Məhkəmə qərarları › İş №e-2-2(117)-21/2022

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-21/2022

24.02.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-21/2022 24.02.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Məmmədov Rafiq Rasim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “0277401 nömrəli akt əsasında hesablanmış 4653 manat borcun **********12001 nömrəli abonent hesabından silinməsi” tələbi üzrə mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Cavabdeh nümayəndələri tərəfindən 14.10.2020-ci il tarixdə fiziki şəxs (fərdi sahibkar) İddiaçı mülkiyyətində olan, Göyçay rayonu Cəyirli kəndində yerləşən qeyriyaşayış sahəsinə (çörək sexi) xidmət edən qaz sayğaçına laborotoriya baxışı keçirilmişdir. Sayğacın rotorlarının kipləşməsi nəticəsində sayğacın sınaq qurğusunda yoxlanması mümkün olmamış, yoxlama zamanı elektron göstəricinin mexaniki göstəricidən 2341 m3 çox olması müəyyən edilərək, bununla bağlı ******* nömrəli akt tərtib edilmişdir. Bundan sonra itirilmiş qaz 23266 m3 olmaqla dəyəri 4653,20 manat (23266 x 0,20 manat) məbləğində müəyyən edilərək abonentə dəymiş ziyanın bərpasına dair tələbnamə göndərilmişdir. Tərəflər arasında olan mübahisə məhkəmədən kənar qaydada həllini tapmadığından iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iddia tələbi onunla əsaslandırmışdır ki, Göyçay rayonu Mallı-Şıxlı kəndində yaşayır. Göyçay rayonu Cəyirli kəndində özünə məxsus qeyri-yaşayış binası vardır. Həmin qeyri-yaşayış obyektini icarəyə vermişdir, icarəyə götürən çörək bişirmə sexi kimi fəaliyyət göstərir. Həmin qeyri-yaşayış obyektinə təbii qaz xətti çəkdirmiş, abonent kodu almış və cavabdehlə bu barədə müqavilə bağlamışdır. Vaxtı-vaxtında Cavabdeh İB Ağsu RQİİ Göyçay Xidmət Sahəsinin əməkdaşının sayğaca baxış keçirdikdən sonra təqdim etdiyi bildirişə uyğun olaraq qazdan istifadəyə görə ödənişlər olunmuşdur. Ona məxsus obyektə cavabdeh birliyin əməkdaşları həmin obyektə quraşdırılmış təbii qazdan istifadəyə görə sayğaca baxış keçirmiş və X1 pozulması haqqında akt tərtib edilmiş, qanunsuz olaraq istifadə olunmuş təbii qaza görə 4653 manat cərimə hesablanmışdır. Hesab edir ki, cavabdeh tərəfindən 26 fevral 2021-ci il tarixdə tərtib edilmiş ******* nömrəli akt əsasında hesablanmış pul hesabından silinməlidir. Belə ki, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş aktda qeyd olunur ki, rotorlar kiplənib. Bu əsasa görə cavabdeh təşkilat tərəfindən akt tərtib edilmiş və istifadə olunmuş təbii qaza görə cərimə hesablanmışdır. Ağsu RQİİ-nin nümayəndələri 26.02.2021-ci il tarixdə ona məxsus olub Göyçay rayonu ərazisində yerləşən çörək-bişirmə sexində sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadan yoxlama apararaq həmin obyektə quraşdırılmış təbii qazdan istifadəyə görə sayğaca baxış keçirmiş və X1 pozulması haqqında akt tərtib etmişdir. Həmçinin ona məxsus qeyri-yaşayış obyektinə quraşdırılmış sayğac yeni quraşdırılmış və bu barədə akt tərtib edilmişdir. Həmin sayğac yeni sayğac olmuş, onda heç bir problem yarana bilməzdi. Sayğacda problem yaranmış olsa belə həmin nasazlıq enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən müəyyən edilməli və həmin nasazlıq aradan qaldırılmalı idi. Həmçinin qeyri-yaşayış obyektinə keçən qazı qeyd edən sayğac enerji təchizatı müəssisəsinin cavabdehlik daşıdığı ərazidə quraşdırıldığından sayğacla əlaqəli nöqsan və çatışmazlıqlardan ötrü istehlakçı məsuliyyət daşıya bilməz. Bundan başqa cavabdeh təşkilatın əməkdaşları tərəfındən sayğacdan kənar hər hansı formada təbii qazdan istifadə faktı müəyyən edilməmiş, hər hansı qanunsuz xəttin mövcud olduğu yer, qoşulma sxemi, sayğaca qədər və ya sayğacdan sonrakı məsafədə, həmin xəttin uzunluğu, birləşmə sxemi, ümumiyyətlə həmin xəttin mövcud olub-olmaması barədə heç bir fakt aşkar edilməmiş, akt formal mülahizələr əsasında tərtib edilmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, qaz sayğacı Göyçayda qres deyilən bir yer var ordadır. Qaz idarəsinin əməkdaşı və icazəsi olmadan sayğaca baxış keçirmək mümkün deyil. Nazarətçi hər ay ödəniş qəbzini qətirib onlara təqdim etmiş, o da hər ay gecikdirmədən pulu ödəmişdir. Bir müddət sonra məlumat vermişlər ki, sayğac yoxlamaya getməlidir. O da razı olmuş və sayğacı qaz idarəsinin əməkdaşları yoxlamaya aparmışlar. Sonra ona məlumat verdilər ki, sayğac yaramır. O da yeni sayğac alıb vermişdir. 10-15 gün aradan vaxt keçdikdən sonra ona akt tərtib olunub. Aktla tanış olanda bildirmişlər ki, 22000 kub artıq qaz sərfiyyatı var. Narazılığını bildirmiş, bu zaman ona demişlər ki, ondan 5000 kub qazın pulunu bağışlayırlar, 17000 kub qazın pulunu ödəməlidir. Qanunidirsə niyə 5000 kub qaz sərfiyyatını bağışlayırlar. Hətta akt tərtib olunandan sonrada ödənişlərə davam etmişdir, əlində qəbzləri var. Cavabdeh İB-nin nümayəndəsi Ramazan Şabanov 09.02.2022-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək əlavə sübutları təqdim edilməsi məqsədilə iclasın təxirə salınmasını xahiş etmiş, məhkəmə iclası sonuncunun vəsatəti əsasında təxirə salınsa da hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdeh məhkəmə iclasında nümayəndəsinın iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Proses iştirakçıları tərəfindən icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: aktlar, tələbnamə, Abonentin saldosu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İlk öncə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçı barədə akt tərtib edilərkən “X1” pozulması faktlarına əsaslanmış, qeyd olunan pozuntu istehlakçının təqsiri ucbatından baş verdiyi əsası ilə iddiaçıya itirilmiş qaz sərfiyyatı müəyyənləşdirilərək borc hesablanmışdır. Belə ki, “Dəymiş ziyanın bərpasına dair tələbnamə”də dəymiş ziyanın bərpasına əsas kimi qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 1.3 bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.5-ci bəndinin (istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək) tələblərinə əsasən, ititirlmiş qaz bərpa edilsin. Göründüyü kimi, cavabdehin itirilmiş təbii qazın əvəzi olaraq cərimənin hesablanması barədə dəlilləri əsasdızdır və əsassız olaraq cavabdeh tərəfindən pozuntuda iddiaçı təqsirli bilinərək ona borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, sayğacda pozuntular müəyyən edildiyi halda itirilmiş qazın dəyərinin ödənilməsi cavabdehə o halda hüquq verir ki, müəyyən olunmuş pozuntuda istehlakçının təqsiri olmuş olsun. Belə ki, “X1” 2.2.5-ci bəndinə əsasən, istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək paylayıcının hüquqlarına aid edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh nümayəndələri tərəfindən 14.10.2020-ci il tarixdə fiziki şəxs (fərdi sahibkar) İddiaçı mülkiyyətində olan, Göyçay rayonu Cəyirli kəndində yerləşən qeyri-yaşayış sahəsinə (çörək sexi) xidmət edən qaz sayğaçına laborotoriya baxışı keçirilmişdir. Sayğacın rotorlarının kipləşməsi nəticəsində sayğacın sınaq qurğusunda yoxlanması mümkün olmamış, yoxlama zamanı elektron göstəricinin mexaniki göstəricidən 2341 m3 çox olması müəyyən edilərək, bununla bağlı ******* nömrəli akt tərtib edilmişdir. İtirilmiş qaz 23266 m3 olmaqla dəyəri 4653,20 manat (23266 x 0,20 manat) məbləğində müəyyən edilərək abonentə dəymiş ziyanın bərpasına dair tələbnamə göndərilmişdir. “X1” 4.8-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, fərdi sahibkar olan iddiaçının istifadəsində olan qeyri-yaşayış binasına xidmət edən qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı olan cavabdeh daşıyır. Eyni zamanda hazırkı iş üzrə cavabdeh sayğacdakı pozuntuların istehlakçının, yəni iddiaçının təqsiri ucbatından yaranması barədə məhkəməyə sübut təqdim etməmişdir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, qaz sayğacının elektron hissəsinin qeydə almaması və bunun iddiaçının (istehslakçının) təqsiri ucbatından baş verməsi faktı cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt əsasında hesablanmış 4653 manat borc məbləği silinməlidir. Bundan başqa məhkəmə iddiaçının çörək-bişirmə sexində sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadan yoxlama aparılması barədə iddia dəlilinə münasibətdə onu qeyd edir ki, iddiaçının da bildirməsinə görə mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə xidmət edən qaz sayğacı qeyriyaşayış sahəsindən kənarda yerləşdiyindən ona keçirimiş baxış və ya yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun təsir dairəsinə daxil deyildir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 01.10.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 01.10.2021-ci il tarixdən qüvvədə olan Dövlət rüsumu haqqında Qanuna əsasən iddianın qiymətinə uyğun dövlət rüsumu 66,53 manat təşkil edir ki, iddiaçı mediasiya xərci olaraq 60 manat ödəmiş və məhkəmə müraciət edərkən dövlət rüsumundan azad olunmayan 6,53 manat dövlət rüsumunu ödəməmişdir. İddia tələbi təmin edildiyindən 01.10.2021-ci il tarixdən qüvvədə olan Dövlət rüsumu haqqında Qanuna əsasən ödənilməmiş 66,53 manat dövlət rüsümu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı ******* nömrəli akt əsasında hesablanmış 4653 manat borc iddiaçının abonent hesabından silinsin. Ödənilməmiş 66,53 manat dövlət rüsümu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar