Məhkəmə qərarları › İş №e-2-2(117)-197/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-197/2025

24.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-197/2025 24.02.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 Saylı Ərazi Vergilər İdarəsinin Cavabdeh qarşı “icarə borcunun ödənilməsi” tələbinə dair işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 Saylı Ərazi Vergilər İdarəsi Cavabdeh qarşı Cavabdehin xx/xx/2025-ci il tarixə dövlət mülkiyyətində olan torpaq sahəsindən istifadəyə görə dövlət büdcəsinə olan 438,35 manat məbləğində icarə haqqı borcunun məcburi tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Vergi ödəyicisi olan Cavabdeh (VÖEN **********) “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Belə ki, Ağsu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2002-ci il tarixli, 119 saylı Sərəncamı əsasında Cavabdeh kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədilə Ağsu rayonunun ərazisində və istifadəsində olan, rayonun keçmiş Nizami adına kolxozunun torpaqları ilə Ağsu-Kürdəmir magistral şosse yolu arasında yerləşən rayonun daxili ehtiyat fondu torpaqlarından 11 hektar əkin və 5 hektar örüş, cəmi 16 hektar torpaq sahəsi illik icarə haqqı 223.000 (iki yüz iyirmi üç min) AZM köhnə Azərbaycan manat məzənnəsi, yəni 44,60 (qırx dörd manat altmış qəpik) AZN yeni Azərbaycan manat məzənnəsi olmaqla 15 il müddətinə icarəyə verilmişdir. Bundan başqa, həmin İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 225 saylı Sərəncamı əsasında Cavabdeh kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədilə Ağsu-Kürdəmir şossesi yolunun cənud tərəfində İlxıcı kəndi yaxınlığında yerləşən rayonun daxili ehtiyat fondu torpaqlarından 5 hektar torpaq sahəsi illik icarə haqqı 35,75 (otuz beş manat yetmiş beş qəpik) manat olmaqla 15 il müddətinə icarəyə verilmişdir. Qeyd olunanlar tərəflər arasındla bağlanmış xx.xx.2002-ci il tarixli, 154 nömrəli və xx.xx.2007-ci il tarixli, 79 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilələr ilə təsdiq edilmişdir. Cavabdeh vergi orqanına təqdim etdiyi məlumatlar əsasında aprılmış hesablamalar üzrə vergi ödəyicisinin şəxsi hesab vərəqəsində xx/xx/2024-cü il tarixə 838,35 manat icarə haqqı borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə cavabdehə xx/xx/2024-cü il tarixli 3-21-2-11/2- 11986/2024 nömrəli (AVİS qeydiyyatı: xx.xx.2024-cü il tarixli **********061800 nömrəli) xəbərdarlıq göndərilmişdir. Lakin cavabdeh xx.xx.2024-cü il tarixdə qeyd olunan icarə haqqı borcundan 400 manat ödəniş etməsinə baxmayaraq bu günədək dövlət torpaqlarından istifadəyə görə ümumi borcdan qalan 438,35 manat miqdarında icarə haqqı borcunu dövlət büdcəsinə ödəməmişdir. Cavabdehin xx/xx/2025-ci il tarixə yuxarıda qeyd olunan icarə haqqından dövlət büdcəsinə 438,35 manat ödənilməmiş torpaq icarə haqqı üzrə borcu qalmışdır.

II. Tərəflərin mövqeləri:

3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır.

İİİ. Məhkəmə baxışının hədləri:

4. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən rizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 284-6.2-ci maddəsinə əsasən Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

İV. Tətbiq edilən hüquq:

5. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 706.1-ci maddəsinə əsasən Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 706.2-ci maddəsinə əsasən Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. 706.3-cü maddəsinə əsasən Torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər. 706.4. Torpaq icarəsi haqqında müqavilələrə bu Məcəllənin 700.1, 701, 702 və 703-cü maddələri, habelə bu paraqrafın müddəaları tətbiq edilir.

6. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 14-cü maddəsinə əsasən torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir. İcarəyəverən torpaq vergisi tədiyəçisi olduqda, torpaq vergisi icarə haqqının tərkibinə daxil edilir. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi və hərraca (müsabiqəyə) çıxarılan dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının ilkin qiyməti (qiyməti) onların təyinatından, sahəsindən, coğrafi yerləşməsindən və keyfiyyətindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir. Həmin sənədlərdə torpağın normativ qiyməti, torpaq vergisi, habelə tələb və təklif nəzərə alınmalıdır. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, dövlət mülkiyyətində olan torpaqların icarə haqları Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülür. Dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxil olmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 18-ci maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsini qanunvericilikdə nəzərdə tutulmuş qaydada rayon (şəhər) icra hakimiyyəti orqanları həyata keçirir.

7. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 12 mart 1999-cu il tarixli 116 saylı Fərmanının 2 və 2.5-ci bəndlərinə əsasən həmin Qanunun 14-cü maddəsinin doqquzuncu abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, dövlət mülkiyyətində olan digər torpaqlara münasibətdə isə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirdiyi müəyyən edilmişdir.

8. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsi”nin 4.0.27-ci maddəsinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq Xidmətin hüquqlarına aid edilmişdir.

V. Məhkəmənin mövqeyi:

9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, Azərbaycan Respublikası Ağsu rayon İcra Hakimiyyəti ilə (bundan sonra “icarəyə verən”) fiziki şəxs Cavabdeh (bundan sonra “icarəçi”) arasında Ağsu rayonunun ərazisində və istifadəsində olan, rayonun keçmiş Nizami adına kolxozunun torpaqları ilə Ağsu-Kürdəmir magistral şosse yolu arasında yerləşən rayonun daxili ehtiyat fondu torpaqlarından 11 hektar əkin və 5 hektar örüş, cəmi 16 hektar torpaq sahəsini 15 il müddətinə, illik icarə haqqı 223.000 AZM köhnə Azərbaycan manat məzənnəsi, yəni 44,60 yeni Azərbaycan manat məzənnəsi olmaqla xx.xx.2002-ci il tarixli 154 nömrəli “Torpaq icarə müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən “icarəyə verən” torpaq sahəsini cavabdehin istifadəsinə verməyi, “icarəçi” isə öz növbəsində illik müəyyən olunmuş icarə haqqını dövlət büdcəsinə ödənilməsinin təmin etməyi öhdəlik kimi qəbul etmişdir. Azərbaycan Respublikası Ağsu rayon İcra Hakimiyyəti başçısının xx.xx.2002-ci il tarixli 119 nömrəli sərəncamı ilə həmin icarə müqaviləsi təsdiq edilmiş və Cavabdeh “Torpaqdan müvəqqəti istifadə” hüququna dair JN-3632, KOD-40900001 nömrəli şəhadətnamə verilimişdir. Bundan sonra Ağsu rayon İcra Hakimiyyətinin xx.xx.2007-ci il tarixli, 225 saylı Sərəncamı əsasında Cavabdeh kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədilə Ağsu-Kürdəmir şossesi yolunun cənud tərəfində İlxıcı kəndi yaxınlığında yerləşən rayonun daxili ehtiyat fondu torpaqlarından 5 hektar torpaq sahəsi illik icarə haqqı 35,75 manat olmaqla 15 il müddətinə icarəyə verilməsi barədə xx.xx.2007-cil il tarixli 79 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən “icarəyə verən” torpaq sahəsini cavabdehin istifadəsinə verməyi, “icarəçi” isə öz növbəsində illik müəyyən olunmuş icarə haqqını dövlət büdcəsinə ödənilməsinin təmin etməyi öhdəlik kimi qəbul etmişdir. Məhkəmə ilk öncə tərəflər arasında bağlanan müqavilələrin etibarlı olub-olmamasına münasibətdə qeyd edir ki, müqavilələr bağlandığı müddətdə qüvvədə olan qanunvericiliyin tələblərinə əməl edilməklə imzalanmış, hər iki tərəfin imza və möhürləri ilə təsdiqlənmiş və etibarsız olmamışdır.

10. İş materiallarında mövcud olan şəxsi hesab vərəqəsindən görünür ki, Cavabdeh dövlət büdcəsinə ödənilməmiş 438,35 manat məbləğində borcu vardır.

11. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 Saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli 3-21-2-11/2- 11986/2024-cü il tarixli qeyd olunan borcun ödənilməsi ilə bağlı xəbərdarlıq göndərilmişdir. Cavabdeh borcun bir hissəsinin ödəniş etmiş, nəticədə 438,35 manat ödənilməmiş borcu qalmışdır.

12. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin dövlət büdcəsinə yaranmış borcun qaytarılması ilə bağlı öhdəliyi bağlanmış Torpaq İcarəsi müqavilələrindən irəli gəlir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin öhdəliyini icra etməməsi iddiaçıya Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

13. Məhkəmə qeyd edir ki, cavabdeh tərəf borcun ödənilməsi ilə bağlı hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir.

14. Qeyd olunan normaların tələblərini və yuxarıda qeyd edilənləri rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia əsaslıdır və Azərbaycan Respublikası Ağsu rayon İcra Hakimiyyəti ilə fiziki şəxs Cavabdeh arasında bağlanmış xx.xx.2002-ci il tarixli və xx.xx.2007-cil il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilələrə əsasən Cavabdeh 438,35 manat icarə haqqı borcu tutularaq dövlət büdcəsinə ödənilməlidir.

15. Bundan başqa, məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən, iddiaçı iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azad olduğundan dövlət rüsumunun əvəzi olan ödənilməmiş 30 manat məbləğində pul cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

16. Beləliklə, iddianın təmin olunması barədə qətnamə qəbul edilməlidir.

Vİ. Nəticə:

17. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh 438,35 manat icarə haqqı borcu və ödənilməmiş 30 manat dövlət rüsumuna görə pul tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim : Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar