Məhkəmə qərarları › İş №e-2-2(117)-205/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-205/2025

14.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-205/2025 14.02.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 5472.76 manat əsas borc, 434.38 manat faiz borcu, 45.15 manat cərimə borcu olmaqla cəmi 5952.29 manat borcun, xx.xx.2023-cü il tarixli onlayn kredit verilməsinə dair məktub üzrə 2208.49 manat əsas borc, 183.51 manat faiz borcu, 12.65 manat cərimə borcu olmaqla cəmi 2404.65 manat borcun və 103.57 manat ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iş materiallarına baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 5472.76 manat əsas borc, 434.38 manat faiz borcu, 45.15 manat cərimə borcu olmaqla cəmi 5952.29 manat borcun, xx.xx.2023-cü il tarixli onlayn kredit verilməsinə dair məktub üzrə 2208.49 manat əsas borc, 183.51 manat faiz borcu, 12.65 manat cərimə borcu olmaqla cəmi 2404.65 manat borcun və 103.57 manat ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 36-MCR-1- 63-23 nömrəli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən bank borc alan Cavabdeh4 120 ay müddətinə aylıq faiz dərəcəsi 2.50% ilə 20 000 manat məbləğində kredit limiti ayırmışdır. Eyni zamanda xx.xx.2023-cü il tarixli 36-MCR-1-63-23 nömrəli müqavilə üzrə öhdəliyin icrasının təminatı olaraq xx.xx.2023-cü il tarixdə İddiaçı ASC ilə Cavabdeh1 arasında Z/00514/23 nömrəli, Cavabdeh3 arasında Z/00513/23 nömrəli, Cavabdeh2 arasında Z/00512/23 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələr ilə zaminlər borcalanın bank qarşısında öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün borcalan Cavabdeh4 ilə birlikdə məsuliyyət daşımağı öz üzərlərinə götürmüşdürlər. Həmin müqavilənin 5.1.4-cü bəndinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə və ya zaminlərə qarşı tələb irəli sürülmədiyi halda zaminliyə xitam verilir. Həmçinin, həmin müqavilənin 6.3-cü bəndinə əsasən bu müqavilə tərəflərin imzaladığı gündən qüvvəyə minir və tərəflərin bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qalır. Kredit limitinin ayrılmasına dair müqavilə üzrə xx.xx.2023-cü il tarixdə bankla borc alan Cavabdeh4 arasında 36-MCR-1-63-23/1 nömrəli kreditin verilməsinə dair razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən bank Cavabdeh4 biznes məqsədilə 36 ay müddətinə aylıq 1.83 faiz dərəcəsi ilə 9000 manat məbləğində kredit verməyi, borc alan isə krediti və ona hesablanmış faizləri bu razılaşmaya 1 saylı əlavədə müəyyən edilmiş qaydada ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 7-ci bəndinə və 1 saylı əlavəyə əsasən ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, kredit alan hər gecikdirilən gün üçün kreditin qalığının 0,20% məbləğində cərimə ödəməyə borcludur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli onlayn kredit verilməsinə dair məktubdan göründüyü kimi xx.xx.2023-cü il tarixdə İddiaçı ASC ilə Cavabdeh4 arasında kredit verilməsinə dair onlayn müqavilə bağlanmışdır. Həmin məktuba əsasən bank Cavabdeh4 dövriyyə vəsaitlərinin artırılması məqsədilə 36 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 3000 manat məbləğində kredit verməyi təklif etmiş, müqavilə üzrə borclu bununla razılaşmış və daha sonra vəsait hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2023cü il tarixli 36-MCR-1-63-23/1 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixindən başlayaraq hər ay 343.71 manat, sonuncu ay olan xx.xx.2026-cı il tarixində isə 343.93 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan hesabdan çıxarışlardan görünür ki xx.xx.2023-cü il tarixdə 9000 manat və xx.xx.2023-cü il tarixdə 3000 manat vəsait cavabdehin hesabına köçürülmüşdür. Məhkəməyə təqdim edilmiş maliyyə arayışlarından görünür ki, cavabdehin xx.xx.2024-cü il tarixə xx.xx.2023-cü il tarixli müqavilə üzrə 5472.76 manat əsas, 434.38 manat faiz və 90.29 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 2208.49 manat əsas, 183.51 manat faiz, 25.29 manat cərimə borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 284-5.1-ci maddəsinə əsasən rəsmi qaydada bildiriş cavabdehlərə xx.xx.2025-ci il tarixində çatdırılmışdır. Qeyd edilən cavabdehlər iddia tələbinə qarşı əsaslandırılmış etirazlarını müəyyən olunmuş 10 (on) iş günü ərzində məhkəməyə təqdim etməmişlər. Məhkəmə, MPM-in 284-5.3-cü maddəsinə əsasən, işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit limiti müqaviləsi, kredit razılaşması və ona 1 nömrəli əlavə, onlayn kredit verilməsinə dair məktub, zaminlik müqavilələri, maliyyə arayışı, xəbərdarlıq və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbayacan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 36-MCR-1-63-23 nömrəli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən bank borc alan Cavabdeh4 120 ay müddətinə aylıq faiz dərəcəsi 2.50% ilə 20 000 manat məbləğində kredit limiti ayırmışdır. Kredit limitinin ayrılmasına dair müqavilə üzrə xx.xx.2023-cü il tarixdə bankla borc alan Cavabdeh4 arasında 36-MCR-1-63-23/1 nömrəli kreditin verilməsinə dair razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən bank Cavabdeh4 biznes məqsədilə 36 ay müddətinə aylıq 1.83 faiz dərəcəsi ilə 9000 manat məbləğində kredit verməyi, borc alan isə krediti və ona hesablanmış faizləri bu razılaşmaya 1 nömrəli əlavədə müəyyən edilmiş qaydada ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa xx.xx.2023-cü il tarixdə İddiaçı ASC ilə Cavabdeh4 arasında kredit verilməsinə dair onlayn müqavilə bağlanmışdır. Ona əsasən bank Cavabdeh4 dövriyyə vəsaitlərinin artırılması məqsədilə 36 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 3000 manat məbləğində kredit verməyi təklif etmiş, müqavilə üzrə borclu bununla razılaşmış və daha sonra vəsait hesabına köçürülmüşdür. Məhkəmə iddia tələbinin əsas və faiz borclarının tutulmasına münasibətdə qeyd edir ki, cavabdehlər qeyd edilən tələbə hər hansı bir etiraz bildirməmiş, məhkəmə isə öz təşəbbüsü ilə hər hansı bir əlavə araşdırma aparmamış, tələb edilən əsas və faiz borcunun məbləğinin daha az olması ilə bağlı məhkəmədə hər hansı bir arqument mövcud olmamışdır. Odur ki, cavabdehlər öhdəliklərini lazımınca yerinə yetirmədiyindən ödənilməmiş borcu qalmışdır ki, həmin məbləğ cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 45.15 manat və xx.xx.2023-cü il tarixli onlayn kredit verilməsinə dair məktub üzrə 12.65 manat cərimə borcunun tutulması” hissəsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış kredit limitinin ayrılmasına dair razılaşmanın 3-cü və kredit verilməsinə dair razılaşmanın 7-ci bəndinə əsasən ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, kredit alan hər gecikdirilən gün üçün kreditin qalığının 0,20% məbləğində cərimə ödəməyə borcludur. Eyni zamanda maliyyə arayışlarında cavabdehin daha çox cərimə borcunun olduğu qeyd edilsə də, iddia tələbində həmin məbləğlərə nisbətən daha az cərimə borcunun tutulması xahiş edilmişdir. Məhkəmə iddia tələbindən kənara çıxa bilmədiyindən cərimə borcunun iddiaçının tələbinə müvafiq olaraq təmin edilməsini hesab etmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə şərtləri baxımından iddiaçı xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 5472.76 manat əsas borc, 434.38 manat faiz borcu, 45.15 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli onlayn kredit verilməsinə dair məktub üzrə 2208.49 manat əsas borc, 183.51 manat faiz borcu, 12.65 manat məbləğində cərimə borcunun tutulmasını tələb etməkdə haqlıdır. Zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıdığından və zaminlik müqaviləsi qüvvədə olduğundan məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 5472.76 manat əsas borc, 434.38 manat faiz borcu, 45.15 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli onlayn kredit verilməsinə dair məktub üzrə 2208.49 manat əsas borc, 183.51 manat faiz borcu, 12.65 manat cərimə borcu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı banka ödənilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından hazırki iş üzrə iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 103.57 manat olmalıdır. İddia tələbi təmin edildiyindən və iddiaçı ödədiyi dövlət rüsumunu tələb edildiyindən ödənilmiş 103.57 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 5472.76 manat əsas borc, 434.38 manat faiz borcu, 45.15 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli onlayn kredit verilməsinə dair məktub üzrə 2208.49 manat əsas borc, 183.51 manat faiz borcu, 12.65 manat cərimə borcu və 103.57 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar