Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-20/2023 22.02.2023 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “cavabdehdən K3902 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 22101,91 manat əsas borc, 2363,99 manat faiz borcu, 5166,74 manat cərimə borcu olmaqla, cəmi 29632,64 manat məbləğində borcun və 200 manat mediasiya xərcinin tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti xx.xx.2022-ci il tarixdə Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək “K3902 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 22101,91 manat məbləğində əsas borc, 2838,75 manat məbləğində faiz borcu və 4682,17 manat cərimə borcu olmaqla, cəmi 29622,83 manat məbləğində borcun, 200 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə “iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək “cavabdehdən K3902 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 22101,91 manat məbləğində əsas borc, 2363,99 manat faiz borcu, 2745,35 manat cərimə borcu olmaqla, cəmi 27211,25 manat məbləğində borcun və 200 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə “iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək “cavabdehdən K3902 nömrəli maliyyələşdirmə üçün ərizəyə əsasən 22101,91 manat məbləğində əsas borc, 2363,99 manat faiz borcu, 5166,74 manat cərimə borcu olmaqla, cəmi 29632,64 manat məbləğin və 200 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair GTC-1184PE/2018 nömrəli ümumi şərtlər toplusu (bundan sonra Müqavilə) bağlanmışdır. Həmin müqaviləyə əsasən bank müştərinin müraciəti əsasında ona “Bank hesabının açılması üçün ərizə” formasında göstərilən valyuta(lar)da cari hesab açmağı, onun tapşırığı ilə AR qanunvericiliyi, Mərkəzi Bankın və maliyyə bazarlarına nəzarət orqanının normativ sənədləri ilə nəzərdə tutulmuş bütün hesablaşma və kasssa əməliyyatlarının həyata keçirməyi, yəni, açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məblığləriin köçürülməsi və verilməsi, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi, müştəri isə bunun müqabilində bankın qüvvədə olan tariflərinə uyğun olaraq müvafiq xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Bundan əlavə, tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2020-ci il tarixli K3902 nömrəli maliyyələşdirmə üçün ərizə imzalanmış, bank tərəfindən borcalana xx.xx.2021-ci il tarixədək, illik faiz dərəcəsi 19%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 34% olmaqla, dövriyyə vəsaitlərinin artırılması məqsədilə Cavabdeh 42 000 manat məbləğində kredit xətti açılmışdır. Maliyyələşdirmə üçün ərizənin şərtlərinin dəyişdirilməsi üzrə 2 nömrəli əlavəyə əsasən şərtlərdə dəyişiklik edilmiş və kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən cavabdehin xx.xx.2022-ci il tarixə kredit öhdəlikləri üzrə 22101,91 manat əsas borc, 2838,75 manat məbləğində faiz borcu və 4682,17 manat cərimə borcu olmaqla, cəmi 29622,83 manat məbləğində borcu yaranmış və borcunu 437 gün gecikdirdiyi təsdiq olunur. İş materiallarına əlavə olunmuş ödəniş qəbzlərindən görünür ki, cavabdeh tərəfindən müəyyən ödənişlər edilsə də, o üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirmədiyindən ödənilməmiş borcu qalmışdır. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/7819 nömrəli ekspert rəyinə əsasən əsas borc məbləği 22101,91 manat, faiz borcu 2363,99 manat, cərimə borcu isə 2745,35 manat müəyyən edilmişdir. Cavabdeh tərəfindən borc məbləği ödənilmədiyindən tərəflər arasında hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh öhdəliklərini icra etmədiyindən kredit müqaviləsi üzrə ödənilməmiş 22101,91 manat məbləğində əsas borc, 2363,99 manat faiz borcu, 5166,74 manat cərimə borcu olmaqla, cəmi 29632,64 manat borcunun ödənilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, tərəflər arasında kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə borcluya 19 faiz olmaqla 42 000 manat kredit verilmişdir. Lakin, borclu müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirmədiyindən bu mübahisə yaranmışdır. Borcludan dəfələrlə borcunun ödənilməsi tələb edilmiş, lakin, o, borcunu ödəməmişdir. O, kabinet vasitəsi ilə iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmişlər. Bütün bunları nəzərə alaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında özünün və nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin və onun nümayəndəsinin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara tərəflər arasında bağlanmış müqavilə, K3902 nömrəli maliyyələşdirmə üçün ərizə, maliyyə arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 421.2, 421.3, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri, 449.1). 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair GTC-1184PE/2018 nömrəli ümumi şərtlər toplusu (bundan sonra Müqavilə) bağlanmışdır. Həmin müqaviləyə əsasən bank müştərinin müraciəti əsasında ona “Bank hesabının açılması üçün ərizə” formasında göstərilən valyuta(lar)da cari hesab açmağı, onun tapşırığı ilə AR qanunvericiliyi, Mərkəzi Bankın və maliyyə bazarlarına nəzarət orqanının normativ sənədləri ilə nəzərdə tutulmuş bütün hesablaşma və kasssa əməliyyatlarının həyata keçirməyi, yəni açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məblığləriin köçürülməsi və verilməsi, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi, müştəri isə bunun müqabilində bankın qüvvədə olan tariflərinə uyğun olaraq müvafiq xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. Bundan əlavə tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2020-ci il tarixli K3902 nömrəli maliyyələşdirmə üçün ərizə imzalanmış, bank tərəfindən borcalana xx.xx.2021-ci il tarixədək, illik faiz dərəcəsi 19%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 34% olmaqla, dövriyyə vəsaitlərinin artırılması məqsədilə Cavabdeh 42000 manat məbləğində kredit xətti açılmışdır. Maliyyələşdirmə üçün ərizənin şərtlərinin dəyişdirilməsi üzrə 2 nömrəli əlavəyə əsasən şərtlərdə dəyişiklik edilmiş və kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən cavabdehin xx.xx.2022-ci il tarixə kredit öhdəlikləri üzrə 22101,91 manat əsas borc, 2838,75 manat məbləğində faiz borcu və 4682,17 manat cərimə borcu olmaqla, cəmi 29622,83 manat məbləğində borcu yaranmış və borcunu 437 gün gecikdirdiyi təsdiq olunur. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/7819 nömrəli ekspert rəyinə əsasən əsas borc məbləği 22101,91 manat, faiz borcu 2363,99 manat cərimə borcu isə 2745,35 manat müəyyən edilmişdir. Məhkəmə iddiaçının “iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair” ərizəsini nəzərdən keçirib qeyd edir ki, iddiaçı 22101,91 manat əsas borc, 2363,99 manat faiz borcu tələb edir ki, cavabdeh üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmiş və onun ödənilməmiş borcu qalmışdır. İddiaçının tələb etdiyi əsas və faiz borcları ilə ekspert rəyindəki əsas və faiz borcları üst-üstə düşdüyündən və cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən iddiaçı tələbində haqlıdır və qeyd olunan 22101,91 manat əsas borc, 2363,99 manat faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/7819 nömrəli ekspert rəyinə əsasən cərimə borcu 2745,35 manat müəyyən edilmiş, lakin iddiaçı xx.xx.2023-cü il tarixli “iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair” ərizəsində olduqca yüksək cərimə məbləği tələb edir. Məhkəmə iddia tələbinin “cərimə borcunun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Odur ki, tərəflərin davranışı, iddiaçının vaxtında tələbi irəli sürməməsi, bununla da cərimə borcunun artmasına şərait yaradılması, eyni zamanda cavabdehin müqavilə müddəti ərzində öhdəlikləri lazımi qaydada icra etməməsi, həmçinin tərəflərin əmlak mənafeləri nəzərə alınaraq cavabdehdən 300 manat cərimə borcunun tutulması qanuni, əsaslı, ədalətli və ağılabatandır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh öhdəliklərini yerinə yetirmədiyindən ondan 22101,91 manat əsas borc, 2363,99 manat faiz borcu, 300 manat dəbbə borcu tutularaq İddiaçı ASC-yə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 178,9 manat olmalıdır. İddia tələbi qismən təmin edildiyindən 179 manat dövlət rüsumunun 149,60 cavabdehdən, 29,40 manat dövlət rüsumu iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin 200 manat mediasiya xərcinin 32,85 manatı iddiaçıdan, 167,15 manatı cavabdehdən tutulmalıdır. Lakin məhkəmə, qətnamənin icra mərhələsində icraata qənaət prinsipindən çıxış edərək hesab edir ki, qətnamənin vaxtında icrasının təmin edilməsi məqsədilə cavabdehdən mediasiya xərci üçün ödənilməli olan 167,15 əvəzinə iddiaçının dövlət büdcəsinə ödəməli olduğu 29,40 manat dövlət rüsumu çıxılmaqla 137,75 manat tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumunun iddiaçı tərəfindən ödənilməli hissəsi olan 29,40 manat hissəsi isə cavabdeh tərəfindən ödənilməli olan 149,60 manat dövlət rüsumuna əlavə edilməklə cəmi 179 manat dövlət rüsumu bütöv şəkildə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Məhkəmə Ekspertiza Mərkəzinin rəyində iddiaçının əsas və faiz borcu tələbində haqlı olduğu müəyyən edildiyindən, cərimə borcu isə məhkəmə tərəfindən cavabdehin xeyrinə azaldıldığından tədqiqatın dəyəri olan 50 manat xərc Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabeh Cavabdeh K3902 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 22101,91 manat gecikdirilmiş əsas borc, 2363,99 manat faiz borcu, 300 manat cərimə borcu və 137,75 manat mediasiya xərci tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. 179 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Cavabeh Cavabdeh 50 manat ekspertiza tədqiqatı üçün xərc tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-20/2023
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-20/2023
22.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver