Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-207/2024 24.10.2024 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, İddiaçı “X3” ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “X3” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli 06MNG/21 saylı Əsas Kredit Müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2021-ci il tarixli 06MNG/21-3 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 32765,56 AZN, faiz borcu üzrə 5343.47 AZN, cərimə borcu üzrə 1041.15 AZN, cəmi 39150.18 borcun, xx.xx.2022-ci il tarixli 06MNG/22- 4 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 28920,86 AZN, faiz borcu üzrə 5048.75 AZN, cərimə borcu üzrə 3803.58 AZN, cəmi 37773.19 AZN borcun, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 320.77 AZN və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 45 AZN məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.1 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 146.7 kv.m sahəsi olan 9 saylı fərdi-yaşayış evinə yönəldilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı “X3” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli 06MNG/21 saylı Əsas Kredit Müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2021-ci il tarixli 06MNG/21-3 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 32765,56 AZN, faiz borcu üzrə 5343.47 AZN, cərimə borcu üzrə 1041.15 AZN, cəmi 39150.18 borcun, xx.xx.2022-ci il tarixli 06MNG/22- 4 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 28920,86 AZN, faiz borcu üzrə 5048.75 AZN, cərimə borcu üzrə 3803.58 AZN, cəmi 37773.19 AZN borcun, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 320.77 AZN və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 45 AZN məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.1 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 146.7 kv.m sahəsi olan 9 saylı fərdi-yaşayış evinə yönəldilməsi, bu əmlakın hərracda satılması, əmlak satıldıqdan ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən Cavabdeh çıxarılmaqla boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(117)-207/2024 nömrəli qərardadına əsasən İddiaçı “X3” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddia tələbinin “ipoteka predmet olan Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.1 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 146.7 kv.m sahəsi olan 9 saylı fərdi-yaşayış evinə tutma yönəldildikdən və əmlak satıldıqdan ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən Cavabdeh çıxarılmaqla boşaldılması” hissəsi üzrə icraata xitam verilmişdir. İddiaçı “X3” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixində 06MNG/21 nömrəli əsas kredit müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə çərçivəsində xx.xx.2021-ci il tarixində 06MNG/21-3 saylı əlavə kredit müqaviləsi bağlanmış və həmin müqavilə əsasında cavabdehə 24 ay müddətinə, illik 18% faiz dərəcəsi olmaq şərti ilə 40 000 manat kredit verilmişdir. Bundan başqa, tərəflər arasında xx.xx.2022-ci il tarixində 06MNG/22-4 saylı əlavə kredit müqaviləsi bağlanmış və həmin müqavilə əsasında cavabdehə 24 ay müddətinə, illik 17% faiz dərəcəsi olmaq şərti ilə 30 000 manat kredit verilmişdir. Həmin kredit müqavilələrinin şərtinə əsasən müqavilədə göstərilmiş məbləğlər borcalana verilir və borcalan həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Müqavilələrin 5.3-cü bəndinə əsasən borcalan kreditin və ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə, borcverən əsas borcun gecikdirildiyi hər təqvim günü üçün gecikdirilən əsas borc məbləğinin iliik 40%-i miqdarında cərimə tədbiq edə bilər. Kredit müqavilələrinin 6.1-ci bəndinə əsasən bu müqavilə tərəflərin onu imzaladığı gündən qüvvəyə minir və tərəflərin öhdəlikləri tam icra olunanadək qüvvədədir. Əlavə olaraq tərəflər arasında xx.xx.2021-ci il tarixində 06İMNG/21-2 saylı ipoteka müqaviləsi imzalanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən xx.xx.2021-ci il tarixli əsas kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin təminatı olaraq ünvan 1 ünvanında yerləşən 0.1 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 146.7 kv.m sahəsi olan 9 saylı fərdi-yaşayış evi ipotekaya qoyulmuşdur. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən tərəflər ipoteka qoyulmuş əmlakının dəyərinin 70 000 manat məbləğində qiymətləndirilməsini razılaşdırmışlar. İpoteka müqaviləsinin 5.2-ci bəndinə əsasən borc alan kredit müqaviləsində nəzərdə tutulmuş müddətdə əsas öhdəliyin yaxud onun bir hissəsinin ödənilməsinin icrasını 90 təqvim günü və daha çox müddətdə gecikdirildiyi halda, tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etmək borcverənin hüququdur. Məhkəməyə təqdim olunmuş Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********68-10301 reyestr nömrəli çıxarışından da görünür ki, ünvan 1 ünvanında yerləşən 0.1 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 146.7 kv.m sahəsi olan 9 saylı fərdi-yaşayış evi Cavabdeh mülkiyyətindədir və xx.xx.2021-ci il tarixli, 06MNG/21 saylı əsas kredit müqaviləsindəki öhdəliklərin icrasının təmin edilməsi məqsədilə “X3” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə yüklü edilmişdir. İş materialları kimi məhkəməyə təqdim edilmiş hesabdan çıxarışdan da görünür ki, xx.xx.2021-ci il tarixində Cavabdeh hesabına 40 000 manat, xx.xx.2022-ci il tarixinəd isə 30 000 manat pul vəsaiti köçürülmüşdür. Əlavə olaraq məhkəməyə təqdim edilmiş ödəniş cədvəllərindən görünür ki, cavabdeh 06MNG/21-3 saylı müqavilə üzrə xx.xx.2021-ci il tarixindən etibarən hər ay 1997 manat, sonuncu ay olan xx.xx.2023-cü il tarixində isə 1995 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. 06MNG/22-4 saylı müqavilə üzrə isə, xx.xx.2022-ci il tarixindən etibarən hər ay 1484 manat, sonuncu ay olan xx.xx.2024-cü il tarixində isə 1464 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, cavabdehin 06MNG/21-3 saylı müqavilə üzrə xx.xx.2023-cü il tarixinə 32765.56 manat əsas, 5343.47 manat faiz və 1041.15 manat cərimə borcu mövcuddur. Həmçinin cavabdehin 06MNG/22-4 saylı müqavilə üzrə xx.xx.2024-cü il tarixinə 28920.86 manat əsas, 5048.75 manat faiz və 3803.58 manat cərimə borcu mövcuddur. Məhkəmənin təşəbbüsü ilə əmlakın likvid dəyərinin öyrənilməsi və əsas və faiz borcunun müəyyən edilməsi məqsədilə xx.xx.2024-cü il tarixli qərardadla məhkəməkompleks ekspertizası təyin etmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli məlumatına əsasən tikinti-texniki ekspertizasnın aparılmasına cavabdeh tərəfindən şərait yaradılmadığı üçün ekspertizanın aparılmasından imtina edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və xx.xx.2024-cü il tarixli ekspert rəyində cavabdehin 06MNG/21-3 saylı müqavilə üzrə 32677.46 manat əsas, 9394.77 manat faiz borcu, 06MNG/22-4 saylı müqavilə üzrə isə 28910.83 manat əsas, 7444.54 manat faiz borcunun olduğu müəyyən edilmişdir. Əlavə olaraq xx.xx.2024-cü il tarixli Əmlak Ekspert Mərkəzi tərəfindən təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, həmin tarixə ünvan 1 ünvanında yerləşən 0.1 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 146.7 kv.m sahəsi olan 9 saylı fərdiyaşayış evinin likvid dəyəri 79 000 manat müəyyən edilmişdir. Bundan sonra cavabdehin nümayəndəsi tərəfindən əmlakın dəyəri ilə bağlı yenidən ekspertizanın keçirilməsi barədə ərizə məhkəməyə təqdim edilmiş və əmlakın qiymətinin ekspertlər tərəfindən düzgün qiymətləndirilməməsi səbəbindən yenidən ekspertizanın keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə xx.xx.2024-cü il tarixli məktubla ünvan 1 ünvanında yerləşən 0.1 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 146.7 kv.m sahəsi olan 9 saylı fərdiyaşayış evinin likvid dəyərinin müəyyən edilməsi məqsədilə Caspian Valuation MMC-yə müraciət etmiş və həmin şirkət tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində sözügedən əmlakın likvid dəyəri 82500 manat müəyyən edilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixində cavabdehin nümayəndəsi tərəfindən iş üzrə icraatın dayandırılmasna dair vəsatət məhkəməyə təqdim edilmişdir. Cavabdeh tərəf vəsastətini onunla əsaslandırmışdır ki, Cavabdeh həyat yoldaşı X2 Mİngəçevir regional ASAN xidmət mərkəzində notariat ofisinə və 3-cü şəxs “X3” ASC-yə qarşı xx.xx.2021-ci il tarixli 3M-329 reyestr npmrəli, 06İMNG/21-2 saylı ipoteka müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. Həmin ipoteka müqaviləsi bağlanan zaman onun iştirakı təmin edilməmiş və xəbəri olmadan müqavilə bağlanmışdır. Bununla da onun mülkiyyət hüquqları pozulmuşdur. Bu səbəbdən də Mingəçevir Şəhər Məhkəməsinin icraatında olan e-2(051)-2300/2024 nömrəli işlə bağlı yekun qərar qəbul edilənədək hazırki işin icraatının dayandırılmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa iş materialları kimi əlavə edilmiş xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən göründüyü kimi X2, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.1 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 146.7 kv.m sahəsi olan 9 saylı fərdi-yaşayış evinin “X3” ASC-yə ipoteka qoyulmasına razı olduğunu bildirmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edirlər, cavabdeh tərəfindən verilmiş icraatın dayandırılması ilə bağlı ərizə ilə razı deyillər, məhkəmə iqtisad ekspertizasının rəyi ilə razıdırlar, eyni zamanda əmlakın qiymətləndirilməsi barədə ən yüksək qiymət təqdim etmiş Caspian Valuation qiymətləndirmə şirkətinin ipoteka predmetinin likvid dəyərinin 82500 manat təşkil etməsi ilə bağlı rəyi ilə razıdırlar. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, cavabdehin həyat yoldaşının ipoteka müqaviləsindən məlumatı yoxdur, bu səbəbdən məhkəməyə müraciət etmişdir,həmin iş yekunlaşanadək icraatın dayandırılmasını məhkəmədən xahiş etdi, ekspert rəyləri ilə razı olmadıqlarını və iddia tələbini qəbul etmədiklərini bildirdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara kredit müqavilələri, ipoteka müqavilələri, maliyyə arayışları, ərizə və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı “X3” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixində 06MNG/21 nömrəli əsas kredit müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə çərçivəsində xx.xx.2021-ci il tarixində 06MNG/21-3 saylı əlavə kredit müqaviləsi bağlanmış və həmin müqavilə əsasında cavabdehə 24 ay müddətinə, illik 18% faiz dərəcəsi olmaq şərti ilə 40 000 manat kredit verilmişdir. Bundan başqa, tərəflər arasında xx.xx.2022-ci il tarixində 06MNG/22-4 saylı əlavə kredit müqaviləsi bağlanmış və həmin müqavilə əsasında cavabdehə 24 ay müddətinə, illik 17% faiz dərəcəsi olmaq şərti ilə 30 000 manat kredit verilmişdir. Cavabdeh tərəf öhdəliklərini yerinə yetirməmiş və onun hazırki dövrə hər iki müqavilə üzrə borcu qalmışdır. Məhkəmə iddia tələbinin“xx.xx.2021-ci il tarixli 06MNG/21 saylı Əsas Kredit Müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2021-ci il tarixli 06MNG/21-3 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 32765,56 AZN, faiz borcu üzrə 5343.47 AZN borcun, xx.xx.2022-ci il tarixli 06MNG/22- 4 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 28920,86 AZN, faiz borcu üzrə 5048.75 AZN borcun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin olunmalıdır. Belə ki, məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixli qərardadla məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və xx.xx.2024-cü il tarixli ekspert rəyində cavabdehin 06MNG/21-3 saylı müqavilə üzrə 32677.46 manat əsas, 9394.77 manat faiz borcu, 06MNG/22-4 saylı müqavilə üzrə isə 28910.83 manat əsas, 7444.54 manat faiz borcunun olduğu müəyyən edilmişdir. Ekspert rəyindən də göründüyü kimi iddia tələbində göstərilən əsas borcla bağlı məbləğ iddia tələbindəki əsas borca münasibətdə daha az hesablanmışdır. Ekspert rəyində olan əsas və faiz borcuna münasibətdə qeyd edilən məbləğlər mənafelərinə uyğun olan və mənafeyinə uyğun olmayan tərəf həmin borcla bağlı əsaslı arqumentlərini irəli sürə bilməmiş, ekspert rəyini əsas borca münasibətdə əsassız və ya düzgün hesablanmama ilə bağlı dəlillərini irəli sürə bilməmişdir. Ona görə də məhkəmə tərəfindən ekspert rəyi əsas borca münasibətdə əsas sübut olaraq qəbul edilir. Düzdür ekspert rəyində hər iki müqavilə üzrə faiz borcları yüksək göstərilsə də, məhkəmənin iddia tələbindən kənarlaşmağa hüququ olmadığından məhkəmə hesab edir ki, iddiaçının tələbində qeyd edilən faiz borcu əsas götürülməli və beləliklə iddiaçı 06MNG/21-3 saylı müqavilə üzrə 32677.46 manat əsas, 5343.47 manat faiz borcu, 06MNG/22-4 saylı müqavilə üzrə isə 28910.83 manat əsas, 5048.75 manat faiz borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə “xx.xx.2021-ci il tarixli 06MNG/21-3 saylı əlavə kredit müqaviləsinə görə 1041.15 AZN cərimə borcunun, xx.xx.2022-ci il tarixli 06MNG/22- 4 saylı əlavə kredit müqaviləsinə görə 3803.58 AZN cərimə borcunun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Odur ki, tərəflərin davranışı, iddiaçının vaxtında tələbi irəli sürməməsi, bununla da cərimə borcunun artmasına şərait yaradılması, eyni zamanda cavabdehin müqavilə müddəti ərzində öhdəlikləri lazımi qaydada icra etməməsi, həmçinin tərəflərin əmlak mənafeləri nəzərə alınaraq cavabdehdən xx.xx.2021-ci il tarixli 06MNG/21-3 saylı əlavə kredit müqaviləsinə görə 100 AZN cərimə borcunun, xx.xx.2022-ci il tarixli 06MNG/22- 4 saylı əlavə kredit müqaviləsinə görə 200 AZN cərimə cərimə borcunun tutulması qanuni, əsaslı, ədalətli və ağılabatandır. Bundan başqa, məhkəmə iddia tələbinin “tutmanın ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.1 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 146.7 kv.m sahəsi olan 9 saylı fərdi-yaşayış evinə yönəldilməsi, bu əmlakın hərracda satılması” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçıya borcu yaranmışdır və bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Bundan başqa, ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, ipoteka müqaviləsinin 2.3-cü bəndində tərəflər əmlakın qiymətini 70 000 manat razılaşdırsalar da, həmin müqavilənin 2021-ci il tarixində imzalandığını, və həmin dövrdən etibarən əmlak qiymətlərinin artmasını nəzərə alaraq əmlakın qiymətinin müqavilədəkinə nisbətdə çox olmasını məntiqə uyğun hesab edir. Düzdür iş üzrə Əmlak Ekspert Mərkəzinin xx.xx.2024-cü il tarixli ƏEM/A02-519/24 nömrəli rəyinə əsasən ünvan 1 ünvanında yerləşən 0.1 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 146.7 kv.m sahəsi olan 9 saylı fərdi-yaşayış evinin likvid dəyərinin 79000 manat müəyyən edilmişdir. Cavabdeh tərəfin əmlakın qiymətləndirilməsi ilə bağlı təkrar vəsatətinə əsasən həmin əmlakın likvid dəyərinin müəyyən edilməsi üçün məhkəmə təkrarən qiymətləndirici şirkətə müraciət etmiş və xx.xx.2024-cü il tarixli məktubla ünvan 1 ünvanında yerləşən 0.1 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 146.7 kv.m sahəsi olan 9 saylı fərdi-yaşayış evinin likvid dəyərinin müəyyən edilməsi məqsədilə Caspian Valuation MMCyə müraciət etmiş və həmin şirkət tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində sözügedən əmlakın likvid dəyəri 82500 manat müəyyən edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi qeyd edilən əmlakın likvid dəyərinin 82500 manat müəyyən edilməsi ilə bağlı verilmiş rəylə razılaşmış və bunu əsas tutaraq məhkəmə tərəfindən likvid dəyərlə bağlı verilmiş ən yüksək qiyməti əmlakın likvid dəyəri kimi qəbul edilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixində cavabdehin nümayəndəsi tərəfindən iş üzrə icraatın dayandırılmasna dair vəsatət məhkəməyə təqdim edilmişdir. Cavabdeh tərəf vəsastətini onunla əsaslandırmışdır ki, Cavabdeh arvadı X2 Mİngəçevir regional ASAN xidmət mərkəzində notariat ofisinə və 3-cü şəxs “X3” ASC-yə qarşı xx.xx.2021-ci il tarixli 3M-329 reyestr npmrəli, 06İMNG/21-2 saylı ipoteka müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. Həmin ipoteka müqaviləsi bağlanan zaman onun iştirakı təmin edilməmiş və xəbəri olmadan müqavilə bağlanmışdır. Bununla da onun mülkiyyət hüquqları pozulmuşdur. Bu səbəbdən də Mingəçevir Şəhər Məhkəməsinin icraatında olan e-2(051)-2300/2024 nömrəli işlə bağlı yekun qərar qəbul edilənədək hazırki işin icraatının dayandırılmasını məhkəmədən xahiş etmişdir. İşə əlavə edilmiş xx.xx.2021-ci il tarixli ərizədən də göründüyü kimi X2, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.1 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 146.7 kv.m sahəsi olan 9 saylı fərdi-yaşayış evinin “X3” ASC-yə ipoteka qoyulmasına razı olduğunu bildirmişdir. Buradan da göründüyü kimi, cavabdehin arvadı mülkiyyətlərində olan fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə razı olmuşdur. Qeyd edilən ipoteka müqaviləsinin etibarlılıq məsələsinə hazırkı icraat çərçivəsində qiymət verildiyindən, cavabdehin qeyd edilən müqavilənin başqa məhkəmə icraatı qaydasında mübahisələndirməsi qanunvericiliyin tələblərinə uyğun hesab edilmir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 02/2022 nömrəli 14 iyun 2022-ci il tarixli Qərardadına qeyd edilir ki, məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak edən şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Düzdür cavabdeh Mingəçevir Şəhər Məhkəməsində müvafiq ipoteka müqaviləsinin etibarsız hesab edilməsi deyil, ləğv edilməsi barədə tələb irəli sürmüşdür. Buna baxmayaraq cavabehin hər bir halda gözləntisi hazırkı işin icraatının dayandırılması məqsədini daşımışdır. Ona görə də hər bir halda hazırkı icraat çərçivəsində mübahisələndirilən ipoteka müqaviləsinin etibarsızlığı və ya ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilməmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslər yazılı sübutları yalnız “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə təqdim edirlər. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. (MPM-in 77.1, 78.1, 78.1-1, 78.2, 81, 217.3, 217.4-cü maddələri, ). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 116.2. Məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1. Şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən, iddia tələbinin təmin edilməyən hissəsinə münasibə olaraq ödənilmiş dövlət rüsumunun 301.41 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 42 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Ekspertiza xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə-mühasibatlıq ekspertizası məhkəmənin təşəbbüsü ilə aparıldığından qeyd edilən ekspertiza ilə bağlı 100 manat xərcin 50 manatı iddiaçıdan, 50 manatı cavabdehdən tutularaq tədqiqat aparan müəsissəyə ödənilməlidir. Bundan əlavə əmlakın qiymətləndirilməsi ilə bağlı aparılmış tədqiqatın dəyəri 350 manat məbləğin azaldılaraq 200 manat müəyyən edilməsi daha məntiqli, ədalətli və qanuni olduğundan, 200 manatın 100 manatı iddiaçıdan, 100 manatı cavabdehdən tutularaq tədqiqat aparan müəsissəyə ödənilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli 06MNG/21 saylı Əsas Kredit Müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2021-ci il tarixli 06MNG/21-3 saylı əlavə kredit müqaviləsinə görə 32677.46 manat əsas, 5343.47 manat faiz borcu, 100 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli 06MNG/22- 4 saylı əlavə kredit müqaviləsinə görə 28910.83 manat əsas, 5048.75 manat faiz və 200 manat cərimə borcu, 301,41 manat dövlət rüsumu, ipoteka bildirişinin qeydiyyata alınması üçün 42 manat dövlət rüsumu tutularaq iddiaçı “X3” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Tutma Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.1 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 146.7 kv.m sahəsi olan 9 saylı fərdiyaşayış evinə yönəldilsin, əmlakın hərracdan ilkin satışı üçün likvid dəyəri 82 500 manat müəyyən edilsin və həmin əmlak açıq hərracda satılsın, satışdan əldə edilən vəsait hesabına hazırkı qətnamə ilə tutulan məbləğin ödənilməsinə yönəldilsin. İddia qalan hissədə rədd edilsin. Məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı tədqiqatın dəyəri olan 100 manatın 50 manatı iddiaçıdan, 50 manatı cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Əmlakın qiymətləndirilməsi ilə bağlı aparılmış tədqiqatın dəyəri olan 200 manatın 100 manatı iddiaçıdan, 100 manatı cavabdehdən tutularaq “Caspian Valuation MMC”nin hesabına ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mübariz Hüseynov