Məhkəmə qərarları › İş №e-2-2(117)-20/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-20/2024

10.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-20/2024 10.01.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “44954,25 manat əsas icarə haqqı borcu və elektrik enerjisi sərfiyyatına görə 2577,16 manat kommunal borc olmaqla 47531,41 manat borcun, o cümlədən 200 manat mediasiya xərcinin və 33 manat dövlət rüsumunun İddiaçı MMC-yə ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: 02 may 2019-cu il tarixdə icarəyə verən X1 ilə icarəçi İddiaçı MMC arasında 2/2019 nömrəli icarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1144,4 kv.m olan 2 və 1 mərtəbəli qeyri-yaşayış sahəsi İddiaçı MMC-yə 15 il müddətinə icarəyə verilmişdir. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icarəçi icarəyə verəni xəbərdar etməklə sahəni subicarəyə verə bilər. İddiaçı MMC icarəyə götürdüyü 1144,4 kv.m olan 2 və 1 mərtəbəli qeyri-yaşayış sahəsinin 542 kv.m hissəsini subicarəyə verilməsi ilə əlaqədar Cavabdeh ilə razılşamışlar. İcarəyəverən İddiaçı MMC ilə icarəçi Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli “5017 Ankara W-H in Fashion” nömrəli icarə müqaviləsinə əsasən İddiaçı MMC ünvan 2 ünvanında yerləşən və 1 nömrəli Əlavədə göstərilmiş obyektləri müqavilə nəzərdə tutulmuş şərt və müddəalara əsasən həmin Əlavəyə uyğun olaraq icarəçiyə verir, icarəçi isə həmin obyektləri qəbul edir. Həmin müqavilənin 3.1 və 3.2-ci bəndlərinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və icarəçi Cavabdeh açılış tarixindən (1 nömrəli Əlavədə göstərilən xx.xx.2023-cü il tarixdən) etibarən 5 il müddətinə qüvvədədir. 4.1.3-cü bəndinə əsasən icarənin 1-ci, 2-ci və 3-cü ili üçün əsas icarə haqqının məbləği müqaviləyə 1 nömrəli Əlavədə nəzərdə tutulmuş həcmdə ödənilməlidir. 13-cü bəndinə əsasən icarəçi tərəfindən icarə, xidmət haqqı və vaxtı çatmış digər ödənişlər ödəmə vaxtı çatdıqdan sonra 30 iş günü ərzində ödənilməzsə icarəyə verən tərəfindən icarə müqaviləsinə xitam verilir. 15-ci bəndinə əsasən icarəçi tərəfindən ödənilməli olan icarə, xidmət haqqı və digər məbləğlər ƏDV məbləğinə daxil edilmir. ƏDV qüvvədə olan qanunlara əsasən icarəyə verən tərəfindən icarəçidən əlavə olaraq alınmalıdır. Müqaviləyə 1 nömrəli Əlavənin 3-cü bəndinə əsasən icarəyə verilmiş obyektin sahəsi 542 m2 təşkil edir. Əlavənin 14-cü bəndinə görə aylıq icarə haqqı icarəyə verilən obyektin hər 1 m2 üçün 8,52 manat ödənilməsi müəyyən edilmişdir. İcarəçi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək icarə haqqını ümumiyyətlə ödəməmiş və iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, 02 may 2019-cu il tarixli, 2/2019 №-li İcarə Müqaviləsi ilə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 1144.4 kv.m olan 2 və 1 mərtəbəli qeyri-yaşayış sahəsi İddiaçı MMC-yə 15 il müddətinə icarəyə verilmişdir. xx.xx.2023-cü il tarixdə İddiaçı MMC ilə Cavabdeh arasında “5017 ANKARA W-H İN FASHİON” nömrəli İcarə Müqaviləsi bağlanmış və sözügedən ünvandakı ümumi sahənin 542 kv. metr ölçüyə malik hissəsi xx.xx.2023-cü il tarixindən etibarən 5 (beş) il müddətinə cavabdehə icarəyə verilmişdir. Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavənin 14-cü bəndinə əsasən icarə haqqı icarəyə verilən obyektin hər kvadrat metri üçün 8.52 manat müəyyən edilmiş, beləliklə 542 kv.metr-lik obyekt üçün aylıq icarə haqqı ƏDV daxil 5449 manat (4617,8 +831,2 ƏDV) təşkil etmişdir. Lakin icarə müqaviləsinin bağlandığı tarixdən indiyədək cavabdeh tərəfindən iddiaçıya heç bir icarə haqqı məbləği ödənilməmişdir. Beləliklə cavabdehin 2023-cü ilin fevral-oktyabr ayları üçün icarə haqqı borcu ƏDV daxil 44954,25 manat təşkil edir. Eyni zamanda cavabdeh istifadə etdiyi elektrik enerjisi sərfiyyatına görə ödəməli olduğu 2577,16 manat borcu da iddiaçıya ödəməmişdir. Beləliklə icarə haqqı və kommunal xidmətlərin haqqına görə ümumilikdə 47531,41 manat borc iddiaçıya ödənilməmiş qalmışdır. Borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq heç bir nəticə əldə olunmamışdır. Bu səbədən hazırki iddia tələbi üzrə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, tərəflər arasında icarə müqaviləsi bağlanmış və iddiaçının icarəsində olan əmlakın 542 m2–lik hissəsi, hər m2 üçün 8,52 manat olmaqla icarəyə verilmişdir. Bu müqavilə xx.xx.2023-cü il tarixində bağlanmasına baxmayaraq cavabdeh tərəfindən icarə haqqı ödənilməmişdir. Müqavilə şərtlərinə görə cavabdeh 2 aylıq icarə haqqını depozitə qoymalı idi. Lakin depozit qoyulmamışdır. Dəfələrlə müraciət olunmasına baxmayaraq borcu ödəyəcəyini bildirsə də borcunu ödəməmişdir. Cavabdeh və onun yaxını Mirdamətlə “Whatsapp” üzərindən yazışmaları mövcuddur və onlar borclarını etiraf edirlər. Lakin borcu ödəməkdən yayınırlar. İcarə obyektinin elektrik enerjisinin dayandırılmasına baxmayaraq borcu ödəməmiş, icarə obyektini onlara təhvil verməmişdir və əşyaları hal-hazırda icarə obyektindədir. “Whatsapp” yazışmaları və səs yazıları məhkəməyə təqdim olunmuşdur. Elektrik enerjisinə görə yaranmış borca görə elektron qaimələr vermişlər. Yəqin ki cavabdehə hesab fakturalar da təqdim edilmişdir. Qeyri-yaşayış sahəsinə bir sayğac xidmət edir. Foto şəkillərdə sübut olunur ki cavabdehin borcu vardır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında digər nümayəndənin izahatına əlavələrinin olmadığını bildirdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə ünvanı üzrə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında özünün və ya nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara : xx.xx.2019-cu il tarixli, 2/2019 nömrəli icarə müqaviləsi, xx.xx.2023-cü il tarixli “5017 Ankara W-H in Fashion” nömrəli icarə müqaviləsi, Mqaviləyə 1 Nömrəli Əlavə, Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDRX-dən çıxarış, Elektron qaimələr, Pretenziya məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə ilk olaraq onu qeyd edir ki, iddiaçının tələbi 2 hissədən, yəni 44954,25 manat əsas icarə haqqı borcunun və elektrik enerjisi sərfiyyatına görə 2577,16 manat kommunal borcun tutulması hissələrindən ibarətdir. Məhkəmə 44954,25 manat əsas icarə haqqı borcunun tutulması tələbinə münasibətdə qeyd edir ki, iddia bu hissədə təmin edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1, 700.2). Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi İddiaçı MMC icarəyə götürdüyü 1144,4 kv.m olan 2 və 1 mərtəbəli qeyri-yaşayış sahəsinin 542 kv.m hissəsini subicarəyə verilməsi ilə əlaqədar Cavabdeh ilə razılaşmışlar. İcarəyəverən İddiaçı MMC ilə icarəçi Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli “5017 Ankara W-H in Fashion” nömrəli icarə müqaviləsinə əsasən İddiaçı MMC ünvan 2 ünvanında yerləşən və 1 nömrəli Əlavədə göstərilmiş obyektləri müqavilə nəzərdə tutulmuş şərt və müddəalara əsasən həmin Əlavəyə uyğun olaraq icarəçiyə verir, icarəçi isə həmin obyektləri qəbul edir. Həmin müqavilənin 3.1 və 3.2-ci bəndlərinə əsasən bu müqavilə imzalandığı andan qüvvəyə minir və icarəçi Cavabdeh açılış tarixindən (1 nömrəli Əlavədə göstərilən xx.xx.2023-cü il tarixdən) etibarən 5 il müddətinə qüvvədədir. 4.1.3-cü bəndinə əsasən icarənin 1-ci, 2-ci və 3-cü ili üçün əsas icarə haqqının məbləği müqaviləyə 1 nömrəli Əlavədə nəzərdə tutulmuş həcmdə ödənilməlidir. 13-cü bəndinə əsasən icarəçi tərəfindən icarə, xidmət haqqı və vaxtı çatmış digər ödənişlər ödəmə vaxtı çatdıqdan sonra 30 iş günü ərzində ödənilməzsə icarəyə verən tərəfindən icarə müqaviləsinə xitam verilir. 15-ci bəndinə əsasən icarəçi tərəfindən ödənilməli olan icarə, xidmət haqqı və digər məbləğlər ƏDV məbləğinə daxil edilmir. ƏDV qüvvədə olan qanunlara əsasən icarəyə verən tərəfindən icarəçidən əlavə olaraq alınmalıdır. Müqaviləyə 1 nömrəli Əlavənin 3-cü bəndinə əsasən icarəyə verilmiş obyektin sahəsi 542 m2 təşkil edir. Əlavənin 14-cü bəndinə görə aylıq icarə haqqı icarəyə verilən obyektin hər 1 m2 üçün 8,52 manat ödənilməsi müəyyən edilmişdir. Göründüyü kimi tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri formalaşmış, iddiaçı müqavilə öhdəliyini yerinə yetirərək icarə predmeti olan obyektin 542 kv.m hissəsini cavabdehə icarəyə versə də, cavabdeh üzərinə götürdüyü öhdəliyi ümumiyyətlə icra etməmiş, icarə obyektindən istifadə etməsinə baxmayaraq obyektin hər kv.m sahəsi üçün ödənilməli olan icarə haqqı məbləğini ödəməmiş və nəticədə ödənilməmiş 44954,25 manat icarə borcu qalmışdır. Belə ki, tərəflərin razılaşmasına əsasən icarəyə götürülmüş 542 kv.m sahənin hər 1 kv.m hissəsi üçün 8,52 manat icarə haqqı ödənilməli olduğundan aylıq icarə məbləği 5449,05 manat (542 kv.m * 8,52 manat = 4617,84 manat + 831,21 ƏDV = 5449,05 manat) təşkil edir. İddiaçı fevral-oktyabr ayları üçün icarə borcunun ödənilməsini tələb edir ki, müqavilənin bağlandığı və icarə haqqının xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə cəmi 8 ay üçün icarə borcu 43592,40 manat təşkil edir. Eyni zamanda 23-31 oktyabr tarixləri üçün ödənilməli icarə borcu məbləği 1581,93 manat (5449,05 manat / 31 gün = 175,77 manat günlük icarə məbləği, 175,77 * 9 gün = 1581,93 manat) təşkil edir ki, cavabdehin xx.xx.2023-cü il tarixdən 31 oktyabr 2023-cü il tarixədək iddiaçıya ödənilməli olan icarə haqqı borcu 45174,33 manat təşkil edir. İddiaçı 44954,25 manat borc məbləğinin ödənilməsini tələb etdiyindən və məhkəmə tələbdən kənara cıxmağa haqlı olmadığından məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının tələbi üzrə 44954,25 manat icarə haqqı borcu tutulmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları özözlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş “whatsapp” üzərindən aparılmış yazışmaları və audio səs yazılarını, həmin yazışmaların və səs yazılarının mötəbərliyini təsdiq edəcək sübutların mövcud olmaması ilə əlaqədar borcun etirafına dair sübut qismində qəbul etməsə də, tərəflər arasında bağlanmış icarə müqaviləsi və ona 1 nömrəli əlavəni və onların şərtlərinə əsasən icarə sahəsinin cavabdehə təhvil verilməsini nəzərə alaraq iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimələri borcun təsdiqinə dair eyni zamada sübut qismində qəbul edir və hesab edir ki, iddia tələbi icarə haqqı borcuna aid hissədə əsaslı olduğundan təmin edilməlidir. İddia tələbinin “elektrik enerjisi sərfiyyatına görə 2577,16 manat kommunal borcun tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 16.3-cü bəndinə əsasən icarəyə verilmiş obyektin bilavasitə istismarı zamanı istifadə olunan kommunal xidmətlərin dəyəri icarəyə verən tərəfindən quraşdırılmış avadanlıqlar vasitəsilə ölçüləcək və hər ayın sonunda hesab-faktura formasında icarəçiyə təqdim olunacaqdır. Müqavilənin qeyd olunan bəndindən də göründüyü kimi cavabdehin kommunal xərclərinin hesablanmış dəyərini əks etdirən hesab faktura olmalı və bu cavabdehə təqdim edilməlidir. Lakin iddiaçı həmin hesab fakturaları məhkəməyə təqdim etməmiş və yalnız elektron qaimələr məhkəməyə təqdim olunmuşdur. İstinad olunan Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarında olan hüquqi mövqeyinə uyğun məhkəmə elektrik enerjisinə görə verilmiş elektron qaimələri sübut qismində qəbul etmir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi iddiaçının istifadəsində və icarəsində olan 1144,4 kv.m olan 2 və 1 mərtəbəli qeyri-yaşayış sahəsinə, o cümlədən həmin qeyri yaşayış sahəsinin cavabdehə subicarəyə verilmiş 542 kv.m sahəsinə bir elektrik uçot dəsti xidmət edir. İddiaçı və cavabdeh tərəfindən istifadə olunan ərazidə quraşdırılmış zayğaçdan kim tərəfindən hansı həcmdə elektrik enerjisindən istifadə olunmasını elektron qaimələr təsdiq etməməklə yanaşı, iddiaçı tərəfindən müqavilə şərtinə uyğun qaimə-fakturalar verilməmişdir. Bundan başqa aylıq elektrik enerjisindən istifadə nəticəsində cavabdeh tərəfindən ödənilməli olan pulun dəyərinə dair tərəflər arasında sadə yazılı formada hər hansı akt və ya üzləşmə mövcud deyildir. İddiaçı elektrik enerjisinə görə yaranmış borcun təsdiqi qismində sayğacın foto şəkillərini məhkəməyə təqdim etsə də, təqdim edilmiş foto şəkillərdə olan göstəricilərdən kimin hansı həcmdə elektrik enerjisində istifadə etməsini müəyyən etmək mümkün deyildir. Beləliklə şərh olunanlara əsasən məhkəmə hesab edir ki, elektrik enerjisi sərfiyyatına görə 2577,16 manat kommunal borcun tutulması hissəsində iddia tələbi sübut yetərsizliyindən rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən (47531,41 manat) ödənilməli dövlət rüsumu 232,59 manat olmalıdır ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən 12,61 manat, cavabdeh tərəfindən 219,98 manat dövlət rüsumu dövlət büdcəsinə ödənilməlidir. İddiaçı tərəfindən dövlət büdcəsinə 33 manat dövlət rüsumu ödənilmişdir. Bu səbəbdən dövlət rüsumunun ödənilməmiş qalan 199,59 manat hissəsi cavabdehdən tutulmalıdır. İddiaçı dövlət büdcəsinə ödənilmiş 33 manat dövlət rüsumunu cavabdehdən tələb etmişdir ki, həmin məbləğdən dövlət büdcəsinə ödənilməli 12,61 manat rüsum çıxıldıqda iddiaçının büdcəyə ödəməli olduğu dövlət rüsumu tamamlanmış olur, qalan 20,39 manat hissəsi isə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda iddiaçı tərəfindən 200 manat mediasiya xərci ödənilmiş və iddiaçı həmin məbləğli cavabdehdən tələb etmişdir. İddiaçı tərəfindən ödənilmiş 200 manat mediasiya xərci də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabeh Cavabdeh 44954,25 manat icarə borcu, 200 manat mediasiya xərci və 20,39 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilməmiş 199,59 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar