Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-204/2020 11.06.2020 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Həmidov Vüsal Namiq oğlunun katibliyi, Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı1 Cavabdeh İB-nə qarşı “3914 manat əsassız hesablanmış borcun silinməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: xx.xx.2019-cu il tarixdə Cavabdeh nümayəndələri tərəfindən fiziki şəxs İddiaçı1 istifadəsində olan qeyri-yaşayış sahəsində (kafedə) quraşdırılmış sayğaca yoxlama aparılmış, yoxlama zamanı qaz sayğacının maksimal qaz buraxma qabiliyyəti 10 m3/saat olduğu halda istismar edən işlədicilərin ümumi saatlıq qaz sərfinin 18 m3/saat olduğu (mövcud qaz işlədicilərinin ümumi maksimal saatlıq sərfiyyatına uyğun olmadığı) müəyyən edilərək, bununla bağlı ******* nömrəli akt tərtib edilmişdir. Bundan sonra itirilmiş qaz 18360 m3 müəyyən edilərək abonent İddiaçı1 dəymiş ziyanın bərpasına dair 30.03.219-cu il tarixli tələbnamə göndərilmiş və iddiaçının qaz hesabına 3672 borc əlavə edilmişdir ki, abonentin saldosundan iddiaçının akt üzrə 3672 manat borcunun olması təsdiqini tapır. Tərəflər arasında olan mübahisə məhkəmədən kənar qaydada həllini tapmadığından iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iddia tələbi onunla əsaslandırmışdır ki, ona hesablanmış borc məbləği əsassız olduğundan silinməlidir. Cavabdeh iddia tələbinə etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, fiziki şəxs İddiaçı1 məxsus qeyri-yaşayış sahəsinin (“Göyərçin” kafesi) **********00000 saylı qaz hesabında xx.xx.2020-ci il tarixə 3825.20 manat borc vardır, həmin borcun 153,20 manat hissəsi hazırda istismarda olan G-6T Diafraqma 28259111 nömrəli qaz sayğacının 70058 m3 göstəricisinə əsasən və 3672 manat hissəsi isə itirilmiş təbii qazın həcminə görə müəyyən edilən borc məbləğidir və iddiaçı məhz həmin hissə də olan borc məbləğini mübahisələndirməkdədir. Hazırda mübahisələndirilən borc məbləği qeyri-yaşayış sahəsində istismarda olan G-6 markalı sayğacının maksimal qaz buraxma qabiliyyəti 10 m3/saat olmasına baxmayaraq istismar edilən işlədicilərinin (qaz qurğularının) ümumi saatlıq qaz sərfi 18.5 m3/saat təşkil etdiyindən sayğac qaz işlədicilərinin ümumi maksimal saatlıq sərfiyyatına uyğun olmadığından yaranmış fərqə görə hesablanmışdır. G-6T markalı qaz sayğacının maksimal qaz buraxma qabiliyyəti 10 m3/saat olmasına baxmayaraq istismarda olan mövcud qaz qurğularının ümumi saatlıq qaz sərfi 18.5 m3/saat təşkil etdiyindən sayğacın artıq olan 8.5 m3/saat qaz sərfinin qeydə almaması və hesabata əsasən müəyyən edilmiş qaz itkisinin olması işin mübahisəsiz halıdır. Bundan başqa istehlakçı ilə qaz paylayıcısı arasında hüquq və öhdəliklərin müəyyənləşdirilməsinə dair sonuncu dəfə xx.xx.2018-ci il tarixli AKX-Qəbələ/372 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanılmışdır. Həmin müqavilənin 4.3-cü bəndində layihə və digər texniki səbədlərə əsasən yalnız 3 ədəd PQ 4 tipli qaz plitəsindən, 1 ədəd su qızdırıcı kalonkadan, 1 ədəd samovardan istifadə edilməsi razılaşdırılmışdır. Lakin iddiaçı tərəf müqavilənin 2.3.2, 2.3.3, 2.3.8, 4.1-4.3-cü bəndlərin tələblərini pozaraq G-6T markalı qaz sayğacının maksimal qaz buraxma qabiliyyətinə uyğun olmayan və layihə-smeta sənədlərində nəzərdə tutulmayan qeyri-standart cihazlardan istifadə etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazın məzmununa uyğun izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, xx.xx.2020-ci il tarixdə teleqramla məhkəməyə müraciət edərək işə iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmışdır. Proses iştirakçıları tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: aktlar, tələbnamə, Qazın alqı-satqı müqaviləsi, Abonentin saldosu, Etiraz ərizəsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, cavabdehin nümayəndəsinin izahatını dinləyib, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh nümayəndələri tərəfindən fiziki şəxs İddiaçı1 istifadəsində olan qeyri-yaşayış sahəsində yoxlama aparılmış, yoxlama zamanı qaz sayğacının maksimal qaz buraxma qabiliyyəti 10 m3/ saat olduğu halda istismar edən işlədicilərin ümumi saatlıq qaz sərfinin 18 m3/ saat olduğu (mövcud qaz işlədicilərinin ümumi maksimal saatlıq sərfiyyatına uyğun olmadığı) müəyyən edilərək, bununla bağlı ******* nömrəli akt tərtib edilmişdir. İtirilmiş qazın miqdarı 18360 m3 olmaqla dəyəri 3672 manat məbləğində müəyyən edilmiş və istehlakçıya dəymiş ziyanın bərpasına dair 30.03.219-cu il tarixli tələbnamə göndərilmişdir. Göründüyü kimi, cavabdehin əməkdaşları tərəfindən sayğaca baxış keçirilməsi məhz yoxlama xarakterli olmuşdur ki, cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmalıdır. Qeyd olunan Qanununun 3.1-ci, 3.2-ci, 13.2-ci, 13.3-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələrinin tələblərinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. Yoxlama aparılarkən yoxlayıcı orqanların (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sahibkar yoxlamanın nəticələrindən razı qalmadıqda inzibati və məhkəmə qaydasında şikayət verə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 148-ci maddəsinin İ hissəsinin 4-cü bəndinə əsasən fərmanlar qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktdır. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin İV hissəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin fərmanları Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd olmamalıdır. Yalnız dərc edilmiş fərmanların tətbiqi və icrası bütün vətəndaşlar, icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən bu Əsasnamə “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Həmin Əsasnamənin 1.4, 1.5 və 1.6-cı bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra –yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Sərhəd-buraxılış məntəqələrində keçirilən yoxlamalar, dəniz və hava limanlarında nəzarətdən irəli gələn yoxlamalar, dövlət mülkiyyətində olan müəssisələrin idarəetməyə verilməsi barədə müqavilələrdən irəli gələn yoxlamalar reyestrdə qeydiyyata alınmır. Yoxlayıcı orqanların vəzifəli şəxsləri Reyestrdə qeydiyyatdan keçməyən və ya bu Əsasnamənin tələbləri pozulmaqla yoxlamaların aparılmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar (Əsasnamənin 7.1-ci bəndi). Qeyd olunan Əsasnamənin tələbinə görə sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik yoxlayıcı orqanlar sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməli, habelə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yoxlayıcı orqan tərəfindən yalnız reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilməlidir. Həmçinin sözügedən Əsasnamə cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti subyektlərində aparılan yoxlamaları reyestrdə qeydiyyata alınmayan yoxlamaların dairəsinə aid etməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, xx.xx.2019-cu il tarixdə Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu kafedə yoxlama aparılmışdır. Cavabdeh orqan tərəfindən həmin yoxlama aparılarkən yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə” ilə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat Reyestrində qeydiyyata alınmamış, yoxlamanın aparılması haqqında hər hansı qərar mövcud olmamışdır. Cavabdeh tərəfindən bunun əksini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, yoxlama qanunsuz olduğundan qanunsuz yoxlama əsasında tərtib edilmiş akt və həmin akt əsasında hesablanmış borc məbləği də əsassızdır. Bu səbəbdən iddia tələbi qismən yəni, akt əsasında hesablanmış 3672 manat borc məbləğinə münasibətdə təmin edilməli, qalan hissədə rədd edilməlidir. Sonda məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi qeyri-yaşayış sahəsində cavabdehin əməkdaşları tərəfindən keçirilmiş yoxlama qanunsuz olduğundan onun nəticələri də etibarsızdır. Bu səbəbdən də cavabadehin iddia tələbinə etirazında qeyd etdiyi hallara hüquqi qiymət verilməmişdir. Belə ki, borcun hesablanması ilə bağlı cavabdehin hərkətləri qanuni olsa belə keçirilmiş yoxlamanın qanusuzluğu onun nəticələrini aradan qaldırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Dövlət rüsumu haqqında Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddır. Mübahisə istehlakçı olan iddiaçının hüquqlarının pozulması ilə əlaqədar verildiyindən və o, dövlət rüsumu ödəməkdən azad olduğundan ödənilməmiş 30 manat dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı1 əsassız hesablanmış 3672 manat borc silinsin. İddia qalan hissədə rədd edilsin. İşə baxılması ilə əlaqədar ödənilməmiş 30 (otuz) manat Dövlət rüsumu Cavabdehndən Dövlət gəlirinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-204/2020
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-204/2020
11.06.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver