ya İddiaçı QSC BOKT) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “7172,91 manat əsas borc, 649,55 manat faiz borcu və 30 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı QSC BOKT cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “7172,91 manat əsas borc, 649,55 manat faiz borcu və 30 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tütün istehsalı üçün 8 ay müddətinə illik 10 faizlə Cavabdeh2lə aralarında xx xxxxx 2018-ci il tarixli 519TM/18 nömrəli kredit müqaviləsi bağlanmış və ona 13400 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi Cavabdeh1 ilə xx xxxxx 2018-ci il tarixli 519ZT/18 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin olmuş şəxs kredit və onun faizləri məbləğində, həmçinin bu kreditlə əlaqədar borcalanla birlikdə yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və sair xərclər üçün məsuliyyət daşıyırlar. Lakin müqavilə öhdəlikləri lazımınca yerinə yetirilmədiyindən, Cavabdeh2 7172,91 manat əsas borc və 649,55 manat faiz borcu yaranmışdır. Odur ki, iddiaçı mövcud müqavilə üzrə yaranmış 7172,91 manat əsas borc və 649,55 manat faiz borcu və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilmiş, xx.xx.2021-ci il tarixdə məhkəmə bildirişi cavabdehlərə çatdırılmış, lakin iddia tələbinə qarşı əsaslandırılmış etirazını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişlər. Məhkəmə, MPM-in 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2018-ci il tarixli 519TM/18 saylı kredit müqaviləsindən müəyyən olunur ki, İddiaçı QSC BOKT Cavabdeh2 illik 10% faizlə əsas və faiz borcları xx.xx.2018-ci il tarixədək tam ödəmək şərti ilə 13400 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür; Həmin müqavilənin 2.2.2-ci bəndinin b hissəsinə əsasən, kreditin təyinatı üzrə istifadə edilmədiyi təqdirdə kreditin əsas məbləğinin 20%-i miqdarında birdəfəlik cərimə nəzərdə tutulmuşdur. xx.xx.2018-ci il tarixli 519ZT/18 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin Cavabdeh1 borclu Cavabdeh2 xx.xx.2018-ci il tarixli 519TM/18 saylı kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliklərinin tam şəkildə icrası üçün məsuliyyəti üzərinə götürmüşdür. xx.xx.2019-cu il tarixli məlumatdan görünür ki, 13400 manat əsas borcdan 6227,09 manat, faiz borcundan 543,34 manat ödəniş edilmiş, əsas borcdan 7172,91 manat və faiz borcundan 446,32 manat ödənilməmiş borcu qalmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd olunmuş normaları və tərəflər arasında bağlanmış müqavilənin şərtləri baxımından Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, öhdəliyinə uyğun olaraq müəyyən edilmiş miqdarda və vaxtda ödənişləri həyata keçirməmişdir. Buna görə də, cavabdehin məhz kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etmədiyinə görə borcu yaranmışdır. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, əsas kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlə birlikdə iddiaçıya ödəməlidir. İddia tələbinin zamin Cavabdeh1 qarşı iddia irəli sürülməsinə münasibətdə məhkəmə qeyd edir ki, xx xxxxx 2018-ci il tarixli 519ZT/18 nömrəli kredit müqaviləsinin təmini olaraq eyni tarixdə Cavabdeh1la zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 6-cı bəndində qeyd edilmişdir ki, bu müqavilənin qüvvədə olma müddəti borcalanın xx.xx.2018ci il tarixli 519TM/18 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin kredit təşkilatı qarşısında qüvvədə olma müddəti ilə üst-üstə düşür. Həmin kredit müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixdə bitdiyindən, məhkəmə hesab edir ki, zaminə qarşı iddia irəli sürmək müddəti də bitmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-ci maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Qeyd edilən maddənin birinci abzasında qeyd edilən müddət nəzərə alınsa zamin Cavabdeh1 qarşı iddia ən azı müqavilənin bitdiyi xx.xx.2018-ci il tarixədək irəli sürülə bilərdi. Çünki müqavilədə qeyd edilən müddət müəyyən edilmişdir. Həmin maddənin sonrakı bəndlərində müəyyən edilən müddət, müvafiq olaraq bir il və iki illik müddət də artıq ötmüşdür. Qeyd edilən müddətlər isə iddia müddəti deyil, kəsici müddətdir. Həmin müddətlər məhkəmənin öz təşəbbüsü ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2020-ci tarixli Qərarında da qeyd edildiyi kimi, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. İddia tələbinin 649,55 manat məbləğində faiz borcunun tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, xx.xx.2019-cu il tarixə əsas və faiz borcunun ödənilməsi barədə məlumatdan görünür ki, Cavabdeh2 ödənilməmiş 446,32 manat faiz borcu vardır. Odur ki, iddiaçı həmin həcmdə faiz borcunun ödənilməsini tələb edə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh2 7172,91 manat əsas borc, 446,32 manat faiz borcu tutulmalı, iddia tələbi digər cavabdehə münasibətdə və qalan hissələrdə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən, cavabdehdən 29,20 manat dövlət rüsumu tutulmalı, 0,80 manat dövlət rüsumu isə iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: İddia qismən təmin edilsin. Cavabdeh2 7172,91 (yeddi min bir yüz yetmiş iki manat doxsan bir qəpik) manat əsas borc, 446,32 (dörd yüz qırx altı manat otuz iki qəpik) manat faiz borcu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə ödənilsin. İddia Cavabdeh1 münasibətdə və qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-195/2021
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-195/2021
14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver