Məhkəmə qərarları › İş №e-2-2(117)-205/2024

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-205/2024

07.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-205/2024 07.05.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehdən 5712 manat pul vəsaitinin və 77,12 manat dövlət rüsumunun tutulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: 2023-cü ilin mart ayında cavabdeh Balakən rayonunda gözəllik salonu açdığını və salonun fəaliyyətini genişləndirmək məqsədi ilə lazer və bədən şəkilləndirmə aparatlarına ehtiyacı olduğunu və gəlinlik paltarlarının icarəyə verilməsi ilə bağlı iddiaçıya müraciət etmişdir. Bundan sonra İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə “epilyasiya avadanlıqlarının kirayəsi” haqqında 1 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilə ilə nəzərdə tutulmuş şərtlərlə iddiaçı 4 adda epilyasiya avadanlıqlarını (Lazer epilyasiya aparatları Diod Jody və Diod Pioner, Grace 2 üz və bədən cavanlaşması üçün çoxfunksiyalı cihaz, G 5 arıqlama aparatı) cavabdehə verməyi öhdəsinə götürmüş, sonuncu isə göstərilən avadanlıqların qarşılığında hər ay lazer epilyasiya aparatlarının hər biri üçün 600 manat olmaqla cəmi 1200 manat, Grace 2 üz və bədən cavanlaşması üçün çoxfunksiyalı cihaz üçün hər ayın 10-da 200 manat, G 5 arıqlama aparatı üçün hər ayın 10-da 200 manat məbləğində kirayə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən kirayə predmetləri olan göstərilən avadanlıqların hər biri qadın salonunda istifadəyə verilmişdir. 3.2.2-ci bəndinə əsasən kirayəçi kirayə haqqını tam və vaxtında ödənilməsini öz üzərinə götürmüşdür. 5.1-ci bəndinə əsasən müqavilə imzalandığı andan qüvvəyə minir və 1 il müddətinə qüvvədədir. Tərəflər arasında epilyasiya avadanlıqlarının cavabdehə verilməsi və sonuncu tərərfindən qəbuluna dair təhvil-təslim aktı tərtib edilmiş və hər iki tərəf aktı imzalamaqla doğruluğunu təsdiq etmişlər. Bundan başqa cavabdeh gəlinlik paltarlarının alınması üçün müəyyən qədər pul vəsaitinə ehtiyac olduğunu iddiaçıya bildirmiş və bunun üçün iddiaçıdan borc pul istəmişdir. Bundan sonra tərəflər borcun verilməsini xx.xx.2023-cü il tarixdə borc müqaviləsi bağlamaqla rəsmiləşdirmişlər. Həmin müqavilə ilə iddiaçı 1200 manat pulu cavabdehə verməyi, sonuncu isə 1200 manat borc məbləğinin 200 manatını xx.xx.2023-cü il tarixinədək, 1000 manatını isə xx.xx.2023-cü il tarixinədək tam həcmdə geri qaytarılmasını öhdəsinə götürmüşdür. Bundan başqa, tərəflər arasında xx.xx.2023-cü il tarixdə gəlinlik paltarlarının kirayəsi haqqında 2 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilə ilə iddiaçı müqavilədə nəzərdə tutulmuş şərtlərlə 8650 manat dəyərində 30 sayda etiket və nömrələnmiş gəlinlik paltarlarını cavabdehə verməyi, cavabdeh isə hər bir ədəd gəlinlik paltarının kirayəsindən 60 % pul vəsaitini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.4-cü bəndinə əsasən cavabdeh özünə məxsus mağazada həmin gəlinlik paltarlarının kirayəsini həyata keçirir. Tərəflər arasında 30 sayda etiket və nömrələnmiş gəlinlik paltarlarının problemsiz və qüsursuz vəziyyətdə cavabdehə verilməsi və sonuncu tərərfindən həmin gəlinlik paltarlarının qəbuluna dair təhvil-təslim aktı tərtib edilmiş və hər iki tərəf aktı imzalamaqla doğruluğunu təsdiq etmişlər. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsinə əlavə məlumatı məhkəməyə təqdim etmiş və bildirmişdir ki, 30 ədəd gəlinlik paltarı cavabdeh tərəfindən alınsa da, ona 26 ədəd qaytarmış, onlardan 16-sı istismara yararlı, 10 ədədi qiyməti yüksək olmayan, yəni 1 ədədi 150 manat olan gəlinliklər tam olaraq istismara yararsız hala salınmış halda, həmçinin 290 manat dəyərində vitrinləri cavabdehdən təhvil almışdır. 4 ədəd gəlinlik paltarı isə qiyməti daha yüksək olan, yəni bir ədədi 315,50 manat olmaqla ümumilikdə 1262 manat dəyərində (4 x 315,5 manat = 1262 manat) gəlinlik paltarı, 3 adda olan epilyasiya avadanlqıarı aparatlarına görə 2 aylıq ödənilməmiş kirayə haqqı 1250 manat, 500 manat dəyərində gözəllik salonu üçün yumşaq divan iddiaçıya cavabdeh tərəfindən təhvil verilməmişdir. Cavabdehin ümumilikdə 5712 manat borcu qalmışdır. İddiaçı müqavilələr ilə üzərinə götürdüyü öhdəliyini yerinə yetirməklə epilyasiya avadanlıqlarını (500 manat dəyərində gözəllik salonu üçün yumşaq divan), 30 sayda etiket və nömrələnmiş gəlinlik paltarlarını və 1200 manat borc məbləğini cavabdehə vermiş, cavabdeh isə öhdəliyini lazımınca yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmışdır. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, Bakı şəhərində dərzi fəaliyyəti ilə məşğul olur. 1 ədəd epilyasiya aparatı almışdır. Balakən şəhərindən olan Nurlana xanım həmin aparatı bir müddət işlədib sonra Balakənə qayıtmağa qərar vermişdir. Ona bildirmişdir ki, onun qohumu Fariz adlı şəxsin Balakəndə gözəllik salonu açmaq fikri var. Lazer aparatını icarə üçün işlətməyə ona verilməsini istəyir. O, lazer aparatını icarə üçün işlətməyə ona verəndə ilk dəfə cavabdeh 500 manat pul vermişdir. Sonra isə ona pul verilməmişdir. Bunları video lentə almış və diskə də əlavə etmişdir. Sonra Fariz ona bildirmişdir ki, işi böyüdüb gəlinlik paltarları salonu açmaq fikri var, xalası qızı Xaçmazda gəlinlik paltarları salonu işlədir. O, Fariz üçün ondan məsləhət istəmişdir. O da bildirmişdir ki, o, Xaçmazda, Fariz Balakəndə, bu olası iş deyil. Sonra yoldaşı ilə məsləhətləşmiş və Farizə 9800 manat gəlinliklərin alınması üçün pul vermişdir. 30 ədəd gəlinlik əvəzinə 29 ədəd almışdır. Alınan gəlinliklərin bir hissəsi yararsız olub, bir hissəsini də ondan xəbərsiz satıb. Məsələnin nə yerdə olduğunu biləndən sonra dəfələrlə borcu istəmiş, lakin cavabdeh verməmişdir. Polis orqanlarına müraciət etmiş, cavabdeh polis orqanlarına çağırılıb izahatında müəyyən halları etiraf etmişdir. Ondan sonra aralarında borca dair müqavilə bağlanmışdır. Onda malların təhvil-təslim aktı da var. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xx.xx.2023cü il tarixli “epilyasiya avadanlıqlarının kirayəsi” haqqında 1 nömrəli müqavilə, xx.xx.2023cü il tarixli borc müqaviləsi, xx.xx.2023-cü il tarixli gəlinlik paltarlarının kirayəsi haqqında 2 nömrəli müqavilə, Təhvil-təslim aktları və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. (Azərbaycan Respublikası Mülki Məcəlləsi (bundan sonra mətndə MM) maddə - 406.1, 329.2, 385.1, 386.1, 389.1, 442, 445.2, 448-ci maddəsinin 1-ci və 2-ci bəndləri,). MM-in:

675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

682. Kirayəçi kirayəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi nəticəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır. 684.1. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. 684.2. Kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir. Lakin kirayəyə verən kirayəyə verilmiş əşyadan istifadə zamanı qənaət edilmiş məsrəflərin hesabı, habelə əşyadan başqa şəkildə istifadə etsəydi, əldə edə biləcəyi faydaların hesabı ilə razılaşmalıdır. 697.1. Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Torpaq sahəsinin kirayəçisi kirayəyə götürdüyü torpaq sahəsini kirayəyə verənə qarşı pretenziyaları əsasında saxlamaq hüququna malik deyildir. Kirayəçi əşyanı hər hansı üçüncü şəxsin istifadəsinə verdikdə kirayəyə verən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra üçüncü şəxsdən həmin əşyanı qaytarmağı tələb edə bilər. 697.2. Əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir. Lakin yaşayış otaqlarını kirayəyə verən digər zərərin əvəzinin ödənilməsini yalnız o halda tələb edə bilər ki, əşya kirayəçinin cavabdeh olduğu halların nəticəsində qaytarılmasın; zərərin əvəzi yalnız həmin şəraitdə haqq-ədalətin tələb etdiyi dərəcədə ödənilir. Əgər kirayəçi ləğvetməyə dair bildiriş verərsə, bu müddəa tətbiq edilmir. 697.3. Kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəyə verən hər hansı müddət üçün qabaqcadan verilmiş kirayə haqqını qaytarmalıdır. 697.4. Kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. 739.4. Borcverən öz nizamnamə kapitalındakı payın (səhmin) alınması məqsədilə borc verə bilməz. Borcverən qarşısındakı borc öhdəliyinin icrasının təminatı kimi onun nizamnamə kapitalında olan pay (səhm) çıxış edə bilməz. Hazırki işin məhkəmə tərəfindən araşdırılması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında həm əmlak kirayə, eyni zamanda borc münasibətlərini özündə əks etdirən müqavilələr bağlanmışdır. Belə ki, 4 adda epilyasiya avadanlıqlarının və 30 sayda etiket və nömrələnmiş gəlinlik paltarlarının kirayəsi üzrə tərəflər arasında kirayə hüquq münasibətlərindən, 1200 manat borcun verilməsi üzrə isə borc hüquq münasibətlərindən əmələ gələn münasibətlər mövcud olmuşdur. Məhkəmə iddianın hüquqi əsasına münasibətdə qeyd edir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanmış “epilyasiya avadanlıqlarının kirayəsi” haqqında 1 nömrəli müqavilə ilə nəzərdə tutulmuş şərtlərlə iddiaçı 4 adda epilyasiya avadanlıqlarını (Lazer epilyasiya aparatları Diod Jody və Diod Pioner, Grace 2 üz və bədən cavanlaşması üçün çoxfunksiyalı cihaz, G 5 arıqlama aparatı) cavabdehə vermiş, sonuncu isə göstərilən avadanlıqların qarşılığında hər ay lazer epilyasiya aparatlarının hər biri üçün 600 manat olmaqla cəmi 1200 manat, Grace 2 üz və bədən cavanlaşması üçün çoxfunksiyalı cihaz üçün hər ayın 10-da 200 manat, G 5 arıqlama aparatı üçün hər ayın 10-da 200 manat məbləğində kirayə haqqını ödəməyi öhdəsinə götürsə də, bu öhdəliyini lazımınca yerinə yetirməmişdir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə Balakən Rayon Polis şöbəsinin qərarından göründüyü kimi cavabdehin Balakən Polis şöbəsinə verdiyi izahatından, eləcə də, təhvil təslim aktından da göründüyü kimi iddiaçı tərəfindən cavabdehə 4 adda epilyasiya avadanlığı verilmiş, lakin cavabdeh müqavilədə şərtləşdirilmiş qaydada qeyd edilən avadanlıqların razılaşdırılmış aylıq kirayə haqqını tam ödəməmiş və nəticədə ödənilməmiş borcu qalmışdır ki, iddiaçı 3 avadanlığa görə icarə üçün ödənilməmiş 1250 manat borcu qaldığını iddia etsə də, işdə olan sübutlarla 1250 manatın mövcudluğu iddiaçı tərəfindən tam sübuta yetirilə bilmədiyindən məhkəmə müqavilədə tərəflər arasında razılaşdırılmış 1200 manat məbləği əsas götürüb hesab edir ki, 3 avadanlığa görə ödənilməmiş kirayə haqqı 1200 manat təşkil edir. Həmçinin iddiaçı iddia ərizəsinə əlavə olaraq təqdim etdiyi məlumatda epilyasiya avadanlıqları ilə yanaşı cavabdehə 500 manat dəyərində gözəllik salonu üçün yumşaq divan verdiyini iddia etmiş, cavabdeh bunun əksini sübut edəcək sənədləri təqdim etməmişdir. Bundan başqa tərəflər arasında xx.xx.2023-cü il tarixdə gəlinlik paltarlarının kirayəsi haqqında bağlanmış 2 nömrəli müqaviləyə əsasən iddiaçı cavabdehə 8650 manat dəyərində 30 sayda etiket və nömrələnmiş gəlinlik paltarlarını cavabdehə kirayəyə verdiyini bildirmiş və onlardan 26 ədədi (16-sı istismara yararlı, 10 ədədi qiyməti yüksək olmayan, yəni 1 ədədi 150 manat olan gəlinliklər tam olaraq istismara yararsız hala salınmış halda), həmçinin 290 manat dəyərində vitrinlər cavabdeh tərəfindən qaytarılmış, qalan 4 ədəd gəlinlik paltarı isə qiyməti daha yüksək olan, yəni bir ədədi 315,50 manat olmaqla ümumilikdə 1262 manat dəyərində gəlinlik paltarı cavabdeh tərəfindən qaytarılmamışdır. Cavabdeh Balakən Rayon Polis şöbəsinə verdiyi izahatında və iddiaçı məhkəmə iclasında verdiyi izahatında cavabdehə 29 ədəd gəlinlik paltarı verildiyini bildirsə də, tərəflər arasında gəlinlik paltarlarının verilməsinə və qəbuluna dair tərtib edilmiş təhviltəslim aktından da göründüyü kimi cavabdehə 30 ədəd gəlinlik verilmiş və bu aktı cavabdeh imzalamaqla həmin sayda gəlinliyin ona verildiyini təsdiq etmişdir. Göründüyü kimi cavabdeh tərəfindən dəyəri 315,50 manat olan 4 ədəd gəlinlik iddiaçıya qaytarılmamışdır ki, həmin gəlinliklərin qiyməti 315,50 x 4 = 1262 manat təşkil edir. Bu halla bağlı cavabdeh tərəfin dəfələrlə məhkəmə iclasında iştirak etməməsi və sübutlarının təqdim etməsi ilə bağlı məhkəmənin müraciətlərinə cavab verməməsi məhkəmədə belə inam yaratmışdır ki, cavabdeh məhkəmədən yayınır. İddiaçının bildirdiyi faktlar bir-biri ilə daha əlaqəli olan faktlar olduğundan və bir-birini tamamladığından məhkəmə iddiaçının sübutlarını inandırıcı qəbul edir. Eyni zamanda iddiaçıya qaytarılmış, lakin yararsız vəziyyətdə olan, bir ədədinin dəyəri 150 manat olan 10 ədəd gəlinliyin dəyəri (150 x 10 = 1500) 1500 manat təşkil edir. Bununla bağlı məhkəmə qeyd edir ki, qeyd edilən gəlinlik paltarlarının yararsızlığı ilə bağlı alternativ sübut təqdim edilməsə də, iddiaçı qeyd edilən əmlakların qaytarılması ilə bağlı tərəflər arasında hər hansı bir sənəd, təhvil-təslim aktı imzalanmamasına baxmayaraq, hüquq-mühafizə orqanının iştirakı ilə qeyd edilən əmlakların iddiaçıya qaytarıldığını bildirməklə bu faktın təsdiqindən imtina etməmişdir. İddiaçı öz sübutlarını irəli sürsə də, cavabdeh tərəfindən iddia tələbinə əvvəlki və hazırkı məhkəmənin icratında olduğu müddətdə hər hansı bir etiraz bildirməmiş, vəsatəti olmamış, iddianın əsassızlığı ilə bağlı hər hansı bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə iddiaçının qeyd edilən hüquqlarının pozuntusunun Balakən Rayon Polis şöbəsinin köməkliyi ilə qismən də olsa aradan qaldırılması ilə bağlı dəlillərlə razılaşır. Bu səbəbdən salon üçün cavabdehə təhvil verilmiş 500 manat dəyərində divanın və təhvil verilmiş 30 gəlinlikdən 16 adda gəlinlik paltarının yararlı, 10 ədədinin yararsız olması, 4 ədəd dəyəri daha yüksək olan gəlinlik paltarının ümumiyyətlə təqdim edilməməsi ilə razılaşır və iddiaçının dəlillərini əsaslı hesab edir. Çünki iddiaçıya geri qaytarılan digər avadanlıqlar barədə müfəssəl məlumat verməsi bunu deməyə əsas verir. Məhkəmə, iddiaçının əmlakların ümumiyyətlə qaytarılmasından imtina edə bilmə imkanının mövcudluğunu da nəzərdən qaçırmır. Ona görə də iddiaçının bildirdiklərinin əsaslı və həqiqi olması qəbul edilir. Bundan başqa iddiaçı tərəfindən cavabdehə 1200 manat borc pul məbləği verilmiş və tərəflər bunu xx.xx.2023-cü il tarixli borc müqaviləsi ilə rəsmiləşdirmişlər. Həmin müqavilə üzrə iddiaçı üzərinə götürdüyü öhdəliyini yerinə yetirmiş, cavabdeh isə borcunu ödəməyi öhdəsinə götürsə də, bu öhdəliyini yerinə yetirmədiyindən ödənilməmiş 1200 manat borcu qalmışdır. Cavabdeh Balakən Rayon Polis şöbəsinə verdiyi izahatında iddiaçıdan 1200 manat borc aldığını etiraf etmişdir. Belə ki, Balakən Rayon Polis şöbəsi tərəfindən İddiaçı şikayəti əsasında aparılmış araşdırmanın nəticəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanması haqqında qərarda iş üzrə Cavabdeh İddiaçı borcunun olduğunu və borcunu qaytarmağı düşündüyünü bildirmişdir. Bu faktlar da iddiaçının tələbində haqlı olduğunu təsdiq edir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış hər 3 müqavilə üzrə iddiaçı tərəfindən müqavilənin şərtlərinə uyğun cavabdehə müvafiq epilyasiya avadanlığı (500 manat gözəllik salonu üçün divan da daxil olmaqla), dəyəri 150 manat olan 10 ədəd istifadəyə yararsız gəlinlik və 4 ədəd iddiaçıya qaytarılmamış gəlinlik, 1200 manat borc pul verilmiş, cavabdeh isə müqavilə ilə üzərinə öhdəlik götürməsinə baxmayaraq öhdəliyini lazımınca icra etməmişdir. Cavabdeh keçirilən məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmiş, iddia tələbini təkzib edəcək, sübutları məhkəməyə təqdim etməmiş, eləcə də iddia tələbinə etirazını bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 47.1. İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Mülki Məcəllənin: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə yekunda qeyd edir ki, yuxarıda qeyd edilən normalar mülki proses tərəflərinin iştirak etdiyi mübahisəyə ədalətlə, qərəzsiz və obyektiv baxmalı, məhkəmə qərarı tərəfin üzərinə əsassız olaraq öhdəlik qoyma məqsədi və ya onun ədalətsiz olaraq maliyyə yükü ilə yükləmək məqsədi daşımamalıdır. Eyni zamanda mülki prosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədlərini müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 81, 217.3, 217.4-cü maddələri). Məhkəmə işin faktiki hallarını və həmin hallara tətbiq edilən qanunvericilik normalarını, daxili inamı əsas tutaraq mübahisənin hallarını araşdırıb bu nəticəyə gəlir ki, hazırki vəziyyətdə iddiaçı iddia tələbində haqlı olduğunu sübuta yetirdiyindən iddia tələbi qismən təmin edilərək, 1200 manat borc pul, 1262 manat (315.50 x 4 = 1262) 4 ədəd gəlinliyin dəyəri, 1500 manat (10 x 150 = 1500 manat) yararsız gəlinliklərin dəyəri, 1200 manat epilyasiya avadanlıqlarının kirayə haqqı və 500 manat dəyərində gözəllik salonu üçün yumşaq divanın dəyəri cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 77,12 manat olmalıdır ki, iddia tələbi qismən təmin edildiyindən 77,12 manat dövlət rüsumunun 0,68 manatı iddiaçıdan, 76,44 manatı cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Lakin iddiaçı tərəfindən 77,12 manat dövlət rüsumu ödənilmişdir ki, həmin rüsumdan iddiaçını ödəməli olduğu 0,68 manat çıxılmaqla qalan 76,44 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 5662 manat pul vəsaiti və 76,44 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar