Məhkəmə qərarları › İş №e-2-2(117)-208/2022

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-208/2022

26.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-208/2022 26.04.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “10000 manat əsas, 1779,33 manat faiz, 1381,67 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 1918,20 manat məbləğ olmaqla, cəmi 15079,20 manat kredit borcunun, ilkin mediasiya sessiyanın keçirilməsi ilə bağlı ödənilmiş 200 manat xərcin Cavabdeh1 tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan İsmayıllı rayonu Qubaxəlili kəndində 0,13 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinə tutmanın yönəlməsi, evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq ödənilməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı ASC-nin İsmayıllı filialı ilə Cavabdeh1 arasında bağlanmış 30.04.2014-cü il tarixli 0183/14/SKMF nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 heyvandarlığın inkişaf etdirilməsi məqsədilə 36 ay müddətinə 10000 manat kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6 % olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.5-ci bəndinə əsasən borcalan kredit və ona hesablanmış faizləri ödəniş qrafasında nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1 % cərimə və vaxtı keçmiş kredit üzrə 12 % ödəyir. Müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq 30.04.2014-cü il tarixli 0183/14/SKMF nömrəli ipoteka müqaviləsində göstərilmiş Cavabdeh2 mülkiyyətində olan İsmayıllı rayonu Qubaxəlili kəndində yerləşən fərdi yaşayış evi ipoteka predmeti kimi qəbul olunmuşdur. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməyərək götürdüyü 10000 manat kredit borcunu ödəməmiş və nəticədə onun ödənilməmiş borcu qalmışdır. İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehin ödənilməmiş 10000 manat əsas, 1779,33 manat faiz, 1381,67 manat cərimə və 1918,20 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla cəmi 15079,20 manat kredit borcunun olduğunu əsas gətirərək borcun ödənilməsi, borcun ipoteka predmeti olan əmlaka yönəldilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh olan əsas borclu Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil 20.04.2022-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Belə ki, tərəflər arasında bağlanmış 30.04.2014-cü il tarixdə kredit müqaviləsi 36 ay müddətinə bağlanmış, yəni müqavilə müddəti 30.04.2017-ci il tarixdə bitmişdir. Müqavilə tələbləri üzrə iddia müddəti 3 il olduğundan iddiaçı iddia müddətini ötürmüşdür. Göstərilənlərə əsasən iddia müddəti ötdüyünə görə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, İddiaçı və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, nümayəndə X2 iddia ərizəsində işə bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavadeh Cavabdeh2 iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Kredit müqaviləsi, İpoteka müqaviləsi, Bildiriş, cavabdehin nümayəndəsi və vəkilinin ərizəsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi iddia müddətinin keçməsi ilə əlaqədar rədd edilməlidir. Belə ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Müki Məcəlləsi ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə - 385.1, 386.1, 442, 445.2, 448 bənd 1, 2). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə 739.1, 739.2)... Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, İddiaçı ASC-nin İsmayıllı filialı ilə Cavabdeh1 arasında bağlanmış 30.04.2014-cü il tarixli 0183/14/SKMF nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 heyvandarlığın inkişaf etdirilməsi məqsədilə 36 ay müddətinə 10000 manat kredit verilmiş, borcalan kredit borcunu və müqavilə ilə müəyyən edilmiş qaydada illik 6 % olmaqla faiz borcunu müqaviləyə əlavə edilmiş qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə borcun və əsas borca hesablanmış faizlərin təminatı olaraq 30.04.2014-cü il tarixli 0183/14/SKMF nömrəli ipoteka müqaviləsində göstərilmiş Cavabdeh2 mülkiyyətində olan İsmayıllı rayonu Qubaxəlili kəndində yerləşən fərdi yaşayış evi ipoteka predmeti kimi qəbul olunmuşdur. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyərək götürdüyü 10000 manat kredit borcunu ödəməmiş, nəticədə onun ödənilməmiş borcu qalmış və tərəflər arasında müqavilə tələbi üzrə hazırkı mübahisə yaranmışdır ki, iddiaçının əsas borca münasibətdə iddia tələbi əsaslıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Cavabdeh olan əsas borclu Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil 20.04.2022-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Belə ki, tərəflər arasında bağlanmış 30.04.2014-cü il tarixdə kredit müqaviləsi 36 ay müddətinə bağlanmış, yəni müqavilə müddəti 30.04.2017-ci il tarixdə bitmişdir. Müqavilə tələbləri üzrə iddia müddəti 3 il olduğundan iddiaçı iddia müddətini ötürmüşdür. Göstərilənlərə əsasən iddia müddəti ötdüyünə görə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC-nin İsmayıllı filialı ilə Cavabdeh1 36 ay müddətinə 10000 manat vəsaitin verilməsinə dair 30.04.2014-cü il tarixdə kredit müqaviləsi bağlamışlar. Eyni zamanda Zaminbank ASC-nin hazırki iddia tələbi ilə müəyyən olunur ki, iddiaçı bank tərəfindən verilmiş 10000 manat borcdan ödəniş edilməmişdir. Qanunvericiliyin tələbi baxımından hazırkı mübahisə üzrə iddia müddətinin başlanğıcı kredit müqaviləsinin müddətinin bitmə anı ilə müəyyən edilir ki, kredit müqaviləsi 3 il müddətinə 30.04.2014-cü il tarixdə bağlanmış və kredit müqaviləsinin müddəti 30.04.2017-ci il tarixdə bitmişdir. Məhz bu baxımdan iddia müddəti üzrə 3 illik iddia müddəti müqavilə müddətinin bitdiyi 30.04.2017-ci il tarixdən hesablanır ki, iddia müddəti ərzində cavabdeh tərəfindən iddiaçıya ödəniş edilməmiş və iddia müddətinin kəsilməsinə səbəb olan hal mövcud deyildir. İddia müddəti 30.04.2017-ci il tarixdə başlanmış və 30.04.2020-ci il tarixdə bitmişdir ki, iddiaçı iddia müddəti ərzində məhkəməyə müraciət etməmiş və sonuncunun hazırki iddia tələbi ilə məhkəməyə ilk müraciəti elektron kabinet vasitəsi ilə 18.05.2020-ci il tarixdə məhkəməyə daxil olmuş, məhkəmənin 22.05.2020-ci il tarixli e-2-2(117)-218/2020 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış və iddiaçı yenidən 02.03.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, 30.04.2014-cü il tarixli 3 il müddətinə bağlanmış kredit müqaviləsinin müddəti 30.04.2017-ci il tarixdə bitmişdir. İddia müddətinin axımı 30.04.2017-ci il tarixdə başlamış və 30.04.2020-ci il tarixdə bitmişdir. İddiaçı ilk dəfə hazırkı iddia tələbi ilə 18.05.2020-ci il tarixdə məhkəməyə müraciət müraciət etmişdir ki, onun müraciəti iddia müddətinin bitməsindən sonra baş verdiyindən bitmiş iddia müddətinin axımına təsir etməmiş və iddia müddətinin kəsilməsinə səbəb olan halların baş verməsi ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmənin iddiaçıya ödəniş qrafikinin təqdim edilməsi ilə bağlı müraciətinə baxmayaraq məhkəmənin tələb etdiyi sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçının nümayəndəsi Anar Nəcəfzadə 22.04.2022-ci il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə iddia müddətinin ötürülməmiş hesab edilməsi barədə ərizə ilə müraciət etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçının ölkədə baş verən pandemiya səbəbi ilə əlaqədar hərəkət məhdudiyyətinin yaranməş və karantentin rejimi məhkəməyə müraciət etməyə imkan verməmişdir. Hərəkət məhdudiyyəti aradan qaldırıldıqdan sonra 18.05.2020-ci il tarixdə ilk dəfə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş lakin iddiası geriqaytarılmışdır. İddia tərəfi iddia müddətinin ötürülmədiyini iddia edir. İddia tərəfinin qeyd edilən dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, ölkədə baş vermiş pandemiya və bununla əlaqədar yaranmış hərəkət məhdudiyyətləri kommersiya məhkəmələrinə ediləcək müraciətlər üçün maneə yaratmamışdır. Belə ki, qanunvericiliyin tələbi baxımından kommersiya mübahisələri üzrə icraat elektron qaydada aparıldığından iddiaçı heç bir hərəkətə ehtiyac olmadan Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərdi. Bundan başqa məhkəmə qeyd edir ki, Covid-19 infeksiyasının yayılması ilə bağlı X1 tərəfindən iddiaçının iddia etdiyi kimi, 2019-cu ildə deyil 11.03.2020-ci il tarixdə pandemiya elan edilmiş və bundan sonra dünya dövlətləri kimi Azərbaycan Republikası da karantin rejiminin tətbiqinə başlamış, lakin iş yerləri o, cümlədən məhkəmələr fəaliyyətini davam etdirmişdir. Göründyü kimi, iddia tərəfin iddia müddətinin ötürülməməsi ilə bağlı dəlilləri əsassızdır və hazırki iş üzrə Mülki Məcəllənin 397-ci maddəsində müəyyən edilmiş iddia müddətinin axımının dayandırılmasına və Mülki Məcəllənin 380-ci maddəsində müəyyən edilmiş iddia müddətinin axımının kəsilməsinə əsas ola biləcək hal mövcud deyildir. Belə ki, pandemiya dövründə iş yerlərində fəalıiyyət göstərən işçilərin sayı azaldılsa da digərləri evdən fəaliyyət göstərməyə davam etmiş, elektron qaydada müraciət etmək imkanları mövcud olan kommersiya məhkəmələri fəaliyyət göstərdiyindən iddiaçının məhkəmə müraciət etmək imkanı mövcud olmuş və bu imkan hər hansı yolla məhdudlaşdırılmamışdır. Sonda məhkəmə onu da qeyd edir ki, iddia tələbi əsas borca münasibətdə əsaslı olduğundan və cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə əsasən həm əsas, həm də faiz və cərimələri əhatə edəcəyindən faiz və cərimə borclarının əsaslılığının araşdırılması məhkəmə tərəfindən aparılmamışdır. Belə ki, cərimə və faiz borclarının əsaslılığının araşdırılması iddia müddəti tətbiq ediləcəyi təqdirdə nəticəyə təsir etməyəcəkdir. Belə ki, hesablanmış faiz və cərimələrin məbləğinin aşağı və yuxarı olması iddia müddəti tətbiq ediləcəyi təqdirdə əhəmiyyət kəsb etmir. Həmin halların araşdırılması isə lüzumsuz ekspertizanın keçirilməsi və əlavə məhkəmə xərclərinin yaranmasına gətirib çıxaracağından məhkəmə həmin halların araşdırılmasından imtina etmişdir. Bundan başqa, məhkəmə tələbin ipoteka predmetinə yönəldilməsi hissəsinə münasibətdə qeyd edir ki, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir (Mülki Məcəllə maddə - 376). Məhkəmə qeyd edir ki, ipoteka qoyanların iddia müddətinin tətbiq edilməsi barədə ərizələrin verilməsi və ya verilməməsi iddianın bu hissədə rədd edilməsinə təsir etmir. Belə ki, əsas borcluya yönələn tələb üzrə iddia müddətinin keçməsi əsas tələbin təminatı qismində çıxış edən ipoteka predmeti ilə bağlı iddianın rədd edilməsi üçün əsasdır. Bu səbəbdən də ipoteka qoyan cavabdehlərin iddia müddətinin tətbiq edilməsi barədə ərizələrinə əlavə hüquqi qiymət verilməmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, əsas tələb olan borc tələbinə münasibətdə iddia müddətinin keçməsi ilə bağlı iddia rədd olunduğundan tutumanın ipoteka predmetinə yönəldilməsinə dair iddia tələbi də rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 01.10.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 01.10.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə iddianın qiymətinə əsasən (15079,20 manat) ödənilməli dövlət rüsumu 135,24 manat olmalıdır ki, iddia rədd edildiyindən ödənilməmiş dövlət rüsumu iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, iddiaçı 200 manat məbləğində mediasiya xərcini ödədiyindən o, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən dövlət rüsumu ödəmədən məhkəməyə müraciət etmək hüququnu əldə etmişdir. Lakin iddia tələbi rədd edildiyindən ödənilməmiş dövlət rüsumu MPM-in 119-cu maddəsinə əsasən iddiaçıdan tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 116.2-ci maddəsinə əsasən, məhkəmənin tapşırığı ilə gördükləri işlər ekspertlərin və mütəxəssislərin xidməti vəzifəsinə aid deyildirsə, onlar gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. 117.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. İpoteka predmetinin qiymətləndirilməsi üçün məhkəmənin təşəbbüsü ilə aparılmış tədqiqatın dəyəri olan 300 manat pul iddiaçı və əsas borclu olan cavabdehdən bərabər tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “10000 manat əsas, 1779,33 manat faiz, 1381,67 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 1918,20 manat məbləğ olmaqla, cəmi 15079,20 manat kredit borcunun, ilkin mediasiya sessiyanın keçirilməsi ilə bağlı ödənilmiş 200 manat xərcin Cavabdeh1 tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan İsmayıllı rayonu Qubaxəlili kəndində 0,13 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinə tutmanın yönəlməsi, evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilməmiş 135,24 manat dövlət rüsumu iddiaçı ləğv prosesində olan İddiaçı ASCdən tutularaq dövlət büdcəsinə ödənilsin. İpoteka predmetinin qiymətləndirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 300 manat pulun 150 manatı İddiaçı ASC-dən və 150 manatı Cavabdeh1 tutularaq "xxxx" MMC-nin "xxxx" ASC-də olan bank hesabına (m/h – AZ25NABZ********************, h/h – AZ30GUNA********************, kod – 505594, swift – GUNAAZ22) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar